15387637_10209777365343767_483226151_o

Tanış “cəh-cəhlər” – RESENZİYA

15272139_1234008056669301_8204560508454242126_oElvin Adıgözəlin “Yasaq cəh-cəhlər”i haqqında düşüncələrim…

Uzun zamandır teatra getmirdim. Rayonda yaşadığım müddətdə buna fürsətim olmur, şəhərdə olanda da vaxt tapmaq müşkülə çevrilir. Ötən şənbə şeytanın qıçını “qırıb”, nəhayət ki, rejissor Elvin Adıgözəlin və İntiqam Hacılının dəvətini dəyərləndirə bildim.

Xəzər Universitetinin tamaşa salonunda Elvin Adıgözəlin “Yasaq cəh-cəhlər”inə baxdım. Qeyd edim ki, İsveçrənin Qafqaz üzrə ofisinin dəstəyi ilə səhnələşdirilən “Yasaq cəh-cəhlər” Türk yazıçısı Yeşim Ağaoğlunun eyniadlı əsərinin uyğulanmasıdır.

Elvin bəyi daha çox kinorejissor kimi tanımışıq. “Buqələmun” kimi uğurlu filmin müəllifi, həm də üç tamaşanın rejissorudur. Üstəlik müstəqil fəaliyyət göstərən rejissor dostumuz, ölkənin kino sahəsindəki boşluqları çox yaxşı bilən demokratik düşüncəli, azad fikirli sənət adamıdır. Zaman-zaman tənqidi fikirlərini deməkdən çəkinmədiyi üçün, rejissor dostumuza xüsusi rəğbətim olduğunu da gizlətmirəm. İzlədiyim filmlərinə əsasən düşünürəm ki, onun gələcəkdə daha uğurlu işləri olacaq. Elvinin bir rejissor kimi müstəqil düşüncəsi, cəsarəti tamaşaya da yansımışdı.

Eyni zamanda tamaşanın yaradıcı heyətində İntiqam Hacılı və Şahin Xəlilin də iştirakı səhnə işinin uğurlu olacağına şübhə yeri qoymurdu.

Gələk tamaşaya!. Tamaşada Ana obrazını İlqarə Tostka, oğlu Ziya Ağa, Qarğanı Oqtay Mehdiyev, baş naziri Elşən Rüstəmov, aparıcını isə Təhminə Dantsiq canlandırıb. Əsərdə sosial-siyasi problemlər fonunda xəyali bir ölkə təsvir olunub.

Mövzu və bu mövzuya cəsarətli yanaşmanı bəyəndim. Tamaşadakı sərsəm rəqslər də, “on ildi əlinə kişi əli dəyməyən” tənha qadın da, qarnı üçün qapı-qapı gəzən Qarğa da, inqilab sevdasıyla yaşayan oğul da, isterik gülüşlər də, öz bəstəsini aparıcıya dinlətdirən baş nazir də mənə tanış gəldi. Qısacası bu “cəh-cəhlər” mənə tanış idi.

Yeşim Ağaoğlu bəlkə də yaşadığı ölkəyə işıq tutub, amma mövzu qlobaldır. Aktyorların fəaliyyətini, xüsusilə Elşən Rüstəmovun oyununu çox bəyəndim.

Ümumiyyətlə aktyorlar da, tamaşanın hazırlanmasında iştirak edən digər şəxslər də əsərin uğuru üçün əlindən gələni ediblər. Təbii ki, tamaşa xırda qüsurlardan da xali deyil. Ancaq bu qüsurları sadalamaqla görülən işə kölgə salmağı insafsızlıq hesab edirəm. İş olan yerdə qüsurun olması təbiidir. Ancaq çətin şəraitdə, çətin şərtlər altında bu cür tamaşanı səhnələşdirmək həqiqətən böyük uğurdur.

Azərbaycan səhnəsində bu cür tamaşaların sayının artması, bu cür tamaşaların daha böyük salonlarda, daha geniş tamaşaçı kütləsinə çatdırılması vacibdir.

Yenidən nümayiş etdirilsə məmnuniyyətlə bu tamaşaya baxacağımı düşünürəm.

Sonda yaradıcı heyətə bol-bol uğurlar arzulayıram.

Cəlil Cavanşir, A24.Az

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR