Müşfiq XAN yaradıcılığında yeni mərhələ - “5.45”

Müşfiq XAN yaradıcılığında yeni mərhələ – “5.45”
Want create site? Find Free WordPress Themes and plugins.

11048764_799390880108587_4817677381025156072_nYazıçının iddiası, öz işini sevməsi, gördüyü işdən zövq alması önəmli məsələdir. Əgər öz işini sevdinsə, sevdiyin işə ciddi yanaşdınsa, ciddi yanaşdığın işdə iddianı ortaya qoydunsa artıq uğur qazanmaq haqqında düşünmək, böyük uğura ümid etmək olar. Yazıçının uğuru ardıcıl və inadlı zəhmətdən keçir. Əgər zəhmət çəkirsənsə və bu zəhmətdən zövq ala bilirsənsə hökmən bəhrəsini də görəcəksən. İstedada xüsusi imtiyaz kimi güvənib – “seyid cəddinə güvəndiyi sayaq” sadəcə istedadına güvəndinsə – bu işdə itirənlərdən ola bilərsən sadəcə.
Bu baxımdan yazıçı dostum Müşfiq Xanın iddiasına uyğun zəhmətkeşliyi, çalışqanlığı və ardıcıllığı mənim üçün gözəl nümunədir. Müşfiq istedadını zəhmətlə birləşdirməyi bacaran qələm adamıdır. Onunla tanış olduğumuz ilk gündən məni heyrətləndirməyi bacarıb. Dostluqda da, insani münasibətlərdə də, yol yoldaşlığında da əvəzsiz insandır, bu öz yerində. Dostumdur. Və təbii ki, bu yüksək insani keyfiyyətlərinə görə dostluğumuz, yoldaşlığımız, sirdaşlığımız davam edir. Sadəcə insan kimi zəhmətkeşliyini xüsusi vurğulamağa ehtiyac hiss etdim. İşə başladısa, onu mütləq sona çatdırmağa çalışacaq – bu zənnimcə Müşfiqin ən gözəl xüsusiyyyətidir.

Həmişə nə isə düşünür, hər fürsətdə yazır, qeyd edir. Yazmadığı vaxtlarda da, beynində ən az dörd-beş roman, beş-altı hekayə ideyası hazır olur. Əlinə fürsət düşən kimi,  növbəti romana, hekayəyə və ya hansısa yazıya başlayır. Eyni zamanda naşir kimi fəaliyyəti də ardıcıl və uğurludur. Bir sözlə, Müşfiq Xanın zəhmətkeşliyi və çalışqanlığı heyrətamizdir. İddiasını da tam səmimi və pafossuz ortaya qoyur: “Çox satılan kitablar yazmaq, kitabdan normal qazanc əldə etmək, qazanılan oxucu kontingentini qorumaq”. Detektiv əsərlər yazmasını daha çox bu iddiası ilə əlaqələndirirəm. Çünki, Müşfiqin çılğın ruhu rasional məntiqə söykənən, intizam və zəka oyunları tələb edən detektiv romanlardan daha çox poeziyaya uyğundur. Di gəl ki, Müşfiq ən çılğın vaxtlarında belə gözdən oğurlanıb yarımçıq romanın növbəti fəslini yazmağa fürsət tapa biləcək qədər rasional və soyuq məntiqlə düşünməyi bacarır.

Müşfiq Xan imzası detektivsevərlərə daha doğmadır. Kitabsevərlər onu ardıcıl qəlmə aldığı detektiv romanları və hekayələri ilə tanıyıb, sevib. Elə mən də, Müşfiq Xanı detektivlər müəllifi kimi tanımışam.  Onun “Ünvansız sevgi” detektiv romanını Azərbaycan detektivinin ən yaxşı nümunələrindən biri hesab edirəm. Elə digər detektiv əsərləri də maraqlı və oxunaqlıdır. Yəni, detektiv əsərlərində Müşfiqin uğuru qeyd-şərtsiz qəbul edilir.

Müşfiq Xan digər janrlara ardıcıl müraciət etməsə də, “O” və “O2” adlı pritça, esse və şeirlərdən ibarət iki kitab da çap etdirib. Bu kitablardan da anlamaq mümkündür ki, Müşfiqin çılğınlığı, havalı ruhu onu poeziyaya maqnit kimi çəkir. Müşfiq hadisələrə, içində olduğu proseslərə nə qədər rasional yanaşsa da, romantik ovqatıyla poeziyanın olduğu yerə can atır.

…Bu yazımda Müşfiqin şairliyindən yox, fərqli tərzdə, fərqli dadda hekayələrinin toplandığı “5.45” hekayələr kitabından söz açmaq istəyirəm. “5.45” hekayələr toplusu Müşfiq Xan yaradıcılığında həqiqətən yeni və fərqli mərhələdir. Hekayələrin ovqatı, seçilən epiqrafların poetikası oxucunu əməlli-başlı silkələyir. Qəribəsi isə budur ki, müəllif bu kitabda öz formalaşmış üslubunu, intonasiyasını əzib keçir, aşır, yeni bir mərhələyə adlayır. Artıq onun qəhrəmanları hansısa cinayət işinin açılması üçün beynini yormur, hansısa istirahət mərkəzində qatilin izinə düşmür, xırda detalları birləşdirib böyük cinayətləri çözmür. Onun qəhrəmanları lirik, bir azda sentimental ovqatları ilə, xatirələri ilə oxucuya bir addım da yaxın gəlir, doğmalaşır.

Artıq onun qəhrəmanları “özünə qəbir yeri alır” (5. 45), “Topluma nifrət edir” (Velosiped), Uşaqlığının müharibə xatirələrindən danışır (“Aybəniz”, “Alabaş”), “Miskin xatirələrin solğun nişanələrini qoruyur” (Vika), “Məktəb illərinin xatirələrinə dalır”. (More, More)…

Amma bütövlükdə müəllif bütün hekayələrində sanki xatirələrindən xilas olmaq üçün çabalayır. Özünəməxsus ifadə tərzi, obrazların ironik ovqatı, bəzən hekayələrin ruhuna hakim kəsilən soyuqqanlı kədər oxucunu silkələyir. Oxucu tamamilə fərqli Müşfiq Xanla qarşılaşır.

Bu arada qeyd edim ki, kitabda Müşfiq Xanla birlikdə qələmə aldığımız “Çayxana gündəlikləri” hekayəmiz də yer alıb.

“5.45” hekayələr toplusunda toplanan hekayələr müəllifin yaradıcılığında ideya, kompozisiya, struktur və dil baxımından tamamilə yenilikdir. Eyni zamanda son dönəmdə çap olunan hekayə kitabları arasında, “5.45”-ində xüsusi yeri var.

Ümumiyyətlə son dövrlərdə hekayələrini oxuduğum müəlliflər – İlqar Rəsul, Mübariz Örən, Kənan Hacı, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Qan Turalı, Ömər Xəyyam, İkinci Mahmud, Nahid həmçinin həmyerlim Vüsal Oğuz, həmçinin haqqında söz açdığım Müşfiq Xan məni bir oxucu kimi razı salıb, bəzi məqamlarda heyrətləndirib. Sanki hekayəçiliyimizdə yeni mərhələ başlayıb və qələm adamları bir-birinin ardınca gözəl hekayələr yazır, hekayə kitabları nəşr etdirir.

Ümid edirəm ki, bu tendensiya bir zamanlar “roman bumu”ndan gileylənənləri indi də “hekayə bumu”ndan yazmağa sövq etməyəcək. Azərbaycan nəsrində hekayə janrının populyarlaşması, bu janrın yenidən canlanması olduqca vacibdir.

Ümid edirəm ki, son dövrlər çap olunan kitablar arasında “5.45” toplusu öz layiqli qiymətini alacaq. Çünki bu kitab həqiqətən oxunmağa, müzakirə edilməyə layiq kitabdır.

P.S: Xatırladım ki, Müşfiq XANın  bu yaxınlarda Hədəf Nəşrlərində mənim redaktorluğumla işıq üzü görmüş “Yalnızlığın bal ayı” romanı da detektiv janrda deyil.  Bilirəm, siz də eyni şeyi düşündünüz…

 

İyun – dekabr

Oğuz- Bakı

 

Cəlil CAVANŞİR

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs