"Microsoft"da proqram yaradan azərbaycanlı proqramçıyla MÜSAHİBƏ

“Microsoft”da proqram yaradan azərbaycanlı proqramçıyla MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

Dünyada texnoloji yeniliklərlə inqilab edənlərin sayı çoxalır.

Azərbaycanda da informasiya texnologiyaları sahəsində uğur qazananlar çoxdur. Bu sahənin biliciləri öz karyeralarını xarici ölkələrdə daha da yaxşı inkişaf etdirə biliblər. Onlardan biri də Elşən Hüseynovdur. Xaricdə təhsil alan və əsl ixtisası komputer mühəndisi olan Elşən Hüseynov hazırda İngiltərədə yaşayır və orada da işləyir.

A24.Az olaraq Elşən Hüseynovla Azərbaycanın texnologiya mütəxəssisləri,  bu sahədə olan problemlər haqqında söhbətləşdik.  Məqsədimiz xaricdə yaşayan savadlı soydaşlarımızı oxuculara təqdim etmək və onların gözü ilə problemlərimizə nəzər yetirməkdir. Müsahibəni təqdim edirik:

 Özünüzü oxucularımıza necə təqdim edərdiz?

– 1976-cı ildə Naxçıvanda anadan olmuşam. Azərbaycan dilində Windows XP, Kompüterlərin Texniki Təminatları, Şəbəkə və İnternet məlumatları, Əməliyyat sistemi (2003)” kitablarının müəllifiyəm. Azercell, Azeurotel, Bakinternet rabitə operatorlarının internet və şəbəkəsinin qurulması proseslərində iştirak etmişəm. Bir müddət informasiya texnologiyaları və proqramları üzrə müəllim işləmişəm.

– Necə oldu ki, siz xarici ölkədə işə qəbul oldunuz?

– İstanbul Mərmərə Universitetində magistraturanı bitirdikdən sonra İngiltərənin Mançester şəhərində “University of Manchester”də və paralel olaraq Microsoft şirkətində “Microsoft Certified Technology Specialist” (MCTS) instruktor kimi işləməyə başladım. Əsl ixtisasım komputer mühəndisidir. “Bachelor of Computer Science” elmi dərəcəsi ilə yanaşı “Microsoft Gold Certificate”, “Microsoft Certified Professional”, “Grafik Designer” və bir çox sertifikatları ilə təltif olunmuşam. Bununla yanaşı öz ixtisasımla bağlı müxtəlif sahələrdə qrafik dizayner, “webmaster” kimi iş təcrübəsi topladım, bir neçə proqram yaratdım və bu müddət ərzində başqa iş təkliflərini də dəyərləndirdim. 18 ildir ki, bu sahədəyəm.  Hazırda idarəetmə işləri üzrə menecer vəzifəsində işləyirəm. İnformasiya texnologiyaları sahəsindən uzaq olmağıma baxmayaraq, bacardıqca səy göstərirəm ki, bu sahədəki yeniliklərdən uzaq qalmayım.

-Hər hansı bir sahədə uğurlu olmaq üçün nələri etmək lazımdır?

– Uğur əldə etmək üçün birinci növbədə mövqeyindən asılı olmayaraq, gördüyün işə məsuliyyətli yanaşmaq lazımdır. Hər gördüyün işə görə məsuliyyət daşımaq sənin oyuna 1:0 qalib kimi başlamağın deməkdir, sonunda uğursuzluq, məğlubiyyət olsa belə, qeyri-peşəkar təsir və məyusluq olmayacaq. İkinci növbədə, öz üzərində işləməyi, özünü inkişaf etdirməyi (self made) bacarmalısan. Üçüncü növbədə, xarici dili inkişaf etdirməlisən, tənqidlərə və məsləhətlərə açıq olmalısan, onları qəbul etməlisən, özünü tənqid etməyi bacarmalısan, məsələlərə daha real yanaşmalısan. Uğur dayanacaq nöqtəsi yox, gözləmə məntəqəsi kimi düşünülürsə,  hər zaman var olacaqdır.

-Azərbaycanda texnologiya sahəsində inkişaf etmək üçün gənclərə mane olan nələrdir?

– Əgər son 10 ili müqayisə etsək, texnologiya sahəsində istər peşəkarlıq, istərsə də texniki baxımdan gözə çarpan dərəcədə inkişaf sezilməkdədir. Qonşu Türkiyə ilə müqayisə etsək, əlbəttə ki, çox fərq görə bilərik. Türkiyə universitetlərində tələbələr texnoloji araşdırmalar, yeni icadlar, sərgilər, yeniliklərin və proqramların türk dili versiyaları üzərində işləyirlər. Mənim fikrimcə,  maneələrdən başqa çatışmazlıqlar daha çoxdur. Univeristetlərdə və məktəblərdəki dərsliklər elektron formada və mütəmadi olaraq yenilənərək təqdim olunarsa,  daha operativ və faydalı olacağını düşünürəm. Azərbaycanda müasir texnika ilə təchiz olunmuş, hər bir şəraiti, dil mütəxəssisləri ilə zəngin ən yaxşı özəl məktəblər Bakıdadır. Digər şəhərlərimizdə də kifayət qədər müasir kompleks ve məktəblər var, amma biz reallıqla razılaşmalıyıq ki, mütəxəssislər olduqca azdır. Mənim fikrimcə,  müasir təhsilin respublika üzrə balansının təmin edilməsi bütün maneələri aradan qaldırar.    

-Sayt dizaynerləri adətən diqqətsiz və qeyri-ciddi imic formalaşdırıblar. Həqiqətən elədirmi?

– Ümumiyyətlə, hər bir yerdə, hər bir sahədə mənfi keyfiyyətin çoxluğu elə bir düşüncə yaradır. Əgər söhbət sadəcə saytın dizaynından gedirsə, barmaqla sayılacaq qədər normal veb sayt dizaynı fəaliyyətdədir. Qalanları isə sadəcə ana səhifə interfeysinə üstünlük veriblər. Saytlarda yenilik olmur. Hətta dövlət strukturunda olan onlarca sayt neçə illərdir ki,  yenilənmir. İnteraktivlik və kreativlik çox kasaddır. Tutaq k, biznes sahəsində olan 10 ədəd Azərbaycan domenli veb sayta nəzər salsaq görərik ki, onların 8-ində heç bir individual dizayn elementi yoxdur, belə ki, şəkillər, loqolar və s. internetdən götürülüb.

-Azərbaycanda fəaliyyət göstərən saytların çatışmayan cəhətləri hansılardır?

– Azərbaycanda fəaliyyət göstərən saytları incələdikdə qeyri-ciddi imicin daha çox xəbər saytlarında olduğunu görmək olur. Çox az sayda xəbər saytı daha operativ və oxunaqlıdır. Qalanları isə oxucu cəlb etmək üçün provokatif və mənasız başlıqlarla doludur. Spam kimi bir-birinin xəbərlərini kopyalayıb, sadəcə başlığı və şəkili dəyişərək xəbər yerləşdirir. Belə olan halda oxucunun gözündə qeyri-ciddi imic formalaşır. Bu məsələdə veb masterlərin heç bir təqsiri yoxdur, onlar sadəcə sifarişçinin istəyini yerinə yetirməlidir.

-Xaricdən baxanda Azərbaycanı və Azərbaycan gəncliyini necə görürsüz?

– Xaricdən baxanda, əsasən də virtual olaraq, Azərbaycanda yaşayan aktiv sosial media istifadəçilərinin çoxunun daima gileylənməsi görsənir. Bəzi nüanslar var ki, razılaşıram. Çünki mən özüm də Bakıya gəldiyim zaman bu məsələlərlə qarşılaşıram. Məsələn,  ictimai iaşə obyektlərində xidmətin zəifliyi, müraciət formaları, növbə mədəniyyəti və s. Eyni zamanda çoxlu yeni yerlərin açılışının şahidi oluruq. Adlandırma və obyektin dizaynı tərəfi həqiqətən təqdirə layiqdir. Lakin çox qısa müddət fəaliyyətindən sonra idarə edilməsində nöqsanlar qabarıq şəkildə göz önünə çıxır. Paralel olaraq, bir tərəfdən də Azərbaycan gəncliyini çox şanslı və bəxtəvər hesab edirəm. Bakıda təşkil olunan idman yarışları, könüllülərin cəlb olunması və s. bunların hamısı yeni iş yeri, yeni insanlarla tanışlıq, yeni müəssisələr, yeni imkanlar, yeni yollar, yeni qanunlar və xarici dilin inkişafı deməkdir.

Xaricdə təhsil alan azərbaycanlı tələbələrə nə deyə bilərsiz?

– Konkret informasiya texnologiyaları (İT) sahəsinı nəzərə alsaq,  çoxlu sayda İT servislerin, dizayn studiyaların çoxalması, “video-photo editor” sahəsində irəliləyişlərin olması bu sahədə sözün yaxşı mənasında rəqabət yaradıb. İxtisas nə olursa-olsun, dilin inkişafı və ixtisasın Azərbaycanla bağlı qollarına köklənmələrini istəyərdim. Bir çox maraqlı (az.) domenler hələ də satılmayıb.  Həmin domenləri almaqla elektron ticarət qura bilərlər.

Vüsalə Əlövsətqızı, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Texnologiya, Maraqlı
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar