Şinelindən yüzlərlə şair çıxan ŞAİR

Əyyub Qiyas
Əyyub Qiyas

A24.Az Əyyub Qiyasın bir neçə gün öncə 70 yaşını qeyd edən şair Ramiz Rövşənə həsr etdiyi “Şam” adlı yazısını təqdim edir.

Yüz illərdir bir şam yanır,
Küləklər söndürə bilmir.
Yüzlərlə əllər uzanır,
İşığını dərə bilmir…
Ramiz Rövşən.

Adətən, yubilyar haqqında yazıların öz formatı, öz üslubu olur – TƏBRİK EDİRƏM!
Mən bu yazını düz 20 il əvvəl yazmağa başlamışam – Ramiz Rövşənin 50 yaşında, amma tamamlamaq bu günün qismətiymiş…
Həmişə hiss etmişəm ki, Ramiz Rövşən haqqında yazmaq mənim üçün asan olduğu qədər də çətindir, özü də çox çətin. Amma R.Rövşən haqqında yazmaq heç vaxt gec deyil! Ona görə gec deyil ki, onu “…sevənlərdən ötrü ölüncə 23 yaşında qala bilməyən” şairin 50 yaşından bu bu yana iyirmi il də ötüb keçdi, amma 20 il, 50, 100 illər ötsə belə Ramiz Rövşən kimi söz ustadlarının yaşamaq səddi üçün maneə ola bilməz. Daş heykəllər, hündür binalar, sivilizasiyalar uçub dağılsa da sözdən tikilən abidələr 1000 illər boyu yaşayır və yaşayır…
Homer yaşayır, Vergili yaşayır, Nizami, Füzuli, Dante, Şekspir yaşayır və yüz illər keçəcək, bu sırada Ramiz Rövşən də olacaq.
Məni R.Rövşənə bağlayan, doğmalaşdıran hisslər, ilk növbədə təbii ki, şairə, onun yaradıcılığına olan milyonlarla oxucudan birinin sevgisi qədərdir. Amma bir sevincin də və qürur yerim də var – biz Ramiz Rövşənlə həm də iş yoldaşı olmuşuq və bu fakt mənim üçün Tanrının mənə bəxş etdiyi şərəf payıdır.
İlk dəfə “Azərbaycanfilm” kino-studiyasında (1987-1988), sonra da Bədii Tərcümə Mərkzində (1991-1992).
1991-ci ilin mayında isə Sumqayıtdakı “Neftqazavtomat” Elm İstehsalat Birliyinin akt zalında şairlə möhtəşəm bir görüş keçirdik. Həmin görüşün təşkilatçısı mən idim.
“Bir yağışlı nəğmə” kitabından üzü bəri ürəyimdə cığır açan, sonra zaman-zaman bu cığırı magistral yola çevirən şairin yaradıcılığına olan sevgim məndə bir dəyişməz qənaət yaradıb – Ramiz Rövşən əbədiyyət şairidir, onun əbədiyyət üfüqlərində doğan günəşi daima parlayacaq və o işıqdan mənim də gözümə bir zərrə düşəcək.

Bilmədim hayandan tapdı ömrümü,
Bir dəli at kimi çapdı ömrümü,
Dağlara, daşlara çırpdı ömrümü,
Qədrimi bilmədi bu adam mənim,
İlahi, al məni bunun əlindən…

deyən, şairin oxucunun ürəyindəki mənəvi yükü boşaltmaq, insanın daxili dünyasına müdaxilə etmək, fəlsəfi zənginliyin lirik formada isbatına şərait yaratmaq R.Rövşən yaradıcılığı üçün əsas şərtdir. Ramiş Rövşən bizim dövrün ədəbiyyatında fərqli söz deyən, fərqli yazan və fərqli düşünən şairlərdəndi və ədəbi camedə onun şinelindən çıxan yüzlərlə şair var.

Döşünün altında sevən bir ürək,
Dişinin altında zəhər tuluğu,

olan “İlan balası”nın

Yüz yol çıxacaqsan öz qabığından,
Özündən ayrıla bilməyəcəksən,

taleyi də,

Barış canındakı zəhərli dərdlə
İyrənmə özündən ilan balası, –

etirafı da, şairin həyata, zəmanəyə, əsrə qarşı üsyanıdır və bu üsyanın hər iki qütbündə yenə Ramiz Rövşən gerçəkliyi dayanır. Bu həqiqətin isə həmişə olduğu kimi bir üzü var;

Çox batan yerində batır,
Dadına gələn də batır,
Ağıllı dərində batır,
Dayazda axmaq boğulur, –

yaxud da,

İt olub hürmədik aya
Yıxdı bizi abır-həya,
Qoyun olmaya-olmaya
Qoyun olmaq çətin şeymiş, –

fikri də yaddaşların, tarixlərin, sükutların oyanışına və bu oyanışların ləngliyinə, astagəlliyinə bir ürəyin, bir şairin iztirablarının ifadə formasıdır.
Şeirləri oxunduca adamla danışan, sözü zorla deyil ürəkdən gələn, heç vaxt yazmaq üçün yox, sözü yüksəklərə qaldırmaq üçün yazan şairin yetmiş ildə vur-tut bircə qalın, sanballı kitablıq şeiri var, amma yüzlərlə kitaba dəyən bir kitabı. Ramiz Rövən sözə xəyanət etməyən tək-tük şairləndəndir, o, ancaq söz onu narahat edəndə yazır. Bəzən də ehiyatla;

Bir az uzun çəkdi ömrüm deyəsən,
Deyəsən dostlar da darıxdı bir az,

deyərək, özü-özündən xoflanır. Və bu xofa, bu qorxuya, bu etirafa sadiq qalaraq ömrünü paxıllıqla xərcləyən, ürəyinin söz yükünü xəsisliklə boşaldan və dostları darıxmağa, gözləməyə məcbur edən bir R.Rövşən də var. Hansı ki, ömründə bircə sətir belə sevgidən yazmayan, amma bütün şeirləri segyiylə yazılan R.Rövşən. Elə “Köhnə məktublar”dan qalxan alovda yanıb kül olan, “Qara paltarlı qadın”ın nakam aşiqlərin qəbrilərinə daman göz yaşları da,

Mən elə bilirdim sənsiz ölərəm,
Mən sənsiz ölmədim, məni bağışla, –

üzürxahlğı da şairin sözün qüdrətinə, ilahiliyinə fərqli yanaşmasıdır. Şeirimiz təşbeh rəngarəngliyi ilə zəngindir. R.Rövşənin təşbehləri isə heç bir dövrdə işlənməyən, necə deyərlər qatı açılmayan təşbehlərdir. O, başqaları kimi sevgisini ənənəvi gülə, bülüblə oxatmır. R.Rövşənin üçün sözlə aşiqin xətrinə dəymək qorxusu yoxdur. Şair sözün sərhəddini gözəl bilir. Şairin təxminən əlli əvvəl yazdığı “Köhnə məhəbbətlər limanı” şeirinədki

Uzaq limanların işığı sönsə,
Bir uzaq səfərdən qayıdan mənəm.
Dünyanın ən gözəl gəmisi – sənsən,
Dünyada ən igid kapitan – mənəm, –

deyiminin özünün də klassik ifadə forması var. Bu ifadənin arxasında şairin daha sonra qələmə aldığı başqa bir etirafı dayanır;

Bu sevgidir, mənim balam,
bir dəlisov kəhər kimi
dalımızca çapan sevgi.
Harda olsaq əcəl kimi
gəlib bizi tapan sevgi.
bu sevgidir, mənim balam,
Min ildi ki, – həmən sevgi.
gözündən yaş damcılayan
əlindən qan daman sevgi.

Artıq, Ramiz Rövşən yaradıcılığı R.Rövşən məktəbi statusunu çoxdan alıb. Bu məktəbdə “şapalaq vurmağa qolu olan” bir müəllimin “öldür məni oynamaram bu toyda” inadı da var, “nə çiçək verməyə, nə çiçək almağa bir kimsəsi olmayan” insanın narahat ürəyinin “ömürdən savayı hər şeyi təzə” əzabları da.
Xalq şairi Sabir Rüstəmxanlı bir şeirində deyirdi ki, “Şairlər Allahın belindən gəlir”. R.Rövşən kimi şairlər doğrudan da Allahın belindən gələnlərdəndir və şair özü şeirlərinin birində

Dünaynın sonuncu şairi ölsə
Göydən yerə ölü Allah düşəcək, –

yazmışdı. Mən bu həqiqətə inadığım üçün üzümü göylərdən çəkməyə qorxuram. Bütün duaların üz tutduğu göy üzündə həmişə pıçıltıyla dediyim duaları bu dəfə ucadan demək istəyirəm: 70 yaşın mübarək Ramiz Rövşən!

Əyyub Qiyas

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR