Otel otağı qeydləri

Otel otağı qeydləri
Want create site? Find Free WordPress Themes and plugins.

46bBazar ertəsi: Doğum anında ölən kino.

Lumiere qardaşlarının, 1895-ci ildə, Parisin arxa küçələrinin birində yerləşən Cafe Du Grand-da nümayiş etdirdikləri, kinematoqrafiya tarixinin ilk nümunəsi, Sortie des Usines Lumière à Lyon (Lumiere fabrikindən çıxan insanlar) filmində, məşhur lokomotiv epizodu var. Epizodda, qatar kameranın yerləşdiyi mövqeyə tərəf sürətlə hərəkət edir; və kafenin içində tarixə ilk film izləyiciləri kimi keçən insanlar, qatar sanki onları vuracaqmış hissinə qapılıb, oturduqları yerdən qaçmağa başlayaraq, kameranın illuziyasından saf hissləriylə qorxurlar. Bu truyukun gücünü təxminən belə açıqlamaq olar: Kinonun (ilk kinonun) gücü bu idi, empatiyanın yaratdığı qorxu (ölüm qorxusu) nəticəsində, insanların həyatı seçməsi. (Kino bütün faciələr bir tərəfə olmaqla, qorxu arzusunun gizli mənbəyi idi) Və çox deyil, sadəcə bir gün sonra o insanlar ikinci dəfə Lumiere qardaşlarının filminə baxdıqlarında yerlərindən tərpənmirlər. Çünki kino artıq ilk dəfəyə məxsus gücünü itirib – oradaki hisslərin yanılğı olduğu qavranılıb, kino artıq qorxunun sənəti və ya təhdidi deyil. Qısacası, məsələ bağlanıb, kino məsumluğunu itirib. Bu an – və ya bütövlükdə hadisə – mənə həmişə kədərli gəlib, ağır təsir edib. Bu, gəncliyimin ən şeirsəl fobiya duğusunu biraz daha yetkinləşdirib: Heç nə bir daha əvvəlki kimi olmayacaq.

 

Çərşənbə Axşamı: Mən sözlərə yox, hərəkətlərə inanıram.

solomosOn doqquzuncə əsr Yunan şeiriyyatının ilk milli şairi, İyona adalarından  əsilzadə oğlu, Dyonisios Solomos, hələ uşaqlığının ilk qızıl çağlarında – doqquz, on yaşlarında – atası tərəfindən, dövrü təhdid edən proletariat mədəniyyətlə oğlunun mümkün ola biləcək bütün əlaqələrini kəsmək istəməsi naminə, təhsil üçün İtalyan monastırına göndərilir. Monastrda ağırlıqlı olaraq aldığı dini təhsil başda olmaqla birgə, həmçinin də İtalyan mədəniyyətiylə ahənglik təşkil edən bəhrələr, yeniyetmə şairin ilk – İtalyanca – şeirlərini yazmağa başlamasıyla nəticələnir. Bu anlarda, təhsilinin son dönəmində eşitdiyi bir xəbər, vətəni Yunanıstanın, Türklərlə müharibəyə başlaması, şairi yaşı və təcrübələrindən xeyli böyük seçim qarşısında qoyur: İndi nə etməli deyə düşünür Solomos; illərdir həsrətində qaldığı vətənini düşmənlərin əllərindən xilası üçün Yunanıstanamı qayıdacaq, yoxsa əksinə, şair ruhuna xəyanət etməyərək təhsilini başa vurub, monastıramı xidmət göstərəcək? Qeyd edildiyi kimi, həll edici qərarın həndəvərlərində addımlayan gənc Dyonisios, qeyri ixtiyarı bir xatırlamayla uşaqlığını yad edir: Məhrum və uzaq qaldığı uşaqlığından ağlına təşrif buyuran ilk xatirələrdə anasını fərq edir; sevdiyi o qadının əlləriylə saçlarını daradığını görür, qulağına tərəf astaca əyilərək səsləndirdiyi mahnıları xatırlayır; və ruhunun dərinliklərindən bədəninin bütün hissələrini əsir alan həyəcana tab gətirməyərək, təhsili və şeiri yarımçıq qoyub, vətəni Yunanıstana yollanır. Vətənində milli mübarizə qüvəllərinə qoşulan gənc şair, zəfərə istiqamətləndiyinə inandığı inqılaba şeirlər həsr etmək qərarına gəlir. Lakin təəssüf ki əbəs yerə; gəncliyini şeirsəl bir həyəcanla inqılaba səsləyən uşaqlığı tanımadığı torpaqlardan xeyli uzaqlarda keçdiyi; dilinə, nostalgiyası, dəyərlərinə özgə olduğu qürur üçün vuruşduğuna əyani sübut sayılacaq ki, Dyonisios, qısa bir müddət sonra söz dağarcığının həddindən artıq qıt olduğunu qəbul edir. Bəs yaxşı, vəziyyət belə gətirdikdə nə etməlidir Solomos? Şair bu halın qarşısında ölkəsini qarış – qarış gəzintiyə çıxaraq, rastlaşdığı insanlardan sözlər dilənməyə başlayır. Ömrünün uzun illərini sözlər axtararaq keçirir. Hər dəfə öyrəndiyi təzə bir sözü qoltuğuna vurub daşıdığı dəftərçəyə qeyd edir; və sanki o, bu hərəkətiylə bir şeiri – yazılan ilk və son şeiri – inqılabın poeziyasını tamamlamaq istəyindədir…

Çərşənbə: Çexov yaşayır.

Anton Çexov

Anton Çexov tibbi arvadı, ədəbiyyatı isə məşuqəsi hesab edirdi. Bugün onun bu məşhur fikirini başa düşür və haqq verirəm: Çexov tibbdən sıxıldığı vaxtlarda (boşboğaz və bezdirici arvadlarınızı xatırlayın!) məşuqəsinə qaçır, onun sinəsi üstdə hüzuru tapırdı. Ona böyük zövqlə hekayələrini nəql edir, məşuqə isə susaraq ona qulaq asırdı. Məşuqələrin bu hekayələrdən sıxıldığını əsla fikirləşməyin; əksinə, dinləmək onların xoş kəraməti, taleləridir; o hekayələrin içində itiylə gəzintiyə çıxan qadınlar, həmin qadınlardan nifrət etdikləri üçün itirimiş keçmişlərini içkilərdə axtaran kişilər, yıxılan işçi sinifi, meymunu təqlid edən soysuz burjualar məşuqələri fikirləşdirir, Çexovu başa düşməyə sövq edərək, hüdudsuz zövq bəxş edirdi.

Bu hekayələr dildən qulağa rəvayət edilib, yazıldıqca, Rusiya qara qışı yaşamaqdadır. Çöldə həddindən artıq soyuq var və sobanın tininə kürəyini verib onlara qulaq asmaq xeyli ağır və bir o qədər də hüzurludur.

Elə həmin qara qış günlərinin birində Anton Pavloviç Çexov məşuqəsini satdığını fikirləşir. Onları başqa adla, Çexonte imzasıyla rus kəndlisinə, işçisinə, politoloquna sataraq, vicdanını (ləkələnməkdən xilas olmuş qürurunu) sakitləşdirir. Nə etməli, deyə fikirləşir Çexov, eynilə bir əsr sonra Leninin işçisindən soruşduğu bu ağır sual ondan da yan keçməyən tarixi təkrarçılığa yol verir: Başqa çarəsi yoxdur, o, yaşamalıdır və yaşamaq üçün satmalısan.

Sadəcə illər sonra – artıq oxunduğu, dəyər gördüyü illərdə – o, satdığı məşuqəsindən üzr istəməyi bacarırdı: Çexonte çox şey deyə bilər, lakin Pavloviç Çexov nə deyir, vacib olan odur.

Öldüyü gecə rus ədəbiyyatının, teatırının da ruhu ölümü dadırdı. Hekayə, Tanrısını itirirdi. Öldüyü vaxt sadəcə yeddi il daha oxunacağını demişdi. Ah, necə də yanılırdı. O, bilmirdi, bilmirdi ki bu sətirləri yazan insan ən azı onu ölümünə qədər yanında saxlayacaq, onu oxuduğu vaxtlarda (xüsusən də gecələri) fərqli hisslər yaşayaraq, bunu ifadə etmə gücündən yoxsunlaşacaq.

İndi isə əziz Pavloviç, o, iki şüşənin arxasına gizlənən, suallarla dolu göz bəbəklərinizi dünyanın üstündən çəkməyin. Çünki hələ də – azca saflıqla – göylərin bir hissəsindən dünyaya baxaraq gülümsədiyinizə inanan məşuqələriniz var. Məşuqələr inanclı olurlar, həmişə gözləyəcəklər.

 

richard_wagner2Cümə AxşamıOrqazm.

Johann Sebastian Bach önsevişmədir. (Tərli bədəndə hərəkət edən əlin gözüyumulu axtarışı, qulağın içinə fısıldanan eyni sözlər, təkrarlanan motivlər yığınıdır)

Handel sevişmədir. (Zamanında yandığı, tələskənliyə ehtiyacın qalmadığı an; bir unuduş, xatırlamaqdan uzaq, bədənlərin ritmik, eynilə dünyanın fırlanmasına bənzər hərəkəti, yaşamın qeybə çəkilməsidir)

Wagner isə orqazmdır. (Bədəndən yayılan hərarətin bir digər bədən vasitəsiylə hiss edilişi, üz cizgiləri nə hopan dramatizənin sərhədə çatması, bəli bir qadının səssiz – dua edərcəsinə, etirazın son həddinə oxşar, inqılabın ilk gününü xatırladan – boşalışıdır)

Bu sıralama şərti və təsadüfi deyil: Bütün sənət cərəyanlarının romantik çağı (inqilabi/qızıl dövrü) cinsəlliyə poeziya obrazı verib. Xüsusilə də musiqi sənətində (bunu rəsm sənəti izləyir) cinsəllik, metaforik vurğuya/dilə daha səlist çatır. Bir tərəfdə Handel, Bach və Wagner.Ali alman irqinin qızıl çağından qopan bu üç meyvə, sevişməyin şeirə çevrildiyi anlarda ilk ağlıma gələn bəstəkarlardır.

Wagner romantik dövrün Almaniyasını təmsil edirdi. (Ümumiyyətlə almanlarda müşahidə olunan yurdsevərlik (əsla və əsla vətənpərvərlik/şovonizm olmayan) və inanc mahiyyətinə bərabər kimlikləri, bir orta avropalıya (ikinci dünya ölkə vətəndaşına) və yaxud mənim kimi şərqin kiçik bir küncündən dünyaya atılmış Azərbaycanlıya yad gəlməklə yanaşı; onlara, duruşlarına, xarizmalarına, əl atdıqları işlərdəki uğurlarına, həmçinin də soyuqluqlarına həsəd aparmağınızla nəticələnir. Eləcədə Richard üçün altını qalın xəttlə çəkmək istədiyim Romantik Almaniya ifadəsi, bir şəxsiyyət olaraq Wagneri ifşa edən, əsərlərinin üstündəki tozlu pərdəni ortadan qaldırmaq gücünə çatmış, onu tanımağımız üçün yetərli olan bir güzgüdür)

Almaniya bu dahi kompozitorun (o,belə çağrılmaq üçün bir çox əsərindən imtina edərdi, əmin olun) güzgüsüdür.

Musiqilərinə hakim olan (librettonun leytmotiviylə əlaqəli) sərt, əzəmətli, yüksələn, fısıldayış həddinə qədər temponu aşağı salan tonlamalar, ümumillikdə (əgər ona agah deyilsinizsə) qulağınıza şiddətin təmsili kimi gələ bilər; lakin bu sərt tonlama və çığırtıların bir çoxu bəsit, lakin artıq çirklənmiş bir sözə dönüşmüş, sevgidən bəhs edirlər.

Heç fasilə vermədən, dayanmadan, saatlarca (missal üçün: Tristan und İsoldeu) dinləməyə cəhd etsəniz, bir neçə saat sonra hərəkətlərinizdə yer dəyişdirən, saflıq və məsumluqdan daha çox bir şiddət, yox etmə, öldürmə və ölmə istəklərin izi müşahidə edə bilərsiniz. Müsyö Richard (o,bu ifadəyə görə məni öldürərdi) hisslərinizlə rabitənin itirilişi, bir digər tərəfdən isə əslində var olan kimliyinizin üzə çıxma halında sizlərə köməklik göstərə bilər.

Wagnersiz bir dünya təsəvvür etmək kimi gücüm yoxdur.

 

2013_taksim_gezi_park_protests_15th_juneCümə: Gizli ittifaq.

İnsanlar arası mistik bir əlaqə var ki, adına gizli ittifaq deyirəm. Stadiona gedən yolda sizinlə eyni kluba azərkeşlik edən birinin əynindəki forma, sözügedən duyğunun simvolikası halına gəlir. Vəya bir parkda siqaret çəkdiyiniz əsnada, qarşı skamyada siqaretini yandıran birini gördüyünüz an, – o iki tərəfli baxış – şüurlu olaraq siqareti düşünməsəniz belə, sizə – və qarşı tərəfə – xoş təsir edir. Ya da Varşavaya gedən qatarın içindəki pəncərədən mənzərəyə zillənirsiz. Əgər bir vaxtlar Varşavalı bir qadına aşiq olmusunuzsa – hətta onu görməyə gedirsinizsə – axıb gedən mənzərələr arasında ən dəxlisiz detallar belə o qadını təmsil edə bilər. Ovalar, evlər və insanlar. Bu, gizli ittifaqın bəxş etdiyi xoşbəxtlikdir. Bununla ən çox Gezi Parkı hadisələrində rastlaşmışdım. İki vəya daha çox insanın bir-birilərini tanımadığı böyük mübarizə meydanında, gözlər, əllər və səslər gizli ittifaqı yaradırdı. Yorğun evə qayıdırdız. Döngədə üstü sizin kimi batmış biriylə qarşılaşıb gülüşmək və sonra yollarınıza davam etmək, gizli ittifaqın ən izahlı misalıdır. Deyəsən elə bu hissə görə, yaşamağın bir adı var.

fft99_mf5895858Şənbə: Mədəniyyətin qısa tarixi.

Tualet, mədəniyyət tarixinin beşiyidir.

Adəm ilə Həvva, cənnətin əvəzsiz guşəsi olan Adendə, hələ almanı gəmirməmişdən çox qabaq, günah və utanc hissindən yoxsun halda həyatlarına davam edirdilər.

Adəm sonsuz təbiətin əhatəsində bir uşaq kimi qaçışır, lüt ayaqlarıyla yerdəki çiçəkləri əzir, dodaqlarıyla fit çala-çala torpaq ananın üstünə işəyir və sıçırdı. Bəzən Həvva da qabırğasından törədiyi kişisinə qatılır, insanlıq tarixi var olduqca dəyişməyəcək bədənsəl təlabatlarını ödəyirdilər.

Qoxu hissiyatı hələ o qızıl çağlarda inkişaf etməmişdi. Bir digər tərəfdən qoxular hələ lənətlənməmiş, vəya əfsun edici hesab edilməmişdilər. Ona görə onlar üçün Adenin yaşıllıqları üstünə həkk edilən ifrazatları, kədərli bir qızılgüldən (onun qoxusundan) bir o qədər fərqlənmirdi.

Sonra periyotda baş verən hadisələr hər kəsə məlumdur. Həvva axmaqcasına hissiyatına uduzur (qadınlığın ilk inqılabı), Adəm məntiqsiz davranaraq almanı dişləyir və onlar beləliklə günah və utancı eyni anda kəşf edirlər. Bu kəşf etməylə birgə ilk protest edilən çılpaqlıq, bir başqa ifadəylə bədən olur. İkili qurban olaraq penis, vagina və anusu qurban olaraq seçərək, cinsəlliyi lənətləyirlər.Tanrının onları bağışlamamasını və böyük təəssüf hissi keçirdiyini başa düşmək heç də çətin deyil: Deməli heç nə artıq əvvəlki kimi olmayacaq Adendə. Bu utanmayla birgə bir ritualda sona çatır; işəməklə sıçmağın gizlidən gizliyə torpaq anayla olan əlaqəsi…

Mədəniyyət tarixi, tualetlərin təbiət ananın qoynundan dörd divar arasına keçməsiylə başlayır. Sonra ora qapı əlavə edilir, qapı arxadan bağlanır və belədə tək tənha, bir səhnəni xatırladan tualet pistləri insanı ətraf dünyadan məhrum edir.

 

%d0%b1%d0%b5%d0%b7-%d0%bd%d0%b0%d0%b7%d0%b2%d0%b0%d0%bd%d0%b8%d1%8fBazar: Buludlara qərq olmuş dağlarda Tanrılar görünmür.

Müəyyən bir müddət ötdükdən sonra başa düşmək heç də çətin deyil ki, kino həmçinin göstərməmək sənətidir. Və bu hal artıq əsl kinonu, duyğunun vətəni olan kinematoqrafiyanı üzə çıxardır. Bu yerdə isə ilk kino tənqidçi/psixoloqlarından olan Hugo Münsterbergin zehin analogiyası olaraq kino teoriyasına avtomatik olaraq inkar etməli oluram. Münsterberqə görə kino bütövlükdə məntiqin məhsulu olaraq, duyğuya heç bir yer verməməlidir. Lakin elə zənn edirəm ki Münsterberq bugün yanılır: Kinonun şüurla əlaqəsi texniki müssdəvidədir; hissləri kəşf etmə sənəti olaraq kino isə, təcrübələrə əsasən zehni üstələyir. Bu hal da göstərməməyi su üstünə çıxardır.

Üç kişi bir qadına təcavüz edib, istəklərini reallaşdırdıqdan dərhal sonra onu öldürəcəklər. Birinci variantda biz müxtəlif kamera tryuklarıyla hadisəni izləyiciyə olduğu kimi nəql edə bilərik. İkinci variantda isə, hadisənin tamamən əksi olan (konflikt nəznində bu kadr xüsusi seçilmiş, insanı rahatladan bir rəsm əsəri, bir uşağın atasıyla rəqs etməsi kimi/ancaq hekayəyə paralel, onu qüvvətli qılacaq həddə ola bilər) görüntüyə keçə bilərik. Qeyd edək ki hər iki variantda tamaşaçı çarəsizdir; əlində tək çıxış yolu olaraq kinozalı tərk etmə azadlığı var. Xüsusilə çirkin/qəddar olanın sözlərə sığışmaz çəkiciliyinə də ön planda tutaraq, izləyici güman ki o səhnəni izləməyə davam edəcək. – Bunu bir çox psixoloji fərziyyələrlə açıqlamaq mümkündür; ancaq o halda bu passajın niyyətindən kənarlaşmış olarıq. – Birinci variant zehni qəbullanmadır; olanı, olduğu kimi görmək. İkinci variantda isə tamaşaçı birinciyə müqayisədə daha çarəsizdir; çünki, ona təqdim edilən gözəlliyin qondarma həqiqətiylə o an, orada baş verən çirkinliyin hissiyatı və onu əngəlləyə bilməmək gücsüzlüyü onu daha çox qıcıqlandıracaq. Deməli bir yerə qədər göstərmədən hiss etdirmək daha provokatifdir. İkinci variantın bir xeyli açıqlaması var əslində. Birincisi bu, kameranın (rejissorun) əxlaqi mövqeyi ola bilər. – Göstərmirəm, deməli qatılmıram – İkincisi, rejissor açıq üstünlüklə tamaşaçısından güclü olduğunu isbatlayır. Üçüncü olaraq isə tamaşaçı ümidinin işartısı. Göstərmədən hiss etdirmək – gözdən kənar halıyla – yaşanmamış da ola biləcəyi üçün bəlkə də ortada nə təcavüz var, nə də ölüm…

Bəs göstərmək? Bir şeyi olduğu kimi göstərməyin (xüsusiylə ağır epizodlarda) tərs terapiya rolu ola bilər. Bu, içimizdəki çirkinliyin, qəddarlığın, öldürmə, yox etmə instinklərinin, başqalarının (bilavasitə kinonun) vasitəsiylə tərbiyyələndirilməsi, doyuzdurulmasıdır. Həmçinin də rahatlatma, ortada sirrin qalmadığı, tamaşaçının aldadılmadığı, “bütövlük haqqında tanrılaşma”. Ancaq yeddinci sənətin ən estetik nümunələri isbatlayır ki, kino şüurlu hərəkətlər üstündə tanrılaşan tamaşaçıların deyil, hissləri əldə edilən, bunun müqabilində narahatçılıq və ümidlə anın içində həbs edilmiş tamaşaçılara aiddir.

 

Elməddin SÜLEYMANOV

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar