Mirbala Səlimli: "Kommersiya filmi çəkərək pul qazanmağı özümə tabu sayıram" - MÜSAHİBƏ

Mirbala Səlimli: “Kommersiya filmi çəkərək pul qazanmağı özümə tabu sayıram” – MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

A24.Az 2016-cı ildə Azərbaycanın beynəlxalq festivallarda ən çox nümayiş olunan filmlərindən olan “Qırmızı bağ”ın rejissoru, kino və teatr rejissoru, Şəki Dövlət Dramm-s Teatrının baş rejissoru Mirbala Səlimli ilə müsahibəni təqdim edir.
Qeyd edək ki, müəllif filmi olan “Qırmızı bağ” intelektual tamaşaçı kəsiminə hesablanıb. Almaniya, Misir, Qazaxıstan və digər bir sıra ölkələrdə beynəlxalq festivallarda nümayiş olunub.

Dünyada kommersiya filmlərinin ön plana çıxdığı bir zamanda kino sahəsi demək olar ki, diqqət çəkməyən çağdaş Azərbaycanda sənət filmi (avanqard kino) çəkmək müəllifdən çoxmu cəsarət istəyir?

Müəllif filmi çəkmək bütün dönəmlərdə müəllifdən cəsarət tələb edib. Çünki bu tip filmlər kommersiya filmlərindən, yaxşı düşünülmüş və janr filmlərindən müəllifin özünün problemə xüsusi baxışı ilə fərqlənib. Və bu baxış heç də film ərsəyə gələndən sonra birbaşa bəyənilməyib. Film dünyasına nəzər salsaq, müəllif filmi çəkən rejissorların həyatında bu problemlər həmişə olub. İlk filmindən başlamış həyatının sonuncu filminə qədər. Bu filmlər həmişə az diqqət çəkib. Mən müəllimim Aleksey Germanı xatırlayıram. Onun həm mühitlə, həm ətrafındakı kino adamları ilə, həm də sovet hakimiyyəti ilə çox ciddi problemləri olub. Bu insan “Yollarda yoxlama” filmini çəkəndən sonra film uzun illər qəbul edilməyib. Gizlədilib. Ona görə ki, filmdə Aleksey Germanın müharibəyə məxsusi yanaşması var idi. Qəhrəmanına xüsusi baxışı var idi və bu düşüncə həmin dönəmin ideologiyası ilə uzlaşmırdı.
Burada yeganə meyar zamandır. Əgər müəllif çəkdiyi filmə, həqiqətən səmimi olaraq bağlanıbsa, çəkdiyinə səmimi olaraq inanıbsa, artıq zaman keçəndən sonra o film mütləq seviləcək. Çünki, məhz müəllif filmində rejissor azından bir qarış zəmanəni qabaqlaya bilir. Bu vacibdir. Mən müəllif filmini belə görürəm. Amma müəllif filmi çəkən yaradıcı insanın təfəkkürü, həyata yanaşması o müstəvidə olmalıdır ki, o filmini içdən çəkə bilsin. Yoxsa, dəb xətrinə müəllif filmi çəkim deməklə, olmaz. Müəllif artıq sənətkar səviyyəsində formalaşmalıdır ki, o sənət filmi çəkə bilsin. Onun filmi bəyənilsə də, bəyənilməsə də hadisə kimi qarşılansın. Yeni nəfəs, baxış bucağı mütləq görünməlidir. Artıq bu zaman kiminsə bəyənib bəyənməməsindən asıllı olmayaraq o müəllif və filmi mövcud olur. Sonradan zaman onu alqışlayacaq, ya da unutduracaq. Dediyim kimi, ən önəmlisi müəllif içindəkinə sadiq qalmalıdır, onu səmimi təqdim etməlidir. Və təbii ki, bu cəsarət tələb edir. Heç vaxt içində şöhrətə meyl daşıyaraq böyük sənət yaratmaq mümkün deyil.

 XX əsrdə həm ədəbiyyatda, həm kinoda sənət əsərləri audotoriyasının çəkisindən asıllı olmayaraq ön planda idi. İndi həm kinoda, həm ədəbiyyatda kütləvi zövqə hesablanmış filmlərin qısa zaman ərzində ön planda olması, sənətin ikinci plana çəkilməsini nə ilə izah edərdiniz?

saragan-2Biz artıq başqa ideallar içərisindəyik. Sovet dönəmindən sonra biz dünyaya açılan bu pəncərədən müstəqil şəkildə böyük izdihama daxil olduq və qarşımızda müxtəlif müstəvili bir cəbhə gördük. Hətta bizi çox şey təəccübləndirdi. Əvvəlcə təsəvvürümüzdə canlandırdığımız ideal cəmiyyətlər, ölçü meyarları gözümüzdən düşməyə başladı. Çünki, biz heç də onların ideal olmadığını gördük. Əvvəl gördüyümüz standartlara yaxınlaşdıqca o standartlar bizi qorxutmağa başladı. Tamam başqa bir dünyaya daxil olduq və olmaqdayıq – burada bizi təəccübləndirən, qorxudan, sevindirən çox şey görməkdəyik. Əmin olduğumuz budur ki, bu bizim düşündüyümüz, ideallaşdırdığımız o cəmiyyət deyil.
Biz bu qeyri-adiliklərlə siyasətdə, iqtisadiyyatda, mədəniyyətdə və mədəniyyətin qolu olan kinoda rastlaşdıq. Məsələn, mən bu halda özümü hələ də idealist hesab edirəm.
Mənimçün ideal olan meyarları tapdayıb keçmək istəmirəm. Onlar mənimçün çox qiymətlidir. Mən o biri istiqamətə əyilmək istəmirəm. Təsəvvür eləyin, mənə təkcə burda yox, hətta Rusiyada da dəfələrlə komersiya filmləri ilə məşğul olmaq təklifi gəlib – seriallar və başqa kommersiya filmləri ilə. Amma özümü aşıb elə filmləri çəkməyə getməmişəm. Bu ideallarımı tapdamaq kimi bir şey olardı mənimçün. Çünki kino tərbiyəsini də elə adamlardan almışam ki, onlar da heç vaxt bu biri tərəfə əyilməyiblər. Həmişə düşündükləri, içlərində inandıqları mövzuları ortaya çəkiblər.  Buna görə də mən dəbə əyilmək və ya kommersiya filmi çəkərək pul qazanmağı özümə tabu sayıram. Bu mənim üçün bağlı qapıdır və heç vaxt o qapını döymək fikrinə düşəcəyimə inanmıram.
Amma, bu gün tamaşaçı aldadılır. Bizim tamaşaçı daha intellektual filmlərə layiqdir. Mən tamaşaçımızı ağıllı tamaşaçı hesab edirəm. Çünki, mən “Qırmızı bağ” filminin həm Azərbaycan tamaşaçısına təqdimatı zamanı onlarla ünsiyyətdə oldum, həm Almaniyada, həm Misirdə və digər ölkələrdə. Mən bir daha əmin oldum ki, bizim tamaşaçı o ölkələrin tamaşaçılarından intellekt baxımdan aşağı deyil.
Təəssüf ki, kommersiya filmləri həm də biznes olduğuna görə bütün yollarla – reklam, təbliğat və digər yollarla tamaşaçıların beyinlərinə nüfuz edir, onları sənət aləmindən öz yanlarına çəkirlər. Bu tendensiya davam edir. Müəllif, sənət filmlərinin yaradıcıları isə məhsullarına pul gözü ilə baxmadıqlarına görə onların yeganə istəkləri intellektual tamaşaçısını tapmaq və onunla təmasda olmaqdır. Onunla dialoq qurmaq istəyir. Bu da cəsrət tələb edir. Kommersiya filmlərinin müəllifləri isə heç vaxt tamaşaçı ilə ünsiyyətə girmək istəməz. Bir də, axı nədən danışsınlar? Danışmağa da bir şey yoxdur. Düşünürəm ki, müəllif filmi dialoqdur. Bu filmlər çəkilmir ki, baxılsın, unudulsun, getsin. Mən bilsəm ki, filmimdən sonra insanlar o barədə düşünməyəcəklər, mən o filmi heç vaxt çəkmərəm. Eyni zamanda mənimçün tamaşaçılarla diqloq, ünsiyyət də çox vacibdir. Qazaxıstanda da, Misir də də, Almaniya da, Azərbaycanda da festivallarda nümayişdən sona tamaşaçılar məni gözləyirdilər, yaxınlaşırdılar, dialoq qurmağa çalışırdılar. Eyni zamanda kinotənqidçilər də həmçinin. Məncə ən maraqlısı və ən əsası budur. Onların müdaxilələri, yanaşmaları çox ürəkaçan idi.

Əksər hallarda tamaşaçının sənət filmini anlamaması situasiyası onun hazırlıqsız olması kimi yox, filmin anlaşıqsız, çox yüklü olması kimi qiymətləndirilir. Sizcə məşhur ABŞ rejissoru, filosof Terrens Malikin “debil tamaşaçı” adlandırdığı, prodüserlərin, kinobeznesmenlərin ticarət məqsədilə çəkdiyi filmlərin həvəskarları olan hazırlıqsız tamaşaçılar sənət düzəninə təsir etmək cəsarətini haradan qazanır? Onların fikriləri sənət müstəvisində necə həlledici ola bilir.

Məncə bu tip tamaşaçıların fikirləri həlledici ola bilməz. Çünki, sənət filmlərinin özünün tamaşaçısı var və bu tamaşaçı harada olsa da, axtarıb o filmləri tapacaq. Düzdür, onlar kommersiya filmlərinə gedən tamaşaçılardan 10 dəfə az olacaqlar, amma bunun eybi yoxdur. Qoy o filmlərə minlərlə adam baxsın, amma müəllif filmlərinə 500 adam baxsın. Amma ikincilər düşünən, düşünmək istəyən, suallara cavab axtaran tamaşaçılar olacaq. Bax o tamaşaçı üçün film çəkməyə dəyər.

Mahiyyət etibarı ilə bəlkə də, ikiqat-üçqat qurama fənd olan simvolikanın sənətdə sehrli, fəlsəfi məqam kimi diqqət çəkməsinin səbəbi nədir?saragan-3

Metafora, simvolika sənət yaranandan onunla birgədir. Elə Qobustan qayalarına baxsaq, simvolikanı görürürk. Orada natural insan rəsmləri yoxdur. Bizim əcdadlarımız simvolikadan istifadə edib. Mən ümumiyyətlə sənəti metaforasız, simvolikasız təsəvvür etmirəm. Amma bu o demək deyil ki, sənət əsərlərində mövzular mütləq şəkildə simvollaşdırılmalıdır. Mövzu hansısa bir ümumiləşdirməyə gətirirsə, sən o ümumiləşdirmədən istifadə edirsənsə, simvolika bu zaman istifadə oluna bilər. Əvvəlcədən düşünülmüş şəkildə deyil, özünü biruzə verən formada deyil, mövzunun içindən çıxmalıdır. Əvvəlcədən simvolikanı götürüb mövzunu ona uyğunlaşdırmaq yox, mövzunun onu tələb etdiyi zaman simvolikanın görünməsi qəbulediləndir. Bu zaman bir neçə qatlılıq əmələ gəlir. Çoxplanlılıq ərsəyə gəlir.
Tamaşaçı üçün birbaşa açılan simvolika qəbuledilməzdir.

Müasir Azərbaycan kinomühitində müəllif filmi effektivdirmi?

Mən az öncə haqqında danışdığım tamaşaçı ilə qarşılaşanda anladım ki, biz o tamaşaçını itirməməliyik. Onlar təkcə xarici intellektual filmlər deyil, həm də bizim sənət filmlərimizə baxmalıdır. Necə ki, bizim klassik muisiqimiz var, muğamımız var, Azərbaycan cazı var, avanqard rəsmlər işləyən, dünyada qəbul olunmuş rəssamlarımız var, təbii ki, bu ardıcıllıqla teatrımız da, kinomuz da olmalıdır. Mən ona görə də bu filmləri bir-birinə qarışdırmaq istəmirəm. Çünki, bir vaxtlar Vaqif Mustafazadə cazı muğamla sintez edib yeniliklər yaradanda toylarımızda ara mahnıları da var idi, “Vesna”, “Olimp” maqnitofonlarını çiyninə qoyub bu ara mahnıları dinləyən insanlar da var idi. Və o biri tərəfdə Vaqif caz yazırdı. İnsanlar küçələrdə meyxana deyirdi.
Yəni, dünyaya çıxmamız üçün, dünyanın bizi görməsi üçün intellektual kino Azərbaycan üçün çox vacibdir. Misal deyim: filmimi Manhaym festivalında şəxsən festivalın prezidenti təqdim etdi, səhnəyə çıxmazdan öncə tərcüməçiyə dedi ki,mənim sözlərmi müəllifə mütləq tərcümə edin. O, dedi ki, “Sovet dönəmindən sonra artıq bizə həmin xalqların müstəqil filmləri gəlir və biz orada qədim və yüksək mədəniyyət görürük. Sujet xəttindən əlavə burada ölkənin mədəniyyəti – arxitekturası, musiqisi var. Təəccüblü deyil ki, müəllifi şərqə, qərbə, hər yana dəvət edirlər. O burdan Qahirəyə uçacaq”.
Yəni, bu həm də mədəniyyətimizin təqdimatıdır. Mətbuat konfransında bu barədə bir çox suallar aldıq. Hətta mətbuat konfransı başlamazdan əvəəl aparıcı xanım dedi ki, birinci sualı özüm verəcəyəm. Sual verdi ki, siz o unikal yeri haradan tapmısınız? (Filmin son səhnəsinin çəkildiyi Şəki rayonu ərazisindəki Sarağan ağaclığı nəzərdə tutulur. S.A.)
Mən bir an duruxdum, ardınca dedim ki, “Mən orada yaşayıram”. Bu anı bütün konfrans iştirakçıları qəhqəhə ilə alqışladı. Ardınca aparıcı xanım soruşdu ki, “Bağışlayın, bəlkə evinizin pəncərəsindən də həmin bağ görünür?” Dedim yox, o qədər də yaxın deyil.
Yəni, biz özümüzün düşüncə tərzimizi göstərməliyik.

saraganMüəllifi olduğunuz “Qırmızı bağ” filminin sonu qırmızı yarpaqlı Sarağan ağacları meşəliyində yekunlaşır. Sonu vizual baxımdan qırmızı rənglə bitən bir filmin rejissoru kimi sizin üçün qırmızı rəng nəyin ifadəsidir?

Mənim üçün “Sarağan bağı”,  “Qırmızı bağ” anlayışı “sakral” məkanı anladır. Azərbaycanın çox yerində belə “sakral” məkanlar var. Və insanlar o məkanlarda olan ağacın budağına parça bağlayır, ibadət edir. İnsanlar hansısa təsirə görə hiss ediblər ki, həmin məkan “sakral”dır. Belə məkanlar insanı dəyişir, başqa bir müstəviyə keçirir. Hansısa bir ağrıdan azad edir. Bu məkanlar daha çox fiziki yox, ruhda olan ağrını götürür.
Mənim üçün qırmızı rəng həmin başlanğıcın rəngidir. O çox aktiv bir rəngdir.
Bu həm də qan rəngidir.
Filmdə də o qırmızı bağ yeni bir başlanğıcın, yeni bir səviyyənin göstəricisidir. Filmdə də Abbas bu bağda eqoizmindən xilas olur, düşünür ki, bu uşaq öz uşağı olmasa da, bioloji oğlu olmasa da, insanlığın oğludur, insan oğludur.

Söhbətləşdi: Sərdar Amin

 

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Manşet, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar