Məhəmməd Əmin Rəsulzadənin nəvəsi: “Ölkə müharibə şəraitindədir, şahmat oynamaq vaxtı deyil”

Məhəmməd Əmin Rəsulzadənin nəvəsi: “Ölkə müharibə şəraitindədir, şahmat oynamaq vaxtı deyil”
Want create site? Find Free WordPress Themes and plugins.
reis-resulzade
Rais Rəsulzadə

Uzun müddət planlaşdırdığımız bu görüşün əməkdar rəssamın ən sıx iş rejimində çalışdığı bir anda, 17 noyabrda baş tutması bizim təşəbbüsümüz deyildi, heç özü də bunu düşünməmişdi. Milli Dirçəliş Günündə görüşməyimiz təsadüf idimi? İradəmizdən kənar gerçəkləşən bu görüş tarixinin rəmzi mesajı çox düşündürücü oldu.
Bu dirçəliş nəyin cücərtisi idi? Hansı ifadənin, mesajın enerjisi idi? “Bir kərə yüksələn bayraq, bir daha enməz!”

Rais Rəsulzadə həyatı ilə film yazan, rəmzi bir obrazdır. Sürgündə doğulan, Bakıda 3 evi olmasına rəğmən öz doğma yurdunda uzun illər zirzəmidə yaşayan bir obraz müəllifi…
Rais 1946-cı ildə Qazaxıstanda doğulub…
“Atamın ailəsi, yəni Məhəmməd Əmin Rəsulzadənin analığı Maral xanım, həyat yoldaşı Ümbülbanu xanım və övladları Bakıdan sürgün edilir. Babam nənəmlə 1937-ci ilə qədər yazışıblar. Hətta ona yardım da yollayıb, övladlarına köməklik göstərib. Burda ailə nəzarətdə olduğundan “sovetin 1 nömrəli düşməni ilə əlaqədə olduğuna görə” bəhanəsi ilə sürgünə göndərilir. Anam tərəf də eynən, Naxçıvandan sürgün edilib. Onlar da digər bir görkəmli şərəcərədən – Eynəli Sultanovun nəslindən idi. Taxta vaqonlarda əzab-əziyyətlə Qazaxıstana göndərilirlər. Məhəmməd Əmin Rəsulzadənin analığı Maral xanım müsəlman olduğundan yolda yemək yeməyib. Kafirlərin yeməyindən iyrəndiyindən yalnız qəndi suya batırıraq dadıb. Sonra ilk düşərgədə özləri yemək bişiriblər. Və onda da qadın uzun müddətdən sonra ilk dəfə yemək yeyəndə orqanizmində ciddi problem olub. Sürgündə olan yoldaşlardan biri həkim olub. Alman həkim deyib ki, bu uzun müddət yemək yemədiyindən yeməyi çox az-az yeməli idi ki, mədəsi uyğunlaşsın. Artıq gec idi. Beləcə Maral xanım orda dünyasını dəyişib”.

Azər Rəsulzadənin Raisə, Rais Rəsulzadənin də bizə danışdıqlarına görə hər tərəf qar olduğundan Maral xanımın cənazəsini 17 yaşlı Azər min bir əziyyətlə elə oradaca basdırıb. Sonradan ziyalı Ümmulbanu xanımın yuxarı instansiyalara müraciətindən sonra onları daha uyğun bir yerə, Çin sərhədlərinə yaxın yerə – Taldı Kurqan vilayətinə göndərirlər.

“Burada vəziyyət nisbətən yaxşı idi. Artıq atam məktəbdə müəllim işləyirdi və başqa şəraitlər də var idi. Elə burada atamla anam tanış olurlar. Mən də elə orda, sürgündə anadan oluram.

Sonra Karaqandaya köçdük, 1965-ci ildə mən orada orta məktəbi bitirdim. Məktəbdə oxuya-oxuya, paralel olaraq Ümumittifaq İncəsənət Universitetində də qiyabi oxudum. Elə bu vaxtlar mənim rəsm sərgilərim olurdu, mənə kitablar göndərirdilər. Beləcə başlamışam. Oradada da, Alma-Atıda, Moskvada, Daşkənddə Universitetə girmək imkanlarım var idi. Amma mənim prinsipim var idi; mütləq Bakıya gəlməli idim. İşlərimi burada qurmalı idim”.

Rais Rəsulzadə atasının da Rəssam olduğunu deyir. Hətta özünün bu işi bacarmasında da atasının böyük rolu olduğunu deyir.

“Atamın bu işdə mənə köməyi böyük olub. Atam Stalinin portretini çox gözəl çəkirdi. Bayramlarda ona çəkdirirdilər. Hələ indiyə qədər mən atamnan yaxşı Stalinin portretini çəkən adam görməmişəm. Taleyin ironiyasını görürsünüz? Təzaddı. Stalin atamı repressiyaya göndərmişdi… Amma bu sənətdi”.
Sonra Bakıya gəlir, 1965-ci ildə Əzim Əzimzadə adına məktəbə daxil olur. Bakıda 3 evləri olmasına baxmayaraq qalmağa yer tapmır. Uzun çətinliklərlə yataqxanada özünə birtəhər yer eləyir. Hərbi xidmətdə o, qədərindəki daha bir təzadla qarşılaşır: rəssam kimi çalışdığı hərbi hissəni Leninin yubileyinə hazırlayır.

Atası Azər kimi Rais də bu işə sənət kimi baxır və taleyin bu şəcərəyə diş qıcımasına rəğmən o, taleyini rəsm və mozaikalarla, sənəti ilə süsləyir. Hərbi xidmətdən dönəndən sonra isə bu çətinlik ümumiyyətlə artır.

“Bakıda 3 evimiz olub. İndi Novxanıdakı evimiz uşaq baxçasıdr. Digərində ərəb şirkəti yerləşib. O biri evimiz də sökülüb, yerində Nizami metrostansiyasının binası tikilib”.

Daha sonra o rəssamlara birdəfəlik sifarişləri yerinə yetirmək üçün verilən otaqda – zirzəmidə uzun illər həm işləyib, həm də yaşayıb.

Daha sonra rəsmlərini və sənətini genişləndirə bilir. 1978-ci ildən bu günə qədər Azərbaycan Dövlət Pedaqoji İnstitutunun “Rəsm, heykəltaraşlıq və boyakarlıq” kafedrasında pedoqoji fəaliyyətlə məşğuldur.

Çox maraqlıdır, Məhəmməd Əmin Rəsulzadənin nəvəsi siyasi fəaliyyətdən kənarda necə qalıb?
“Kreslo uğrunda mübarizə bir az başqa işdir. Siyasi fəaliyyət üçün gərək bütün işlərini dayandırasan. Ancaq bu işdə olasan. Amma sənətkarın, nüfuzlu insanların statusu, mövqeyi olmalıdır. Bu vacibdir. Onlar susmalı deyil. Sözlərini deməlidir. Məmməd Araz kimi, başqaları kimi. Təəssüf ki, bizdə başqa cürdür. Mən düşünürəm ki, ölkə müharibə şəraitindədir, şahmat oynamaq vaxtı deyil. Müharibə şəraitində yaşayan ölkə toy-bayram qurmalı deyil. Bir də, hər bir yaradıcı üçün insan, vətən, millət onun tarixi əsas meyar olmalıdır. Başqa ideyalar özləri zaman-zaman yerini tutacaq, təbliğ ediləcək. Amma əsas, Rəsulzadənin dediyi “milli əxlaq” ideyası olmalıdır. Əgər bir yerdə Azərbaycanca danışmaq imkanın varsa, orda rusca danışma!. Siyasi olmasa da ictimai işlərim var: Azərbaycan Siyasi Repressiya Qurbanları Assosiasiyasına rəhbərlik edirəm, Dünya Azərbaycanlılar Konqresinin müddətsiz fəxri prezidenti seçilmişəm”.

Rais Rəsulzadə əməkdar rəssam, peşəkar pedaqoq olmaqla yanaşı, həm də möhtəşəm bir şəcərənin kişi qolu üzrə sonuncu nümayəndəsidir. Bəs görəsən şəcərənin nümayəndəsi kimi bu gün Rəsulzadə ideyalarının davam tempindən razıdırmı? Bu Rəsulzadənin görmək istədiyi Azərbaycandırmı?
“Haradasa, hə. Çünki müstəqilik. 2004-cü ildə Strazburqda Qarabağa diqqət çəkmək üçün piket keçirəndə, orada Azərbaycan bayrağını görəndə, çox qəribə hiss keçirdim. Hə, biz müstəqilik. Müstəqil dövlətimizin mövcud olmağı böyük nailiyyətdir.

Rais Rəsulzadədən onu da soruşduq ki, “Bəs Azərbaycan Məhəmməd Əmin Rəsulzadəni necə yaşadır?”

“Bir neçə il öncə Məhəmməd Əmin Rəsulzadənin araşdırmaçısı, onu ən dolğun tədqiq edən şəxslərdən olan Şirməmməd Hüseynov demişdi ki, “Rəsulzadə hələ Azərbayacan gəlməyib”. Amma bu gün artıq Rəsulzadə öz mövqeyini tutmaqdadır. Prezidentin Məhəmməd Əmin Rəsulzadənin 130 illiyinin qeyd olunması, eyni zamanda əsərlərinin latın qrafikasında nəşr olunması ilə bağlı verdiyi tapşırıqlar bu işi tədricən yoluna gətirir.
Məsələn, dostlara, gənclərə zəng edəndə telefonda bir səs eşidirəm:
“Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!”

Bizim institutda rus bölməsi artıq bərpa olunanda məni bu bölmədə dərs demək üçün tələbələrə təqdim edirdilər, sonda dekan dedi ki, bildiyiniz kimi Rais müəllim Məhəmməd Əmin Rəsulzadənin nəvəsidir: Bu zaman zaldan elə bir səs qopdu ki, bilmirəm, diksindim, çox qəribə idi… Bu tələbələrin ürəklərindəki Məhəmməd Əmin idi. O elə bir səs idi ki…

(Qeyd edək ki,  A24.Az -ın dəstəyi ilə çəkilişlərinə start verilən Rais Rəsulzadədən bəhs edən sənədli film yaxın zamanlarda tamaşaçılara təqdim olunacaq.

Söhbətləşdi: Sərdar Amin

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə, Eksklüziv, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar