Marketlər xarab məhsullar satır, pediatrlar süni qidalar, apteklərdə isə... - Eyyub Hüseynovla MÜSAHİBƏ - FOTOLAR

Marketlər xarab məhsullar satır, pediatrlar süni qidalar,  apteklərdə isə… – Eyyub Hüseynovla MÜSAHİBƏ – FOTOLAR
Want create site? Find Free WordPress Themes and plugins.

Azərbaycanda qidaların təhlükəsizliyi məsələsi həmişə gündəm olub. Yay fəslinin gəlməsilə əlaqədar istehlakçıların hüquqlarının pozulma halları kəskin artır. Vaxtı keçmiş qidalar, qida zəhərlənmələri,  keyfiyyətsiz məhsulların satışı və s. problemlərlə bağlı mövcud vəziyyəti müzakirə etmək üçün A24.Az olaraq Azad İstehlakçılar İctimai Birliyinin sədri  Eyyub Hüseynovla həmsöhbət olduq. Müsahibənin mətnini təqdim edirik:

Uşaq qidalarının təhlükəsizliyi ilə bağlı bazarda vəziyyət nə yerdədir? Hansı məsələlər həll  edilib?

– Çox təəssüflər olsun ki, ölkədə ana südü ilə əmizdirmə faizi,  hətta  Mərkəzi Avropa ölkələrindən geri qalır. Azad İstehlakçılar İctimai Birliyi 20 ilə yaxındır ki, Ana südü ilə əmizdirməyə dair Beynəlxalq Təşkilatın üzvüdür. Buna səbəb Azərbaycanda uşaq qidalarının satışının sürətlə artmasıdır. Ölkədə 10 ildir ki, erkən yaşlı uşaqların qidalanmasına dair Azərbaycan Respublikasının Qanununun  olmasına baxmayaraq, bu problem hələ də həllini tapmır. Qanunun və Ümumdünya Səhiyyə, dünya təşkilatlarının  ana südünə dair əmizdirmə kodeksinin tələblərinə görə  pediatrların körpə qida distribüterləri ilə əlaqələri qadağan olunub.  Lakin Azərbaycanda da bu qadağanın qüvvədə olmasına baxmayaraq, pediatrların körpə qida distrübuterləri ilə gizli şəkildə sıx əlaqələri mövcuddur. Bizə gələn istehlakçı fikirlərinə əsasən doğum evlərindən analara süni qida təklif edirlər, hətta evə gedəndən sonra da zəng edib təqdim edirlər.

Ofisdəki karikatura

Süni qidalar pediatrların əli ilə irəlilədi. MDB  ölkələri üzrə Azərbaycanda körpə qidaları daha bahadır. Mövcud qanunvericiliyə görə, körpə qidaları 20 dərəcədən aşağı temperaturlarda saxlanılmalıdır.  Bizdə isə yay aylarında belə, harda gəldi körpə qidalarının satıldığını görürük.  İnkişaf etmiş ölkələrdə süni qidalar göz qabağında  satılmır. Araşdırmalara görə,  körpəsini əmizdirən analar süni körpə qidasını görəndə belə  südü çəkilir. Anaların beynində avtomatik olaraq şüuraltı fikir formalaşır: Körpə ağlayanda bu qidanı verə bilərəm.

Azərbaycan İstehlakçılar İctimai Birliyinin dəstəyi ilə 150 adda körpə qidasının etiketi təmənnasız olaraq Azərbaycan dilinə tərcümə edilib. Qidaların vaxtları,  saxlanma şəraitlərinə əməl edilməsinə riayət olunması haqqında  sənəd hazırlanıb.  Təəssüf ki,  bu sənədə əməl edilmir. Hətta Gəncədə üstündə mismarla vaxt yazılmış uşaq qidaları görürük.  Nə qədər ki, Azərbaycanda  analar ana südünün  mükəmməlliyi ilə  bağlı biliyə malik deyil,  körpə qidaları Azərbaycanda çiçəklənəcək.  Mən 7 yaşımadək ana südü əmmişəm.  Bir dəfə də həyatımda bülleten götürməmişəm.

Palma yağlarının insan sağalamlığına zərəri indi daha çox qabardılır? Həqiqətənmi, palma yağları insan orqanizminə ziyandır?

– Palma yağı ilə bağlı 2015 -ci ilə qədər fərqli fikirlərim var idi. Lakin mən  Braziliyada dünya konqresində  iştirak etdim. Palma yağları ilə bağlı məsələləri müzakirəyə çıxartdım. Məlum oldu ki, palma yağı heç də təhlükəli yağ deyil.  Onun qida üçün yararlı olanı da var, texniki məqsədlərlə istifadə olunanı da. Qida  üçün yararlı olanlar körpə qidalarında da istifadə edilir və normaldır.  Bitki yağı kimi də normal yağdır. Ondan sonra mən fikrimi dəyişdim.

Lakin problem budur ki,  körpə qidalarının tərkibinə soya komponentləri qarışdırırlar. Soya unu, soya südü,  hətta soyadan pendir də hazırlayırlar. Soya 98 faiz  geni dəyişdirilmiş qidadır (GMO-dur). Bu bitkilər bütün  insanlığa zərərdir. Qidaların tərkibində soya komponentinin olması əksər hallarda gizlədilir. İstehlakçı  hüquqlarını qoruyanlar bunun əleyhinədir. Ümumiyyətlə, vətəndaşlar süni qidalardan uzaq olmalıdırlar.

Şəkər xəstələri üçün marketlərdə xüsusi piştaxtalar yaradılıb. Diabetli xəstələr üçün satılan qidalar nə dərəcədə sağlamdır?

– Əlimdəki bu məhsullar şəkər piştaxtalarında satılır.

Amma Səhiyyə Nazirliyinin əlimizdə bunun ziyanlı olmağı ilə bağlı  rəsmi açıqlaması var. Lakin piştaxtalardan hələ də yığışdırılmayıb. Dəfələrlə İqtisadiyyat Nazirliyi qarşısında məsələlər qaldırmışıq,  amma  həll edilmir. Hətta televiziya kanallarında reklam olunan sinirotunun şəkər xəstəliyinə heç bir xeyiri yoxdur.  Lakin reklam olunur və  əhali aldadılır. Azərbaycanda əhalinin sağlamlığını qoruyan mexanizm yox dərəcəsindədir.

Azərbaycanda satılan yağların tərkibindən danışaq. Bazarda kifayət qədər insan sağlamlığı üçün zərəli olan kərə, bitki yağları satılır.

– Biz bu bitki  yağını ekspertizadan keçirmişik və 8 aydır ki, bazarda satılır. Bitki yağının qarğıdalı yağı ilə heç bir əlaqəsi yoxdur. Azərbaycanda yağ seqmenti çox çirklənib. Böyük problemlər var. Yeni Zelandiyadan göndərilən və qiyməti də keyfiyyətinə görə dəyişən kərə yağları təbiidir. 20 litr süddən 1 kilo yağ alınır. Təbii ki, keyfiyyətli kərə yağının qiymətində bu  özünü göstərir. Südün də litri 50 qəpikdən aşağı deyil. Kərə yağı alarkən bu nüanslar gözdən keçirilməlidir.

Təmiz kərə yağını necə fərqləndirmək olur?

– Spred,  qarışıq yağlar kərə yağı deyil. İstehlakçılara məsləhət görürəm ki, kərə yağı seçərkən diqqətli olsunlar. Hansı  yağ nisbətən bərkdirsə, deməli təmiz kərə yağıdır. Hansı yağ yumşaqdırsa,  qarışıqdır,  marqarindir.   Kərə yağını kəsəndə parçalanıb tökülməlidir, səlist kəsilməli deyil.   Eyni bir  tavada iki cür yağ əridin. Hansı yağ daha tez əriyərsə,  o kərə yağı hesab olunur.

Bitki yağları seqmentində xaricdən gətirilən yağlarda da böyük problem var. Onların tərkibi yoxlanmır.  Yerli  distribüterlər xarici istehsalçılar tərəfindən aldadılır. Biz bunu ictimailəşdirmişik. Amma,  dövlət tərəfindən tədbir görülmür.

Marketlərdə vaxtı keçmiş məhsullar satılır. Buna qarşı hansı metodlarla mübarizə aparılır?

– Qanunla vaxtı keçmiş qidaların satışı qadağandır. Əgər dövlət orqanları buna qarışarsa, mağaza sahiblərin 1500 manat cərimə gözləyir.

Havaların isinməsi ilə kremli məmulatlardan zəhərlənənlərin sayı artır. İstehlakçılardan bu barədə şikayət daxil olubmu?

– Kremli məmulatların saxlanma müddəti 36 saatdan artıq deyil. Amma monitorinq aparsaq görərik ki, mağazalarda,  çirniyyat dükanlarında satılan kremli məmulatların 80 faizinin üzərində saxlanma müddəti yazılmayıb.

Böyük marketlərdə vaxtı keçmiş məhsulların etiketini yenidən hazırlayıb, müddətini 48 ay uzadırlar. Bununla bağlı şikayət daxil edilibmi?

– İnci adlı xanım  5 ay öncə bizə müraciət edərək bildirdi ki,  özü o prosesdə iştirak edib.   O, bu cür halların olduğunu etiraf etdi.  Onu biz ictimailəşdirdik,  amma İnci xanıma təzyiqlər oldu.  Bu da faktdır ki,  belə hallar hələ də davam edir. İstehlakçı hüququnu qoruyan təşkilatların yoxlanma funksiyaları qadağan olunub.  Onlar sadəcə ofislərdə oturub, maaş alırlar.

Metronun çıxışlarında, əhalinin gur olduğu yerlərdə süd maşınlarını tez-tez görməyə başlamışıq. Həmin südlərın keyfiyyəti barədə nə deyə bilərsiz?

– Həmin südləri yoxlamamışıq. Əgər sertifikatları varsa,  satıla bilər. İnsanlar harda gəldi satılan südlərdən uzaq durmalıdır.  Əks halda brusilyoz xəstəliyinə yoluxa bilərlər.

Dərman bazarında vəziyyət necədir?

Səhiyyə Nazirliyi dərmanların nəzarətini çox effektli şəkildə həyata keçirir. Bu yaxınlarda  qida əlavələri də nəzarətə götürüldü.  Səhiyyə Nazirliyinin qaynar xətti  aktiv işləyir. Əhali şübhələndiyi hallarda qaynar xəttə zəng edib dərmanın  qeydiyyatdan keçib-keçməyəcəyi haqda məlumat ala bilər.   Bazarda xeyli miqdarda qaçaqmal dərmanlar, təhlükəli qida əlavələri var. Onlardan xeyli şikayətlər daxil olur.  Nümunələr də var.

İkinci əl məhsullarından danışacayıq. Azərbaycanda ikinci əl mallarına nə dərəcədə nəzarət edilir?

– İkinci əl məhsulları dünyada problemdir. İkinci əl avtomobillərlə bağlı problemlər çoxdur.  Bakı avtomobil bazarında spidometrin geri çəkilməsi böyük  bəlaya çevrilib. Avtomobil almaq istəyən olsa,  bu cür halları aşkar etmək üçün biz ona təmənnasız xidmət göstərərik. Biz qanunvericilikdə belə hallara qarşı mübarizəni gücləndirmək üçün dövlətlə iş aparırıq.

Vüsalə Əlövsətqızı, A24.Az

Şəkillər müəllifindir

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Son Dəqiqə, Gündəm, Sağlamlıq, Müsahibə, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar