Təhsil Nazirliyi XƏBƏRDARLIQ ETDİ – Bu müəllimlərin nəticələri LƏĞV EDİLƏCƏK

Təhsil Nazirliyi XƏBƏRDARLIQ ETDİ – Bu müəllimlərin nəticələri LƏĞV EDİLƏCƏK
Want create site? Find Free WordPress Themes and plugins.

Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqəyə elektron ərizələrin qeydiyyatı başa çatıb.

A24.Az-ın məlumatına görə, Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib ki, iyulun 1-dən 14-dək davam edən proses zamanı 50 minə yaxın şəxs proqram təminatında qeydiyyatdan keçib, onlardan 47 mindən artıq şəxs müsabiqədə iştirak üçün elektron ərizələrini təsdiqləyib.

Onun sözlərinə görə, 2000 nəfər müəllimlərin işə qəbulu ilə bağlı keçiriləcək test imtahan mərhələsində iştirak etmədən, birbaşa müsabiqənin müsahibə mərhələsinə buraxılacaq: “Təhsil Nazirliyinin tətbiq etdiyi yeni qaydaya əsasən ötən il imtahan verib, müəyyən keçid balını toplayanlar bu il test imtahanı vermədən birbaşa müsahibə mərhələsində iştirak edə biləcəklər. Qalanlar isə test imtahan mərhələsinə qatılacaqlar”.

Sektor müdiri bildirib ki, müəllimlərin işə qəbul ilə bağlı müsabiqədə iştirak etmək istəyənlərin sayı ilbəil artır: “Əgər 2013-cü ildən 2017-ci ilə qədər olan dövrü müqayisə etsək görərik ki, dinamikada artım müşahidə olunur. 2013 və 2014-cü illərdə 18 min nəfər, 2015-ci ildə 24 min nəfər, 2016-cı ildə 34 min nəfər, nəhayət 2017-ci ildə isə 50 min nəfərə yaxın şəxs müəllimlərin işə qəbulu ilə bağlı müsabiqədə iştirak etmək üçün qeydiyyatdan keçiblər. Artıq müəllim olmaq istəyən şəxslər başa düşürlər ki, müəllim adını qazanmağın bir yolu var: şəffaf qaydada keçirilən imtahan prosesində iştirak etmək. Bu prosesi uğurla keçdikdən sonra onlar müvafiq vakansiyalara uyğun olaraq müəllim adını qazanacaqlar. Bu, artıq şəffaflığın etalonudur. Bundan əlavə, yeni qaydalara əsasən, müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də könüllü şəkildə hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilərlər”.

C. Valehov qeyd edib ki, bu ilin iyun ayında həm Bakı şəhərində, həm də regionlarda çalışan və öz iş yerlərini dəyişmək istəyən müəllimlər üçün imkanlar yaradılıb: “Nəticədə 1600-dən artıq müəllim çox şəffaf şəkildə həm Bakıda, həm də regionlarda öz iş yerini dəyişə biliblər. Eyni zamanda, yeni qaydalara görə bu və ya digər səbəbdən öz iş yerini dəyişə bilməyən müəllimlər yerlərini dəyişmək istəyirlərsə, onlar müəllimlərin işə qəbulu ilə bağlı keçirilən imtahanda iştirak edərək müvafiq vakansiyaya uyğun balı qazanaraq yerlərini dəyişə bilərlər. Bu da builki yeniliklər sırasındadır”.

Qeyd edək ki, Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqədə ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər iştirak edə bilər.

Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlər də hazırkı iş yerindən çıxmadan müəllimlərin işə qəbulu müsabiqəsində iştirak edə bilər. Bu il müəllimlərin işə qəbulu müsabiqəsində tətbiq olunan yeniliyə əsasən ötən il keçid balını toplamış namizədlər yenidən qeydiyyatdan keçərək, topladıqları bala uyğun vakansiya seçimi mərhələsində iştirak edə bilərlər. Həmin namizədlər cari ildə keçiriləcək müsabiqənin test imtahanı mərhələsində iştirak etdikləri təqdirdə builki müsabiqənin nəticələri nəzərə alınacaq.

Müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir. Namizədlər vakansiya seçimini müsabiqənin test mərhələsindən sonra edə biləcəklər.

Müsabiqənin hər hansı mərhələsində namizədin elektron ərizədəki məlumatları düzgün doldurmadığı müəyyən edilərsə, onun nəticələri ləğv edilir. Hər hansı bir səbəbdən göstərilən vaxtda test imtahanında və ya müsahibədə iştirak etməyənlər üçün təkrar imtahan və müsahibə keçirilmir. (apa)

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Gündəm, Təhsil
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar