Köhnə pencəkli coğrafiya müəllimi

Məti Osmanoğlu
Məti Osmanoğlu

Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” hekayəsi film ssenarinə aid ekspozisiya ilə başlayır: ortasından burula-burula çay axan kollu-koslu təbiət mənzərəsinin ümumi planı, tədrici panoram, ümumi plandan orta plana transfakator keçidi, orta və iri planlar… Kamera görümü çərçivəsində yerlə göyün arasındakı payız mənzərəsi, çayın yatağına sığınmış kiçik kənd, kəndin ucqarındakı ev və nəhayət, evin içindəki insanlar. İnsanların tək-tək iri planda təqdimi.
Həyətdən gələn və evin içindən eşidilən müxtəlif fon səsləri (interşum) ilə müşayiət olunan evdə ilk nəzərə çarpan təlaşdır. Mətn boyu oxucuya “bizim coğrafiya müəllimi” kimi təqdim edilən İbrahim müəllim dinib danışmır, təlaş keçirir, ciblərini eşələyir və tezliklə onun ruhi vəziyyəti ailə üzvlərinə də sirayət eləyir.
(Zaman-zaman hekayənin təhkiyəsində kino texnikası peyda olur, bu, əsərdəki ayrı-ayrı detallara görümlülük keyfiyyəti gətirməklə yanaşı, bəzən də motivərin əlaqələnməsinə və keçidinə kənar müdaxilə təsiri bağışlayan boşluqlar yaradır.)
Məlum olur ki, İbrahim müəllim uşaqlarının sinif müəlliminə borc verdiyi pulu geri alıb və evə gətirib çıxarda bilməyib – itirib. İtkisi ailəni təşvişə, təlaşa salan o pul kimin üçünsə kiçik görünə bilər, ancaq bu ailə üçün çox böyük sərvətdir: “…o pul düz iki ayın qəndini, çayını, yağını, ətini, düyüsünü, kartof-soğanını ödəyərdi, hələ Murada bir cüt ayaqqabı, Məryəmə əlcək, papaq almaq olardı, hələ bir az da bərk dayansaydılar, Nərgiz bacı rayondan özünə yun şal gətirdib yarı pulunu borca yazdırardı”…
Beləliklə, hekayə kənd müəlliminin ictimai portretini əks etdirir: onun cəmiyyətdə – işlədiyi kollektivdə, yaşadığı mühitdə, ailəsinin, arvad-uşağının içində yeri və cəmiyyətlə qarşılıqlı münasibəti bədii təhlilə cəlb edilir.
Kənd məktəbində coğrafiya dərsi deyən İbrahim müəllimin sosial statusu əynindəki köhnə pencəklə assosiasiya olunur: ikisinin də vaxtı keçib. Zamanın şiltik-şiltik elədiyi bu cındır pencəklə el içinə – məclisə-mərəkəyə çıxmaq nə qədər uyğunsuzdursa, cındırından cin hürkən müəllimin el içindəki – cəmiyyətdəki yeri də o qədər natarazdır, urvatsızdır… Mənə elə gəlir ki, hekayənin çatdırmaq istədiyi ana fikir bundan ibarətdir. Təbii ki, bu, kifayət qədər sərt və ağrılı ictimai problemdir. Bu gün müəllimin sosial vəziyyəti, iqtisadi sıxıntıları cəmiyyətin diqqət mərkəzində olmalı, həlli üçün bütün səviyyələrdə yollar axtarılmalıdır. Müəllimi elmi, biliyi və yaşadığı həyatla nümunə ola bilməyən cəmiyyətimizin vəziyyəti ixtiyar sahibi olan və olmayan hər kəsdə narahatlıq doğurmalıdır…
Hekayənin görünən, kino əyaniliyi ilə göstərilən qatından başqa, ilk baxışda görünməyən, lakin duyulan, hiss olunan alt qatında müəllimin cəmiyyətdəki yerini köhnə, urvatsız pencək vəziyyətinə gətirən yalnız maddi imkansızlıq, pulsuzluq deyil, burada başqa bir “əmma” da var: müəllim həm də cəmiyyətin artıq insanıdır – darıxan təbəqənin nümayəndəsidir. Bu mənada, Cavid Zeynallının hekayəsi müxtəlif vaxtların ədəbi məhsulları olan iki əsər ilə – Eyvaz Əlləzoğlunun “Əyləncə” (1987) və Qan Turalının “Darıxanlar” (2013) hekayələri ilə yaxından səsləşir, bu əsərlər bir-birini tamamlayır.
Eyvaz Əlləzoğlunun “Əyləncə” hekayəsində gözlər müəllimi şəhərdən uzaq kəndə gətirmiş gediş-gəlişsiz yola dikilib. Darıxmaqdan bağrı yarılan müəllimlərin xilas üsulu “oyun” vasitəsilə, şüurlu şəkildə qurulmuş məzhəkə ilə göstərilir və məzhəkənin qurulmasının ayrı-ayrı detalları təsvir olunur. Darıxdırıcı həyatın məzhəkə işığında bədii araşdırmasını aparan müəllif ictimai mühitlə onu təşkil eləyən fərdlər arasında maraqlı bir təmas nöqtəsi yaradır. Ətalətlə dolu həyatın özü cəfəng olduğu qədər həmin oyun – kənd müəllimlərinin ekspromt yaratdıqları əyləncə məclisi də başdan-ayağa absurddur. Qarşılıqlı mənasızlıq hekayədə qarşı-qarşıya gətiriləndə isə maraqlı bir rezonans alınır: “Əyləncə”nin personajları onları darıxmağa məhkum edən mühitlə əylənir, həyatın özünü lağa, şəbədəyə qoyur, məhkumluğu oyuna, tamaşaya çevirirlər. Bu tamaşa ictimai mühitə, cəmiyyətin yaşayış və düşüncə şərtlərinə kədərli bir istehza, acı ironiyadır. Maraqlıdır ki, müəllimlərin qurduqları oyun (onlardan birinin oğlunun dünyaya gəlməsini “qeyd etmək” tədarükü) oyundan kənarda olanların heç birini təəccübləndirmir, heç kəs bu oyunda özünü “ofsayd”da hiss eləmir. Əksinə, kənardakılar da böyük həvəslə oyuna qoşulur, “əyləncədə” ürəklə iştirak edirlər. Çünki onların hamısı – bütün cəmiyyət darıxır…
Qan Turalının hekayəsinin gənc qəhrəmanları yeni zəmanənin yeni düşüncəli darıxanlarıdır. Onlar tələbə olanda “dünyanı dəyişmək”, ən azından Azərbaycan iqtisadiyyatını xilas etmək iddiası ilə yaşayıblar. Hekayədə həyat, ictimai gerçəklik artıq gənclərin başında öz oyununu oynayıb və yaşadıqları mühit, ölkədə cərəyan eləyən və qayda-qanun tanımayan iqtisadi proseslər gənclərin özləri də hiss etmədən onlara öz şərtlərini “yedirdib”, onları öz çərçivələrinə salıb. Bu çərçivənin içində onlar daha böyük oyunun – həyat adlı sərt gerçəkliyin fəal oyunçuları deyil, tamaşaçılarıdır, bir araya gəldikləri çayxanada, sadəcə, tamaşa etdikləri oyunun nəticələri barədə öz təəssüratlarını və arzularını bölüşürlər. Hekayədəki gənclər (onlardan biri kənd müəllimidir) vaxtilə böyük ideyalarla yaşamış olsalar da, öz cızıqlarına çəkiliblər, həyatın reallıqlarına məğlub olublar. İndi qarşıda onları da İbrahim müəllimin yolu gözləyir…
Cavid Zeynallının “Coğrafiya müəlliminin pencəyi” hekayəsində darıxmaq motivi bir qədər örtülüdür, şüuraltı hadisə səviyyəsində təqdim edilir. İbrahim müəllim şəhərə gələndə qəfildən fərqinə varır ki, kənddə özünə yer tapa bilmirmiş, darıxırmış. “Avtobusdan düşəndə şəhər bütün əzəməti ilə İbrahim müəllimin üstünə yeridi. İbrahim müəllim istədi qolları uzansın, sinəsi genişlənsin, bu səs-küylü doğma şəhəri daşı-divarı ilə, harasa tələsən adamları ilə özünə sıxsın, əzizləsin, oxşasın və daşa-divara, adamlara, uzaqda atılıb düşən dalğalara lap yavaşdan, lap acizanə desin ki, qoymayın məni kəndə gedim, qoymayın, qurban olum, sıxılıram orda, darıxıram orda…”
Alnına, taleyinə darıxmaq yazılmış İbrahim müəllim üstündən heç bir gün keçməmiş onu udub özünə hopdurmuş kənd üçün, kənddə dərs dediyi şagirdləri üçün darıxır: “Bir dəstə uşaq çıxdı qabaqlarına. İbrahim müəllim şagirdlərini xatırladı. Darıxdı şagirdləri üçün”.
Eyvaz Əlləzoğlunun və Qan Turalının qəhrəmanları kimi İbrahim müəllim (və şagirdləri qarışıq onları əhatə edən hər kəs) də darıxmağa məhkumdur: kənddə şəhər, şəhərdə də kənd üçün, qələbəlikdə təklik, təklikdə qələbəlik üçün… Onlar özlərini lazımsız, gərəksiz hiss edirlər. Yaşadıqları mühitdən, xarakterlərindəki fərqlilikdən, müxtəliflikdən asılı olmayaraq bu insanların çıxış yolu görünmür.
“Coğrafiya müəlliminin pencəyi”ndə də sıxıntıdan, darıxmaqdan qurtuluşun “əyləncə” məqamları var. Pulunu itirdiyi üçün bütün günü təşviş içində vurnuxan, tasalanan İbrahim müəllim qarovul daxmasında məktəb gözətçisi kor Həsənağanın (Həsənağa da darıxmağın əsarətindədir) məktəb şagirdindən rüşvət aldığı Tümen arağının təsiri ilə sıxıntıdan qurtulacağına ümid edir. Lakin içki onun ruhuna yüngüllük gətirmək əvəzinə, onu aqressivləşdirir, heç bir səbəb olmadan o, acığını, hirsini-hikkəsini Həsənənağanın üstünə tökür. Bu, əslində, ictimai gerçəkliyin coğrafiya müəlliminin içinə yığdığı, partlayış üçün məqam axtaran mənfi enerjidir.

cavid_zeynalli
Cavid Zeynallı

İbrahim müəllimi tələbə yoldaşı Bakıya əyləncəyə – sünnət toyuna çağırmağı amansız sıxıntıdan qurtarmaq üçün göydəndüşmə bir fürsət olur. Həyətin toyuq-cücəsi, hinduşkası, həyat yoldaşının sırğası toy səfərinin uğrunda bazara çıxarılır, əldə olunan pul nəinki toyun xərclərini yola verməyə yetir, hətta İbrahim müəllimə cındırı çıxmış pencəyi təzələmək şansı da yaradır…
Ancaq kasıb kənd müəlliminin ailəsi üçün şəhər toyu əyləncədən çox qayğı, əndişə gətirir. Arada elə vəziyyət yaranır ki, İbrahim müəllim keflənəndə az qala pencəyin pulunu arvadın şərəfinə “Ay Nərgiz” mahnısı oxutmaq üçün şabaş versin. Nərgiz yalvarıb onu bu əməldən çəkindirir. Bununla da ailə üçün “əyləncə” bitmiş olur…
İbrahim müəllim üçünsə şəhərdə övladlarının ləzzətlə “İsgəndər” dönəri yeməsi dünyanın bütün əyləncələrindən və nemətlərindən üstündür.
Bəs sabah nə olacaq? Məlum deyil! Göz önündəki məlum bu gündən danışan hekayənin gücü mücərrəd və naməlum sabah barədə, İbrahim müəllimin övladlarının, sinf otağında öpüşən yeniyetmələrin gələcəyi barədə düşündürməsidir və hekayənin bu keyfiyyəti təqdir edilməlidir…
Cavid Zeynallı artıq kikayət qədər təcrübəsi olan nasirdir və hekayə ilə bağlı bəzi qeydlərimi də həm oxucular, həm də müəllif ilə bölüşməyi özümə borc bilirəm.
Birincisi, hekayənin dili ilə bağlı. Məndə yaranan təəssürat bu oldu ki, müəllif dilə bəzən mətnin poetik düzümünə aidiyyəti olmayan müdaxilələr etməklə mətnin monolitliyini pozur, mətni yamaq-yamaq edib mozaikaya çevirir. Hekayədə dilin mətni ifadə etdiyi, sözlərin sıralanmasını, daşıdığı yükü mətnin diqtə etdiyi məqamlarda dil də, mətn də yüksək səviyyədədir. Müəllif dili öz məcrasından çıxardıb oynatmağa çalışanda, oxucuya mətnin ahəngini pozan “yeni” sintaksis təklif edəndə isə mətnlə oxucu arasında təmas pozulur, intonasiya məzmunun qavranılmasına mane olur. Bəzən səcli (qfiyəli) nəsr elementləri ilə müşayiət olunan söz oyunları təhkiyəni lazımsız şəkildə yükləyib yorur. Məsələn, “Kəndin aşağı başında evdir, damı salxaq, boyu alçaq, gözü qorxaq”; və ya “oğlan udqunub altdan-yuxarı baxır anasının üzünə, baxıb qısılır anasının dizinə” ; və ya “ümidsiz barmaqları bu dəfə şalvarın ciblərində oynaşır, gəzib-dolaşır” və ya “Elə bildi arvadının ağzından buğda tökülür, arvadı hinduşka kimi hökküldəyir, ördək kimi qaqqıldayır…” və ya “pencəyini çıxarıb gücü çatan qədər, gücü yetən qədər göyə atdı” və s. və i.a…
Hətta təcrübəsiz gözlə də görmək mümkündür ki, bu cümlələri mətn deyil, müəllif oynadır, bu sintaksis mətnin tələbindən deyil, müəllifin “yeni dil yaratmaq” həvəsindən gəlir. Ədəbiyyatımız üçün yeni olmayan və özünü doğrultmamış bu söz oyunu mətnə əlavə bir şey vermir. Əksinə, əsərin əvvəlində təklif olunan kino görümlülüyünü lazımsız “janqlyor” hərəkətləri ilə yükləyib, məcrasından yayındırır.
Müəllifin mətnə müdaxiləsi hekayənin fabulasının da ziyanına işləyir. Məsələn, başlanğıcda İbrahim müəllimin pulu itirməsi ilə bağlı verilən təfərrüatların uzadılması pulun itmədiyini diqtə edir. Mənə elə gəlir ki, müəllif fabulanın rakursunu pulun itib-itmədiyinə deyil, İbrahim müəllimin verdiyi borcla bağlı psixoloji vəziyyətinə yönəltməklə hekayəni daha tutumlu edə bilərdi…
Mətndə İbrahim müəllimin təzə pencək almaması – cındır pencəkdə qalması da gözləniləndir: pencəyin təzələnməsi İbrahim müəllimin öz sosial statusunun bir elementi və ya rəmzi ilə vidalaşması demək olardı. Hekayənin kontekstində İbrahim müəllimin belə bir şansı yoxdur.
Hekayədəki bəlkə də ən mükəmməl detal (bircə dillə oynamaq olmayaydı!) İbrahim müəllimin əynindən çıxarıb havaya atdığı köhnə pencəyin cəmiyyətin başı üstündən asılmasıdır. Əsərin sonunda İbrahim müəllimin köhnə pencəyi ağ bayraq kimi oxucunun təsəvvüründən asılıb qalır. Müəllif bununla cəmiyyətə layiqincə görə bilmədiyi acı bir həqiqəti göstərir: “İbrahim müəllim gülə-gülə, sevinə-sevinə pencəyini çıxarıb gücü çatan qədər, gücü yetən qədər göyə atdı. Pencək haya gələn ağaclardan birinin ən yuxarı budağına ilişib yellənə-yellənə daşan dənizə, yeriyən dağlara, diksinən adamlara İbrahim müəllimin, Nərgiz bacının, Muradın, Məryəmin yerini nişan verdi…”

Məti Osmanoğlu

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR