QMİ-nin rəsmisini İranla nə bağlayır? - Niyə Qurandan deyil, Xamenei və Sistanidən misallar çəkir? - VİDEO

QMİ-nin rəsmisini İranla nə bağlayır? – Niyə Qurandan deyil, Xamenei və Sistanidən misallar çəkir? – VİDEO
Want create site? Find Free WordPress Themes and plugins.

İlahiyyatçı Elşad Mirinin verilişdə işlətdiyi cəmi bir cümlə artıq bir həftədir ki, yatmış uşağı da silkələyir. Dediyi cümlə isə budur: “Quran kitabı müqəddəs deyil!”

Cəmiyyətin bu cümləyə reaksiyasını anlamaq olar. Çünki uzun illərdir müqəddəs olaraq gördüyü, öpüb gözlərinin üstünə qoyduğu, əl basıb ürəkdən and içdiyi, gəlin köçürdəndə altından keçirdiyi, evin bir küncündə bükülü saxlayıb içini oxumadığı, baxıcı yanına gedəndə açdırdığı Quran kitabı onların düşüncəsinə görə, sanki bu dəfə təhqir olunub.

Bəlkə bu fikrə, düşüncəyə gəlməzdən, hisslərimizə qapılmazdan əvvəl çox yox, bircə dəfə o Müqəddəs saydığınız kitabı açıb, cəmi bircə cümləsini oxuyasınız? Onun-bunun danışdığı rəvayətlərə inanmaqdansa, hətta kiminsə tərcümə etdiyi Quran ayəsi ilə bağlı qəbul edə bilmədiyiniz məqamları araşdırmağa dəyməzmi? Bunun üçün bizdən sadəcə savadlı yanaşmaq və oxuyub araşdırmaq tələb olunur. Bu qədər sadə…

Elşad Miri çıxdı bir söz dedi, ardınca da bəzi dindarlar ortalığa atılan məsələyə münasibət bildirdi. Aralarında açıqlamsı ilə ən çox diqqət çəkəni Mircəfər Eyyubov oldu: “Əvvəla hər bir dinin öz şəriət hökmü, əhkamı, fiqhi var. Ola bilər onlarda müqqəddəs olmasın, amma bizdə müqqəddəsdir. Onu da deyim ki, Elşad Mirinin öz sahəsi bilmirəm hansı sahədi, ola bilər öz sahəsində elmi var, amma din sahəsində ilahiyyatçı, alim, dinşünas deyil. Onu ilahiyyatçı kimi xalqa tanıtdırmağa çalışanlara ar olsun. O yalan danışır”.

Açıqlamanın ən maraqlı tərəfi Hacı Mircəfər Eyyubovun Qafqaz Müsəlmanları İdarəsinin rəsmi nümayəndəsi kimi təqdim edilməsidir. Belə çıxır ki, məsələyə münasibəti birbaşa QMİ-nin adından bu şəxs verir?!

Bəs əslində Hacı Mircəfər Eyyubov kimdir?

1976-cı ildə Masallıda anadan olan Mircəfər Eyyubov İran İslam Respublikasının Qum şəhərində təhsil alıb. Hazırda Qafqaz Müsəlmanları İdarəsinin Fətva və Moizə Şöbəsinin aparıcı mütəxəssisi, Təzə Pir məscidinin axundudur. Evlidir, 6 övladı var.

2 gün bundan əvvəl “Facebook” sosial səhifəsində etdiyi canlı yayım zamanı da adıçəkilən şəxs Elşad Miri ilə bağlı verilən sualı cavablandırıb. Sual isə belə olub: “Niyə icazə verilir ki, Elşad Miri efirə çıxıb Quran, İslam və din haqqında ağzınagələni danışır? Və biz də sadəcə seyr edirik. Nə vaxta kimi belə olar? Buna cavab verən biri olaracaqmı? O kanala da irad bildirən biri olarmı?”

Mircəfər Eyyubovun cavabını aşağıdakı videoda təqdim edirik:

Amma bu şəxsin videoçıxışları bununla bitmir. Kiçik araşdırma aparıb QMİ rəsmisinin diqqət çəkən videolarını cəmlədik. Belə ki, canlı yayımda ona sual verirlər ki, “ən çox sevdiyiniz bir ruhaninin adını çəkə bilərsiniz? Məhz bir ruhaninin adını çəkin”. Mircəfər Eyyubov “əlbəttə, çəkə bilərəm, Ayətullah Xamenei…” deyir.

Başqa bir videosunda isə xümslə bağlı (İslam tarixində vergi olub) sualı cavablandırarkən, Sistani Ağanı bu məsələdə baş məsləhətçi kimi təqdim edir: “Xümsü adam istədiyi yoxsula, seyidə verə bilməz. Xümsü hökmən fəqihə və fəqihin nümayəndəsinə vermək lazımdır. Yalnız Sistani Ağanın müqəlliddərinə icazə var ki, xümsün 50 faizini istədiyi yoxsula, seyidə versin. Vəssalam…”

Məsciddəki çıxışında açıq-aşkar dediyi sözün dövlət əleyhinə işlədilən ifadə olun-olmadığını isə siz müəyyən edin: “Hacı Barinin tutulan gecəsi burda bir çıxış elədim, təəssüfümü bildirdim. Mən görəndə ki, bir ruhani hətta böyük ictimai səhv eləyib, bir işarə vururam, qurtarır gedir. Üçüncüsü, siz öz Prezidentinizə xəyanət etmisiniz. Sizin Prezidentiniz özü məscidə girəndə ayaqqabısını çıxardır, Allahın evinə hörmətlə, ehtiramla girir”.

İndi isə Mircəfər Eyyubovun hörmətlə adlarını çəkdiyi iki şəxsdən biri olan Ayətullah Xameneinin kim olduğu məlum məsələdir. İran İslam Respublikasının dini lideri.

Bəs Sistani Ağa, yəni Seyid Əli Hüseyni Sistani kimdir?

Hazırda İraqın Nəcəf şəhərində yaşayan Əli Sistani 4 avqust 1930-cu ildə İranın Məşhəd şəhərinin yaxınlığında dünyaya gəlib.

1948-49-cu illərdə təhsilini artırmaq üçün Qum şəhərinə, daha sonra 1951-52-ci illərdə İraqın Nəcəf şəhərinə köçüb.

P.S.

Yuxarıda qeyd etdiyimiz hər iki şəxsin Azərbaycanla heç bir əlaqəsi olmadığı halda, adları  çəkilərək azərbaycanlılara yol göstərilməsi, məsləhət verilməsi, nəyin doğru, nəyin yanlış olduğunu onlara istinadən demək, Qurandan üstündürmü? Bəlkə müqəddəsdir???

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Araşdırma, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar