Oktay Mir-Qasım: "Bu formada qazanılan mükafat şərəfli deyil"

Oktay Mir-Qasım: “Bu formada qazanılan mükafat şərəfli deyil”
Want create site? Find Free WordPress Themes and plugins.

o-11A24.Az kinorejissor, ssenarist, xalq artisti Oktay Mir-Qasımla müsahibənin II hissəsini təqdim edir. Müsahibənin ilk hissəsi ilə buradan tanış ola bilərsiniz.

Azərbaycan kinosu dünyaya hansı müstəvidə çıxa bilər; hansı estetik cərəyanda və ya hansı mövzuda çəkilən Azərbaycan filmləri dünya üçün daha maraqlı olar? Yəni, Azərbaycan filminin beynəlxalq uğurunu hansı istiqamətdə görürsünüz?

Hazırda belə bir təhlükə var; bizim əsas hədəfimiz qərbdir və qərb əksər hallarda bilməzlikdən (!) ikinci dərəcəli saydıqları bütün ölkələri, xalqları, mədəniyyətləri özlərinə oxşatmaq istəyinə uyğun siyasət yürüdürlər. Belə olduğu halda hansısa bir qırğız, qazax filmi qərb festivallarına o zaman gedir ki, onun sujetində, personajlarında, simalarında qərbə xas olan sərtlik soyuqluq, praqmatirlik, amasızlıq olur, nəinki mülayim, sentimental, təvazökar şərq adamı. Təvazökar məğrur olmayan demək deyil ki… Təvazökar, yəni lovğa olmayan, başqasını ayaqlayan olmayan, qeyrətli adam. Burada incə məqamlar var: Qərb ekranda şərq adamını əzilmiş, rəzil görməyə öyrənib. Və belə filmləri sevir, ya da  açıq-saçıq filmləri. Belə elementlər görəndə başlayır tərifləməyə: “Bravo”, “əhsən”, “sən yetişirsən” və s. Azərbaycandan da belə filmlər getsə, alqışlanar. Halbuki, abır-həya geridəqalmışlıq deyil. Dərin fəlsəfə, böyük intellektlə, amma kübarcasına çəkilmiş qərb filmlərində heç belə açıq-saçıqlıq olmur. Qərbdə də müəyyən formada bu daxili əxlaq senzurası var. Yəni bu kriteriyaları qoruyan instansiyalar da var.

Yaxud, siz diqqətlə izləyirsinizsə, bir məqamı görmüş olarsız; hazırda qərb festivallarında necə məzmunlu İran filmləri qiymətləndirilir? Təbii ki, kasıb, ac, səfil, yazıq, problemli, bədbin və sosial ədalətsizliklə qarşılaşan adamlardan bəhs edən filmlər. Məsələn “Duz adam” filmi. Bu film o qədər mükafat aldı ki… Hansı ki, az əvvəl dediyim kateqoriyaya aiddir. Belə filmlər az deyil. Bəzi kinematoqrafçılarımız var ki, bu yolu seçib. Mən onları tənqid etmirəm, sadəcə mövqeyimi deyirəm. Hər kəs öz yolunu özü seçir. Hamı istəyir mükafat alsın. Amma bu formada qazanılan mükafat şərəfli deyil.

Fikrinizcə qərb festivallarının kriteriyalarına uymaq düzgün deyil?

Siyasi proqramlar var, əzizim. Əgər qloballaşma varsa, o zaman kosmopolitləşdirmə prosesi də gedir. Beynəlmiləlçilik başqa, kosmopolitzm başqa.

Qloballaşmanı həyata keçirmək üçün kosmopolitizm fəlsəfəsini qəbul etdirmək lazımdır: “MƏNİM VƏTƏNİM DÜNYADIR”(?!)
Bəli, mənim də vətənim dünyadır. Lap Günəş sistemidir. Amma öncə onu deməliyəm ki, vətənim həm də Bakı şəhəri, Xaqani küçəsi, ev 19, mənzil 22-dir. Mən 73 il bundan öncə burada doğulmuşam və burada da ölmək istəyirəm. Mənim anamın dili var, hazırda divardan asılan şəkli var; mənim ayrı anam ola bilməz. Əgər mən anamı sevirəmsə, onu dəyişməmişəmsə, o zaman mən mütləqdir ki, millətimi də dəyişməyəcəm, vətənimi də dəyişməyəcəm. Meksikadan Monqolustanacan gəzmişəm, çox xoşbəxt hiss etmişəm özümü, ağlamışam, gülmüşəm!

Bolgarıstan,Türkiyə, Rusiya və başqa ölkələrdə yaşamaq, işləmək şansım olub. Amma mənim üçün bu qəbuledilməzdir. Mən bunu kiməsə məsləhət üçün demirəm, kimsə getmək istəyirsə, getməlidir. Mən isə buralıyam. Buradayam. Kosmopolit ola bilmərəm. Halbuki mən bir nəfəri də millətinə görə fərqləndirməmişəm. Eləcə də Azərbaycanım. Bu ölkə kimisə əzməyib.

Oktay müəllim, axı siz həm də Azərbaycan Yazıçılar Birliyinin üzvüsünüz. Sırf ədəbi mətnləriniz varmı?

Bəli. Mənim daxilimdə bir ziddiyət var. Ssenarilərimi özüm yazıram, bu öz yerində. Mən həm də nəsr yazıram. Fikrim var ki, kitab nəşr etdirim. Çünki, xeyli mətnlərim var. Düzdür, mən rusca yazıram. Çünki, nəsrdə fikrimi ifadə etməyim üçün rus dili daha rahatdır. Amma, bəzən elə birbaşa Azərbaycanca yazıram. Daha çox kiçik mətnləri Azərbaycanca yazıram. Eyni zamanda tərcümə edirəm, hətta risk edib Azərbaycancaya da tərcümə edirəm. Düzdür bu iş bir az ləng gedir.
Məsələn filmlərin dialoqlarını heç kəsə etibar eləmirəm. Bir neçə dəfə sınamışam, alınmayıb. Sanki, mənanı tərcümə edirlər, amma mətnin enerjisi, ruhu itir.

Uzun illərdir kino sahəsində çalışırsınız, düşüncələrinizi kino dilində çatdırırsınız. Bəs nəsr yazmaq hansı zərurətdən yarandı?o2

16 yaşımdan kinoda işləyirəm. Kinostudiyada fəhlə olaraq başlamışam. Təhsilimi Moskvada Kinematoqrafiya institutunda almışam. Kinematoqrafçıyam. Uzun zaman yaradıcılıqdan uzaqlaşdırılmış oluramsa, bu mənim üçün böyük əziyyət olur.

Bəzən eyni röya bir neçə dəfə yuxuma girir. Eyni sujeti görürəm. Çox qəribədir, bu yuxu qoxudan başlayır; köhnə vaxtlarda film çəkilişləri zamanı çəkiliş meydançalarında istifadə olunan böyük çıraqlar var idi. Bunlara rusca DİQ deyilirdi (Şiddətli Alov Lampası). O, iki kömür və onların arasında yaradılan qısaqapanma nəticəsində işləyirdi. Hansı ki, bu zaman olduqca şiddətli işıq yaranırdı və bu işıq qurğunun içindəki güzgülərdə əks olunurdu. Və bu an o yanan iki kömür çox qəribə qoxu verirdi. Hər kəs o qoxu gələndə burnunu tutub keçirdi. Mən demək olar ki, uşaq vaxtından gəlmişəm kinostudiyaya, ona görə bu iy mənim üçün çox doğmadır. Və o iy ruhuma həkk olunub. Bir də çəkiliş meydançasında tüstü effekti lazım olanda süni tüstü yaradılırdı. Bu iylər bir-birinə qarışaraq pavilyonun spesifik qoxusunu yaradırdı, kokteyl kimi. Bu iydən başlayan yuxudan sonra mən özümü pavilyonda, çəkilişdə görürdüm və ayılırdım. Sonra səhərə qədər yata bilmirdim. Hiss edirdim ki, ürəyim döyünür. Film olmayanda mən belə vəziyyətdə oluram.

Amma ədəbiyyat mənim üçün sanki sığınacaqdır. Qaçıb özümə rahatlıq tapa biləcəyim bir yerdir. Çünki, kino sənayədir, texnikadır, böyük vəsaitdir, böyük kollektivdir. Qalmaqallıdır. Yazıçının kollektivi isə bir neçə vərəq, qələm, lampa, bir stəkan çaydır.

Kinoda qarşımda müxtəlif insan zövqləri olur; bəlkə də mənimkindən daha yüksək, amma mənimkindən olmayan zövqlər… Bütün bu prosesin cilovunu əlində saxlamalısan. Həm də axı onlar canlıdır… Eyni zamanda texnikanın keyfiyyəti… Beləliklə, mən bu iki sahə arasındayam. Eyni zamanda, pedaqoq, professor kimi Mədəniyyət və İncəsənət Universitetində çalışıram. Bu da mənimçün haradasa, təsəllidir. Gənclərə bildiklərimi ötürməyə çalışıram. Deyirlər ki, pis alınmır… Amma, öz aramızdı, kino, nə qədər təzadlı, əziyyətli olsa da… Bir sözlə, o, yenə də birincidi… Ömrüm onunla bağlıdır…

Ədəbiyyat və kino – “bu sahələrdən hansı daha doğmadır?” soruşmayacam. Amma yazanda içinizdəki o enerjini, təqdim etmək istədiklərinizi kinoda etdiyiniz qədər ifadə edə bilirsinizmi?

Daha çoxunu ifadə edirəm. Nəsr yazanda daha rahat oluram, nəinki kino çəkəndə. Çünki, mən ssenari yazanda real təcrübəmə əsaslanıb, reallığa uyğun, maddi-texniki imkanlar çərçivəsində olan ssenari yazıram. Ona görə ki, mən həm də prodüserəm. Məsələn, mən bilirəmsə ki, Azərbaycanda hansısa xəyalımda həkk olunmuş bir mənzərəni çəkməyə texniki imkan yoxdur, mən bu zaman ssenarini çalışıb başqa formada yazmalı oluram. Və ya, ola bilsin ki, hansısa mütəxəssis bizdə yoxdur, bir sahə bizdə zəifdir, çalışıb o sahədən qaçıram. Amma mən nəsr yazıramsa, bu istəklərimi dəyişməyə ehtiyac qalmır. Mən azadam. İstədiyim fantastik və yaxud tarixi fakturaları təsvir edə bilirəm. Məsələn, mən yazımda yuxuda canlanan bir epizodu yazmışam və bu məqam o əsərin ən təsirli yerlərindən olub. Nəsrdə imkanların sərhədi yoxdur. Yazıçı kimi sonsuz dərəcədə sərbəstsən. Xəyalına gətirə bildiyin hər şeyi yazmaq sərbəstliyin var. Amma təəssüf ki, onu olduğu kimi kadra keçirmək mümkün olmur. Kinonun bu texnika və maddiyyatla birbaşa bağlılığı onun estetikasına da təsir edir. Düşüncə tərzinə də təsir edir.

Kitabınızın nəşrini nə zamana planlayırsınız?

Əslində çoxdan planlayıram. Sadəcə bu elə bir məsələdir ki, vəsait tələb edir. Hazırkı vaxt isə bunun üçün uğurlu deyil. Bu məsələ ilə bağlı harasa, kiməsə müraciət etmək mənim üçün ağırdır. Belə şeyə öyrəşməmişəm.

Söhbətləşdi: Sərdar AMİN

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs