kardu

Monarxist senator olan Nobel mükafatçısı – “Nobelçilər” silsiləsi

Əyyub Qiyas
Əyyub Qiyas

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə yeddinci Nobelçini təqdim edir.
Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: 1906-ci il, Cozue Karducci ”
Ədəbiyyat üzrə 6-cı Nobelçi haqqında yazı ilə bu linkdə tanış ola bilərsiniz.

Dahi italyan şairi, mütəfəkkiri və tənqidçisi Karducci Cozue Alessandro Mikele 27 iyul 1835-ci ildə Val-di-Kastelloda (Piza, Toskana) anadan olub və 16 fevral 1907-ci ildə Boloniyada vəfat edib. O Mikelle Karduccinin üç övadının ən böyüyü idi. İxtisca həkim olan atası Mikelle Karducci gizli inqilabi təşkilatın fəal üzvlərindən biri olub.
1849-cu ildə ailəsi ilə birlikdə Florensiyaya gələn Karducci dini təsir altında fəaliyyət göstərən orta məktəbə qəbul olunub. Məktəbə oxuyarkən Karducci çoxlu mütaliə edib, klassik və müasir italyan yazıçılarının əsərlərini oxuyub. O, Alessandro Mandzoninin “Nişanlanma” romanını Bayronun və Şillerin poyeziyası qədər çox sevib və elə o zamandan başlayaraq özü də tarixi mövzularda şeirlər yazmağa başlayıb, “İliada”nın doqquzuncu nəğməsini tərcümə edib və “Anama” şeirini yazıb.
1853-cü ildə Karducci nüfuzlu Pizan ali məktəbində təhsil almaq hüququ qazanıb. 1857-1858-ci illər Karduccinin həyatının ağır illəri sayılır. İşszilik üzündən cəmiyyət arasına çıxmayan şair böyük sarsıntılar keçirib. Qardaşı Dante 1857-ci ildə intihar edir, bir il sonra isə sevimli atası dünyasını dəyişib. Tezliklə həyat yenidən şairin üzünə gülüb və 1859-cu ildə o, Elvira Menikucci ilə ailə qurub, bir il sonra isə Pistoydakı ali məktəbdə yunan dili müəllimi vəzifəsini alıb.
Şairin kraliça Marqarita ilə yaxın dostluq əlaqələri olub və ona “İtaliya kraliçasına” odasını həsr edib. 1890-cı ildə Cozue Karducci senator seçilib. Ədəbi yaradıcılığındakı nüfuzuna söykənən, siyasi baxışlarını dəyişdirdirən şair ahıl yaşlarında İtaliyanın Afrikadakı ekspansionist siyasətini dəstəkləyərək monarxistlərə qoşulub.
1906-cı ildə onun adının Nobel müjafatçıları siyahısına daxil edilməsi heç də təsadüfi deyildi, belə ki, şairin adı həmin siyahıya 1902-ci ildən salınmışdı. 24 noyabr 1906-cı ildə İsveç akademiyası 71 yaşlı italiyalı şair Cozue Alessandro Karducciyə Nobel mükafatı verdi və mükafat ona “təkcə dərin biliyi və tənqidi ağlına görə deyil, hər şeydən əvvəl yaradıcılıq enerjisinə, poetik şedevrlərindəki lirikikaya yeni güc qatdığına görə” təqdim olunub. kardu

Cozue QARDUCCI
1835-1907

SONET

Hardasa, o uzaq buludlar üstə,
Quşların azadə süzüyü yerdə,
Bizləri gözləyir o qızıl diyar,
Sarı qızılgüllər, yızıl yarpaqlar.

Dərin düşüncəli, parlaq xəyallı
Tale kitabıdır ömür büsbütün.
Görürsən quşlar da dəstədən qalır,
Köçü dayandırır yaşamaq üçün.

Olimp tanrıları bizdən uzaqdır,
Yolları bilmədən çıxmışıq yola,
Ruhunuz hislərin əlində əsir.

Tənhalıq heç dərdə məlhəm olmayıb,
Biz də su deyilik donub buz olaq,
Bizi bir əbədi görüş gözləyir.

PROMETEY

Rəvayət gəzir ki, bir gün Prometey
Tərk edib Olimpin qızıl məbədin
Enib səsli-küylü bu yer üzünə
Gəzərgən Tanrı tək. Dərin və parlaq
günəş işığnı lütf edib yerə
sonzuz üfüqündə göy dənizlərin
tənhalıq sükyutu ruhları didib.
Dünyaya atılmış insan sürüsü
qaranlıq dəhlizlə irəli gedib
o da gətirdiyi müqəddəs odu
alıb insanlığa hədiyyə edib.
Amma arxasınca gələn insanlıq
qanlı hakimiyyət hərisi olub,
imkan düşən kimi polad mismarı
onun od daşıyan qoluna vurub,
almaz zəncirlərlə bağlanıb Titan.
Hələ bu nədir ki, azğın Saturn
həmən o rüçvayçı qayada durub,
bir azğın, yalavac qartalı onun
köksünü dəlməyə göndərib o an.
Orfeyin qəlbində oyanıb ilham,
sönməz bir məşəllə alovlanıb o:
insanın ruhunu dilə gətirən
ucsuz meşələrdə əks-səda verən
həzin kifaranı basıb köksünə.
Sonra da, hisslərin böyük ustası
Homer Tanrıların dönüb birinə.

HƏSRƏT

Mavi buludlardan bir az dərində
səma rütubətli oldu bir anda:
Apennin dağına doğru dartınan
göylər də qaraldı qəfil tufanda.
Ah, əgər buludlu qasırğa yolda
əyib qanadını ləngisə bir az
həsrətin çəkdiyim gözəl diyara
çatmaqçün yollarda məni saxlamaz!
Nə dostun, nə də ki, doğmalarımın
daha tələsmirəm yanına, əsla:
bir vaxt sevigisini duyduğum kəslər
lap çoxdan çıxıblar əbədi yola.
Əsla tələsmirəm üzümlükləri
suvaram, di gəl ki, bur səs duyuram:
ürəyim atılır göy təpələri
tez aşıb o münbit yerlərə varam!
Yaltaq adamlardan qaçıram, çünki
iyrənc nəğmələri duymamaq üçün,
söhbətcil qarılar eyvanlarında
qeybət eyləyirlər dayanıb hər gün!
O yerə gedim ki, tutqun meşələr
süxurlar üstündə boy atıb qalır,
orda, vətənimdə at ilxıları
tozanaq qaldırır, qulaq batırır!
Uzaq bataqlıqda soyuq havada
mən öz baharıma qovuşum yenə,
lakin xəyallarım tufan qoparıb
şirin xatirələr bəxş etsin mənə!
Tutqun ucalıqda qanad çalaraq
dayanıb bu doğma diyara baxmaq,
şimək tək parlamaq, gözəldir, həm də
su olub vətənin qoynuna axmaq!

QAR YAĞIŞI

Tutqun səmalardan qar lopaları,
astaca, naz ilə yağır, hey yağır,
küçələr ölü tək kəsir səsini,
hər tərəf sakitcə bu qara baxır.
Küylü tacirlərin kəsilir səsi,
fayton səsləri də lal olub qalır.
oynaq nəğmələrin harayı itir,
sevgi şərqiləri sükuta dalır.
Uca qüllələrin xırıltı səsi
yüyürüb şəhərlə görüşə gəlir,
saatlar zəng çalır –həyat dayanır
sirli gündüzlərin səsi kəsilir.
Quşlar pəncərəyə çırpır qanadın,
o gözəl ətirlər arayır məni
burada, sükuta dalan torpaqda
ruhumu səsləyir ömür yelkəni.
Az qalıb, tezliklə alıb başımı
(bu sakit, inadkar qəlbimlə) ömrə
əlvida deyərək dincəlmək üçün
gedib sığınacam o soyuq qəbrə.

Tərcümə etdi: Əyyub Qiyas

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR