“Ovçular ət və ət məhsulları” cərimələndi – araşdırmamız nəticə verdi – EKSKLÜZİV

“Ovçular ət və ət məhsulları” cərimələndi – araşdırmamız nəticə verdi – EKSKLÜZİV
Want create site? Find Free WordPress Themes and plugins.

İçində donuz piyi olan “Halal” kolbasalarını bu müəssisənin adından başqaları buraxır?

Ötən ilin dekabrında “a24.az”ın oxucularından biri paytaxtın iri supermarketlərinin birindən aldığı, üzərində “Halal” etiketi olan “Ovçular” kolbasasından donuz  piyi çıxması barədə saytımıza müraciət etmişdi. İstehlakçı bildirmişdi ki, Bakının 8-ci kilometr qəsəbəsi ərazisində yerləşən “Araz” supermarketlər şəbəkəsindən “Ovçular ət və ət məhsulları” MMC-nin istehalı olan, üzərində “halal” sözü yazılmış kolbasa alıb. Amma məhsulun içindən “Halal qida” standartına zidd olan donuz əti və piyi çıxıb. Müştəri sözügedən məhsulun şəkillərini də redaksiyamıza təqdim edərək məsələnin araşdırılmasını xahiş etmiş, lazım gələrsə, sözügedən kolbasanı müvafiq qurumlara təqdim etməyə də hazır olduğunu qeyd etmişdi.

“A24.az isə bununla bağlı Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsindən münasibət öyrənmişdi. Qurumun mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirmişdi ki, komitə yanında Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən “Ovçular ət və ət məhsulları” MMC-yə məxsus olan, “Halal” adı ilə satışa çıxarılan yeyinti məhsullarının keyfiyyətinin və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə aparılan monitorinq zamanı ticarət şəbəkəsindən nümunə götürülüb, hazırda sözügedən məhsul Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) laboratoriyasında müayinə edilir.

F.Talıblı onu da vurğulamışdı ki, əgər sözügedən müəssisənin “Halal” adı ilə istehsal olunan və satışa çıxarılan məhsulundan donuz piyi çıxarsa, bunu ictimayyətə bəyan edəcək və qanunauyğun tədbirlər görəcəklər.

Dünən isə Standartlaşdırma, Metrologiya və Patent Üzrə Dövlət Komitəsi “a24.az”ın sorğusuna rəsmi cavab verib və müayinənin nəticələrini açıqlayıb.

Dövlət Komitəsinin Texniki Tənzimləmə və Standartlaşdırma Üzrə Dövlət Nəzarəti Xidmətinin rəisi Əbülfət İmanovun imzası ilə redaksiyamıza göndərilən rəsmi məktubda qeyd olunur ki,  “Ovçular ət və ət məhsulları” MMC-yə məxsus kolbasa ilə bağlı daxil olan müraciətə baxılıb: “Bununla əlaqədar bildiririk ki, məktubda qeyd olunanların araşdırılması məqsədilə “Ovçular ət və ət məhsulları” MMC-də yoxlama aparılıb. Aparılan yoxlama zamanı müəssisə tərəfindən istehsal olunan “Krakovskaya” yarımhisə verilmiş kolbasanın markalanmasının normativ sənədlərin tələblərinə cavab vermədiyi müəyyən edilib. Belə ki, məhsula dair müəyyən edilmiş qaydada təsdiq olunmuş resepturada donuz əti və piyindən istifadə olunması nəzərdə tutulduğu halda, faktiki olaraq məhsulun etiketinin üzərində  bu barədə məlumat göstərilməyib. Yoxlama zamanı məktubda qeyd etdiyiniz  və komitəyə təqdim etdiyiniz  məhsulun “Ovçular ət və ət məhsulları” MMC-nin “Halal” məhsulların istehsalı sexində istehsal olunmadığı müəyyən edilib. Aşkar olunmuş nöqsanlarla bağlı “Ovçular ət və ət məhsulları” MMC barəsində  Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228.0.3-cü maddəsinə əsasən inzibati xəta haqqında cərimə qərarı qəbul edilib. Bundan əlavə, yuxarıda qeyd olunan etiketdən istifadə edilərək məhsul istehsalını və satışını qadağan edən məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib”.

Cavab məktubunda, həmçinin, bildirilir ki, araşdırma zamanı müəssisədə istehsal olunan “Halal” nişanlı məhsullardan nümunələr seçilərək tərkibində donuz əti və donuz mənşəli qatqıların təyin olunması məqsədilə Komitənin Təcrübə-Sınaq Mərkəzinin (AzTEST) Yeyinti və Kənd Təsərrüfatı Məhsullarının Sınaq Laboratoriyasına təqdim edilib: “Sınaq nəticələrinə əsasən təqdim edilmiş nümunələrdə donuz əti və donuz mənşəli qatqılar aşkar edilməyib. Yoxlama zamanı aşkar olunmuş nöqsanların müəyyən müddətdə aradan qaldırılması ilə bağlı yoxlama materiallarının baxılmasının nəticələri üzrə qərar qəbul edilərək nəzarətə götürülüb”.

Atif

Did you find apk for android? You can find new Free Android Games and apps.

Foto Qalereya:

 
Gündəm, Araşdırma, Eksklüziv
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar