rauf həsənli

Prezidentin sinif yoldaşı: “Heydər Əliyev bizi tək qoydu, “işlərim var” deyib getdi” – MÜSAHİBƏ + FOTO

Bu gün Azərbaycan prezidenti İlham Əliyevin 55 yaşı tamam olur. Ölkə başçısı İlham Əliyev Bakının Səbail rayonundakı 6 saylı orta məktəbdə təhsil alıb.

A24.Az xəbər verir ki, Modern.az saytı Prezidentin sinif yoldaşı olmuş, tanınmış tərcüməçi, jurnalist və xarici əlaqələr üzrə mütəxəssis  Rauf Həsənlidən müsahibə alıb.

Rauf Həsənli 1960-cı ildə Bakı şəhərində anadan olub. Onunla söhbəti təqdim edirik:

Sizin haqqınızda müəyyən məlumatlara nəzər yetirmişik. İstərdik daha geniş məlumatlar verəsiniz. Hazırda nə işlə məşğulsunuz?

-Mən Azərbaycan Dövlət İqtisad Universitetini bitirmişəm. Sonra Moskvada Xarici Ticarət Akademiyasının Ali Kommersiya Məktəbində təhsil aldım. Daha sonra isə Amerikada MBA proqramı üzrə oxudum. Oradan isə bizi  Avropa üzrə bisnes kursları almaq üçün 3 aylıq Londona göndərmişdilər.

Hazırda mən Mədəniyyət və Turizm Nazirliyinin nəzdində olan Konqreslər Bürosunda çalışıram. Həmin büro Azərbaycanda beynəlxalq, iri və orta miqyaslı konfrans, konqres və digər tədbirləri təşkil etməklə məşğuldur.

Bununla yanaşı, Hepatitə Qarşı “Stop Hepatit” Pasient Cəmiyyətinin sədriyəm. Bu, QHT-dir. Amma Ədliyyə Nazirliyi və Səhiyyə Nazirliyi bizi bu günə kimi qeydiyyatdan keçirməyiblər. Rəsmi qeydiyyatımız olmasa da, iş görürük. Əlimizdə olan imkanları istifadə edərək əhali arasında maarifləndirmə işini aparırıq. Risk qrupları, xüsusi pəhriz saxlanması haqqında və digər məlumatları insanlara çatdırırıq. Mən müxtəlif beynəlxalq konfranslarda iştirak edirəm. Lakin təəssüflər olsun ki, bizə rəsmi dəstək yoxdur. Bizim işimiz sırf maarifləndirməkdən ibarətdir. Düzdür, mənim ixtisasım həkimlik olmasa da, mən həkimlər ailəsində böyüdüyüm üçün hepatit və digər xəstəliklərin dinamikası haqqında müəyyən biliklərim var.

-Səhv etmirəmsə, Rusiyada da ictimai-siyasi fəaliyyətlə məşğul olmusunuz. Yanılmıram ki?

Mən Bakıda ola-ola Rusiya “Toçka Oporı” biznes jurnalında müxtəlif məqalələrlə çıxış etmişəm. Məndən xahiş edirdilər ki, Azərbaycan haqqında ətraflı məlumatlar verim. Mən müstəqillik qazandıqdan sonra milli bayramlarımız, sosial-iqtisadı durum, mədəniyyətimiz və digər məsələlər üzrə çoxlu sayda informasiyalar vermişəm. Bu nəşr biznes jurnalı olmasına baxmayaraq, mən orada sosial istiqamətli məqalələr yazırdım. Bəzi mürəkkəb və kəskin sosial məsələlər haqqında öz fikirlərimi bildirmişdim. Onlar biləndə ki, mən İlham Əliyevlə bir sinifdə oxumuşam, xahiş etdilər ki, 28 may Azərbaycanın müstəqillik günündə Prezident haqqında da xatirələrimi yazım. Məktəb illəri haqqında yazdım.

-Siz o yazınızda ilk zəngdən son zəngə qədər olan günləri əhatə etmisiniz…

Bəli. 1967-ci ilin 1 sentyabrında ilk zəng oldu. 15 iyun 1977-ci ildə olan son zəngə qədər biz İlham Əliyevlə bir yerdə oxuduq, yoldaş olduq. Bizim sinif ən böyük sinif idi. 45 şagird var idi.

Mən istərdim ki, o məqalədə yazmadıqlarınız məqamları danışasınız.  Hər halda ola bilməz ki, hər şeyi o yazıda qeyd edəsiniz.

-Bir dəfə İlham Əliyev 10-cu sinifdə oxuyanda bizi, yaxın sinif yoldaşlarını ad gününə dəvət etmişdi. Yadımdadır ki, bizi İlham Əliyevin anası, rəhmətlik Zərifə xanım Əliyeva qarşıladı. O, çox mehriban, istiqanlı qadın idi. Bizi yaxşı qarşıladı, cox sevindi ki, İlhamın sinif yoldaşları onun evinə qonaq gəliblər. Mən bu gün də onunla fəxr edirəm ki, həmin ad gününə Heydər Əliyev özü də gəlmişdi. O, hər birimizlə ayrı-ayrlıqda tanış oldu, danışdı. Sonra bizi tək qoydu. “İşlərim var” deyib getdi, yəni sərbəstlik verdi. Biz çox yaxşı vaxt keçirdik. Ora ancaq oğlanlar gəlmişdilər. Şahmat, bilyard, tennis oynadıq. Gəzməyə də çıxmışdıq. Dedik, güldük, rəqs etdik, musiqilərə qulaq asdıq.

-Siz Avropa Şurası Parlament Assambleyasında (AŞPA) da müəyyən müddət iştirak etmisiniz.  Necə olmuşdu ki, bu beynəlxalq təşkilatda təmsil olunmuşdunuz?

-Sizin sualınıza bəzi düzəliş etmək istərdim. Mən Avropa Şurası Parlament Assambleyasında çalışmamışam. Sadəcə olaraq Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) bir nümayəndəsi olaraq AŞPA-nın bəzi toplantılarında və iclaslarında iştirak etmişəm. Azərbaycan haqqında müxtəlif məlumatlar vermişik. 2005-ci ildən 2011-ci ilə qədər AŞPA-nın bəzi toplantılarında iştirak etdim.

AŞPA-da işiniz konkret olaraq nədən ibarət idi?

Azərbaycanın nümayəndə heyəti ilə görüşürdük. İşimiz isə kitablar, broşürlər paylamaq, xarici deputatlarla görüşüb, Azərbaycan haqqında geniş məlumatlar verməkdən ibarət idi. Məqsədimiz Azərbaycana müxtəlif ölkələrdən dost qazandırmaq idi.

-Tərcüməçilik, jurnalist fəaliyyətiniz də olub. İndi hər hansı bir kitab üzərində işləyirsinizmi?

Mən xarici əlaqələr üzrə koordinator  kimi  işləmişəm. İngilis dilini bildiyim üçün də tərcüməçi kimi də fəaliyyət göstərmişəm. Lakin indi tərcüməçilikə məşğul deyiləm. Sadəcə olaraq AVCİYA-da işləyəndə bu təşkilatın ingilis dilində çıxan nəşrlərinin baş redaktoru olmuşam. Mənim sərəncamımda bir neçə tərcüməçi var idi. Rusiyanın tanınmış yazıçısı Mixail Ozerovun “İlham Əliyev: mən Azərbaycanıma inanıram” kitabının ingilis dilinə tərcüməsinə redaktorluq etmişəm.

Sizin sinifdən İlham Əliyev kimi məşhur bir şəxs çıxdı və bu gün ölkə rəhbəridir. Sinfinizdən başqa hansı tanınmış adamlar çıxıb?

-Məşhur adamlardan Azərbaycan Daxili İşlər Nazirliyinin Baş Cinayət-Axtarış İdarəsinin rəisi, general-mayor Emin Şəkinskini qeyd edə bilərdim. Bundan başqa, bir neçə il ədliyyə nazirinin müavini işləmiş Nazim Ələkbərov da bizimlə eyni sinifdə oxuyub. Daha bir sinif yoldaşımız isə hazırda Amerikada yaşayır və orada tanınmış hüquqşünasdır. Ümumiyyətlə, hər birimiz indi müxtəlif sahələrdə çalışırıq və hər kəs öz sahəsində tanınmış, peşəkar bir insandır.

-İndi Azərbaycan rəhbəri İlham Əliyevlə əlaqələriniz varmı? 

-Cənab İlham Əliyev respublikanın prezidentidir. Əlbəttə ki, onun bizimlə yaxın əlaqə saxlamağa vaxtı olmur. Lakin müəyyən əlaqəmiz də var.

Maraqlıdır, bəs yoldaşlıq əlaqələriniz nə zamana qədər davam etdi?

-Dostluq əlaqələrimiz məktəbin birinci sinfindən məktəbi bitirənə kimi, onuncu sinfə qədər davam etdi. Ondan sonra cənab İlham Əliyev Moskvadakı Beynəlxalq Münasibətlər İnstitutuna daxil oldu və Moskvaya yollandı. Ona görə də məktəbi bitirəndən sonra görüşməyimizə o qədər də imkan olmayıb. Məktəbi bitirəndən sonra sinif yoldaşlarımız ilə hər il 2 fevralda məktəb gününə yığışırdıq. İlham Əliyev Moskvada oxuduğu illərdə gəlib tədbirimizdə iştirak etdi. Amma ondan sonra isə onunla görüşmədik.

-Siz yazdığınız xatirədə İlham Əliyevin obrazını yaratmısınız. Hazırda dövlət başçısının dünya siyasətindəki yerini necə qiymətləndirirsiniz?

-Xatirələrimdə qeyd etdiyim kimi, İlham Əliyev çox savadlı, geniş düşüncəli və uzaqgörən siyasətçidir. Çünki bu mürəkkəb zamanda, böyük və güclü dövlətlərin əhatəsində balaca bir ölkənin başçısı olmaq, balanslaşdırılmış siyasət aparmaq heç də asan iş deyil. Bunu hər kəs bacara bilməz. Lakin İlham Əliyev bu siyasəti yürütməyi bacarır. Bu da dünya siyasətində yeni bir modeldir.

Eyni zamanda o, Azərbaycanı, öz xalqını sevir, onun gələcəyinə inanır. Azərbaycan xalqının firavan yaşamağını istəyir və bu istiqamətdə çoxlu addım atır. Sizin sualınıza cavab olaraq deyə bilərəm ki, şəxsən mən onun beynəlxalq aləmdəki siyasətini çox yüksək qiymətləndirirəm.



-Heç olurdumu ki, İlham Əliyev dərslərdə müəllimlərlə polemikaya girsin?

İlham Əliyev bütün dərslərdə özünü çox aktiv aparırdı. Müxtəlif suallar ətrafında müəllimlərlə sağlam polemikanı aparmaq imkanından qaçmırdı.

Bilik yarışlarında, fənn olimpiadalarında iştirak edirdinizmi?

Bizim vaxtımızda belə şeylər yox idi. Təhsil aldığımız yer idman məktəbi idi. Bizim həndbol üzrə yaxşı komandamız var idi, biz digər komandalarla görüşüb oynayırdıq.

Mən prezidentin videosuna baxmışam. Bu yaşında turnikdə çəkinməsi onu göstərir ki, ölkə rəhbəri lap əvvəldən idmanla məşğul olub…

Bizdə idmana çox böyük diqqət yetirirdilər. Qaçmaq, gimnastika, stolüstü tennis, idman hərəkətləri və s. Bizim göstəricilərimiz, hazırlığımız çox yaxşı idi. İndiyə qədər hiss edirəm ki, məndən qat-qat cavan adamlar çox tez yorulurlar. Mən onda görürəm ki, bizim o dövrdə aldığımız fiziki hazırlıqlar çox güclü olub. Bu, indiyə qədər bizi saxlayıb. İlham Əliyev stolüstü tennisə, həndbola çox maraq göstərirdi.

Görürsünüz ki, İlham Əliyev həmişə şux, gümrah görünür və çox yaxşı fiziki formadadır.

Mən özüm də üzgüçülüklə, stolüstü tennis, atıcılıqla məşğul olmuşam.

İnsan yaşa dolur və onun vizual görünüşündə, xarakterində müəyyən dəyişikliklər baş verir. Amma bununla belə, ortaq nöqtələr də olur. Sizin uşaqlıq xatirələrinizdəki İlham Əliyevlə indiki arasında hansı oxşarlıqlar görürsünüz? 

Dövlət başçısı yeniyetmə, həm də cavanlıq illərindəki kimi indi də dostpərvər, ürəyiaçıq və qayğıkeş insan olaraq qalıb, həm də çox təvazökar insandır. Eyni zamanda o, geniş dünyagörüşü olan və böyük yumor hissinə malik insandır. İlham Əliyev yeniyetməliyindəki, cavanlığındakı, müsbət cəhətləri bu günə qədər saxlaya bilib. O, siyasətçi olandan sonra başqa müsbət keyfiyyətləri də üzə çıxdı. Müdriklik, uzaqgörənlik, liderlik və digər siyasətçiyə məxsus olan xasiyyət keyfiyyətləri.

Tanınmışların, rəhbər şəxslərin övladlarından başqa kimlər sizinlə bir yerdə oxuyub?

Bizim məktəbdə müxtəlif şəxslərin övladları oxuyurdu. Həm vəzifəli, həm də sadə insanların uşaqları təhsil alırdı. Amma heç kəs özünü o birilərdən ayırmırdı və biz hamımız bir ailə kimi davranırdıq.

10 illik məktəb illəri İlham Əliyevin zövqləri haqqında da sizə müəyyən informasiyalar verib. Prezidentin musiqi zövqü necə idi?

Onun musiqi zövqü əla idi. Həm klassik, həm də estrada musiqisinə qulaq asırdı. Cənab prezidentin ad günündə onun pianosunu da gördük. O pianoda da ifa edə bilirdi. Bir sözlə, İlham Əliyev hərtərəfli bir insandır. Hesab edirəm ki, bizim bəxtimiz gətirib ki, onun kimi prezidentimiz var.

Onun təbii ki, mütaliəsi də var idi. Bu olmasaydı, siz dediyiniz kimi, müəllimlərlə polemikaya girməzdi. Ancaq mənə maraqlıdır: mütaliə dairəsini hansı kateqoriyaya bölmək olardı? Siyasət, tarix, yoxsa ədəbiyyat?

Tarix və ədəbiyyat, biologiya, ümumiyyətlə humanitar sahələrlə maraqlanırdı. Coğrafiyanı da çox sevərdi.

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR