Ölünün məzarını, dirinin bağrını çatladan YAS ÇADIRLARI - Ölümün ölüdən baha olduğu Azərbaycan yasları - ARAŞDIRMA

Ölünün məzarını, dirinin bağrını çatladan YAS ÇADIRLARI – Ölümün ölüdən baha olduğu Azərbaycan yasları – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.

Hər kəs dərk edir ki, bir gün hamının bacasından ölüm deyilən bir tüstü çıxacaq. Amma nədənsə insanlar yenə də düzgün yaşamır, düzgün davranmır. Məsələn, yas mərasimləri… Dəfələrlə ölkəmizdə bu mövzuya toxunulub, dəfələrlə müzakirə olunub, amma fayda vermir ki, vermir. Toy mərasimlərini başa düşdük, insan xoş gününün daha gözəl keçməsi üçün hər şeyin ən yaxşısını, ən gözəlini seçir və bunun üçün heç puluna qənaət etmək də istəmir, əlbəttə ki, olan yerdə… Bəs, niyə insanlar yaxınları öldüyü zaman onu təmtəraqla yola salmağa, dəm-dəstgah açmağa meyl edir? Olmaya, bununla ölənin ruhunu şad etməyə, sağlığında ona etmədikləri yaxşılığı öləndən sonra göstərməyə çalışırlar, yoxsa bizim bilmədiyimiz tərəflər var?!

Son zamanlar biznesə çevrilən mərasim çadırlarının kirayəsi yas mərasimlərində dəb halına gəlib. Kirayə çadırların qiymətləri və təklif etdiyi xidmətlər isə şadlıq saraylarını da ötüb keçir. Hətta insanın ağlına gələ bilməyən elə xidmətlər təklif edilir ki, ölü yaddan çıxır, edilən təkliflərə mat qalırsan.

Odur ki, “A24.Az” əməkdaşları ən xırda detalına kimi hesablanan çadırların kirayə qiymətlərini öyrənmək üçün internetdə yerləşdirilən elanlar vasitəsi ilə kirayə verənlərlə danışıb, məsələni araşdırmağa çalışıb.

Söhbət zamanı məlum oldu ki, xidmət insanın sayına görə müəyyən edilir. Bir nəfər üçün hesablanan dəyər isə 14 AZN-dir. 400 nəfərlik yas mərasiminin təşkili üçün kirayə çadırın nəzərdə tutduğu xidmətləri aşağıda sadalayırıq:

1 – Mağar

2 – Qab-qacaq və qaşıqlar…  Almaniya istehsalı olan yemək dəsti ağ rəngdədir və içərisində duz qabından tutmuş, kül qabına kimi hər şeyi var.

3 – Ofisiant xidməti: yas mərasimində ofisiantlar xüsusi geyimdə və əllərində əlcəklə insanlara qulluq edir.

4 – Yeməklərin bişirilməsi xidməti: aşpaz, çayçı, qabyuyan yas mərasimində lazım olan hər şeyi özləri bişirir, yuyub təmizləyirlər.

5 – Çay süfrəsi üçün lazım olan hər şey: limonundan tutmuş, mürəbbəsi, ərəb xurması, qozu, fındığı, qoğalı, kətəsi, karameli və sair təşkil edir. Hətta qoğalı və kətəni özləri bişirir, başqa yerdən almırlar.

6 – Yemək süfrəsi üçün lazım olan təzə pomidor, xiyar, dovğa, qazlı su, salfetka və sair kimi bütün lazımi şeylər çadır yiyəsi tərəfindən təşkil olunur.

7 – Bundan başqa, ev sahibi istəsə, yas mərasiminə gələnlər üçün ayaqyolu da təşkil etmək mümkündür. Bu xidmətin çadıra əlavə edilməsi isə 200-300 AZN-ə başa gəlir.

8 – Hətta çadırda əl yumaq üçün içərisində dəsmalı, sabunu olan xüsusi məkan da qurulur.

Bütün bu xidmətlərlə birlikdə 400 nəfər üçün nəzərdə tutulan yas mərasiminin qiyməti cəmi 5600 AZN edir.

Qeyd edək ki, araşdırma zamanı məlum oldu ki, yas mərasimləri üçün kirayə verilən çadrların qiyməti insanların sayına və bahalaşan məhsulların (ət, yağ) qiymətinə görə artıb, azalır. Hətta elə sahibkarlar var ki, qiymətləri bir insan üçün 20 manatdan hesablayırlar.

Hər şeyin pulla ölçüldüyü bu biznes sahələrinin dövlətə vergi ödəyib-ödəmədiyi isə bizim maraq dairəmizi əhatə etməyə bilməzdi. Vergilər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Şahin Məmmədov redaksiyamıza açıqlamasında bildirdi ki, kirayə çadır verənlər üçün xüsusi vergi yoxdur.

“Kirayə çadır verən şəxslər sahibkarlıqla məşğul olan fiziki və hüquqi şəxslər ola bilər. Yəni onların hamısı vergi ödəyicisidir. Onlar üçün xüsusi vergi yoxdur, ümumi qaydada Vergilər Məcəlləsinin tələblərinə uyğun olaraq vergi ödəyirlər. Dövriyyəsindən asılı olaraq sadələşdirilmiş verginin ödəyicisi də ola bilərlər, ƏDV və mənfəət vergisinin də. Bu, tamamilə dövriyyədən asılıdır. “Belə vergi ödəyicilərinin sayı nə qədərdir, hansı həcmdə vergi ödəyirlər soruşsanız?” bu məlumatı dəqiqləşdirmək üçün xeyli vaxt tələb olunur”.

Yas mərasimlərində olan israfçılığa nəzarətin edilib edilmədiyini öyrənmək üçün əvvəl Dini Qurumla İş üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitədən bu məsələyə onların deyil, Qafqaz Müsəlmanları İdarəsinin nəzarət etdiyi bildirildi. Bundan sonra Qafqaz Müsəlmanları İdarəsi ilə əlaqə saxladıq. Uzun axtarışlardan sonra aldığımız cavab isə əziyyətimizə heç dəymədi.

İdarədən bildirildi ki, sualımızı gedib, kirayə çadır verən şəxslərdən soruşaq. Soruşaq ki, onların bu fəaliyyətinə kim nəzarət edir? Dediklərinə görə, bu məsələnin onlara da aidiyyəti yoxdur. Maraqlıdır, bəs, görəsən, sualımızı kim cavablandıracaq???

Azərbaycanın Milli Kulinariya Mərkəzinin (MKM) prezidenti Tahir Əmiraslanov isə çəkdiyi bir misalla gözəl nümunə göstərdi.

“Məgər Azərbaycanda toyda israfçılıq etmirlər?! Yas yerlərində bu cür hallar çoxdan var, lakin bir ara bəzi şeylər götürülsə də, insanların bəziləri həmin israfçılığı hələ də edirlər. Amma yas mərasimlərində dəm-dəstgah qurmağa ehtiyac yoxdur. Sadə dədə-baba qaydasında həmişə çay və halva verilirdi. Bundan artığı lazım da deyil. Bu arada sizə bir misal göstərmək istəyirəm. Şıxəli Qurbanovun oğlu İlqar Qurbanovun anası rəhmətə gedəndə, bizdən bir aşpaz yas mərasimində işləmək istədi. Biz də istədik ki, gedib başsağlığı verək, lakin o, “lazım deyil, çünki heç bir mağar qurduran deyiləm. Anam vəsiyyət edib ki, ehsanı qocalar və yetimlər, kimsəsizlər evində verim” dedi. Və İlqar Qurbanov elə də etdi. Bu, daha yaxşı ehsandır, nəinki insanları məclisə toplamaq və bu məclisdən pul yığmaq… Artıq həmin məclislərin təşkilini də Azərbaycanda biznesə çeviriblər. Ona görə də bizim bu yas mərasimlərimizlə bağlı din xadimlərimiz öz sözlərini deməlidir. Bu onlara aiddir, israfçılığın qınaq olduğunu onlar bizdən daha yaxşı bilir”.

Firuzə Alimova, “A24.az” saytı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Gündəm, Din, Araşdırma, Banner
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar