A24 Xeber

“Rasim Balayev kimi aktyora dəyər verilmirsə, vay bizim halımıza…” – Zaur Şəfiyevlə müsahibə

“Rasim Balayev kimi aktyora dəyər verilmirsə, vay bizim halımıza…” – Zaur Şəfiyevlə müsahibə
368
20 Noyabr 2017 - 14:59

A24.Az İbrus Teatrının aktyoru Zaur Şəfiyevlə müsahibəni təqdim edir.

– Zaur bəy, oxucularımıza özünüz haqqında qısaca nələri deyərdiniz?
– Dekabr 9-da 1980-ci ildə Bakıda doğulmuşam. Kiçik ailəm var: anam, atam və məndən kiçik qardaşım. Uşaqlıqdan aktyor olmaq istəmişəm. Əvvəllər evdəkilər buna ciddi baxmırdılar, amma aktyor oldum. “Xəzər Universiteti”nin beynəlxalq münasibətlər fakültəsini, çətin də olsa bitirmişəm (gülür).


– Təhsilinizlə hazırda çalışdığınız sahənin tamamilə fərqli olması nədən irəli gəlir?
– Azərbaycan reallığıdır. Müəyyən mentallıq içində böyüyürsünüz. O mentallıq sizə diktə edir ki, sən kişisən. Sənin əlində sənətin olmalıdır ki, gələcək həyatını 100% sığortalayasan. Amma həyatda elə bir şey yoxdur. Əminəm ki, aktyor kimi daha çox uğur qazanaram, nəinki oxuduğum sahədə.
– Dinə inancınız necədir?
– 20 ildir ki, dininə bağlı müsəlmanam. 17 yaşımdan namaz qılıram. Adətən insanlar belə deyir ki, həyatımda faciə baş verdi və mən dinə gəldim və ya əksinə. Amma məndə belə olmayıb, dinə gəlməyimdə heç bir faciəvi və ya xoş hadisə baş verməyib. Sadəcə belə olmalıydı və oldu da.
– Belə bir ifadə var: “Aktyor tanındığı müddətcə yaşayır”. Bu fikirlə razısız?
– Belə bir söz də var, “Əgər insan yaddan çıxıbsa, deməli, o ölüb”. İnsanın aktyor və ya başqa bir sənətin sahibi olmasının heç bir önəmi yoxdur. Aktyorlardan söhbət gedirsə, bu gün üzdə olanların əsas prioriteti tanınmaq və gündəmdə olmaqdır. Deyə bilmərəm ki, onları tamaşaçılar yadda saxlayır. Yox, sadəcə bir anlıq parlayır və tamaşaçıların gözünü “mazol” edirlər. Populyar ola bilərsən, amma bu, hörmət görmək mənasına gəlmir. Elə adamlardan uzaq durduğum üçün çox üzdə olmuram.


– Axı aktyorsunuz və sizə elə gəlmirmi ki, ön planda və gündəm də olmalsınız?
– Yox bu doğru deyil. Təbii ki, hamı irəli getmək, tanınmaq istəyər. Bununçün müəyyən üsullar var. Əgər sən hansısa bir filmə çəkilirsənsə və sonradan o filmdə çəkildiyinə görə utanırsansa, demək alınmayıb. İndiyə qədər çəkildiyim filmlərə və seriallara görə utanıram. Dostlar soruşurlar ki, “hansı filminə baxaq?” Mən isə heç birini məsləhət görmürəm. Çox istərdim elə bir filmdə çəkilim ki, özümlə, oynadığım obrazla fəxr edim, utanmayım. Utanmadığım tamaşam olub, amma filmim yox.
– Hazırda Türkiyədə film və serialların səviyyəsi inkişaf edir, bizdə isə əksinə. Siz bu prosesi necə dəyərləndirirsiz?
– Bu, çox geniş mövzudur, qısa cavab verə bilmərəm. Buna təsir edən bir neçə amil var, istər siyasi, istər sosial faktorlar. Burada konkret olaraq bir insanı günahlandırmaq olmaz. Sadəcə onu deyə bilərəm ki, türk filmlərinin bu səviyyəyə gəlib çıxması üçün 30-40 il qədər uzun vaxt lazim oldu. Ümid edirəm ki, bizə də yüksək mərhələyə çatmaq üçün o qədər vaxt gərək olmayacaq. Bir-iki ildən sonra bəlkə bir neçə yaxşı film çəkə bildik. Amma o da var ki, bir-iki filmlə kinomatoqrafiya yaradılmır. Gərək silsilə filmlər olsun.
– Güclü kinomatoqrafiyamızı yarada biləcək güclü nəsil varmı?
– Hazırda Azərbaycanda iki-üç adam var ki, onlara mən doğrudan da rejissor deyə bilərəm. Əlimdə imkan olsa, həmin insanlarla “Yeni dalğa” yarada bilərik. Lakin həmin insanlar artıq film çəkmirlər. Çox təəssüf edirəm buna.
– Aktyor, rejissor yetişməsinə əlverişli mühit varmı?
– Xeyr yoxdur.
– Bəs aktyora dəyər necə?
-Aktyora dəyər?! Yox (gülür). Normal mühit olmayan yerdə aktyora, rejissora dəyər necə ola bilər ?!
– Xalq artisti Rasim Balayevin xəstəliyi, dərmanlara pul tapa bilməməsi çox danışıldı. Buna bir aktyor olaraq münasibətiniz necədir?
– Nəinki bir aktyor, bir insan olaraq da düşünürəm ki, Rasim Balayev kimi aktyora, insana dəyər verilmirsə, vay bizim halımıza. Biabırçılıqdır. O, qiymətli bir daşdır və onu qorumalıyıq. Rasim Balayevin dərman almağa pulu yoxdursa, heç bir kinonun inkişafından söhbət gedə bilməz. Adam yaşaya bilmir və yaşaya bilməyən adam necə filmlərə çəkilə bilər?!


– Bu sahədə görülən işlər rejissor və aktyorları qane etmirsə, nəyə görə səsləri çıxmır bəs?
– Həmin sualı rejissorlara vermək lazımdır. Adətən onlar özlərinə bəraət qazandırmaq üçün hər şeyi edirlər. Rejissorlar öz işlərini necə gəldi görürlər, sonra da çəkdikləri “film”ə don geyindirib özlərinə bəraət qazandırırlar.
– Bu günlərdə “Pərdə 2” filminin qala gecəsi oldu. Həmin filmə münasibətiniz necədir?
– “Pərdə 2” də mən aktyor kimi yox, rejissor köməkçisi kimi çalışmışam. Həm də aktyorlarla məşq edirdik. Birinci “Pərdə”ni bəyənmirəm. Elə ikincini də bəyənmədim, bunu rejissora da dəfələrlə demişəm, rejissorun özü də bilir.
– Pərdə filmindən sonra heç harda çəkilmədiniz. Dəvət olmur, ya siz istəmirsiniz?
– Dəvətlər olur, amma razı olmuram. Ürəyimə yatan təklif yoxdur.
– Xaricdən necə, təkliflər gəlirmi?
– Bəli, yayda Rusiyadan təklif gəlmişdi. Amma elə də çox bəyəndiyim təkliflər olmayıb.


– Azərbaycan səhnəsi üçün nələri etmək istərdiniz?
– İstedadlı hesab etdiyim rejissorlara və ya aktyorlara pul yatırmaq istərdim.
– Azərbaycanda niyə komediya filmləri uğurlu alınır, amma dram bir o qədər də yox?
– Hələ ki, alınmayıb. Amma, bu, o demək deyil ki, alınmaycaq. Yaxşı drama təlabat var. Ümumiyyətlə “Xoxan” filmi yayımlanmamışdan öncə komediya filmlərinin uğur qazanacağını heç kim bilmirdi. Amma həmin komediya çıxandan sonra hamı dedi ki, bu sahədə pul var.

– Bir çox şeylərlə razı deyilsiniz. Sizə “öz dövrünə aid olmayan qəhraman” deyə bilərikmi?
– Mən qeyri adi insam deyiləm, bir çoxları mənim kimi düşünür. Sadəcə burada əsas öz mövqeyini qorumaq və düz bildiklərini deməkdir.
– Azərbaycan səhnəsinə nə arzulayırsınız?
– Azadlıq. Ən yaxşı biclik düzgünlükdür. Bilirsiz, bizim kinomuz, bu sahə niyə bu gündədir? Belə bir misal var “Mal yiyəsinə oxşayar”…

Minirə Qubatova // A24.Az 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00