Liderlərin DƏHŞƏTLİ sonu – gülllənmə, dar ağacı, linç… – ARAŞDIRMA

Dünya tarixinə adını yazdırmağı bacaran elə liderlər var ki, həyatları kimi ölümləri də, tarixə damğasını vurmağı bacarıb. Ölümləri ilə tarixə düşmüş liderlərin həyat yoluna birlikdə nəzər salaq…

Benito Mussolini: “Məni sinəmdən vurun”

mussoliniİtaliya Milli Faşist Partiyasının lideri olan Benito Mussolini II Dünya Müharibəsində Almaniya ilə birlikdə güclərini birləşdirməyə qərar vermiş, lakin İtalyanın Alman müstəmləkəçiliyindən azad etməyi bacarmamışdı.  Mussolini üsyankar Doviya əyalətində doğulmuşdu. Atası adi dəmirçi idi və marksist ideyalarına rəğbətlə göstərir, özünü sosialist hesab edirdi. Mitinqlərə qatılır və bu səbəbdən tez-tez həbs edilirdi. Gələcəyin faşist liderinin anası isə adi kənd müəllimi idi. Ailəsi kasıb olsa da, övladlarının təhsil alması üçün əllərindən gələni edirdilər. Benito isə yaramaz uşaqlar kimi böyüyürdü. Uşaqlıqda yeganə üstünlüyü skripka çalmağı bacarması idi. Təhsilini tamamlayıb bir müddət müəllimlik edir. Müəllim olmasına baxmayaraq o nümunəvi insan sayılmazdı. Elə müəllimlik etdiyi dövrdə yoluxduğu zöhrəvi xəstəlikdən ömrünün sonuna qədər xilas ola bilmir. Macəra və şöhrət düşkünü olsa da, markisist filosofları oxumaq üçün alman və fransız dillərini öyrənmişdi, sosialist partiyasına üzv olmuş, həmkarlar təşkilatının işinə can yandırmağa başlamışdı. Siyasi proseslərin içində yavaş-yavaş yetişən Benito artıq 29 yaşında tez-tez həbs olunur, partiyada aparıcı postlardan birini tutur “pikkolo duçe” yəni “kiçik rəhbər” adlandırılırdı. Redaktoru olduğu “Avanti” qəzeti 100 min tirajla çap olunurdu. Bütün bunlar Benitonu qane etmirdi və daha çoxunu əldə etmək üçün çalışırdı.  Qısa müddətə partiyadan ayrılmağı, öz qəzetini yaratmağı, çevriliş etməyi və ölkəni faşistləşdirməyi bacaran Benito qadın düşkünü olması ilə də məhşurlaşmışdı.  Ölkədə faşist diktaturası qurulduqdan sonra bütün partiyalar buraxılmış, qəzetlərin çapı dayandırılmış, rejimə qarşı çıxanlar həbs edilib, ya da ölkədən çıxarılmışdı. Mussolini sadəcə xalqa qarşı qəddar deyildi, o eyni zamanda birinci arvadını və oğlunu da dəlixanda öldürtməyi bacarmışdı. II Dünya Müharibəsi Hitlerin yaxın dostu olmasına baxmayaraq, duçeyə də təsirsiz ötüşmədi, şəxsi həyatda olduğu kimi siyasi karyerasında da uğursuzluq onu izləyirdi. Onu əvvəlcə vəzifədən uzaqlaşdırdılar, sonra hitlerçilər İtaliyanı işğal edib  oyuncaq Solo respublikası qurdular və Mussolini dövlət başçısı oldu. Amma bu onun siyasi süqutu idi. Antifaşist mübarizə qələbəyə doğru irəlilədikcə, o ruhdan düşürdü. Son çarəni İsveçrəyə qaçmaqda görsə də,  partizanlar onu məşuqəsi Klaretti Petaççi ilə birgə tuturlar.

Törətdiyi faşist qırğınları ilə tarixə düşən Mussolini partizanlar tərəfindən güllələnir. İtaliya Qurtuluş Komitəsinin onun haqqında verdiyi edam qərarı dərhal yerinə yetirilmişdi. Mussolininin son sözləri belə oldu: “Məni sinəmdən vurun”.

Partizanlar Mussolinini güllələmək əmrini yerinə yetirəndən sonra Klaretti Petaççi  ilə hər ikisinin meyitini Milana gətirərək mərkəzi meydanların birində başıaşağı asmışdılar.

nicholas_ii_by_boissonnas__eggler_c1909Ailsi ilə birlikdə qətlə yetirilən Rusiya çarı II Nikolay

Nikolay Aleksandroviç Romanov 1868-ci il may ayının 18-də Rusiya imperiyasının Sankt-Peterburq (Petroqrad) quberniyasında anadan olub. Atası Rusiya çarı III Aleksandr, anası Mariya Fyodorovnadır. Nikolay ilk təhsilini 1885-1890-cı illərdə xüsusi hazırlanmış proqram çərçivəsində imperiyanın tanınmış akademiklərindən alır. Leksiyaları Rusiyanın məşhur akademikləri N.N.Beketov, N.N.Obruçev, T.A.Küyi, M.İ.Draqomirov və başqaları deyir. Rusiyanın protopresviteri (baş keşişi – A.R.) İohan Yanışev isə II Nikolaya kilsə tarixindən dərs deyir, ona kilsə qanunlarını öyrədir. Gələcək çarın təlim-tərbiyəsi atası III Aleksandrın bilavasitə rəhbərliyi və nəzarəti altında həyata keçirilib. Nikolayın hərtərəfli təlim-təhsil prosesi ümumilikdə 13 il davam edir. Təhsilin ilk səkkiz ilində siyasi tarix, rus ədəbiyyatı, eləcə də ingilis, alman və fransız dillərinə xüsusi diqqət ayrılır.

II Nikolay 1884-cü ildə tanış olduğu şahzadə Alesiya Qessenskaya ilə 1894-cü ilin aprelində nişanlanır. Elə həmin ilin noyabr ayının 14-də isə kilsədə baş tutan pravoslav dini ayini ilə Alesiya Qessenskaya Aleksandra Fyodorovna adını qəbul edir. Növbəti illərdə isə cütlüyün qızları Olqa, Tatyana, Mariya və Anastasiya, oğulları Aleksey dünyaya gəlir.

1917-ci il mart ayının 8-də Sankt Peterburqda (o vaxtkı Petroqrad) başlayan üsyandan sonra II Nikolay şəhərin komandanına sərt tədbirlər görməsini əmr edərək, asayişi bərpa etmək üçün şəhərə əlavə qoşun qüvvələri göndərir. Ancaq hadisələrin qarşısının alınmaması nəticəsində II Nikolay ordunun da dəstəyini alan Dumanın çağırışı ilə razılaşaraq, 1917-ci il mart ayının 15-də Pskovda qardaşı Mixail Romanovun lehinə taxtdan əl çəkir. Ancaq Mixailin taxt-tacdan imtina etməsi ilə Rusiyada min illik monarxiya dövrü başa çatır.

Çar II Nikolay və ailəsi Georgi Lvovun sədrliyi ilə müvəqqəti hökumət dövründə Tsarskoye Seloda nəzarətdə saxlanılır. Onun ailəsi ilə birlikdə İngiltərəyə göndərilməsi planlaşdırılsa da daha sonra bu qərardan vaz keçilir. Bolşevik inqilabından bir qədər əvvəl isə çar təhlükəsizlik tədbiri çərçivəsində ailəsi ilə birlikdə Qərbi Sibirə – Tobolska göndərilir. Bolşevik inqilabı baş verdikdən sonra isə çar və ailəsi 1918-ci ilin aprelində Yekaterinburqa gətirilir. Bolşeviklərə qarşı mübarizə aparan Ağ Ordu qüvvələrinə bağlı Çex legionunun bölgəyə yaxınlaşması və çarı xilas etmə ehtimalı nəzərə alınır və  bolşevik liderlərin gizli qəbul etdikləri qərarla iyulun 16-dan 17-ə keçən gecə II Nikolay, həyat yoldaşı Aleksandra, qızları Olqa, Tatyana, Mariya, Anastasiya və oğulları Aleksey saxlanıldıqları evdə qətlə yetirilirlər. Daha sonra cəsədlər meşəyə aparılaraq basdırılır.

II Nikolay Rusiya İmperatorluğunun son çarı və Romanov sülaləsinin son üzvü olmuşdur. II Nikolay 1917-ci il fevral inqilabından sonra taxtdan düşmüş, “Oktyabr inqilabı”ndan sonra 1918-ci il 17 iyul gecəsi  arvadı Aleksandra və uşaqlarıyla birlikdə bolşeviklər tərəfindən evdə öldürülmüşdür.

 ceausescu-infazCəsədi günlərlə stadionda qalan diktator: Nikolae Çauşesku

Nikolae Çauşesku 26 yanvar 1918-ci ildə Rumınyanın Skorniçeşti kəndində kəndli ailəsində dünyaya gəlmişdir. Ailənin 10 uşağından biri idi. Ailəsi kasıb yaşasa da atası ona ibtidai təhsil verə bilmişdir. 11 yaşı olarkən Buxarestə köçmüş, çəkməçi yanında çəkməçiliyi öyrənməyə başlamışdır. 1932-ci ildə gizli fəaliyyət göstərən kommunist gənclər hərəkatına qoşulub, 1936-cı ildə isə Kommunist Partiyasına üzv olub. Kommunistlərin mitinqlərində iştiraka və təbliğata görə həbs edilən gələcək diktator iki il həbsxana həyatı yaşayıb.

Siyasi məhbus təcrübəsi ona ömürlük kommunist və antifaşist təbliğatının fəal iştirakçısı damğasını vurub. Siyasi karyerasında bunun ona böyük köməyi dəyib. Həbsdən çıxandan sonra rumın liderin təşəkkül tapmasında və gələcək nailiyyətlərində əhəmiyyətli rol oynayacaq Yelena Petresku ilə tanış olub və 1946-cı ildə onunla ailə qurur.

1947-ci ildə Rumıniyada kommunistlər hakimiyyətə yiyələnəndən sonra Çauşeskunun karyerasında sürətli yuksəliş dövrü başlayır. O, əvvəl kənd təsərrüfatı naziri, ardınca isə silahlı qüvvələr nazirinin müavini vəzifəsində çalışıb. 1952-ci ildə Mərkəzi Komitəyə, iki ildən sonra isə Rumıniya Kommunist Partiyasının Siyasi Bürosuna üzv olur. 1965-ci ilin mart ayında, baş katib Georgiu-Dejanın ölümündən sonra Çauşesku Rumıniya Kommunist Partiyasının birinci katibi olur. 1974-cü ildə konstitusiyanı dəyişmək qərarına gəlir və ölkədə prezident vəzifəsini tətbiq edir.

Həddən artıq ehtiyatlı və vasvası Çauşesku o dövr üçün Avropa liderləri arasında ən böyük mühafizəyə sahib idi. Getdiyi hr yerdə xüsusi tədbirlər görülür, onu gecə-gündüz mühafizə edirdilər.

Sosialist düşərgəsində və Şərqi Avropada baş verən dəyişikliklər Rumıniyadan da yan keçmədi. 1989-cu ilin dekabrında ölkədə narazılıqlar baş qaldırdı. Transilvaniyada bu narazılıq daha güclü oldu. Əhalinin böyük hissəsinin onu dəstəkləyəcəyinə ümid edən Çauşesku 1989-cu ilin dekabrın 17-də regionun şəhərlərinin birində, Timişoarada nümayişçilərin güllələnməsinə qərar verdi. Sabahısı gün Rumıniyanın bütün şəhərlərində, ilk növbədə də Buxarestdə minlərlə insan küçələrə axışdı. Bir müddətdən sonra üsyanın qarşısının alınması mümkünsüz oldu. Çauşesku dövrü baş qəhrəman üçün rüsvayçı şəkildə sona çatdı. Diktator xanımı ilə birgə Rumıniya senatının damından qaçdı. Ancaq Tırqovişte şəhərində həbs edildilər.

Dekabrın 25-də rumın hərbçilər prezident və xanımı üzərində məhkəmə prosesi qurdu. Proses televiziya vasitəsilə yayımlanırdı. Cəmi iki saat davam edən məhkəmə prosesində Nikolae və Yelena Çauşeskular soyqırım ittihamıyla ölüm hökmünə məhkum edildilər. Şikayət üçün formal olaraq 10 gün vaxt verilsə də, hökm televiziya translyasiyası başa çatan kimi həyata keçirildi. Güllələnməni həyata keçirmək üçün yüzlərlə könüllü hazır olsa da, yalnız 4 nəfər – bir zabit və üç əsgər seçildi. Keçmiş diktator və xanımının meyiti bir neçə gün stadionda qalandan sonra Buxarestdə dəfn edildi.

Amerikanın ən böyük düşməni, asılaraq edam edilən diktator: Səddam Hüseyn

1937-ci ildə İraqın Tikrit şəhərində çoban ailəsində anadan olub. Atası Səddam Hüseyn anadan olmamışdan qabaq vəfat etmişdi. Səddam anadan olduqdan sonra uzun müddət atasının kim olduğunu bilməmişdi. Anası yenidən ailə qurduqdan sonra Səddam Hüseyn dayısı Xairallah Talfahın yanında yaşadı. Xairallah Talhaf Səddamın gələcəkdə həm qaynatası həm də siyasətə qoşulmasında ən böyük köməklik etmiş insanlardan biri olacaq. 17-20 yaşa arasında Səddam Bağdad Universitetində hüquq elmi üzrə təhsil alırdı. 1957-ci ildə BƏƏS Partiyasına üzv oldu. 1959-cu ildə İraqın o zamankı Baş Naziri olmuş Əbdülkəmir Qasıma qar_3şı hazırlanmış sui-qəsddə iştirak edir. Sui-qəsd zamanı yaralanır və birinci Suriyaya sonra isə Misirə qaçır. Sürgündə yaşadığı zaman Qahirə Universitetində (1962-1963) hüquq elmi üzrə yenidən təhsil alır. 1963-cü ildə BƏƏS Partiyasının İraqda hakimiyyətə gəlməsindən sonra təhsilini İraqda davam etdirməyə qərara gəldi.

1980-ci ildə onun rəhbərliyi altında İraqın İrana qarşı başlatdığı müharibə və 1991-ci ildə Küveyti işğal etməsindən sonra İraqın neft ixracına tətbiq edilən BMT embarqosu və ABŞ tərəfindən Küveytin azad edilməsi üçün həyata keçirilən “Səhrada tufan” əməliyyatı İraqın 1970-ci illərdə nail olduğu iqtisadi dirçəlişin nəticələrini heçə endirdi. General Mayor  Əbdüssalam Arifin Baasa qarşı hazırladığı çevrilişdən sonra Səddam həbs olundu.  Lakin 1967-ci ildə həbsdən qaçdı və qısa zaman müddətində Baas Partiyasının liderlərindən biri oldu.

Səddam Hüseyn hakimiyyətə gəldikdən sonra ölkədən 40000 yaxın şiəni xaric edir və şiələrin din xadimi olan Ayətullah Məhəmməd əl Bəkr Sədri edam etdirir.

22 sentyabr 1980-ci ildə İraq-İran müharibəsini başladır. Bu müharibə zamanı təxminən 1 milyon insan ölür. Mühribə 1988-ci ildə İranın qələbəsi ilə sona çatır. Müharibədən məğlub ayrılan Səddam Hüseyn 1988-ci ildə martın 16-da Hələbdə yaşayan kürdlərin kimyəvi qaz bombaları ilə məhv edilməsini sifariş edir. Bu zaman 5000 kürd həyatını itirir.

19 mart 2003-cü ildə ikinci Körfəz Müharibəsi başlayır və  əməliyyatların adı İraq üçün azadlıq idi.  13 dekabr 2003-cü ildə Səddam Hüseyn həbs edildi və 30 dekabr 2006-cı ildə asılaraq edam edildi. Edam edildikdən sonra Səddam Hüseynin edamından qabaq yazdığı məktuba əsasən oğlanları və digər ailə üzvlərinin də dəfn edildiyi Tikritdəki məzarlıqların birində dəfn etdilər.

 

4d05cb10cb407c423df2fc4cd2e18234Türkiyə tarixinin müəmmalı səhifəsi: Adnan Menderesin edamı

Adnan Menderes 1899-cu ildə Aydında  fermer ailəsində doğulsa da, şəxsiyyət vəsiqəsində doğum yeri olaraq İzmir yazılıb. Atası İbrahim Etem bəy, anası Tevfika xanımdır. Ana və atasını kiçik yaşlarında itirmiş, nənəsinin himayəsində böyüyüb. Təhsilə İzmir İttihad və Tərəqqi Məktəbində başlayan Adnan Menderes, Qızılçulu Amerikan Kollecində oxuyarkən missionerlərlə başına dərd açdığı üçün, müxtəlif yerlərə müraciət etmişdi. Cəlal Bayarla bu ərəfədə tanış olub. Əli Fəthi tərəfindən 1930-cu ildə qurulan, lakin qısa müddətdən sonra bağlanan Sərbəst Firqənin Aydın Təşkilatını yaradaraq rəhbərlik edib. Bu partiya bağlandıqdan sonra Cümhuriyyət Xalq Partiyasına (CXP) daxil olub və 1931-ci ildə bu partiyadan millət vəkili seçilib. Millətvəkili seçildikdən sonra Ankara Universiteti Hüquq Fakultəsində  təhsilini davam etdirib və 1935-ci ildə məzun olub.  7 Yanvar 1946-cı ildə Demokrat Partiyası (DP) quruldu. 1946-cı ildə keçirilən seçkidə DP-dən Kütahya millət vəkili olaraq məclisə qatıldı. 14 may 1950-ci il seçkilərində DP səslərin 53,5%-ni alaraq, Türkiyə hökumətini formalaşdırmaq səlahiyətinə sahib oldu. Adnan Menderes 10 illik DP iqtidarının tək başçısı oldu və o dövrün sosial və siyasi həyatına öz damğasını vurdu. İqtidarı dövründə 5 hökumət qurdu. 10 illik zaman içində Türkiyənin daxili və xarici siyasətində böyük inkişaf və tərəqqiyə səbəb oldu. Sənayeləşmə və şəhərsalma sürətləndi, kəndə yerlərinə ilk avtomobillər və digər texnika gətirildi, rabitə, enerji, təhsil, səhiyyə, sığorta və bankçılıq inkişaf etməyə başladı.

Adnan Menderesin din fərqli baxışı Atatürk ideyalarının və CXP-nin siyasi kursunun əksinə idi. Onun rəhbərlik etdiyi hökumətin səyləri nəticəsində Türkiyədə məscidlərdə azanın təkrar ərəb dilində səslənməsinə nail olundu, türklərin həcc ziyarətinə getməsinə icazə verildi, məktəblərdə din dərslərinin və ərəb dilinin tədrisi bərpa olunaraq 25 mindən çox Quran kursu açıldı, dövlətin hicab geyinən qadınların geyiminə müdaxilə etməsi aradan qaldırıldı, əvvəlki hökumətlərin anbar kimi istifadə etdiyi məscidlər məscid statusuna qaytarılmaqla 10 minlərlə yeni məscid inşa edildi, xatiblər, din müəllmləri yetişdirilməsi məqsədilə Anadoluda 22 universitet açıldı, dini jurnallar və qəzetlərin dərcinə başlanıldı. Menderesin xarici siyasətindəki dəyişiklik də onun İslam dininə yaxınlığını biruzə verdi. İşğalçı siyasət yürüdən İsrailə qarşı müharibə aparan ərəb dövlətləri ilə yaxınlaşdı və hətta 1956-cı ildə İsrail səfirini ölkədən qovdu. Bu azmış kimi İsraildə istehsal olunan mallara senzura qoyulmasına nail oldu.

27 May 1960-cı ildə edilən general Gürsulun rəhbərlik etdiyi silahlı çevrilişlə iqtidardan endirildi. Yassıadada həbs edildi. Milli Birlik Komitəsi tərəfindən qurulan Yüksək Ədalət Divanının qərarına əsasən edama məhkum edilərək asıldı.

_4Xalqa hakimiyyət, zənginlik və silah verən, döyülərək öldürülən diktator Qəddafi

Müəmmər Qəddafi 1942-ci ilin iyunun 7-də Sirtdə anadan olub. Məktəb illərindən siyasətə böyük maraq göstərib. Hətta o illərdə müstəmləkə siyasətinə qarşı İtaliyada fəaliyyət göstərən gizli təşkilatların fəal üzvlərindən olub. 1965-ci ildə Qəddafi Benqazidəki hərbi kolleci bitirərək leytenant rütbəsi alır. Daha sonra təhsilini və hazırlıq səviyyəsini artırmaq üçün Böyük Britaniyada Hərbi Akademiyaya daxil olur və 1967-ci ildə kapitan rütbəsini daşıyır. O, ilk populyarlığını da elə həmin il qazanır. 1967-ci ildəki altı günlük müharibə zamanı öz tabeliyindəki hərbi birlikləri Liviya kralı I İdrisdən xəbərsiz Misir lideri Camal Əbdül Nasirə kömək üçün göndərməsi ilə ərəb dünyasında məşhurlaşır.

Müəmmər Qəddafi 1969-cu ildə dövlət çevrilişi edir, monarxiyanın ləğv edilməsi edir, İnqilabi Komandanlıq Şurası ölkədə ali hakimiyyət orqanı elan edilir və ölkə Liviya Ərəb Respublikası adlandırılır. Qəddafinin ilk digər qərarlarından biri də xarici təşkilatlara dəyməmək şərtilə İngiltərə, ABŞ, İtaliya hərbi bazalarının, nefti inhisara almış şirkətlərin ölkədən çıxarılması olur.

Qəddafi Liviyanı Cəmahiriyyə, yəni “xalqın hakimiyyəti” adlandırır. 1977-ci ildən isə dövlət tam olaraq Liviya Sosialist Xalq Ərəb Cəmahiriyyəsi adlanır. Qanunverici orqan Ümumxalq Konqresi, icraedici isə Ali Xalq Komitəsi olur.

Hakimiyyətinin ilk illərində bir dəfə də olsun edam cəzasının tətbiq olunmamasına baxmayaraq ona qarşı çıxan adamlardan istər ölkə daxilində, istər də xaricdə qisas alır, dünyada böyük əks-səda yaradan qətllər törədir və bu haqda hətta açıq bəyanatlar verməkdən də çəkinmir: “Mənim xalqım düşmənini öz ölkəsində olduğu kimi, xaricdə də cəzalandırmağa qadirdir. Hətta günün gündüz çağında da”.

Monarxiya quruluşunu devirərkən irəli sürdüyü üçüncü dünya nəzəriyyəsinin, siyasi konsepsiyasının və şəxsi fikirlərinin əks olunduğu, Qəddafinin qələmə aldığı üç cildlik  “Yaşıl kitab” əsəri Liviyanın baş kitabı sayılır və o arzulayır ki, müəllifi olduğu bu kitab bəşəriyyətin yeni Bibliyası kimi qəbul olunsun.

Qəddafinin ölkəsi qarşısında ən böyük xidmətlərindən biri odur ki, o, İtaliyanın 1911-1947-ci illərdə müstəmləkəsi olan Liviyadan üzr istəyib əvəzində təzminat ödəməsinə nail olub.

Ədəbiyyata xüsusi maraq göstərən Qəddafi Tolstoyun əsərlərinə tez-tez müraciət edir, Şekspir haqqında isə onun ərəb imiqrantı, əsl adının isə şeyx Zübeyr olduğunu söyləyir.

Geyiminə, xarici görkəminə böyük diqqətlə yanaşan, xüsusilə müxtəlif hərbi libaslarda tez-tez görünən Qəddafi İslam dininin bütün qaydalarına ciddi riayət edir. Siqaret çəkmir, spitli içki qəbul etmir.

1969-ci ildə Liviyada iqtidara gələn Müəmmər Qəddafi 1979-2011-ci illərdə rəsmi bir vəzifəsi olmadan 42 il ərzində Liviyanı idarə edir. 2011-ci ildə “Ərəb Baharı”ı nəticəsində ölkədə yaranan vətəndaş müharibəsil nəticəsində Qəddafi rejimi devrilir. 20 oktyabr 2011-ci ildə Müxaliflər tərəfindən tutulan Qəddafi vəhşicəsinə döyülərək qətlə yetirilir.

A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR