Oxuduğumuz kitabların ilkin adları - "Türkan", "Pozğun", "Çəhrayı qan"

Oxuduğumuz kitabların ilkin adları – “Türkan”, “Pozğun”, “Çəhrayı qan”
Want create site? Find Free WordPress Themes and plugins.

Ədəbi mətnin adı oxucunun diqqətini çəkmək, əsərin mahiyyətini izah etmək, marketinq yönündən uğurlu olmaq və b. cəhətlərdən çox önəmli sayılır. Ən önəmli məqam isə müəllifin yazdığı əsərin adından razı qalmasıdır.

Təsadüfi deyil ki, Markes, Heminquey, Tolstoy, Nabokov kimi yazıçıların ən populyar əsərləri ilkin adında nəşr olunmayıb.

Müasir ədəbiyyatımızda da belə dəyişikliklər yox deyil. Çağdaş yazarlardan oxuduğumuz bir sıra romanlar, kitablar bizə ilkin deyil, dəyişdirilmiş adı ilə çatıb.

A24.Az yazıçıların əsərlərinə ad seçimində yaşadıqları problem və bizə ikinci, üçüncü və daha sonrakı adları ilə çatmış əsərləri təqdim edir.

imtina
“İmtina”

Dilqəm Əhməd: “İmtina” romanımın adını əvvəlcə “Türkan” qoymuşdum. Bu adda kitab qapağı da hazırlamışdıq. O zaman verdiyim müsahibələrdə də, bu adı qeyd edirdim. Lakin sonradan gördüm ki, bu ad kitabın satışına böyük təsir göstərə bilər, amma mənim təqdim etdiyim ideyanı əhatə eləmir və kiçildir. Roman imtina ideyası əsasında qurulub və həm fərdin imtinasından, həm də Cin Şarpdan gələn dinc mübarizə fəlsəfəsindən doğan imtinadan bəhs edir. Yəni “İmtina” adı tamamilə yazdıqlarımı əhatə edirdi və indi düşünürəm ki, doğru addım atmışam”.

chevrilish
“Çevriliş”

Sahilə: “Çevriliş romanımda əcnəbi adı dəyişmişəm. Roman çapa gedən günün axşamı əcnəbi aktyor tanışım yazdı ki, “Sahilə, sən demə sən mənim qardaşım Brandonla eyni gündə anadan olmusan, mən də əcnəbi adda tərəddüd edirdim, göydəndüşmə kimi götürüb o adı qoydum. Obrazın bioqrafiyasını da ona uyğun dəyişdim. İtalyan, latın amerikan qanlı, Hollivudda yaşayan və s. Hansı ki, artıq kitabı sabah nəşriyyata təhvil verəcəkdim.

Şərif Ağayar: “Mətnə ad qoymaqda həmişə çətinlik çəkmişəm. Əgər ad əsərlə bir doğulmursa, xeyli baş çatlatmalı oluram. Konktet misal demirəm, ona görə ki, ümumilikdə belədir. Ad qoymaq çox ciddi məsələdir və çoxlarının düşündüyü qədər asan deyil. Sizi inandırım, bəzən əsəri yazmaqdan daha çətindir”.

chol
“Çöl”

Kəramət Böyükçöl:“Çöl” romanımın adı əvvəl “Pozğun” idi. Əsəri oxumaq üçün Rafiq Tağıya verəndə mənə dedi ki, “Pozğun” uğursuz addır. Təsəvvür elə, televizorda deyirlər ki, Kəramətin “Pozğun”u çap olundu. Yadımdadır, Rafiq Tağı bu sözü deyib uğunub getdi. Sonra əsərin adını özü qoydu: “Çöl”. Və mən də onun dediyi ilə razılaşdım.

yall
“Yalnızlığın bal ayı”

Müşfiq Xan: Romanlarımın ad məsələlərində xeyli mühafizəkaram. Yazdığım müddətcə verdiyim işçi addan stimul ala bilməsəm, rahat işləyə bilmirəm. Əgər ürəyimə yatmayan bir ad seçmişəmsə, hər dəfə yazı prosesinə başlayana qədər uzun müddət yeni adın axtarışına vaxt sərf edib yoruluram. Buna görə də son illər çap olunan kitablarımın yekun adlarını öncədən qətiləşdirib işə başlamışam. Ad seçimi baxımından mənə ən çox şıltaq verən kitablarımdan biri “5.45” adlı hekayələr kitabımdır. Çap olunan günə qədər “Evtanaziya” adının üzərində dayanmışdım. Səhər nəşriyyata gəlib kitabı çapa göndərəndə qəfil fikrimi dəyişdim. Səbəbini indi də anlamıram, amma məncə doğru qərar oldu. Amma ad seçimi üzərində kitabı yazdığım 4 ay müddətində hər gün baş sındırdığım kitab axırıncı romanım – “Yalnızlığın bal ayı”dır. Adlar o qədər çox idi ki, onlar üçün ayrıca fayl yaratmışdım – 81 ad var idi və hər birinin də bir neçə versiyası. Bu, təxminən 150-dən çox ad edir. Vazkeçilməz hesab etdiyim adsa “Mənə darıxıram demə, yanımda ol” marketinq baxımından daha uğurlu idi. Çünki bu üslubda adlar artıq çap olunmuşdu. Sadəcə “Milanaya məktub” romanımdan sonra təkrar qınaq obyektinə çevrilməmək üçün həmin addan vaz keçdim. Məncə sonuncu romanımın çap olunan adı daha orijinaldı və elə buna görə də bir ayın içərisində xeyli populyarlaşdı. Yeri gəlmişkən “Yalnızlığın bal ayı”nın türkcəyə tərcüməsi artıq bitib və Türkiyədə nəşrə hazırlanır. Yanvarda isə rus dilinə tərcümə ediləcək.

Ümumiyyətlə kitabların ad məsələlərində həddən ziyadə həssasam. Hətta yazar dostlarım da bəzən kitablarının ad seçimini mənə həvalə edir. Cəlil Cavanşir “P.S. Darıxıram…”, Kənan Hacı “Uzaqdasan, soyuqdur…”, Nargis “Qardələn” kitablarının adlarını mən vermişəm. Özləri də bəyənib, razılaşıblar. Çapa getmədən öncə işçi variantlarda oxuduğum kitablara adlar düşünüb tapmaq həm əyləncəlidi, həm də çox məsuliyyətli işdir.

geleceyin-tarixi
“Gələcəyin tarixi”

Qismət: Mənim elə çox kitabım dərc olunmayıb. Amma sonuncu esselər kitabıma “Gələcəyin tarixi” adını qoymamışdan öncə xeyli ad düşünmüşdüm, bir xeylisini də dostlar təklif etmişdi. Məsələn, “Ağır söhbətlər” adı vardı ideyalar arasında. Bir ara bu adı qoymaq istəyirdim, amma nədənsə sonra mənə çox qeyri-ciddi göründü, ona görə dəyişdim.

Rasim Qaraca:“Türkün məsəli” kitabının adını 3-cü nəşrdə dəyişib. “Azərbaycan arqo deyimləri” qoymuşam. Buna səbəb son nəşrin nisbətən akademik xarakterli olması idi.

Fərid Hüseyn: Son kitabimin – “Bir də heç vaxt” adlı kitabıma 2 -3 ad düşündüm, axırda bir adın üstündə qaldım. Ad çox önəmlidir, sual doğurmalıdır kitabın adı. Çağdaş dünya naşirlərinin belə bir yazılmamış qanunları var: “Kitabın adı elə olmalıdır ki”, oxucu o ada sual verə bilsin.

bu-gun-sebr-ele
“Bu gün səbr elə”

Mirmehdi Ağaoğlu: Bəli, olub. Hər bir əsərim üçün əvvəldən “işçi ad” düşünürəm. Ən azı fayl adlandırmaq üçün əsərə bir ad fikirləşirəm. Əgər əsərə seçdiyim ad əvvəldən beynimdə olubsa, əsərin məzmununun açılmasında xüsusi məna ifadə edirsə, o adı dəyişmirəm, yox, əgər əsərin adı əsərə təsiri olmursa onu dəyişirəm. “Bu gün səbr elə” adını düşünənə qədər o əsərə ondan çox ad vermişdim. Son anda bu adın üstündə qərar tutdum. “Küləyi dişləyən” əsərini yazanda da ağlıma bu ad gəldi, sonrada əsərə müəyyən əlavələr edib əsərlə adı arasında əlaqə yaratdım. Hazırda yazmaq istədiyim əsərin adı isə artıq bəllidir. Güman edirəm ki, bu ad axıra qədər qalacaq.

epizodik-sevgiler
“Epizodik sevgilər”

Rəbiqə Nazimqızı: Belə şeylər tez-tez olur, adətən, ilk əvvəl şərti ad olur, proses zamanı, ya mətn yazılıb bitəndən sonra onu dəyişirsən. Bəzən heç ad tapa bilmirsən, ya elə mətnin bir neçə adı olur. İlk kitabım üçün üç ad düşünmüşdük: “Aynur üçün”, “Sənə qədər” və bir başqa ad – indi xatırlamıram. Nəzərə aldım ki, orada Aynurun yaşı üçün aktual olmayan şeirlər var, ona görə “Sənə qədər”i saxladım. “Epizodik sevgilər”lə bağlı məsələ daha qəliz idi. Ad tapılmırdı. Əvvəllər ad tapmaq mənim üçün ciddi problem idi, redaktor işləyəndən sonra beynimdə bu kanal da açıldı. İlkin ad “Epizodik sarsıntılar” idi, amma düşündüm ki, bu, ağır səslənir, elədik sevgilər – həm də təxribatçı bir ad alındı… Üçüncü kitab olsa – bilmirəm olacaq, ya yox, elə həvəsində deyiləm – ad hazırdır. Məndə ilk dəfə belədir ki, kitab üçün mətnlərdən əvvəl ad var. Bilmirəm niyəsə beynimdə bu ad dolaşır, bir şeirin adıdır – “Üç fəsil yaz”
Amma bu ad da dəyişə bilər.

Varis: Mən 1998-ci ildə hissə-hissə “168 saat” qəzetində çıxan “Tənha yalquzağın nağılı” povestimin 2013-cü ildə roman variantını işlədikdən sonra gördüm ki, adını da dəyişmək lüzumu yaranıb. Çünki roman variantında cəsur kişi qəhrəmanımın taleyindən bəhs edən süjetə ikinci süjet xətti də artırmışdım, bir bədbəxt qadının taleyini qələmə almışdım. İllər öncənin bu tanışlarını bir şey birləşdirirdi – hər ikisi həyatda öz yerlərini tapa bilməmişdilər. Ona görə də, iki qəhrəmanın müştərək romanına “Yolayrıcında azıb qalanlar” adını qoydum.

Kənan Hacı: Yazı prosesində yox, əsər bitib çapa gedəndən sonra adını dəyişmişəm. Söhbət “Rəqqasə” romanından gedir. Əvvəlki adı

reqqase
“Rəqqasə”

“Çəhrayı qan” idi. Əsəri “Qanun” nəşriyyatı üçün işləyəndə düşündüm ki, “Çəhrayı qan” oxucuya heç nə demir. Roman bir rəqqasənin həyatından bəhs edir, ona görə adı da “Rəqqasə” oldu.

Əsəd Qaraqaplan: Elə bir romanım və kitabım olduğunu xatırlamıram. Bəlkə də bu üzdəndir ki, mən adətən ad qoyub yazmıram nəyisə. Yazıla-yazıla, ya da bitəndən sonra yaranır ad. Amma Halroman, Xilasroman və Savaşroman trilogiyamın gizli və basqa bir adı da var: “Düşmənlərinə çevrilənlər arasında”. Bunu da sonra tapıb əlavə eləmişəm.
Sərdar Amin, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs