Təlxəklər niyə yarandı?

Təlxəklər niyə yarandı?
Want create site? Find Free WordPress Themes and plugins.
Günel Eyvazlı
Günel Eyvazlı

A24.Az Günel Eyvazlının “Trikster – Təlxək obrazları” essesini təqdim edir.

Triksterə ilkin obraz olaraq mifologiyada, folklorda rast gəlirik. Birbaşa ingilis dilindən tərcüməsi yalançı, uydurmaçı, kələkbaz anlamındadır. Onu bəzən məsuliyyəti olmayan dərrakəsiz də adlandırırlar. Çünki hərəkətləri bir növ küt, qavrayışı olmayan kimi görünə bilir, amma nəticə daima yaxşılıqla yekunlaşır. O, hiyləgərdir, çox ağıllıdır. Bəzi məqamlarda anlayışsız, key kimi görünmək onun işinə yarayır. Bəli, ona gülürlər, ələ salınır. Amma sözünü deməyi bacarır. Yox, sözünü deyə bilmək və cəzalanmamaq sonrakı təlxəklərin taleyində yaşanırdı. Çünki təlxəyin qəlbə deyən sözlərindən hiddətlənmək onu cəzalandıranın özünü gülməli vəziyyətə sala bilərdi. Bu da ağlı başında olan hökmdar üçün ağızlara söz olmaq, rəvayətə, gülməcəyə çevrilmək qorxusu idi.

Trikster isə hələ ibtidai forma idi. Gələcək sarayların içinə daxil olacaq, bədii əsərlərin qanına hopacaq ilkin forma idi. İbtidai şüur bu mifik obrazı yaradaraq yeni dönəmə addım atmışdı. Tənqid dönəminə istiqamət alımışdı. Mədəni, mətnaltı tənqid dönəminə. Bəlkə də niyəsinə cavab tapmaq istədiyimiz açılış elə, budur. Bəlkə yumor, təlxəklik pərdəsi və satira mənfiləri söyləmək üçün əla çıxış yolu idi?

Ona skandınaviya, slavyan, yunan miflərində daha çox rast gələ bilərik. Rus folklorunda rast gəldiyimiz İvan-Duraçok, tarixdə adını Şiko kimi rəsmləşdirən III və IV Henrix-in sarayında çalışan tarixi şəxsiyyət Jan-Antuan d,anqlere ondan çox sonra meydana gəlmişdi. Siyahını davam etdirə bilərik: Ədəbiyyatda qurbağa təxəllüslü obraz (Edqar Allen Po “Qurbağa”- “Təlxək Hopfroq” hekayəsi), Şekspirin “Kral Lir”nin ən yaxın dostu, onu tərk etməyən təlxəyi, özünü sarsaqlığa, dəliliyə vuran Hamlet, ağ-qara, səssiz filmlərin gülməli Çarli Çaplini, bəlkə də Hamlet ilə eyni ruhi, daxili sarsıntını keçirən Kefli İsgəndər və.s-ləri ilkin formadan inkişaf etmişdilər. Amma bu forma əsrlərin forması idi. Yeganə çıxış priyomu idi. İstəkləri dilə gətirmək üçün əla vasitə idi.

Doğrusu, bu yönümdə çox düşünürdüm. Ələlxüsus Şekspiri dəfələrlə oxuduqdan sonra. Onun əsəsrlərini təbəssümsüz oxumaq qeyri-mümkündür. Birbaşa olaraq təlxəklik statusuna malik olmasa da gülməli durumda olan bir obraz mütləq şəkildə onun əsərlərindən ana xətt olaraq keçir. Şekspir teatral strukturlu əsərlərində təlxəksiz keçinə bilmir. Bu priyomdan dəfələrlə istifadə edir. Məqsəd əslində güldürmək yox, düşündürmək idi.

Nədənsə Tolstoy Şekspiri heç sevməzdi. Bu haqda daha yaxından Corc Oruellin 1947-ci ildə qələmə aldığı yazısını oxuyaraq məlumatlandım. Tolstoy qətiyyətlə Şekspirin profissionallığını qəbul etmirdi. Onu istedadlı saymırdı. Bütün bunlara rəğmən onun şöhrətini anlamaq üçün dəfələrlə əsərlərinə qayıdırdı. Bir daha, bir daha onu oxuyurdu. Budur, yetmiş beş yaşlı Tolstoy yenidən Şekspir əsərlərini vərəqləyir. Yaşının bu çağında bir daha Şekspirin populyarlığının səbəblərini özü üçün açıqlamaq istəyir. Nəticə isə eynidir: “Şekspir istedadsızdır!”.
“Kral Lir” onu xüsusilə qıcıqlandırırdı. Oruel “Onun (Tolstoyun) öz qəfləti, düşünülməmiş sonluğundan- ölümündən xəbəri yox idi” yazırdı. Həm də Tolstoyun təsvir etiyi Kralın zahiri görünüşündən danışarkən ağ saqqallı, qoca kimi şəkillənməsini elə Tolstoyun öz surəti kimi qələmə verirdi yazısında. Tolstoy oçerkində “Kral Lir”i plaqiat adlandırmaqdan belə çəkinmirdi. Şekspir olduqca darıxdırıcıdır, söyləyirdi.

Tarixdə adını təlxək olaraq rəsmiləşdirən bir çox saray adamları olub. Hətta adbaad onları sadalaya da bilərik. Tribule, Balakirev, Stançik, Şiko, Boqdonoff, Klaus Narr, Prozorovski qardaşları, Pedrillo və.s. gerçək tarixi şəxsiyyətlər idi. Onlar xalq arasından çıxmış növbəti həyatını saraylarda davam etdirən şəxslər idi.

Edqar Allen Po hökmdarların nə üçün saraylarında təlxəkləri saxlamasını özünəməxsus şəkildə hekayədə bir neçə cümlə ilə ifadə edir: Uzun günləri maraqlı etmək, əylənmək, gülmək üçün vasitə lazım idi hökmdarlara, vəssalam.

Tarixdə gerçək təlxəklər olub ki, onlar daha çox məsləhətdaş olaraq hökmdarların karına gəliblər. Xüsusilə Avropa saraylarında. Şərq gerçək tarixində təlxək görünmür. Bəlkə də iki qüvvə: müdrik və qəddar olaraq təsvir olunan vəzirlər bu funksiyanı bir növ yerinə yetirirdi. Medalın iki üzü kimi. Xeyir və Şər kimi ikitərəfli mövqe hökmdarın sağ və sol qulağında pıçıldayırdı. Kimin sözünə qulaq asması isə hökmdarın aqilliyindən asılı idi. Biz folklor nümunələrimizdə, bədii əsərlərdə, nağıllarda bu incə xətti sezə bilirik: “Biri vardı, biri yox idi, bir hökmdarın adil bir vəziri var idi” və.s. Baxın, sözün düzünü söyləmək bizim folklorda mütrüb obrazında deyil, müdrik obrazında görünür. Eynilə folklorumuzda rast gəlinən Xoca Nəsrəddin obrazı kimi. O ağsaqqaldır, sözləri gülüş doğurur, həm də çox düşündürür. Amma, ələ salınmır. Məsxərə obyekti deyil. Sadəcə fikirlərini müdrikcəsinə söyləyi bilən baməzə insandır. Eynilə Makedoniyalı İsgəndərə “günəşin qarşısından çəkil, kölgən mane olur” deyən Diogen kimi.

Tədqiqatçılar daha qədimlərə boylanaraq təlxəklərin gülməcə obrazı olaraq deyil, müdrik, peyğəmbər, pifiya olaraq qiymətləndirirlər.
Xalqın daxilinə eniş edən bu müdriklər insanların hadisələrə olan münasibətlərə gözünü açmasına xidmət edirdilər və bunu çox aqilcəsinə yerinə yetirərdilər. Sadə insanların həyat tərzinə uyğun şəkildə onları başa salırdılar. Gülməcələrlə. Şərq və Qərb fərqi də elə buradadır. Bu o demək deyil ki, Şərq gülməyi bacarmırdı, yox. Sadəcə elə tabular var idi ki, o əndazələri aşmaq mümkün deyildi. Çünki hökmdar Allaha bərabər tutulan qüdrətilə heç vaxt məsxərə obyekti ola bilməzdi. O, yaradanın yerdəki kölgəsi idi.

Bu baxımdan təlxəyə baxış bucağı Avropa yönümündən bir cür, Şərq yönümündən başqa cür görünə bilər. Məsələn, siz heç zaman Yapon imperatorunun yanında da təlxək görə bilməzsiniz. Heç Türk sultanı ətrafında da təlxək yoxdur.

Bəs Bəhlul Danəndə kim idi?

Deyilənə görə o real obraz idi və doqquzuncu əsrdə Bağdadda yaşamış, tarixdə Harun ər-Rəşid adı ilə tanınan gerçək hökmdarın qardaşı olmuşdu. Onun siyasət və səltənətdən əl çəkib özünü dəliliyə vurması ironik, incə yumoru ilə xalqın sevimlisinə çevrilməsi haqqında da çox oxumuşuq. Bəlkə də Danəndə adlı obraz gerçəkdən mövcud olub. Düşünürəm ki, hökmdar qardaşı olmaq isə onun növbəti hoqqası, yumoru idi.
Hər halda, bayaq söylədiklərimizin əksi olaraq nəhayət ki, Şərq folklorunda hökmdarın adını öz adı yanında paralel hallandıran bir obraz peyda olur. Amma nə yazıq ki, bu şəxs xalq arasında dəli, divanə Bəhlul olaraq tanınır. Dəli isə hər şey söyləyə bilər. Dəlinin söylədiklərinə isə ciddi baxmaq özü axmaqlıqdır, elə deyilmi?
İstənilən halda özünü dəliliyə vuran Hamlet qədər Bəhlul Danəndə də hərəkətlərini düşünülmüş şəkildə icra edən obraz olaraq diqqətimizi çəkir. Eyni priyomdur.

Avropa saraylarında ab-hava ilə Şərq həyat tərzi eyni deyildi. Həm də siyasi prizmadan baxsaq fərqlilik görünürdü. Məsələn, bir çox tədqiqatçılar hesab edir ki, bir zamanların aristokratları və hökmdarı arasında elə bir münasibət var idi ki, (çünki mülk, mal, var baxımından onlar demək olar ki, bərabər idilər. Avropada) hökmdar fikirlərini, iradlarını bəzən onlara söyləyə bilmirdi və yaxud əksinə – aristokratlar fikirlərini deyə bilmirdilər. Təlxəklər isə bu situasiyada bir növ hadisələrin ironik çatdırıcısı idi. Vasitəçi idi.

Təlxək elementini “Min bir gecə”də də görə bilərik. Amma təlxək libasında yox. Dilənçi, sadə insan obrazında.
Hekəyətdə nəql olunur ki, hökmdar əhvalının açılması üçün bir dilənçi ilə qəddar zarafat etmək fikrinə düşür. Və bu zarafat onun öz ölümü ilə yekunlaşır. Ən çox sevdiyim yekun isə nağılda budur ki, dilənçi pərdə arxasında kiminsə güldüyünü eşidib dəlilik həddinə çataraq pərdəyə qılıc vurur. Kimsə yerə sərilir. Gülüş sədası kəsilir. Dilənçi vəzirdən yerə yıxılmış, qana bulanmış şəxsin kim olduğunu soruşduqda isə, ondan “o, sarayın təlxəyi idi, möhtərəm hökmdar” cavabını eşidir.

İndiyə qədər bu obraz lazımlı bir element olaraq əsərlərin daxilindən keçir. Aleksandr Dümanın (ata) trilogiyasında da Şiko obraz olaraq qələmə alınır. Hötenin “Faust”unda isə eyni funksiyanı Mefistofel yerinə yetirir.
Ədəbiyyatımızda bu obraz barmaqla sayılacaq qədərdir. Bizdə hadisələr daha çox didaktika ilə əhatələnib. Bu isə heç də təsadüfi deyil. Baməzəlik daha çox xalq oyunlarında, folklorda, bayramlarda keçirilən retual olaraq qəbulediləndir. Şərq saraylarında bu tərzdə insanların mövcudluğu qeyri-mümkün idi. Hətta əsərlərini hökmdarlara hazırlayan böyük Nizami Gəncəvi özü də hökmdarı tənqid edən, hoqqabazlıq edən təlxək obrazını əsərlərinə gətirərək risqə gedə bilməzdi. O səbəbdən də köməyə didaktika və aqil vəzir tərəfindən söylənilən ibrətamiz fikirlər gəlirdi.

Biz ironik şəkildə hadisələri nəql etməyə, şərh etməyə sonrakı dövrlərdə rast gəlirik. Haqverdiyevdə, C. Məmmədqluzadədə. Onlar hadisəyə acı gülüşlə də olsa boylana bilirdilər. “Molla Nəsrəddin” jurnalında sözə ehtiyacı olmayan karikaturalar da mənzərəni əhatələməyi bacarırdı. Hadisələr şərhsiz ifadə olunurdu. Onların əsərlərində də tamlıqla gülməcə libası geyinən təlxək yoxdur. Durum özü gülməlidir. Sadəcə avamlıq donu altından acı gülüş üzünü bizə tutub ironik təbəssüm edir, vəssalam.

Və yaxud Hüseyn Cavidin “Topal Teymur”nun üçüncü pərdəsində peyda olan Cücə obrazı da maraqlı element olaraq yazıçı tərəfində profissional şəkildə istifadə olunmuşdu. Sonrakı pərdələrdə rast gəlinməyən Cücə müharibə öncəsi öz missiyasına yekun etmişdi. Topal Teymurun qiyafəsində görünən təlxək obrazı əslində sərxoş Yıldırım Bəyazidə əsərin növbəti pərdəsində üz-üzə gələcəyi topal qəhrəmanla məzəli tanışlıq hazırlamışdı.
Cücənin dırnaqarası məsxərəyə bürünmüş təsvirləri Yıldırımı xoşbəxt etmir. Hətta onun məşuqəsinin də qəlbini sıxır. Cavid əfəndinin vasitə olaraq istifadə etdiyi təlxək məhz həmin məqam üçün, qısa dialoqların açılışı ilə çox maraqlı mətləbləri pərdə arxasından göstərirdi. Cücənin Topal Teymur haqqında nəhəng fikirləri, nəql etdiyi istila ardıcıllığı, harada, necə dünyaya göz açması Cücə qədər sadə olan xalq toplumunun bilgiləri idi. Teymura olan rəğbət hissinən qaynaqlanırdı.

Hər halda, istər tarixdə, istərsə də əsərlərdə yaşayan təlxəklər bu dünya düzümünün insanları deyildilər. Əgər əsrin əvvəllərində Avropada bu peşəyə çoxu yaxşı maddi imkan qazanmaq üçün gəlirdisə (ağıldankəm görünmək damğasını qəbullananlar), sonralar onların saraylara gətirdikləri üslubla incəsənət nümunələrinin, ədəbiyyatın baş obrazına çevrilə bilirlər. Rable bu tərzi öz həyat tərzinə çevirir və bu maska altında yaşamağa başlayırsa, Servantes isə təlxək elementlərini “Don Kixot”na köçürərək uğura imza atmış olur. Və təlxək gülüşü vasitə olaraq bir çox yazıçıların karına gələrək onları dünya ədəbiyyatı zirvəsini fəth etməyə istiqamətləndirir.
Gülüş ədəbiyyatın vacib elementidir. Əslində yetərincə ciddi və hər kəsin bacarmadığı üslubdur. Çünki zahiri gülməcə və satira ilə düzənlənən nümunələrdən savayı yazarın özünün təlxəkvari düşüncə tərzinə ehtiyac var. Bunu bacarmaq isə xüsusi istedad tələb edir.

Günel Eyvazlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar