A24 Xeber

Nəsimi Paşayev: “İşdən çıxandan sonra Binəqədinin icra başçısı olmağımı istədilər”

Nəsimi Paşayev: “İşdən çıxandan sonra Binəqədinin icra başçısı olmağımı istədilər”
936
08 Noyabr 2018 - 12:51

“Bakı Metropoliteni” QSC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəhbəri Nəsimi Paşayev a24.az-a müsahibə verib. O, müsahibəsində işdən çıxandan sonra ictimaiyyət üçün qaranlıq qalan bir sıra məsələlərə aydınlıq gətirib. Eyni zamanda, vəzifəsindən istefa verdikdən sonra ona təklif edilən yüksək vəzifələrdən söz açıb.

A24.az Nəsimi Paşayevin müsahibəsini təqdim edir:

-Nəsimi müəllim, “Bakı Metropoliteni”ndən çıxdıqdan sonra bir çoxları sizin işsiz olduğunu düşünür. Hazırda nə işlə məşğulsunuz?

-Hazırda bir PR kampaniya işi ilə məşğulam. Sərbəst şəkildə işləyirəm. Öz ixtisasım sahəsində çalışıram və ictimaiyyətlə əlaqələr üzrə bir şirkətə PR xidməti göstərirəm. Bundan artıq açıqlama verə bilmirəm. Çünki mənim işim şirkətin tərkib hissəsi olduğuna görə şirkət hələ ki, bunu istəmir. Amma bu yaxınlarda təqdimatı olacaq və konkret olaraq harada işlədiyim də aşkara çıxacaq.

-Yeri gəlmişkən, bir sual soruşacam sizdən. Soruşacağım bu sual düşünürəm ki, bir çoxları üçün də maraqlıdır. Bakı Metropoliteni QSC –nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri vəzifəsindən niyə ayrıldınız?

-Səbəbini izah edim də. Açığı, mən o yeri vəzifə olaraq görmürəm. Çünki heç vaxt vəzifə arzusunda da olmamışam. Sadəcə olaraq, bir iş kimi əməkhaqqı qarşılığında işləmişəm. Eyni zamanda, bunu da deyim ki, hər hansı bir iş mənə tapşırılırsa, mən həmin işi ürəklə, vicdanla icra edirəm. Daha işə gəlim və günümü keçirim, ayın əvvəlində də maaşımı alım deyə, bir iş prinsipim yoxdur. Aldığım əməkhaqqı da mənim üçün normal bir maaş idi. Bəzilərinə görə, bəlkə də, rəsmi dövlət işi olduğu üçün yaxşı bir vəzifə sayıla bilər. Amma mən ona vəzifə gözü ilə baxa bilmirdim. Bir məsələni də qeyd edim ki, axı, mənim ömür boyu elə orada işləmək bir iddiam da olmayıb. Belə bir iddianın olması da absurd olardı. Eyni zamanda, bu, insanın özünün özünə verdiyi işgəncədən başqa bir şey deyil. Ən azından, insan bununla özünü aldatmış olur. Həyatdır, dünyaya bir dəfə gəlirik. İnsan bir işə başlayandan sonra, müəyyən işlər ortaya qoymalı və sonda yeni mərhələyə keçid etməlidir. Yəni, mən artıq düşündüm ki, növbəti bir mərhələyə keçmək lazımdır. Uzun müddət “Barmek”də, sonra “Bakıelektrikşəbəkə”də, daha sonra isə “Bakı Metropoliteni”ndə ictimaiyyətlə əlaqələr şöbəsində çalışmışam. Yəni, insan bir yerdə ömürlük işləməyə nə məhkum, nə də məcbur deyil. 4 il üç ay metroda çalışdım və mənə elə gəlir ki, vicdanla işlədim. Təbii ki, bunun qiymətini ictimaiyyət verə bilər. Amma elə bir vaxt gəlib çatdı ki, mən artıq hiss etdim ki, bu vəzifədən getməliyəm. Bu, mənim öz istəyim və öz qərarım oldu. Onu demək istəyirəm ki, işdən çıxmağıma gətirib çıxaracaq hər hansı bir təzyiq olmayıb. Bu günə qədər də rəhbərliklə münasibətim əvvəlki kimidir. Bu gün mən Bakı Metropoliteni QSC-nin inzibati binasına mühafizələrə salam verərək rahat şəkildə daxil ola bilirəm. Səmimi etiraf edim ki, ay ərzində bir-iki dəfə yolumu oradan salıram ki, köhnə iş yoldaşlarımla görüşüm. İşdən çıxmağımın hər hansı bir səbəbini axtarmağa ehtiyac yoxdur. Yenə deyirəm, sadəcə özüm düşündüm və qəti qərara gəldim ki, buradan getməli, növbəti mərhələyə keçməli və fərqli bir şəkildə çalışaraq yeni-yeni işlər görməliyəm. Yalanın ömrü 40 gün olur deyirlər, əgər, mənim işdən çıxmağımın səbəbi başqa olsaydı, artıq indiyə üzə çıxardı (gülür).


-Bəs, işdən çıxandan sonra yeni iş təklifləri aldınızmı?

-İşdən çıxandan sonra çoxlu sayda iş təklifləri gəldi. Mən metrodakı vəzifəmdən istefa verəndə bəziləri təsəvvür edə bilmirdilər ki, axı, adam niyə belə bir vəzifədən ayrılsın. Camaat elə bilir ki, biz onların təsəvvüründə canlandırdıqları yüksək bir vəzifədəyik, şəraitimiz, dolanışığımız qaydasındadır. Ona görə də işdən çıxmağım bəzilərinə bu qədər qəribə görünür. Eyni zamanda, istefa verəndən sonra dostlar məni müxtəlif vəzifələrə layiq görməyə başladılar. Biri icra başçısı, digəri İcra Hakimiyyətlərin birində Mətbuat katibi vəzifəsində məni görmək istəyirdi. Həmin ərəfədə bir neçə nazirliyin Mətbuat xidmətinin rəhbəri vəzifələri boş idi. İnsanlar məni rəsmi qurumlarda görmək istədiklərini deyirdilər. Çünki elə bilirdilər ki, mən vəzifəmdən öz istəyimlə istefa verib çıxmışamsa, deməli, hansısa yüksək vəzifə təklifi almışam. Amma mən rəsmi sektorda işləməkdən imtina etdim. Açığını deyim ki, rəsmi qurumlardan birindən mənə iş təklifi gəldi. Daha sonra bank sektorundan yüksək maaş qarşılığında iş təklifi aldım. Hətta bu günə qədər iş təklifləri gəlməkdə davam edir. Televiziyada redaktor vəzifəsindən tutmuş bir çox vəzifələrə qədər təkliflər gəldi. Çox sağolsunlar ki, məni bu vəzifələrə layiq görürlər. Amma mən bu təkliflərin çoxuna “yox” demək məcburiyyətində qaldım. Çünki artıq elə bir mərhələdəyəm ki, həm də yaş öz sözünü deyir. Eyni zamanda, mənim öz fikirlərim var. Əgər, mən bir yerdən istefa verib çıxmışamsa, işləyəcəyim vəzifə daha geniş şərtlərə uyğun olmalıdır. Belə deyim ki, mən sərbəstliyi sevən biriyəm. Doğrudur, Metropoliten kimi ciddi bir rejimli qurumda mən özümə sərbəstlik yarada bilmişdim. Təbii ki, nə qədər sərbəst olsam belə, Bakı Metropolitenində çalışdığımın fərqində idim. Hazırda işlədiyim yerdə də çox sərbəstəm, rahatam. İşimdən də razıyam. Çünki öz sahəmdir. Bunu da deyim ki, istəyən olsa onlara da belə PR xidməti göstərməyə hər zaman da hazıram.

-İcra başçısı vəzifəsinə təklif aldığınızı dediniz. Haranın İcra Hakimiyyətinin başçısı olmağı təklif etmişdilər ki?

– Bu təklif təbii ki, rəsmi təklif deyil idi. Həmin ərəfədə Binəqədi Rayon İcra Hakimiyyətinin başısı vəzifəsi boş idi. Dostlarım sadəcə təklif edirdilər ki, o rayonun icra başçısı olmaq mənə yaraşar. Bunu arzu edirdilər. Hətta elə bilirdilər ki, mən Binəqədinin icra başçısı olmaq üçün çalışıram. Bəzi dostlarım da “ASAN Xidmət”in rəhbəri, Bakı Şəhər İcra Hakmiyyətinin, Səhiyyə Nazirliyinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri vəzifəsinə layiq görürdülər. Hətta dostlar mənə deyirdi ki, icra başçısı olacaqsız. Mən də onlara dedim ki, əgər belə bir xəbər eşitsəniz, mənə də deyərsiniz (gülür).

-Nəsimi müəllim, arzuladığınız, özünüz üçün ideal gördüyünüz bir vəzifə varmı?

-Mən özümə heç bir vəzifə arzulamıram. Tam səmimi deyirəm ki, heç bir vəzifədə görmürəm özümü. Mənim bu dövlətə, bu ölkəyə, bu millətə, bu xalqa faydalı ola biləcəyim düşündüyüm çox şeylər var. Onların böyük əksəriyyətinin vəzifə ilə bir əlaqəsi yoxdur. Yəni, mən prezident olsam, filan şeyi edərəm deyə, düşünmürəm. Çünki mən prezident ola bilmərəm. Elə vəzifələr var ki, mənə təklif etsələr, mən imtina edərəm. Çünki mən özümü orada görmürəm. Bunu bacara bilməyəcəyimə görə demirəm. Tam səmimi deyirəm ki, bacarmayacağım bir iş yoxdur. Sadəcə olaraq özümü o işdə görmürəm. Bu gün mənə univesitetlərin birində müəllim işləməyi təklif etsələr, mən imtina edərəm. Çünki bu sahədə özümü görmürəm. Təbii ki, pedoqoq olmasam da, bacararam. Bəlkə də, bir çox müəllimlərdən daha yaxşı bacararam bu işi. Amma özümü görə bilmirəm. Mənim sahəm ictimaiyyətlə işləməkdən ibarətdir. İctimaiyyətlə işləmək üçün isə külli miqdarda kitab oxumağa ehtiyac yoxdur. Mühəndis olmaq üçün, müəllim olmaq üçün kitab oxumalısan. Elə sahələr var ki, o sahələrdə də çalışmaq üçün mütləq uyğun vəsaitləri oxumalısan. Amma ictimaiyyətlə işləmək üçün kitab oxumaq məcburi deyil. Bunun üçün sənin dünyagörüşün olmalıdır. Ən əsas da xarakterin uyğun olmalıdır.

– Yüksək maaş təklifi ilə başqa bir işə dəvət etsələr, işləyərsinizmi?

– Yüksək maaş ifadəsi çox gözəl səslənir. Həqiqətdə də yaxşı ifadədir. Bunu səmimi etiraf edim ki, özümü görmədiyim bir vəzifədə yüksək maaş versələr də, işləmərəm. Mənə hansısa nazirlikdə özümü görmədiyim bir sahəyə uyğun olaraq yüksək vəzifə versələr, mən imtina edərəm. Təbii ki, mənim məsləhətlərimdən yararlanmaq istəyən qurum olarsa, canla-başla razı olaram. Misal üçün, işdən çıxandan sonra bank sektorundan mənə yüksək maaşla perspektivli iş təklif edildi. Təxminən, bir bankın rəhbərinin “sağ əli” olacaqdım. Mən isə özümü görmədiyim üçün imtina etdim.


– Nəsimi müəllim, uzun müddətdir jurnalistika sahəsində çalışırsınız və ictimaiyyətlə, mətbuatla işləyirsiniz. Bu günə qədər jurnalistika sizə nə qazandırıb?

– Jurnalistika çox aktiv fəaliyyəti olan bir sahədir. Müstəqilliyi, azadlığı, sərbəstliyi və rahatlığı var. Bu sahə mənə çox yaxşı dostlar qazandırıb. Bu gün mənim dost çevrəmin 70 faizindən çoxunu jurnalistlər təşkil edir. Yəni, jurnalistika mənə ən çox yaxşı dostlar qazandırdı. Hətta ailəvi dostlar. Bununla yanaşı, Azərbaycan reallığını yaxından görmək və tanımaq imkanını qazandırdı. Məncə, ən böyük qazanc elə bunlardır.

– Nəsimi müəllim, bayaq dediyiniz kimi üç qurumda uzun müddət mətbuat xidməti rəhbəri vəzifəsində çalışmısınız. İşinizin böyük əksəriyyətini mətbuatla və sırf jurnalistlərlə işləmək təşkil edib. Bu müddət ərzində incidiyiniz jurnalist olubmu?

– Bəli, olub. Yanlış anlaşılmazlıq üzündən bir jurnalistlə münasibətimiz korlandı. “Facebook” sosial şəbəkəsində etdiyi tərbiyəsizliyə görə onu təhqir etdim. Daha sonra dostluq siyahısından çıxardım. Həmin jurnalistin yaxşı insan olduğunu deyirlər. Təbii ki, mən onunla yol-yoldaşı olmamışam deyə, tanımıram. Sadəcə, yanlış anlaşılmazlıq üzündən ünvanıma tərbiyəsiz ifadələr yağdırmağa başladı. Hamı da bilir ki, o adam yanlış hərəkət etdi. Mən də çox ağır ifadələrlərlə onu təhqir edib dostluq siyahımdan çıxardım. Bunu hamı da gördü, yəni, gizli bir şey yoxdur. Amma bizim virtual dalaşmağımız işimizə əngəl törətməyib. O, işlədiyi mətbuat orqanından mənə zəng edib hər hansı sualla bağlı soruşubsa, cavablandırmışam. Baxmayaraq ki, onu təhqir edib dostluqdan çıxartmışam. Yəni, şəxsi həyatla iş həyatı ayrıdır. O, mənimlə jurnalist kimi, mən də onunla metronun əməkdaşı kimi danışmışıq. Həmin şəxs hələ də mətbuatda çalışır. Çünki bacara biləcəyi başqa bir iş də yoxdur. Xəmiri jurnalistikadan yoğrulub.

– Biraz əsəbləşdiniz, deyəsən. Bəlkə, metroda işlədiyiniz vaxtlar başınıza gələn maraqlı hadisələrdən danışasınız. Ki, hirsiniz də soyusun…

– Yox, əsəbləşməmişəm (gülür). Metroda başıma gələn o qədər maraqlı hadisələr olub ki, hamısını danışsam gərək səhərə qədər oturub danışaq ancaq. Birini deyim: Bir dəfə sərnişin özünü qatarın relsləri üzərinə ataraq intihar etmişdi. Jurnalist zəng edib soruşur, mən də faktı təsdiqləyib mərhumun ad-soyadını, təvəllüdünü filan dedim. Sonra da sərnişinin intihar etməsinin səbəbini soruşur. Qayıtdım ki, vallah, biz səbəbini soruşsaq da, cavab vermədi (gülür).


– Metrosuz həyata adaptasiya ola bilirsinizmi?

– Mən metrodan çıxsam da, hara gedirəmsə, metrodan danışırıq. Açığı deyim ki, özümü metrosuz təsəvvür edə bilmirəm. Bəzən elə darıxıram ki, ifadə edə bilmirəm o hissi. Arada metro ilə bağlı dostların yazdığı statusu görəndə özümü zorla saxlayıram ki, rəy yazmayım. Özümə başa salmağa çalışıram ki, sən artıq metroda işləmirsən. Amma bəzən metro ilə bağlı sual gördükdə bildiyim olarsa, cabablandırıram. Bəzən, dostar vəzifəmdən istefa versəm də metro haqqında yazdıqlarıma görə irad tutur. Bu, özümdən asılı olan bir şey də deyil. Bəlkə də, bağlılıqdır. Mən “Həzi Aslanov” stansiyasına yaxın qalıram. Bəzən harasa getmək üçün metroya düşəndə stansiya rəisindən tutmuş, bütün əməkdaşlarla, hətta maşinistlə belə salamlaşırıq. Bir anlıq elə bilirəm ki, mən işdən çıxmamışam. Ona görə də metrosuz biraz çətindir. Bu gün “metropolitençi”lərin peşə bayramıdır. Fürsətdən istifadə edib bütün metro işçilərini təbrik edirəm. Bakı Metropolitenində belə bir deyim var: Metro işçisi işdən çıxsa belə, “metropolitençi” sayılır.

– Elə duyğulu danışdınız ki, sanki metrodan çıxdığınıza görə peşimansınız… Yenidən qayıtmaq istəyərsinizmi?

– Qətiyyən. Mən metrodan ona görə çıxmamışam ki, təkrar qayıdım. Heç orada yüksək vəzifə də olsa, qayıtmaq fikrim yoxdur. Təbii ki, kömək lazım olarsa, hər zaman Bakı metrosuna özümü yetirərəm. Amma hər halda, “heç vaxt “heç vaxt” demə” prinsipinə söykənərək etiraf edim ki, hazırda metroya qayıtmaq kimi bir fikrim yoxdur.

– Nəsimi müəllim, bayaq dediniz ki, “Həzi Aslanov” stansiyasında metroya minmisiniz. Gün ərzində metrodan istifadə edirsinizimi?

– Hər gün istifadə edirəm desəm, yalan olar. Amma bəzən istifadə edirəm. Çünki bəzən elə yerlərə getmək lazım gəlir ki, metro ilə getmək daha rahat olur. Amma mütəmadi olaraq istifadə etmirəm. Ehtiyac yarananda olur, bəzən.


– Nəsimi Paşayevin hobbisi nədir?

– Hobbim futbol oynamaqdır. Həftədə iki və ya üç dəfə dostlarla yığışıb futbol oynayırıq. Axşamlar oynayırıq öz də. Aradabir tennis oynayıram. Bir də səyahət etməyi xoşlayıram. Çalışdığım qədər tez-tez səyahət etmək istəyirəm. Xüsusən də, təbiət qoynunda – dağlıq, meşəlik ərazilərində, çay kənarında gəzintidən zövq alıram. Bəzilərinin hobbisi kitab oxumaqdırsa, mənim də hobbim bu sadaladıqlarımdır. Çoxlu kitab oxuyan deyiləm. Eyni zamanda, kitab oxumağa vaxt da çatdıra bilmirəm. Əvvəllər çoxlu kitablar oxumuşam, amma indi oxuya bilmirəm.

– Hobbinizi bildik, bəs, jurnalistikadan başqa bu sahə qədər özünüzə yaxın bildiyiniz bir peşə varmı?

– Buradan bir etirafımı dilə gətirmək istəyirəm. Mən ali məktəbə sənəd verəndə Jurnalistika ixtisasına sənəd verməmişəm. Mənim sənədlərimi vermək istədiyim fakültə Teleradio mexanikası olub. Yəni, mühəndislik. Ankara Universitetinin “Radio, televiziya və sinema” ixtisasına sənədlərimi verəndə də həmin fakültəni mühəndislik fakültəsi bilmişəm. Hətta universitetə qəbul olanda elə bilirdim ki, mühəndislik ixtisasına yiyələnəcəm. 1992-ci ildə universitetə qəbul olandan sonra Ankaraya köçdüm və yataqxanada yerləşdim. Orada bir türk tələbə yoldaşımla söhbət zamanı o mənə dedi ki, mənim qəbul olduğum fakültə mühəndislik fakültəsi deyil, jurnalistikadır. Təsəvvür edin ki, mən həmin an şok vəziyyətinə düşmüşdüm. Çox absurd bir hadisə ilə qarşılaşmışdım. Burada deyir ki, sən saydığını say, gör fələk nə sayır (gülür). Mən orta məktəbdə texniki fənlərə üstünlük vermişəm. Humanitar fənlərə o qədər də maraq göstərmirdim. Amma bunu da deyim ki, qəlbimin dərinliyində jurnalistikaya da maraq olub. Hamı kimi mən də uşaqlıqdan televiziyaya baxanda efirdə danışan xəbər aparıcısının yerində olmağı düşünürdüm. Amma jurnalist olmaq kimi nə bir iddiam, nə də bir arzum olmayıb heç vaxt. Sadəcə, anlaşılmazlıq üzündən gəlib bura düşmüşəm (gülür)

– Nəsimi müəllim, övladlarınızın hansı sahə üzrə çalışdığını istəyərdiniz?

– Açığını deyim ki, mən də bütün valideynlər kimi istəyərdim ki, övladım həkim olsun və yaxud müəllim olsun. Amma böyük oğlum ötən il qərar verib mənə dedi ki, komputer mühəndisi olmaq istəyirəm. Övlad hansı sahəyə maraq göstərirsə, biz ona qarışa bilmərik. Təbii ki, istiqamət vermək borcumuzdur və haqqımızdır. Amma sabah istədiyi sahə üzrə o, işləyəcək, mən yox. Mən övladlarıma deyirəm ki, ali təhsilli olmaya da bilərsiniz. Mütləq deyil ki, diplomun olsun. Ən əsası birinci insan olmaq lazımdır. İkincisi isə, hər hansı bir peşəyə yiyələnməlisən. Məsələn, bu gün ölkədə peşəkar çilingərə, bənnaya, hətta pinəçiyə də ehtiyac var. Təbii ki, dünyanın bir qanunu var, hər peşənin öz sahibi, bilicisi, bacaranı olmalıdır. Övladlarıma həmişə deyirəm ki, çalışın hər şeydən məlumatlı olasınız. Hər şeyi yüksək səviyyədə bilməyə məcbur olmasanız da, anlayışınızın olması zəruridir. Çünki sabah dostların ilə hansısa hadisə haqqında fikir bildirə bilməyəndə sənə savadsız deyib gülməsinlər. Mən “Barmek”də işə qəbul olanda, “Excell”i bilmirdim. Mənə bir ay vaxt verdilər ki, proqramı öyrənim. Mənim də o proqram haqqında heç bilgim yox idi. Adını ilk dəfə orada eşidirdim. Gedib maraqlandım və bir neçə saatın içində öyrəndim.

– Yeri gəlmişkən, mətbuatımızın hazırkı durumunu necə dəyərləndirirsiniz?

– Bu gün bəziləri mətbuatımıza lağ edir. Fürsətdən istiafdə edib aktual bir mövzuya toxunmaq istəyirəm. Tahir İmanov Azərbaycan mətbuatının 80 faizini sarı mətbuat adlandırıb. Paradoks odur ki, bunu yazıb tirajlayan da elə bizim mətbuatımızdır. Əslində, bədbəxtliyimiz də elə budur. T.İmanovu tanıtdırııb cəmiyyətə təqdim edən də bizim mətbuatımızdır. O deyir ki, televiziyalar məni efirə buraxmır. Televiziyalar lap belə yaxşı eləyir. Özəl televiziya müstəqildir şirkətdir. Gəlir məqsədi ilə qurulmuş təşkilatlardır. Axı bu televiziyalar T.İmanovu niyə efirə çıxarmalıdırlar ki? Təbii ki, onun haqqı var ki, efirə çıxmaq üçün Azərbaycan Dövlət Televiziyası və İctimai Televiziyaya müraciət etsin. Onun başqa heç bir haqqı yoxdur.


– Televiziyalarda yayımlanan verilişlərə münasibətiniz necədir? Ümumiyyətlə, baxdığınız hər hansı veriliş varmı?

– Bu gün hamı efirlərdə yayımlanan bəzi verilişləri tənqid edir. Qardaş, Milli TeleRadio Şurası özəl televiziyalarda yayımlanan verilişlərə görə heç bir söz deyə biməz. Əgər, mövcud qanunlar pozulmayıbsa. Mən əziyyət çəkib, pul qazanıb televiziya yaratmışam. İstədiyim verilişi efirdə yayımlaya bilərəm. Sən də tamaşaçı olmaqda müstəqilsən. Mən elə verilişlər var ki, baxmıram. Sərbəstəm, xoşum gəlmirsə kanalı çevirirəm. Burda nə var ki? Bu gün hamı baxır və elə hamı da lağ edir. Televiziyada xəbərlərə baxıram. Amma bir neçə verilişə baxıram. Arada seriallara baxıram. Şou xəbərlərinə isə qətiyyən baxmıram. Amma reallıq odur ki, əhalinin əksəriyyəti şou xəbərlərinə maraq göstərir. Misal üçün, Üzeyir Mehdizadəyə qulaq asan adamlar böyük bir konsert zalını dolduran toplumdur. Ü.Mehdizadəni dinləyənləri aşağılayanları başa düşmürəm. Nyə aşağılayırsınız axı? Onların zövqü odur da. İbrahim Tatlısəslə Üzeyir Mehdizadənin stili eynidir. Axı, bu gün toya gedəndə klassik mahnıya oynamırıq. Mehdizadələrin, Rəqsanələrin mahnısına oynayırıq. Televiziyada ən çox bəyəndiyim veriliş “Nanəli” verilişidir. O verilişi çox bəyənirəm, amma Nanəsiz. Son vaxtlar xalq mahnılarına, klassik mahnılara qulaq asıram, bu da yəqin ki, qocalığın əlamətləridir (gülür).

– Nəsimi müəllim, son sualımız bəlkə də, sizi biraz kövrəldəcək. Siz işdən çıxandan sonra atanız da dünyasını dəyişdi. Nəsimi Paşayev bu ağır günlərin öhdəsindən necə gəldi?

– Mən reallığı qəbul edən insanam. Atamın ölümünü bir ildir ki, gözləyirdim. Ağır xəstə idi. Bir il boyunca mən hər həftə atamı ziyarət etmək üçün rayona gedirdim. Xəstəliyinin nə olduğunu bilmirdi, ondan gizli saxlayırdıq. Amma biz bilirdik ki, onun xəstəliyinin sonu ölümlə bitəcək. Həmin bir il müddətində özümü də baş verəcək hadisəyə hazırlamışdım. İyunun 1-də işdən ayrıldım. Atam isə 26 gün sonra vəfat etdi. Mən həmin müddət ərzində atama işdən çıxmağımı hiss etdirmədim. Hətta mən onu inandıra bildim ki, təzə bir işə başlamışam və vəziyyətim əvvəlkindən daha yaxşıdır. Amma nə qədər hazırlaşsam da, ata itkisi ağırdır. O itki hər zaman özünü xatırladır. Bəzən adamın ataya ehtiyacını hiss etdiyi vaxtlar olur. Amma həyatdır, bir gün gələn bir gün getməlidir. Təki, mənə də atam kimi şərəfli ömür sürüb dünyadan köçmək nəsib olsun.

Hazırladı: Səid Qərib
A24.az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00