Rafiq Əliyev: "Niyə küçələrdə özünü təklif edən homoseksuallara deyil, vəhabilərin saqqalına ilişirlər?!"

Rafiq Əliyev: “Niyə küçələrdə özünü təklif edən homoseksuallara deyil, vəhabilərin saqqalına ilişirlər?!”
Want create site? Find Free WordPress Themes and plugins.

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevin A24.Az-a eksklüziv müsahibəsi:

-Rafiq Əliyevin dini komitədən sonrakı fəaliyyəti nədən ibarətdir?

– Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən 2006-cı ildə azad olunduqdan sonra öz yerimə qayıtdım.  Başqa vəzifələr də təklif edildi, heç birinə getmədim. O cümlədən, ərəb ölkələrinin birində səfir olma vəzifəsi də verilirdi onu da qəbul etmədim. İrşad İslam Araşdırmalar Mərkəzinə öz araşdırmalarımı aparmaq, kitablarımı yazmaq, öz fikirlərimi insanlara çatdırmaq üçün qayıtdım. Bu 10 il ərzində mən 12 kitab yazdım. Düzdü,  məqalələrimin sayını itirmişəm. 300-350-yə qədər məqaləni saydım, daha saya bilmərəm. İndi bizim işçilər onları toplayırlar,  daha sonra kitab şəklində çap edəcəklər. Təkcə din yox, fəlsəfə ilə ictimai həyatımızda olan problemlərlə, idealogiya ilə, politologiya ilə və dünyada gedən proseslərin təhlili ilə məşğul oldum. Proqnozlar verməyi özümə vacib bildim. Mənim 2006-cı ildən bu vaxtədək verdiyim proqnozların demək olar ki, 90 %-dən çoxu həyata keçib. Hətta aylarla, fəsillərlə nə baş verəcəyinin proqnozunu vermişdik. Bu kitablar Rus, Azərbaycan və İngilis dillərində çap olunub. Rus və Azərbaycan dilində kitablar Azərbaycanda, İngilis dilində olan 7 kitabım Amerika Birləşmiş Ştatlarının “Traffor” nəşriyyatında çap olunub və orada paylanıb. Kitablarım bu günədək,  1500-ə qədər onlayn mağazada satılır. Bunlardan “Hakimiyyət, cəmiyyət və din” təxminən 75-80 səhifəlik, kiçik həcmli kitabdır. Amma orada hakimiyyət, cəmiyyət və din haqqında nəzəriyyə olduğuna görə onu hətta Nyu-Yorkda həmin nəşriyyat özü sərgiyə qoymuşdu. Bundan xəbərim yox idi. Kitabım sərgidə qızıl medal almışdı. Qızıl medalı kitabın sonrakı nəşrlərində üzərinə vururlar.  Tanış olmadığım adamlar kitaba rəy vermişdi. Orada bir kitab da var, “Həyatın dərinliklərində” yəni həyatın sirlərində. Bu kitab uzun müddət ilk üçlükdə qaldı. Bir də mənim bir kitabım var, “Yoxsulluq, diktatura və ədalətsizlik”. Kitabda əsas maraq doğuran bu üç amildən hansının inqilaba gətirib çıxarmasıdır.  2 il bundan öncə zəng edib xahiş etdilər ki,  kitabı radioda oxuyum. Buna razılıq verdim. Yəni burada işim çoxdur. 10 ildir ki, yoldaşlarımla yəni mənim özümün qrupum var onlarla birgə işləyirik. “Seçmək hüququ” qəzetini çıxardıq. 10 ildən sonra ehtiyac olmadığı üçün bağladıq. İndi başqa bir qəzet təsis etmişik. Bu “Üçbucaq” qəzetidir. Birbaşa Rusiya, Türkiyə və İran üçbucağına aid etmişdim. Hələ bu üçbucaq yaranmamışdan 5 il qabaq,  təxminim vardı ki, belə bir üçbucaq yaranacaq. Yaxınlarda yəqin ki, nəşrinə başlayacağıq.

-Kitabınızdan qonorar alırsınızmı?

– 20 % qonorar alıram. Əgər müəllif hüququnu saxlamasaydım,  30 % alardım. Müəllif hüquqları qorunduğu üçün 20 % alıram. Qonorarlar satılan kitablardan 20 % hesablanır. ABŞ-ın vergi sistemi ilə hesablanıb, mənim hesabıma keçir. Düzdür,  elə böyük bir pul yoxdur,  amma hər halda qonorardır da.

-Azərbaycandakı dini vəziyyətdən razısınızmı?

-Azərbaycanda dini vəziyyət bu gün mənim istədiyim qədər yaxşı deyil. Dini sahədə  sakitlik var. Amma sakitlik o qədər də ürəkaçan deyil. Dini icmalar da, dini təşkilatlar da,  ola bilər ki, radikal qruplar da gözləmə prinsipində dayanıblar. Çünki Azərbaycanda şərait yaranmalıdır ki, dini qruplar müəyyən mənada fəaliyyətə keçsinlər. Onlar artıq pərakəndə şəklidə olan əvvəlki dini icmalar deyil. Təşkilatlanmış şəkildə idarə olunan dini icmalardır. Dini situasiyalar Azərbaycandan yox,  xaricdən idarə olunur. Vaxt yetişəndə onlar öz siqnallarını alacaqlar və dini qruplaşmalar içində radikallar da, çox ciddi surətdə radikal olan terroristlər də fəaliyyətə keçə bilər. Bu ehtimal Azərbaycanda var. Kimsə deyirsə ki, Azərbaycanda hər şey nəzarət altındadır, biz bütün dini icmalara, dini qruplara, ekstremistlərə nəzarət edirik, mən inanmıram. Belə də ola bilməz. Çünki mən 5 il işlədiyim vaxtda görmüşəm ki, onları tam nəzarətdə saxlamaq üçün bizdə imkan yoxdur. Amma onlarla əlaqə saxlamaq, onları istiqamətləndirmək, müəyyən dərəcədə başqa fikrə gətirə bilmək mümkündür. Bunun üçün gərək onlarla işləyəsən. Müəyyən dərəcədə onların səviyyəsinə enməlisən ki, öz səviyyənə qaldıra biləsən. Deyirlər ki, biz vəhabilərin, yaxud başqa dini radikal qrupların iqtisadiyyatını darmadağın edəcəyik, idealogiyalarını Qafqaz Müsəlmanları İdarəsi dağıdacaq, bununla biz məsələni bitirmiş oluruq. Yaxşı, bunların madiyyatını əlindən aldıq, o biri də ruhiyyətini əlindən aldı. O zaman onlar insan olmurlar ki. Onların maddi təminatı yox, ruhi qidası yox. Onlar quduz canavardan da qorxulu ola bilərlər. İnsanın madiyyatını və ruhiyyətini əlindən almaq olmaz. Sadəcə olaraq, onlarla iş aparmaq lazımdır. Niyə sən bu gün özünü vəhabi adlandıran, saqqal uzadan, gödək şalvar geyinən insanların, saqqalını qırxmaq, şalvarını uzatmaq istəyirsən? Niyə başqa cür geyinənlərin geyiminə, duruşuna, oturuşuna, hərəkətlərinə heç bir iddian yoxdur? Homoseksuallar bütün günü gəzirlər, xidmət təklif edirlər, onlarla işin yoxdur, bunların niyə saqqalını kəsməlisən? Sən bu insanları niyə təhqir etməlisən? Saqqaldır, gödək şalvardır – bunlar etiraz əlamətidir. Biz etiraz əlamətini onun əlindən alsaq, etiraz etmək üçün başqa yol axtarıb tapacaq. Bu etiraz əlaməti bizim üçün min dəfə çətin, başa düşülməyən və ağır olacaq.  Həmişə demişəm, insanların fikirlərinə görə geyimlərini, idealogiyalarını əlindən almaq istəyirsinizsə, mütləq insanlara onların əlində olandan daha yaxşısını vermək lazımdır. Sən məndən nəsə alırsan,  əvəzində heç nə vermirsən. Sən mənim əlimdən almanı alırsansa, əvəzində ondan daha gözəl, şirin, dadlı və faydalısını versən, həmin almanı sənə verə bilərəm. Əgər sən mənim əlimdən almanı alıb, tullayır yerinə də heç nə vermirsən və deyirsən ki,  bu alma haqqında fikirləşmə, mən onu etmirəm axı. Sadəcə olaraq,  onların geyimlərinə, ümumi xarici görünüşlərinə iddia ediriksə, onları tənqid ediriksə birbaşa fikirlərinə qarışırıq. Biz onların şüuruna təsir etməliyik. Şüura təsir etmənin yolları “N” qədərdir. Bu gün bütün inqilabların, çevrilişlərin hamısı şüura təsirlə başlayır. Silahla, köçəyə çıxmaq, xalqın qəzəbi bütün bunlar ikinci dərəcəli yerə keçib. İnsanların şüuruna təsir etmək metodlarından məharətlə istifadə etmək lazımdır. Məharətlə istifadə etsəniz, şüurunun istiqamətini dəyişə bilərsiniz. Niyə xaricdə olan təşkilatlar bizim vətəndaşların şüurunun istiqamətini dəyişir, onu ölkəyə, xalqa, hakimiyyətə qarşı yönəldə bilir, amma biz onun şüurunu dəyişib normal şəkildə xalqa, dövlətə xidmət etməyə yönəldə bilmirik? Demək,  günah bizim özümüzdədir.

-Uşaqların dini mərasimə aparılmasına münasibətiniz necədir?

– Bir- iki dəfə bu barədə demişəm. Körpə uşaqları bu mərasimlərə aparmaq həqiqətən düz deyil. Çox pis bir adətdir. Uşaqların psixologiyasını uşaq vaxtdan korlayırlar. O dini mərasimləri görürsənsə, səndən, 10 ildən hətta 50 ildən sonra 5-6 yaşında hansı hadisələrin olduğunu soruşurlarsa o hadisələri canlandırırsan. Çünki sənin şüuraltına düşür. Şüuraltında qalacağını bilərək uşaqları məcbur edirlər ki, mərasimlərə gətirsinlər. Mən hesab edirəm ki, onları bu cür mərasimlərə gətirmək olmaz və bu, valideynlərinin məsuliyyətindədir. Bu valideynlərin məsuliyyətsizliyi və öz uşaqlarına olan məhəbbətlərinin kasadlığından irəli gəlir. Onlar sevgidən gətirmirlər. Elə hesab edirlər ki, uşaqları sevirlər, onları gətirib bütün müsibətləri göstərirlər. Amma uşağın psixikası pozulur. Uşaqların şüurunda neqativ bir an kimi qalır. Uşaqda düşmənçilik psixologiyası ortaya çıxır. Niyə uşağın 5-7 yaşında beyninə, kiməsə düşmənçilik ideyası hakim olsun. Beyninə hakim olan düşmənçilik ideyasını sonralar inkişaf etdirmək çox asan olur. Uşaqların bu cür mərasimlərə aparılmasının qəti əleyhinəyəm, pisləyirəm, o valideynlərə də məsləhət görürəm ki, övladlarını bədbəxt etməsinlər. Onlar bu yolla övladlarını müstəqil qərar qəbul etməkdən məhrum edirlər.

-Dini mərasimlərdə uşaqlara geyindirilən çarşaba münasibətiniz? Buna hansısa  iradınız varmı?

-İstəyərdim, uşaqları heç mərasimlərə gətirməsinlər. İnkincisi, “Facebook” və “Youtube”da göstərirlər ki, 1-1,5 yaşlı uşağı ata tutub qucağında, bir kişi də böyük xəncərlə uşağın alnını deşir. Vurur, qan açılır, uşaq da qışqırır. Bu,  uşaq üçün psixoloji travmadır. Uşaqların dini mərasimlərə aparılması, dövlət səviyyəsində qadağan olunmalıdır. Bəzi şeylərə müdaxilə etmək, bəzilərinə isə etməmək lazımdır. Bəzi şeyləri insanların ixtiyarına buraxmaq lazımdır, amma yeni nəslin tərbiyəsində olan bu fəsadları ortadan götürmək, gələcəkdə onların həyatlarını puç etməmək üçün bu işlərə qarışmaq lazımdır. Amma təbliğatla, zorla onu edə bilməyəcəksiniz. Zorla heç kəsi düşünməməyə, nəyisə görməməyə məcbur etmək mümkün deyil. Bu küçədə onu qovacaqsan, gedib başqa küçədə edəcək. Bu məsciddə qadağa edəcəksən, başqasında edəcək. Deyirlər ki, təhsil yolu ilə ortadan götürmək olar. İnsanları tərbiyələndirək , təhsilləndirək, maarifləndirək. Əksinə maarifəndirmə heç vaxt heç kəsi heç bir terrordan çəkindirməyib. Düşünsək, Yaxın Şərqdə olan terrorçuların əksəriyyəti çox yüksək dini bilikləri olan insanlardır. Belə bir nəticəyə gəlmək olar ki, maarifləndirmə heç kəsi heç bir terrordan, ekstremizmdən ayırmır. Xurafat da heç vaxt ekstremizmə, fundamentalizmə gətirmir. Onları ora gətirən digər insanlar var. Bir də insanların özünün ruhunda, ürəyində, beynində olan boşluqdur. İdealogiya yoxdur, ümid yoxdur. İrəli aparacaq təkanverici ideya olsa, mən o ideya ilə özümü məşğul edərəm. Əgər bilsəm ki, o ideya ilə hər hansı bir yerə gəlib çıxa bilərəm, heç vaxt başqa ideyalara fikir vermərəm. İdeyanın olmaması insanları sabit bir ideyaya getməyə məcbur edir. Bunda da dindən yaxşısı yoxdur. Yəni dini idealogiya formalaşmış, oturuşmuş bir idealogiyadır. Onu, kimə öz istədiyi kimi başa salsan, o cür də başa düşəcək. İnsanların şüurunu formalaşdırmaqda hakimiyyətin də, cəmiyyətin də, ziyalıların da rolu böyükdür. Amma mən burda ziyalıların rolunu görə bilmirəm. Çünki ziyalılar əvvəlki rolu oynamırlar. Cəmiyyətdə də ziyalılara verilən qiymət çox aşağıdır. Çox nahaqdan belə edirlər. Ziyalıları  belə vəziyyətə gətirəndə onlardan insanları tərbiyyələndirmək və doğru yola dəvət etmək üçün istifadə edə bilmirik. Ziyalılar öz misiyalarını yerinə yetirmək üçün imkan tapa bilmirlər.

-Yetkinlik yaşına çatmayan qız uşaqlarına çadra geyindirilməsinin qarşısını qanunla almaq olarmı?

-Mənə elə gəlir ki, qanun layihəsinin tətbiqi ilə mənəviyyat formalaşdırmaq olmaz. Mənəviyyat insanlarda ancaq sözlə, hərəkətlə formalaşır. Və ətrafda gedən proseslərlə formalaşır. Əgər ətrafımızda proseslər normal gedirsə, biz ədaləti, insanlara münasibətdə mərhəməti , xeyriyyəçiliyi görürüksə, şüurumuzda bu anlar daha çox yer tapacaq. Amma o insanlar ki, öz ixtiyarlarına buraxılıblar, azadlıq deyirlər, bu,  azadlıq deyil. Azadlıq heç kəsdə yoxdur, o hər zaman məhduddur. Bütün dini kitabların da hamısı yalnız insanların azadlığını məhdudlaşdırmaq üçün ortaya çıxır. Konstitusiyada elədir. Heç kəs heç kəsə əlavə hüquq vermir. İnsan doğulandan bütün hüquqları var. Amma qanunlar insanların hüquqlarını tənzimləmək və dar bir çərçivəyə salmaq üzərində qurulub. Çarşaba bürüyüb məktəbə göndərməyin qarşısını zorla, qanunla almaq mümkün deyil. Mən dəfələrlə bunu demişəm, xaricdə bütün məktəblərdə, universitetlərdə qadınlar otağı var. Gəlib çarşabı çıxarıb, asırlar balaca dolaba, olurlar adi məktəbli. Axşam da dərs bitəndə dolabı açıb çarşablarını geyinirlər. Bu, heç kəsə mane olmur. Bizə əsas odur ki, uşaq orta məktəbə gələn digərlərindən fərqlənməsin. Özünə diqqəti cəlb etməsin. Bəzən diqqət cəlb edir, ona pis bir söz deyirlər, məktəbin özündə, şagirdlərin arasında münasibət pozulur. Bunun olmamamsı üçün onlara şərait yaratmaq lazımdır. Çarşabı pisləməklə,  bunu onların əlindən ala bilməzsən. Çarşabın da məzmununu, mənasını başa salmaq lazımdır ki, bu,  nəyə görədir. Bu nə vaxt yaranıb, insanların hamısı üçün məcburdurmu, valideynləri niyə bunu məcbur edir. Aydınlaşdırsaq ki, çarşab insanlar üçün vacib buyrulan amil deyil islamda bu,  islamın özəyini təşkil etmir onda başa sala bilərik ki, çarşabsız da yaşamaq olar. Başa sala bilərik ki, çarşabsız da dinə gəlmək, Allaha itaət etmək olar.

-Sizcə, Bakı Dövlət Universitetinin İlahiyyat fakultəsinə bu ildən qəbulun dayandırılması və İslam Universitetinə tapşırılmasında məqsəd nədir? Bu, cəmiyyətimizə nə verəcək?

-Onsuz da 1992-ci ildə Bakı Dövlət Universitetində yaradılan İlahiyyat fakultəsi qeyri-qanuni idi. Əbulfəz Elçibəyin dövründə razılıq verilmişdi. Din dövlətdən ayrıldığı bir vaxtda, Bakı Dövlət Universitetində,  ilahiyyat fakultəsinin olması tamamilə konustitusiyaya zidd idi. O zaman çıxış etdik və Elçibəylə də söhbət etdik. Nəsə onu yola gətirə bilmədik və bu fakultə yarandı.  Həmişə demişəm ki, bu fakultənin dövlət universitetində yeri olmalı deyil. Əgər qanunla işləyiriksə, qanuni dövlətiksə, bizim qanunlarda nə yazılıbsa, onu yerinə yetirməliyik. Hər il fakultədə 50-yə yaxın buraxılış vardı. Onların heç biri gedib dini sahədə işləmirlər. Əgər dini sahədə işləmirlərsə, dövlətə xidmət etmirlərsə,  biz onlara niyə dini təhsil verib ordan məzun etmliyik? Bir məqsəd olmalıdır. O fakultədə işləyənlərin 90 %-i türklər idi. Vasim Məmmədəliyev də fakultəyə dekan gəlmişdi , O Qafqaz Müsəlmanları İdarəsini təmsil edirdi, şiə idi. Qarışdırmışdılar ki, desinlər burda şiə də, sünni də var. Amma əslində bu, Türkiyənin apardığı bir siyasət idi. Məqsəd dini biliklər vermək idi. Mənə elə gəlir ki, onun bir ucu da gedib nurçulara bağlanırdı. Mən nurçuları çox tənqid etmirəm. Çünki nurçular bilik verən yeganə qruplar idi. Sadəcə olaraq sonda hakimiyyətə gəlmə iddiaları var idi. Bu da çoxlarının xoşuna gəlmir. Buna normal yanaşıram. Kim hakimiyyətə gəlmək istəmir ki? Siyasi qurumlardan, dini qruplardan, cəmiyyətdə yeri, sözü, imtiyazı olan hansı qrup hakimiyyətə gəlmək istəmir ki? Amma hakimiyyətə normal biliyi, imanı olan adamın gəlməyi yaxşıdır, nəinki imansız, rüşvətxor insanların gəlməsi. Buna mən həmişə zidd olmuşam. Bu baxımdan dinin heç bir ziyanı yoxdur. Din cəmiyyətdə olmalıdır. Cəmiyyətdə din olmasa, korlanar. Elm, incəsənət və din: Elm inkişaf , incəsənət əylənmək, din ruhi qida və rahatlıq tapmaq üçün lazımdır. Biz üç bütöv amildən birini götürsək, cəmiyyət tamamilə korlanar.

-Məscidlərdə “axund” sözünün “imam” sözü ilə əvəz edilməsində məntiq nədir?

-Bizdə bu, indiyədək necə qalıbsa, o cür də davam etsə,  daha yaxşıdır. Bizim gündəmdə problem azdır, bunu da gündəmə gətirirlər? İnsanları çaşdırırlar ki, axund nədir, imam nədir. İnsanların qarşısında durub, moizə oxuyan adama “imam” deyirlər. İmamı axundla,  yaxud axundu imamla dəyişdirdin, orada heç nə dəyişmir axı. Amma insanlar qıcıqlanır. Deyirlər, biri sünni bir şiə mənşəlidir. Belə bir şey yoxdur. Bunun adını dəyişməklə məzmunu dəyişir? Mən bunun tamamilə əleyhinəyəm. Necə vardısa, elə də qalmalı idi. Bu, Azərbaycanda oturuşmuş sistemdir.

Nərmin Kərim, Fərid Orucov, A24.Az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Redaktor Seçimi, Müsahibə, Video Xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar