“Sökülən villalar parkı”ndan son görüntülər – REPORTAJ – FOTO

Ölkə başcısının paytaxtın Səbail rayonunun Bibiheybət qəsəbəsi ərazisində -Şıx çimərliyi ilə üzbəüzdə yerləşən “Dostluq parkı”nda tikilən qanunsuz villaların sökülməsi ilə bağlı göstərişindən təxminən 45 gün keçir. Bəs, bu ay yarımda ərazidə nə kimi işlər görülüb? Söküntü başa çatdırılıbmı? Parkda abadlıq işlərinə başlanılıbmı? Bu suallara cavab almaq üçün “a24.az”ın əməkdaşı dünən ərazidə olub. 

Xatırladaq ki, mayın 19-da Binəqədi rayonunda yanan bina ilə bağlı mayın 20-də prezidentin yanında keçirilən müşavirədə İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova “Dostluq parkı”nda qanunsuz tikilən villaların sökülməsi ilə bağlı tapşırıq vermişdi. Bu tapşırığa dərhal əməl edən Abutalubov işçi qüvvəsi ilə əraziyə çıxdı, həvəslə söküntü işlərinə başladı. Hətta fəhlələr villaları “canlı” musiqi sədaları altına sökürdü. Bir həftə ərzində sökülən tikililərin yerində isə ağaclar əkilərək yaşıllaşdırma işlərinə başlanmışdı…

Sökülən tikililərin yerinə çatmaq üçünsə xeyli yol getdik, hətta yolda sahibsiz küçə itlərinin israrlı hücumunu dəf etmək üçün xeyli tər də tökdük. Nəhayət, sözügedən əraziyə gəlib çıxdıq. Ancaq bütün yol boyu əvvəlcədən görməyə ümid etdiyimiz yaşıllıqdan heç bir əlamət yox idi. 7 villanın tikildiyi sahədə əkilən yüzlərlə ağac isə saralmış, qurumuş, hətta küləyin təsirindən bəziləri yıxılmışdı. Yaşıllıq dolu bir park gözlərkən sanki səhraya rast gəlmişdik…

Ətrafı müşahidə edərkən, bir neçə fəhlənin qurumuş ağacları çıxarıb, Bakı Şəhər İcra Hakimiyyətinin yük avtomobilinə yığdığını gördük. İcra Hakimiyyətinin işçiləri səhər tezdən 30-a qədər ağacı çıxararaq avtomobillərə yüklədiklərini və 50-yə yaxın yeni ağacın əkildiyini söylədilər.

“Bəs yeni əkilən bu yaşıl ağaclar niyə saralıb? Bir yox, iki yox, yüzlərlə ağac niyə tamamilə quruyub” sualımıza cavab verməyə çalışan işçilər ərazidə ağacların hər gün sulandığını söylədilər. Ağacların qurumasına səbəb olaraq da isti və quru havanı göstərdilər. Bəziləri isə torpağın münbit olmamasından şikayətləndi.

O ətrafda yaşayanlar isə əraziyə mütəxəssis gəlməli olduğunu bildirərək, araşdırmalar aparılmasa, bu ərazidə ağacların bundan sonra da qurumağa davam edəcəyini söylədilər…

Səhər saatları olmasına baxmayaraq, rəsmi şəxs qismində isə ərazidə heç kəs yox idi. Və biz də qızmar Günəş altında axşama kimi ağac əkəcəklərini deyən fəhlələrə iş avandlığı diləyib, qayıdanbaş yenə qarşılaşacağımız itlərdən bu dəfə canımızı necə qurtaracağımızı düşünə-düşünə özümüzü vurduq yamac aşağı tozlu cığırlara…

Xatırladaq ki, sözügedən müşavirədə dövlət başçısı qanunsuz tikililərlə, xüsusən də “Dostluq parkı”nda tikilmiş villalarla bağlı sərt çıxış etmişdi: “İndi Bakıda, Azərbaycanda nə qədər qanunsuz evlər tikilir?! Mən soruşanda, sanki heç kimin xəbəri yoxdur. Yerli icra başçılarının, şəhər icra başçılarının, heç kimin xəbəri yoxdur. Bu yaxınlarda istifadəyə verilən yeni idman obyektləri ilə tanış olarkən vaxtilə Heydər Əliyevin şəxsi iştirakı ilə salınmış “Dostluq parkı”nın bir hissəsinin yenə də zəbt edildiyini gördüm. Mən 7-8 il əvvəl ora getmişdim. Görmüşəm ki, “Dostluq parkı”nda ağacları qırırlar, villalar tikilir. Hacıbala Abutalıbova göstəriş verdim ki, gedin aydınlaşdırın… Bütün tikilən villalar qanunsuzdur. Dedim ki, gedin, o villaları dağıdın, qoy onları tikənlər üçün dərs olsun. İndi o gün gəlirəm, görürəm ki, yenə də düz “Dostluq parkı”nın yanında, yamacda villalar tikilir. Dedim ki, gedin öyrənin ki, bu villaları kimlər tikir. Heç bir adam çıxmadı. Dedim ki, gedin bir villanı sökün, görək bunun arxasından kim çıxacaq, heç kim çıxmadı. Dedim ki, bu villalar heç kimə məxsus deyilsə, o villaları söküb dağıdın, başqalarına da dərs olsun. Gedib qanunsuz yollarla özəlləşdirirlər, zəbt edirlər, hasarlayırlar. Elə istinad divarları tikilib ki, bəlkə də bir neçə milyon manat təkcə o istinad divarlarının tikintisinə sərf olunub. Bu qədər özbaşınalıq olmaz! Dəfələrlə demişəm ki, qayda-qanun olmalıdır, ilk növbədə vəzifəli şəxslər nümunə göstərməlidirlər. Yerlər zəbt edilir, qanunsuz tikililər aparılır, sonra da bunu qanunsuz sənədləşdirirlər”.

Onu da qeyd edək ki, sözügedən ərazidə torpaq sahəsinin qanunsuz olaraq alqı-satqısını həyata keçirməkdə şübhəli bilinən iş adamı -1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu həbs olunub. Belə ki, Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) əməkdaşlarının iyunun 15-də keçirdikləri əməliyyatla 1972-ci il təvəllüdlü Hüseynov Tərlan Kərim oğlu tutularaq istintaqa cəlb edilib. Onun barəsində BŞBPİ-nin İstintaq İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Xətai Rayon Məhkəməsinin qərarı ilə T.Hüseynov barəsində 3 ay müddətinə həbs-qətimkan qərarı çıxarılıb. O, Kürdəxanıda yerləşən 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

T.Hüseynovun hüquqi nümayəndələri isə onun barəsində Xətai Rayon Məhkəməsində çıxarılan həbs-qətimkan qərarının dəyişdirilməsi üçün Bakı Apellyasiya Məhkəməsinə şikayət ərizəsi ilə müraciət ediblər. Lakin məhkəmə 16 iyun 2015-cı il tarixdə Xətai Rayon Məhkəməsinin çıxardığı qərarı qüvvədə saxlayıb.

Qeyd edək ki, T.Hüseynovun tanınmış rejissor, xalq artisti Tofiq İsmayılovun kürəkəni olduğu bildirilir.

Rəvan Nasiroğlu

https://www.youtube.com/watch?t=500&v=dFaqY0Nr8qE

MÜZAKİRƏ

1 şərh “Sökülən villalar parkı”ndan son görüntülər – REPORTAJ – FOTO üçün

  1. Araz Teymur dedi:

    O yolu gedib xeber yaza bilmisinizse size halaldi Revan.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR