Saqqalınız ağarsın, ay “Ağ bığlılar”! - REPORTAJ

Saqqalınız ağarsın, ay “Ağ bığlılar”!
Want create site? Find Free WordPress Themes and plugins.

ag-bigli-1Azərbaycan Dövlət Pantomim Teatrı… İçəri girən andan insana az tükədib, çox yaratmağın mümkünlüyünü öyrədən bu teatr heç kəsə sirr deyil ki, olduqca kiçik yerdə fəaliyyət göstərir. Artıq teatrın tərzinə çevrilmiş priyomlardan biri – tamaşa öncəsi tamaşaçıların yerlərini tutana qədər aktyorların ilk səhnəciyə başlayacaqları tərzdə səhnədə donub qalmaları həm kreativ ənənə, həm də şaxəli bir eyhamdır.
Teatrın son təqdimatlarından olan “Ağ bığlılar” tamaşası da elə bu tərzdə başladı. Qara plaşlı, ağ bığlı iki süpürgəçi… Biri süpürür, digəri isə onun süpürdüklərini zibil torbasına atır. Təbii ki, yığdıqları zibillər dibi açıq olan torbadan yenidən yerə tökülür. Bu onları zərrə qədər də narahat etmir. Həyatlarından keçən bir çox obrazların təsiri ilə haldan hala düşən iki ağ bığlı süpürgəçi bu həyatlarından çox da narazı görünmür. Şifahi xalq ədəbiyyatında, dünya mifologiyasında, qədim mətnlərdə dibi olmayan qabı doldurmağa çalışan bir çox obrazlar var, onların bəziləri digər obrazlar tərəfindən aldadılmışlar, bəziləri isə dünyanın faniliyinə eyham edən simvollardır. “Ağ bığlılar”ın qəhrəmanlarının bu fəaliyyətlə bizə ötürmək istədiyi mesajların nə olduğuna gəlmədən, teatrın aktyor, rejissor heyətinin kreativ və peşəkarlığına diqqət çəkmək istərdim. Həm fiziki, həm mənəvi yöndən səhnədə tamaşaçılara bu qədər yaxın olan başqa bir kollektiv təsəvvür etmək rahat deyil.
Teatr aktyorlarının kinoya, ekran əsərlərinə ayaq açması çox çətin prosesdir. Teatral pafosu, tamaşaçı ilə anında kontaktı və digər yüzlərlə teatr aktyoruna xas əlamətləri “soyunub” tamam başqa estetik sənət növü olan kinoya gəlmək hər bir aktyorun bacarıqları çərçivəsində olmur. Təbii ki, kino aktyorlarının da teatr səhnəsinə gəlməsi eyni dərəcədə mürəkkəb məsələdir. Əslində incəsənətdə bu yerdəyişməyə böyük ehtiyyac olmasa da, bir aktyorun bu iki işi eyni anda bacarması onun məziyyətidir. Biz bu lüksü Pantomim teatrının aktyorlarında tez-tez görürük; başda teatrın baş rejissoru, xalq atisti Bəxtiyar Xanızadə olmaqla “Pantomim”in silsilə yetirmələri timsalında. “Pantomim” teatrının daha bir aktyoru Nurlan Rüstəmovu da teatra çox da maraq göstərməyən bir toplumun üzvləri kimi yəqin əksəriyyətimiz seriallardan tanıyırıq.
Amma Nurlan seriallara ayaq açana qədər çox qiymətli bir səhnədən – Azərbaycan Dövlət Pantomim Teatrı”nın səhnəsindən keçib, bu gün də o səhnədə irəliləməklə məşğuldur. Bu aktyoru hələ illər ag-biglilaröncə teatrın “Dəli Domrul” tamaşasında baş rolda görmüş və heyranlıqla tamaşa etmişdim. İndi isə Nurlan Rüstəmov xalqımıza “Pantomim” teatrının səhnəsində müəllifi olduğu “Ağ bığlılar” tamaşasını təqdim edir. Əməkdar artist Bəhruz Vaqifoğlunun quruluş verdiyi tamaşanın gedişatı, aktyor heyətinin performansı insanı sənətə, teatra, həyata tamam başqa yöndən kökləyir. Rejissorun da, ideya müəllifinin də rol aldığı tamaşada çıxış edən aktyor heyəti – Solmaz Bədəlova, Səbirə Həsənova, Rafael Şahbəyli, Nuridə Musabəyli, Leyla Atayeva – son dərəcə səmimi oyunları ilə televiziya ekranlarından, təkəbbürlü teatr səhnələrindən kifayət qədər pafos yığmış gözlərimizə dinclik gətirir.
Əslində bu mətndə tamaşa haqqında çox məlumatın yer almamasınının səbəbini teatr sevərlər artıq başa düşüb; teatrın premyerasından cəmi bircə həftə ötüb. Yəqin ki, əsas tamaşaçı kütləsi “Ağ bığlılar”la hələ tamaşanın növbəti silsilə nümayişləri zamanı tanış olacaq. O üzdən tamaşanın mahiyyəti, sujeti haqqında çox danışmadan sadəcə teatrın “Ağ bığlılar” tamaşası üzərində çəkdikləri zəhməti və ərsəyə gətirdikləri sənət əsərinin keyfiyyətini önə çəkməklə işimizi bitmiş hesab etmək məcburiyyətindəyik.

P.S. Teatrdan çölə çıxdıqdan sonra tamaşanın fon musiqisinin təsiri altında adamın ürəyindən “28 may” metrostansiyasından çıxan kütləni durdurub hamıya tamaşa haqqında danışmaq, hamını teatra aparmaq keçir. Həm də Remarkın qəhrəmanı Paul Boymerin yaralı dostunun çarpayısı başında danışmaq istədiyi kimi: ucadan!

Sərdar Amin, A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
Manşet, Reportaj
a24.az

Müzakirə

BÜTÜN XƏBƏRLƏR

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs