Prezidentlərin Tehran sammiti İrəvana böyük zərbə vurdu - Ermənistanın başını tumarlayanlar arzusunu gözündə qoydu

Prezidentlərin Tehran sammiti İrəvana böyük zərbə vurdu – Ermənistanın başını tumarlayanlar arzusunu gözündə qoydu
Want create site? Find Free WordPress Themes and plugins.

“Rusiya və İranın əlində kifayət qədər imkanlar olduğu halda, Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirmirlər. Buna baxmayaraq, bu gün Tehranda baş tutan prezidentlərin üçtərəfli görüşünü müsbət qiymətləndirirəm”.

A24.Az xəbər verir ki, bunu bu gün Tehranda baş tutmuş Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünü şərh edən politoloq Elxan Şahinoğlu deyib.

“Rusiyanın və İranın regional siyasətinə tənqidi münasibətim bəllidir. Bu iki dövlət əllərində kifayət qədər imkanlar olduğu halda Ermənistan hakimiyyətinə təsir edib Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini sürətləndirmirlər. Buna baxmayaraq, bu gün Tehranda baş tutan prezidentlərin üçtərəfli görüşünü müsbət qiymətləndirirəm. Bu görüş siyasi ağırlıqlı deyil, prezidentlər əsasən şimal-cənub dəmiryol xəttinin tikintisini müzakirə etmək üçün Tehrana toplaşıblar. Bu layihə Bakı-Tbilisi-Qars layihəsi kimi Azərbaycanın bölgədəki iqtisadi və siyasi çəkisini artıracaq”.

Politoloq bildirir ki, bu görüş Ermənistanın təcrid olunması prosesini daha da sürətləndirəcək:

“Bakı-Tbilisi-Qars dəmiryolunun işə düşməsindən iki gün sonra Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehranda görüşüb Azərbaycandan keçəcək digər dəmiryolu layihəsini müzakirə etməsi Ermənistanın təcridini daha da gücləndirəcək. Bizə də elə bu lazımdır. Ermənistan çox çalışdı ki, mehriban münasibətlərdə olduğu Tehran və Moskva dəmiryolunu Ermənistandan uzatsınlar. Alınmadı. Çünki Ermənistan ərazisindəki dağ yollarında dəmir yolu çəkmək üçün milyardlar lazım idi. Rusiya və İran nə qədər Ermənistanın başını tumarlasalar da, reallıqdan çıxış edərək Azərbaycan marşrutuna üstünlük verdilər. Bir də ki, kasıb Ermənistandan fərqli olaraq Azərbaycan tikinti üçün heç kimdən pul dilənmir, tam tərsinə Gürcüstana və İrana kreditlər verdi ki, dəmiryollarının tikintisini sürətləndirsin”.

E.Şahinoğlu müzakirə olunan layihələrin iqtisadi əhəmiyyətinə də toxunub:

“Bəzi iqtisadçı dostlarım hər iki layihənin səmərəsinə şübhə ilə yanaşırlar. Əsaslandırmalarıyla tanışam, şübhələrinin tam əsassız olduğunu iddia etmirəm. Ancaq hesab edirəm ki, ilkin illərdə gəlir gözlənildiyi qədər olmasa da, hər iki layihənin geosiyasi əhəmiyyəti böyükdür. Zamanla dəmiryolları tam gücüylə işlədikdə bunun təsirini daha çox hiss edəcəyik”.

Xəyalə Bünyatova // A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Siyasət
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar