Nicat Kazımov: “Bu gün-sabah oğlum evlənəcək, mən hələ də qayınanamın evində qalıram” – MÜSAHİBƏ

nicat-3A24.Az Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının rejissoru, əməkdar artist Nicat Kazımovla müsahibəni təqdim edir.

Nicat müəllim, informasiya ilə başlayaq; deyəsən yeni tamaşanı təhvil verirsiz?

Bəli. “Leyli və Məcnun” tamaşasını hazırladıq. Artıq şənbə günü – dekabrın 3-ü Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında tamaşanın premyerası olacaq. Bildiyimiz kimi bu əsərə xeyli müraciətlər olub. Şərqin ən böyük məhəbbət əsərlərindən olan Məhəmməd Füzulinin “Leyli və Məcnun” əsəri ümumiyyətlə dünya dramaturgiyasına təsir göstərmiş əsərdir. Hətta dahi Şeksprin “Romeo və Culyetta”sında da bir çox səhnələri də “Leyli və Məcun”dan götürülüb. Mən institutda oxuyanda bu əsərin Kamal Həsənov tərəfindən hazırlanmış xareoqrafik versiyasında oynamışdım. İndi də Azərbaycanda ilk dəfə bu əsəri sırf dramatik üslübda teatr üçün işləmişik. Hansı ki, əsər bütöv şəkildə dramatik üslubda toxunulmaz qalmışdı.

Tamaşanın rejissoru sizsiniz?

Bəli. Həm rejissoru, həm səhnələşdirən özüməm. Rəqslərin hazırlanmasını, rəssam işini də özüm görmüşəm. Tamaşada 50-dən çox aktyor, aktrisa iştirak edəcək. İşin ən gərgin anındayıq indi. 5-ci gün təhvil verəcəyik, dediyim kimi 6-cı gün artıq premyera olacaq.

Teatrlarımız yeniliyə, yeni estetik cərəyanlara açıqdırmı?

Əslində mən yeniliyə cəhd etməyi uyğun saymıram. Sənətçi qarşısına yenilik etməyi məqsəd kimi qoymalı deyil. Əgər insan öz yaradıcılığında müasir düşüncə tərzini göstərə bilirsə, onun elədiyi işlər onsuz da yenilik olacaq. Mən əndirəbadiliyin əleyhinəyəm. Məsələn, sağ əllə sol qulağı qaşımağı başa düşə bilmirəm. Bu məqsədyönlü olmamlıdır. Yəni mən belə düşünürəm. Əslində hər bir əsər yaradıcı insana açar verir.
Məsələn, Əziz Nesinin “Öldür məni, canciyər” əsərini Moldovada qaqauzca səhnələşdirdim. Əsərdə 3 personaj var. İki yaşlı, dul qadın və qaz kontrolyoru, yəni qazçı. Amma mən əsəri müştəri gözü ilə oxuyanda səhnədə 7 personaj gördüm. Bunu məqsədyönlü eləmədim. Bu qadınlar ərlərindən danışırlar, ərləri gənc ikən dünyalarını dəyişib. Onlar ərlərinin düşünürlər; mən o insanların xəyallarını və qadınların düşündüyü manyak obrazını səhnəyə gətirdim və s.
İndi də Leyli və Məcnunu işləyirik, İlqar Fəhmi məsləhətçidir. Birincisi rejissor əsərini götürdüyü müəllifə hörmət etməlidir. Hörmət eləmirsə, o əsəri işləməli deyil. Müəllif sözləri yazıb, rejissora isə yalnız sətirlərin və sözlərin arası məxsusdur. Sözlərin arasındakı o boşluqlar rejissorundur. Söz özü müəllifindir. Mən necə Füzulinin sözünü dəyişdirə bilərəm. Təbii ki, səhnələri bir birinə bağlamaq üçün İlqar Fəhminin məsləhəti ilə müəyyən şeylər yazmışıq. Amma bu Füzulinin mətninə təsir etmir. Biz onu dəyişə bilmərik.
Sözümü ona gətirirəm ki, səhnədə, kinoda, ədəbiyyatda hər bir məntiqsizliyin içində bir məntiq olmalıdır. Bu məntiqsizlik özü bir məntiqə dayanmalıdır. Düz fikirləşirəm, səhv fikirləşirəm, bilmirəm. Bu mənim düşüncəmdir. Səhnə gözəlliyi sevir, zövq oxşamalıdır. Əks halda tamaşaçı niyə pul verib zövqünü korlamalıdır. Axı bilet pulludur, ucuz da olsa.

Yeri gəlmişkən, bilet qiymətləri barədə nə düşünürsünüz?

Mən düşünürəm ki, teatr biletlərinin qiyməti baha olmalıdır. Bəli. Teatr elitar sənətdir. Kim istəyirsə, gəlsin. Demirəm ki, camaatın gücü çatmayacaq dərəcədə baha olsun. Məsələn, dünyada 100-200 avro bilet qiymətləri də var. Bu qiymətlər Azərbaycan üçün real deyil. Uşaq tamaşaları istisna, bunlar ucuz olmalıdır. Amma böyüklər üçün tamaşaların qiyməti azından 20 AZN olmalıdır. Bilirsinizmi bir tamaşanın hazırlanması hansı əziyyətlər bahasına başa gəlir. Təsəvvür etmək belə çətindir.
Elementar bir şey deyim, tamaşa üçün papaqları, filanı özümüz tikirik. Barmaqlarım “mezol” olub. 8 manat çox ucuzdur. Tamaşaçıda da bir təsəvvür var ki, ucuzdursa, demək pisdir. Təəssüf.

nicat-5Bu paltarları siz niyə tikirsiz? Axı bu işin öz işçiləri olmalı deyilmi?

Mən bütün tamaşalarımda paltarları özüm hazırlayıram.

Niyə?

Bir işin yaxşı olmasını istəyirsənsə, gərək öz əlin orda olsun. Elə şeylər var ki, onun ustası çox azdır. Onu yaxşı bacaran adam çox azdır. Bütün tamaşalarda çalmalar, papaqlar öz əlimdən çıxır.

Yəni, deyirsiz bu işin ustaları azdır.

Bəli. Həm də nə istədiyimi özüm yaxşı bildiyimdən işi özüm görürəm ki, tez başa gəlsin. Əslində teatrda bu işləri görənlər var.

Dediyiniz müasirliklə, yəni sənətçinin müasir düşüncələri ilə teatr ənənələrini birlikdə necə analiz edərdiniz? Yəni, çox maraqlı saydığınız bir təqdimatınız ənənəvi deyilsə, teatr və tamaşaçı üçün yenidirsə, anlaşmazlıq ola bilərsə, bu zaman nə edirsiniz?

Mən ümumiyyətlə eksperimental teatr anlayışını qəbul etmirəm. Çünki, hər bir tamaşa özlüyündə eksperimentdir. Tamaşanı başlayanda nəticə necə olacaq, bunu heç kəs bilmir.Tamaşa mütləq anlaşılan olmalıdır. Yaxşı tamaşa təkcə öz tamaşaçımıza deyil, Amerika, Avropa, Afrika tamaşaçısı üçün də başadüşülən olmalıdır.
Məsələn köynəyin bir qolu da kürəyimizdən sallansa, bunun nə mənası olacaq? Aktyor üçün ilk sual “Mən nə edirəm?”dir. Bunu bildikdən sonra “Niyə edirəm?” sualını da bilməlidir. “Niyə” sualına cavab verən istənilən əsər qənulediləndir.
Amma bəzi son estetik cərəyanlara uyğun sənətkarlar deyir ki, mən cavabını bildiyim şeyləri deyil, suallarımı çəklirəm. Mənim üçün film özümün də bilmədiyim suallardır.
Yaradıcılıq həyatdan götürülmüş hadisə, o hadisəyə bədii baxış və fəlsəfi nəticədir. Ola bilər ki, o problemin həlli yoxdur. Amma sənin cavabın, düşündüyün olmalıdır. Bəzi rəssamlar var ha, götürüb rəngləri bir-birinə qatırlar, yaxmalayırlar, qarışdırırlar, ya da “kubik-rubik” çəkirlər, heç nə başa düşülmür. Mənə elə gəlir ki, rəsm çəkə bilməyən adamlar belə rəsm çəkirlər.
Ola bilsin ki, mən başa düşə bilmirəm, belədirsə üzr istəyirəm. Amma məncə o adamlar normal rəsm çəkə bilmir, amma çəkmək isətiyir. Götürür rəngi, yaxmalayır, deyir bu şedevrdir. Heç bir ahəng olmur.

Bir neçə il öncəyə qədər aktyorluq da bir sıra incəsənət sahələri kimi gəlir gətirməyən, rentabelsiz sənət sayılırdı. İndi necədir, vəziyyət dəyişib?nicat-4

Hə. Dəyişib. Daha da pisləşib. Bizim aldığımız məvacib orta aylıq əməkhaqqından çox aşağıdır. Mən ayda 230-250 manat maaş alıram. Nəzərə alaq ki, axırıncı dəfə nə vaxt istirahət etdiyim yadımda deyil. Maaşlarımız gülüncdür, gülməlidir. Mən ailəmi dolandırmaq üçün başqa işlərə qaçmaq məcburiyyətindəyəm. Oğlum bu il aktyorluğa qəbul oldu. Mən 3 il durmadan onunla mübarizə apardım ki, bu sahəyə gəlməsin. Bilə-bilə ki, bütün aktyorluq keyfiyyətləri var, istəyirdim, aktyor olmasın. İndi də imkan düşən kimi oğlumu Azərbaycandan qırağa göndərəcəyəm. Özüm, günü bu gün təklif gəlsə, Azərbaycandan gedərəm. 26 ildir teatrda işləyirəm. Sual doğur, 230 manat maaş alıram, ayda 60 manat da “əməkdar artist” adına görə alıram, bu pulla ev almaq olar? Ona görə də, bu gün sabah oğlum evlənməlidir, hələ qayınanamın evində qalıram. Faciə budur. Əlavə qazancımla, bir neçə yoldaşla bərabər bu ofisi icarəyə götürmüşük. Ona görə ki, evim yoxdur, yaradıcı işlərimi burda görürəm.
Deyirik ki, teatr elitar sənətdir. Belə olduğu halda, aktyorlar da elitar yaşamalıdır. Aktyor səhnəyə çıxanda fikirləşməməlidir ki, evdə kartof qurtarıb, işıq pulunu ödəməmişəm – bu gün kəsəcəklər.
Gəlsin özündən deyən məşhur aktyor, bizim aldığımız qonorarı alsın, bizim şəraitimizdə yaşasın və oynasın. Görək necə oynayır. Görək ondan sonra Bred Pit böyük aktyor olaraq qalacaq? Kvanç o gözəlliyini qoruyub saxlaya bilərmi burda? Mən elə min şükür, bu yaşıma görə yaxşı qalmışam. Aktoyr özünü qoruyub saxlaması üçün vaxt-vaxtında istirahət etməlidir, pəhriz saxlamalıdır, idmanla məşğul olmalıdır – bütün bunlar üçün də pul lazımdır. Mən isə kənar işlərə qaçıram ki, teatrda işləyə bilim. Televiziyada aparıcı olmuşam ki, teatrda işləyə bilim. Kənar işlərdə işləməsəm, teatrdan getməli olacam.

Bəlkə də elə məvacibləri artırmalı olan instansiyalar da görürlər ki, sizin sənətin nümayəndələrinin içindəki yanğını görürlər, düşünürlər ki, elə bu kiçik məkhaqqı ilə də işləyəcəksiz. Ona görə də artırılmır.

Biz xəstəyik, qardaş. Aydın məsələdir. Teatrı sevib bura gələn insanlar hamısı xəstədir. Bir iki nəfər var ki, onlar özlərini göstərmək üçün gəlib. Qalan hamı xəstədir. Təsəvvür edin ki, uzun müddət çalışıb tamaşa hazırlayıram, yoruluram. Həm fiziki, həm mənəvi. Tamaşanı təhvil verməyimdən 3 gün keçməmiş, artıq təzə iş götürmək istəyirəm. Bax, deyirəm ha, harasa gedim, məni tanımasınlar, amma qala bilmərəm. Teatrsız qala bilmərəm.
Teatrda maaşımız azdır deyə, başqa yerdə bizə ayrı işə görə qonorar verəndə də, çox vermək istəmirlər, deyirlər ki, “teatrda nə alırlar ki?!”
6-7 ildir toya getmirəm. Əvvəllər çox getdim. Düzdür, qazandım da. Ev ala bilməsəm də, şükür, balalarımın heç nəyə ehtiyacı olmadı. Amma daha getmirəm. Çünki, aktyor bir az əlçatmaz olmalıdır. Mən bu ofisdən demək olar ki, bayıra çıxmıram. Girirəm qınıma, qurtardı. Burdan teatra gedəndə başıma “kepka” qoyuram, şarf bağlayıram, eynək taxıb qaçıram. Aktyorun əlçatmaz olması üçün də, birinci növbədə, nə bilim … Nə bilim…
Ümid edək yaxşı olacaq.

Azərbaycanda universitetlər aktyorluq, rejissorluq üzrə oxuyan tələbələrə nəsə qazandra bilirmi?

Yox. Yox.
Mən 20 ildir bu teatrda rejissorluqla paralel aktyor yetişdirməklə məşğulam. Universitetin işi nədir? İstedadı cilovlamaq. Gənc aktyor, aktrisalar bura cilalanmamış gəlirlər. Səhnədə gəzməyi bacarmırlar, rəqs eləməyi bilmirlər, oturmağı, durmağı, bilmirlər. İllərlə üstündə əziyyət çəkdiyin aktyor bir gün teatrdan çıxıb gedir, təzədən başlayırsan…
Amma bütün bunlarla yanaşı teatr gözəl sənətdir. Yaxşı bir tamaşadan sonra ki, çıxırsan səhnəyə, tamaşaçının gözündəki qığılcmı görürsən… Bax bu hər şeyə dəyər!

Söhbətləşdi: Sərdar Amin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR