Müşərrəf Akay Bakıda KQB-ni necə sındırdı - VİDEO

Müşərrəf Akay Bakıda KQB-ni necə sındırdı – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

“Bir millət – iki dövlət” ifadəsinə aid məzmunu ilk dəfə sürəkli alqışlar altında yüksək tribunadan car çəkən bilsəniz kim olub? Və bu necə, nə zaman baş verib? Harada?

Ötən əsrin 70-ci illərinin ortaları olardı. Türkiyə müğənnisi Müşərrəf Tezcan Akay Bakıda anşlaqla keçən qastrol konsertində idi. İndiki Heydər Əliyev, o zamankı Respublika sarayında keçirilən son konsertinə çətinliklə bilet tapıb ailəlikcə getmişdik.

Hər ifasından sonra gül dəstələrinə qərq edilən Müşərrəf Tezcan Akay da, Türkiyə sevdalısı seyrçilər də çox duyğulu görünürdü. Gülləri təqdim edənlər əsasən gənclər idi. Bundan ötrü səhnəyə qalxanlar arasında valideynlərinin tapşırığını canfəşanlıqla yerinə yetirən və bunu özlərinə əyləncə bilən azyaşlı uşaqlar da az deyildi.

Müşərrəf xanımı sevdirən bir də əlində mikrofon ara-sıra tamaşaçılarla həvəslə ünsiyyətə girməsi, gözəl natiqliyi, bəlli bir intellekt sərgiləməsi, səhnədə sərbəst davranışları, ümumiyyətlə, bizimkilər üçün aşkar fərqli ampluada olması idi. Bir sözlə, sənətçi xanım seyrçilərlə məhrəm bir əlaqə yaratmağa tam nail olmuşdu.
Konsertin bir məqamında oxuduğu şərqidən sonra yenə də sevənlərini səhnədəcə qarşılayıb bağrına basır. Bir uşaq yaxınlaşır ona. Gül dəstəsini uzadır. Diqqətcil və həssas xanım da duyur ki, bu uşağın ona nə isə deyəcəyi var. Dərhal mikrofonu uzadır uşağın dillənən dodaqlarına sarı.

“Türkiyə həm sizindir, həm bizim” deyir uşaq və sarayı alqış sədaları bürüyür. Müşərrəf xanım şövqə gəlir, onun üçün də təbii olaraq gözəl bir fürsət yaranıb ki, içindəkiləri daha aşkar biruzə versin: “Nasıl söylədin yavrum, təkrar söyləsənə!”. Uşaq da təkrarlayır: “Türkiyə həm sizindir, həm bizim!” Yenə alqışlar… Özü də uşağın ardınca “Türkiyə həm sizindir, həm bizim” deyir. Seyrçi alqışlarının budəfəki ünvanı təkcə xanım sənətçi deyil. O da bunu hiss etdiyindəndir ki, səhnədə azərbaycanlı uşaqla zaldakılar üçün ucadan səslənən ekspromt bir dialoq qurur:

Oğlanmısın, kızmısın, yavrum?

Qızam.

Saçlarına nə yapmışsın, nədən hiç saçların yok?

Saçımı qırxıblar.

Kaç yaşındasın?

Hm… Neçə yaşın var diyə soruyorum.

Dörd yaşım var.

Allah korusun səni nazardan. Səni şuraya göndərən annənə, babana təşekkür edərim, sağ olsunlar. Hadi, bir kəz daha söylərmisin? Nasıl dedin? Türkiyə…

Türkiyə həm sizindir, həm bizim!
Alqışlar qopur. Müşərrəf xanım qızcığazı üzündən-gözündən öpüb bağrına basır.

Az keçmir sarayın iki qadın əməkdaşı səhnəyə hər iki tərəfdən bitişik pillələrın qarşısını ərəbzəngi kimi kəsdirir və heç kimə daha imkan vermirlər ki, xanım sənətçi ilə ünsiyyətə girsin. Gül dəstələrini aşağıdan yuxarıya uzatmalı olurlar, müğənni də aşağı əyilərək minnətdarlıqla gülləri götürür. Amma ona bu möhnəti yaşadan DTK qarşısında borclu qalmır. Mikrofonla ucadan alt mənası hamıya aydın ifadələrini səsləndirir:

“Tüm alkışlarınızdan, güzəl çiçəklərinizdən, sevgilərinizdən dolayı bən sizin önünüzdə eyiliyorum, onların yok. Bu nasıl bir gün, əllərimiz əllərinizə ulaşmıyor”.

Və bu sözlərin ardınca da hüznlü nəğmələr…

Nəriman Qasımoğlu

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar