Yeni sədrdən eksklüziv açıqlamalar – MÜSAHİBƏ

Yeni sədrdən eksklüziv açıqlamalar – MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

“MTRŞ televiziya və radio yayımında gedən yaradıcılıq işlərinə müdaxilə edə bilməsə də, öz tövsiyələrini daima kanallara verəcək”, -bunu “a24.az”a eksklüziv müsahibəsində Milli Televiziya və Radio Şurasının (MTRŞ) növbəti dövr üçün sədrliyinə bu gün seçilən Nuşirəvan Məhərrəmli deyib.

MTRŞ sədri vurğulayıb ki, Şuranın fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması ən ciddi məsələ kimi qoyulub: “Bir sözlə, özəl kanallar yayımladıqları verilişlərdə şəxsi deyil, xalq və dövlətin maraqlarını da üstün tutmalıdırlar”.

– Nuşirəvan müəllim, 6 illik sədrlik müddətiniz başa çatdı. Bu gün yenidən növbəti 6 il üçün MTRŞ-ya sədr seçildiniz. Geridə qoyduğunuz 6 ildə televiziya və radio sahəsində nə kimi dəyişikliklər oldu?

– Hesab edirəm ki, bu illər ərzində teleradio sahəsində görülən işlər qənaətbəxşdir. Bununla bərabər, görüləsi işlər də çoxdur. Dünyada milli televiziya və radio ən çox diqqətə alınan sahədir. Ona görə ki, bu sahənin cəmiyyətə çox böyük təsir imkanı var və Azərbaycanda da bu sahəni tənzimləyən qurumların üzərinə çox böyük yük düşür. Amma onu da bilməlisiniz ki, MTRŞ öz fəaliyyətini ona verilən səlahiyyətlər çərçivəsində qurur. Televiziya və radio yayımında gedən yaradıcılıq işlərinə müdaxilə edə bilmir.

– Müdaxilə etməsəniz də, tövsiyələrinizi verə bilirsiniz…

– Bu gün də cəmiyyətimizi ən çox maraqlandıran məsələlərdən biri elə televiziyalarımızda gedən verilişlərin keyfiyyət məsələsidir. Özəl kanallarda şou xarakterli, süni, şit və bayağı verilişlərin çox olması bizi narahat edir. Amma bununla bərabər, MTRŞ televiziya və radio kanallarının rəhbərləri ilə mütəmadi olaraq görüşür və bu sahədə xalqın maraqlarını üstün tutmağın əsas götürülməsini tövsiyyə edir. Amma bilirsiniz ki, özəl kanallar fəaliyyətlərini daha çox reklam əsasında qururlar. Bunlar kommersiya xarakterli qurumlardır. Ona görə də onlar şou verilişlərinə daha çox üstünlük verirlər ki, kanala gəlir gətirsin. Dövlətimiz isə daim çalışır ki, əhalinin maraqlarını nəzərə alsın. Dövlət büdcəsindən maliyyələşən Az.TV, “Mədəniyyət”, “İdman”, kanalları, İTV-də yayımlanan verilişlərlə bağlı hər hansı problem yoxdur. Adını sadaladığım kanallarda şou xarakterli verilişlər, demək olar ki, yox dərəcəsindədir. Bu kanallarda yayımlanan verilişlərin də keyfiyyəti yüksəkdir. Özəl kanallar bazarın tələbatından çıxış edirlər. Bu kanallar elə verilişlər hazırlayırlar ki, bunu bazar tələb edir. Bizim tamaşaçıların da ən çox baxdıqları məhz bu tipli verilişlərdir. Bu tip verilişlərə daha çox baxılır və digər tərəfdən də, bu verilişlər, demək olar ki, daha çox tənqid olunur.

– MTRŞ-da yeni sədrliyiniz dövründə televiziya və radio kanalları ilə bağlı nə kimi planlarınız var?

– Şuranın fəaliyyətində milli-mənəvi dəyərlərin qorunması məsələsi ən ciddi məsələ kimi qoyulub. Bu məsələnin ciddiliyini də həmişə qoruyub saxlayacaq. Televiziya və radio sahəsi çox əhəmiyyətli və cəmiyyətə təsir imkanlarına görə böyük qüvvədir. Əhalinin maarifləndirilməsində, məlumatlandırılmasında çox böyük rol oynayan qüvvədir. O baxımdan, dövlətimizin başqa sahələrdə olduğu kimi, televiziya sahəsində də güclü bir dövlətə çevrilməsinə çalışacağıq. Çalışacağıq ki, Azərbaycan televiziya və radio kanalları müasir insanların işlədiyi bir yer olsun və orada milli-mənəvi dəyərlər gözlənilsin. Azərbaycan dövlətçiliyi, xalqımızın maraqları hər zaman üstün tutulsun. Bir sözlə, şəxsi yox, xalqımızın və dövlətimizin maraqları üstün tutulan verilişlər daha çox yayımlansın.

– Seriallarla bağlı hər hansı yenilik gözlənilirmi?

– Seriallarla bağlı məsələ gündəmdədir. Bilirsiniz ki, ölkə başçısının ayırdığı vəsait hesabına Azərbaycanda seriallar çəkilir. Təbii ki, bu, məsələnin müsbət tərəfidir. Amma çəkilən seriallarda müəyyən problemlər var. Hamısının keyfiyyəti bizi qane etmir. Buna baxmayaraq, bu sahədə görülən işləri qənaətbəxş hesab etmək olar.

– Bu il də dövlət vəsaiti hesabına serialların çəkilişi davam etdiriləcəkmi?

– Azərbaycan televiziya və radio sahəsində reklam bazarının zəif olması, xarici serialların yayımlanmasına qoyulan məhdudiyyət bizi məcbur edir ki, serialların çəkilişinə dövlət dəstəyinin davam etdirilməsi ilə bağlı ölkə başçısına yenidən müraciət edək. Yaxın vaxtlarda bununla bağlı cənab prezidentə müraciət edəcəyik. Əgər biz bu yardımı dayandırsaq, çəkilən serialların yeri boş qalacaq. Bu, həmçinin, televiziya kanallarının maddi vəziyyətinə də müəyyən təsirini göstərəcək. Hesab edirəm ki, serialların çəkilişi ilə bağlı dövlət dəstəyinin davam etdirilməsi hələ ki, vacibdir.

– Yeni televiziya kanallarının açılması gözlənilirmi?

– Bu sahə haqqında hər hansı bir konkret söz demək olmaz. Ola bilsin ki, televiziya yayımı ilə bağlı müəyyən fikirlər yaransın, onda yeni televiziya kanalı açılsın. Bir sözlə, ölkəmizdə yeni televiziya kanalının açılmasını istisna etmirəm.

Amid Əyyuboğlu

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Media

Müzakirə

A24.Az