Peri E.

Miniatürçü rəssam: Heç olmasa əsərlərimizdə azad olaq” – MÜSAHİBƏ, VİDEO

Peri E.A24.az “ART” silsiləsindən müsahibələri davam etdirir. Bu silsilədə biz yaradıcılığında avanqard çalarlar daha çox diqqət çəkən sənət adamları ilə görüşürük. Bu müsahibə tez-tez eşitdiyimiz, amma əksəriyyətimizin çox da məlumatlı olmadığı “Miniatür rəsmlər” haqqındadır.
A24.az –ın qonağı azərbaycanlı miniatürçü rəssam Pərinisə Əsgərovadır.
-Pərnisə xanım, xoş gəlmisiniz. “Miniatür” sözü haqqında anlayışı olmayan bir şəxsə miniatürü sadə dildə necə anladardınız?

“Miniatür” sözü qədim latın sözüdür. Mənası “qırmızı” deməkdir. Çünki, o vaxtlar kitabların kənarlarını qırmızı rənglə haşiəyə alıblar. Kiçik ölçülü ev də, insan da çəkmək olar, hansı ki, bunlar miniütür adlanır. Dünyada bir sıra miniatür məktəbləri var, bunlardan bizə ən yaxın olanı “Təbriz Miniatür Məktəbi”dir. Təbriz miniatürünə o vaxtlar çin-uyğur miniatürçüləri qrafikanı, ərəb-mesopotamiya isə rəngkarlığı gətirib. Nəticədə bu iki sahə XIII əsrdə Təbrizdə üzvi hala gələrəndə möhtəşəm əsərlər ərsəyə gəlib. Bu gün də dünyanın ən böyük muzeylərində Təbriz məktəbinə aid miniatürlər ən möhtəşəm miniatür inciləri kimi qorunub saxlanır. Sonradan kitab tərtibatından çıxaraq bu əsərlərə obrazlar əlavə ediblər. Bəzi vaxtlar isə din obrazlara qarşı çıxdıqda miniatür geri çəkilərək xəttatlığa və təkrar naxışlarla təqdim olunub. Mənim şəxsi fikrimi qaldıqda isə mənimçün miniatür eşqdir.

-Gəlin, qısaca bu məqama da aydınlıq gətirək; miniatürün digər cərəyanlardan, daha çox rastlaşdığımız realizm cərəyanından fərqi nədir? 

Miniatür təxəyyül məhsuludur. Orada perspektiv, ön-arxa plan yoxdur. Kölgə yoxdur. Bunu rəsmi anlayan insanlar bilir ki, miniatür çəkmək nə qədər çətin işdir. Çünki normalda uzaqdan gələn bir insanı çəkmək rahatdır. Miniatür rəsmin çəkilməsi isə bizim fantastik yanaşmamızdan asıllıdır ki, biz onu necə görürük. Məsələn şahlar o vaxtlar ov səhnəsi çəkdirmək istəyən rəssamı özləri ilə ova apararırmışlar, sonra rəsmi saraya qayıdandan sonra çəkdirərmişlər ki, rəssam xəyalındakı ovu canlandırsın.
Biz məsəl üçün, miniatür rəsmdə bir insan çəkiriksə və arxada dağ varsa, o dağın üstündəki çiçəyi xırdalıqlarına qədər, hətta ləçəyinin damarlarına qədər çəkirik. Bu o demək deyil ki, normal gözlə oradakı çiçəklər belə xırdalıqlarına qədər görünür. Burda rəssam demək istəyir ki, əslində ordakı çiçək belədir, mənim çəkdiyim kimidir.
Buna görə də bu sahə çox çətindir, çox adam çalışmır bu sahədə.

Türk yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” əsərində nəqqaşlığa maraqlı bir yanaşması, aydınlaşdırması var: Pamuk əsərində obrazların dili ilə realizm cəryanına aid rəsmləri “firəng rəssamlarının, Venesiya gavurlarının çəkdikləri” adlanır. Və bur rəsmləri o “insanın dünyanı gördüyü kimi” adlandırır. Amma şərq nəqqaşlarının əsərləri, yəni iniatürləri “Allahın baxışı” kimi qiymətləndirir. Biz bu məqamlara yenidən qayıdacayıq. Amma bu arada isətəyərdim şəxsinizlə, sizin bu sahəyə marağınızın yaranma səbəbi ilə maraqlanaq. 

Rəsm çəkməyə erkən yaşlardan başlamışam. Nə vaxt başladığımı xatırlamıram. Anam deyir ki, lap uşaqlıqdan çəkmişəm. Miniatürlə tanışlığım isə universitet illərində olub. Biz universitetdənkənar dərslərə gediridik. Bir neçə tələbə yoldaşlarımla bir yerdə dərs alırdıq. Sonra hamısı getdi, mən qaldım. Düzdür, mən də axıra qədər davam edə bilmədim. Bu rəssamlığın elmidir. Burada xətlər, kodlar var, simmetrik xətlər var… Əsərdəki xırda bir detal belə təsadüfən qoyulmayıb.Miniatür həm də xüsusi bir sxem üzərində qurulmuş rəsmdir.
Mən miniatürlə tanış olanda axtardığımı tapdığımı düşündüm. Sxemi öyrəndikdən sonra Təbriz Miniatür Məktəbinin klassik əsərləri ilə tanış oldum. Və klassik əsərləri təkrarlamağın heç bir mənası olmadığını düşündüyümdən bu əsərlərə modern elemntlər əlavə etməyə başladım. Klassik miniatürü günümüzə daşımağa çalışdım.

1Miniatür əsasən kitab illüstrasiyası olub, əhvalat, məclis təsviri kimi əsasən klassik poeziyanın təsirinində inkişaf edib. Bu gün miniatür təsvirləri nə üzərində quqursuz? Müasir əhvalatlar, səhnələr miniatür rəsmlərə mövzu ola bilərmi? 

Təbii ki, ola bilər. Biz o ana xətti saxlamaq şərti ilə, miniatürü günümüzə daşıya bilərik. Necə ki, klassik musiqini cazla sintez edib çıxarırırıq, tutaq ki, Vaqif Mustafazadə kimi. Bu da onun kimi. Günümzün obrazları ilə sintez edə bilərik ki, bunlar arxaik kimi görünməsin, özlərini modern sayan insanlar var – əslində miniatür əbədi modernizmdir – o insanlara da mesaj ötürə bilək.

Məsələn, modern nə əlavə eləyə bilirsiz əsərlərinizə? 

Mən “Qız qalası”nı çox əsərlərimə salmışam. Öz obrazımı, sevdiyim klassiklərimizi səhnələrimdə istifadə eləmişəm.
Miniatür əsərlərdə ən çox istifadə olunan səhnələrdən biri – “Şahnamə” hekayətləri ilə yanaşı – Nizami Gəncəvinin “Xosrav və Şirin” əsərində Xosrovun Şirini görməsi səhnəsidir. Belə səhnələr günümzə qədər yaşayır. Müasir belə bir səhnə ola bilərmi ki, həmin məclis miniatür əsərə mövzu olsun? 

Təbii ki, mümkündür. Ola bilər.

Qədim miniatür rəssamların əsas gəliri kitab kənarlarına çərçivələr çəkmək və xəttatlıqdan olub. Sizə yeni nəşr olunan kitablara hər hansı bir rəsm çəkmək üçün sifariş olubmu?

Biz 1 il bundan öncə “Dədə-Qorqud” layihəsinə başladıq. 50 səhifəlik miniatür etdim. Sadəcə bəzi maddi problemlər üzündən nəşriyyat hələ onu çap edə bilməyib.
Amma bəzi şairlərin, yazıçıların kitablarında üllistrator kimi iştirak etmişəm. “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabında 20-yə qədər işimdən istifadə olunub.2
Çox da demək olmaz ki, bu sahəyə maraq yoxdur. İnsanlar var ki, çox yaxından maraqlanır. Elə insanlar var ki, rəsmlərdə elə məqamları görürülər ki, halbuki heç özüm o qədər diqqət eləməişəm o məqama. Belə insanlara görə çəkməyə dəyər.

Əsərləriniz gəlir mənbəyi kimi sizə kömək edirmi? 

Tam təmin etməsə də köməyi olur. Sifarişlər olur, kitablardan çox qazanmasaq da, əsas sifarişlər olur.

Fərdi sifarişlər, yoxsa,dövlət? 

Fərdi.

Mən belə başa düşdüm ki, film gözü ilə baxsaq rəsmdə realizm cərəyanına sənədli film, miniatürə bədii film demək olar. Necə ki, bədii film də rejissorun dünyasıdır, miniatür də rəssamın. 

Təbii ki. Ailədə, cəmiyyətdə o qədər sərhədlərimiz var ki, azadlığımızı buxovlayan o qədər şeylər var ki, heç olmasa sənətdə azad olmalıyıq. Bu gün dünyada o qədər problemlər, o qədər qara rənglər, savaşlar, uşaq ölümləri var ki, biz heç olmasa gözəl şeylər edək də. Bunlar bizim nağıllarımızdır.
Düşünürəm ki, sənət adamının sərhədləri olmamalıdır. Heç olmasa əsərlərimizdə azad olmalıyıq.

Cəmiyyətin, eyni zamanda miniatür sahəsinə dəyər verməli olan instansiyaların sənətinizə verdiyi dəyərdən razısınızmı? 

9Tam yox. Fərdlər var ki, dəyər verirlər. Amma ümumilikdə yox. Dəyər verilmir. Ona görə də inkişaf edə bilmirik. Məsələn,Yapon, Çin, Hindistan, İstanbul miniatürləri var, bunlar içində ən görkəmlisi, ən möhtəşəmi Təbriz miniatür məktəbidir. Amma bunu davam etdirmirik. Hətta internetdə, hər yerdə bu məktəbin əsərlərinin üstündə “Persian” (Fars. red.) yazılır. Biz ona sahiblənə bilmirik. Biz tarixi şəxsiyyətlərə, tarixi hadisələr, mədəniyyətə sahiblənə bilmirik. Bizim olanları unuduruq. Xoşbəxtliyi başqa yerdə axtarırıq.
Məsələn Osmanlı miniatürünün davamçılar var – biz bu yaxınlarda orada festivala qatılmışdıq – o rəssamlar hamısı lupa ilə işləyirlər. Böyük rəssamlar qrupu işləyir. Dövlət onlara böyük dəstək verir. Onlara pulsuz emalatxana ayırıb, maddiyatlarını qarşılayırlar ki, “siz bizim irsimizi qoruyursunuz”. Onlar da bu dəstəyin və sevginin qarşısında öz tövhələrini verirlər.
Mən düşünürəm ki, Azərbaycanda biz onlar qədər sevgi və qayğı altında işləsək, Təbriz məktəbindən sonra ikinci möhtəşəm hadisə olar.
Biz İstanbulda bir simpoziuma qatıldıq. Onların çox məşhur tarixçi qadınlarından biri çıxış etdi. Haqlı olaraq özlərini təriflədi. Biz özümüzün mədəniyyatinə dəyər vermiriksə… Və xoşuma gəlməyən bir söz dedi ki, “Təbriz məktəbində hər zaman yabancılar çalışmış”. Halbuki “yabacı” deyillər, Kəmaləddin Behzad, Sultan Məhəmməd kimi insanlar işləyib. Hətta Səfəvilər Osmanlıya məğlub olandan sonra Təbriz məktəbinin sənətkarları İstanbula aparılıb, onlardan müəllim kimi yararlanıblar. Halbuki, bu gün Təbriz məktəbinin nümayəndələrinin adını da çəkmirlər.

Söhbətləşdi: Sərdar Amin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR