Tərcüməçidən kitab bazarı ilə bağlı MARAQLI AÇIQLAMA

Tərcüməçidən kitab bazarı ilə bağlı MARAQLI AÇIQLAMA
Want create site? Find Free WordPress Themes and plugins.
nadir
Nadir Qocabəyli

Yazıçı, tərcüməçi Nadir Qocabəyli kitab  bazarı, kitab satışına təsir edən məqamlarla bağlıı maraqlı açıqlama verib. Tərcüməçinin qeydləri göstərir ki, kitab bazarındakı durğunluq naşirlərin, kitab mağazalarının sahiblərinin qeyd etdiyi kimi təkcə oxucu azlığı ilə bağlı deyil.
A24.Az tərcüməçinin qeydlərini təqdim edir.
“Səhər feysbuku açan kimi gördüm ki, “Kitabevim.az”dan səsli mesaj var. Cəmi bir ay əvvəl verdiyim 20 kitabı (Knut Hamsunun əsərlərinin 1-ci cildi) satıb qurtardıqlarını xəbər verir, varsa, yenə gətirməyimi xahiş edirdi. Cavab verdim ki, cəmi 5 kitab qalıb. Çünki bu yaxında kitabların hamısını (100 nüsxə) Qurban bəy adlı səyyar kitab satıcısına nağd satmışam.
Bunu niyə yazıram? 20 kitabı “kitabevim.az”a verəndə, orada o kitablardan hələ bir neçəsi vardı. Ancaq ləng satılırdı. Verdiyim 10 kitabdan təxminən 2 il ərzində cəmi 8-i satılmışdı və 2-si dururdu.
Bəs necə oldu ki, 20 kirab cəmi bir aya satıldı və hələ üstəlik, 100 nüsxənin də topdan satılmasına yol açdı?
O kitablar çoxdan məndə idi. Daha doğrusu, 4 il qabaq elə Qurban bəyə satdığım qiymətə başqa bir kitabçıya vermişdim. Adını yazmaq istəmirəm, çünki qərəzli olduğumu düşünəcəklər. Ancaq bu yaxınlarda o kitabların taleyi ilə maraqlananda, məlum oldu ki, verdiyim 160 nüsxənin 126-sı anbarda durur. Qalan 34 nüsxənin necə olduğuyla bağlı nə kitabı təhvil verdiyim adam konkret bir söz deyə bildi, nə də anbardar. Kitabları geri aldım, 20 nüsxəsini “kitabevim.az”a verdim və fb-də xəbər yaydım. Nəticə ortadadır. Bircə aya 120 kitab satıldı.
Bunun səbəbi, əlbəttə, kitabların qiymətidir. O kitabların bir nüsxəsini mən hələ 2006-cı ildə 3 dollara çap etdirmişəm, 5 manata mağazalara verirdim, onlar da əsasən 7-8 manata satırdılar. Satırdılar deyəndə ki, cəmi 1000 nüsxə kitabı 10 il idi satıb qurtara bilmirdim. O min kitabın, bəlkə də, 300 nüsxəsini hədiyyə etmişəm, amma yenə qurtarmırdı ki, qurtarmırdı. Şəhərin mərkəzində yerləşən kitab mağazalarının bəzilərindən verdiyimi kitabları 5-6 ildən sonra geri götürdüm. Akademkitabda, Nizami muzeyinin altındakı kitab mağazasında hələ də qalıb.
Nə başınızı ağrıdım, 20 nüsxəni “kitabevim.az”a 4 manatdan baha satmayacaqları şərtilə 2,5 manata verdim. Əvvəldən qalmış kitabları da həmin qiymətə endirmələrini xahiş etdim. Qurban bəy adlı səyyar satıcı da 100 nüsxənin birini 2 manatdan nağd götürdü.
Sözümün canı: Azərbaycanda oxucu yoxdur, camaat kitab almaq istəmir söhbətləri həqiqəti əks etdirmir. Oxucu da var, kitab almaq istəyən də. Sadəcə qiymətlər çox bahadır və əhalidə kitab almağa pul yoxdur. Çünki kitab oxuya bilmək üçün adamın qarnı tox olmalıdır. Mədə boş olanda, beynin fəaliyyəti ancaq onu doldurmağa yönəlir. Belə müzakirələr zamanı dəfələrlə bu fikri səsləndirmişəm. Amma mənə əksini sübut etməyə çalışıblar: ay nə bilim, əhali gündə restotana gedir, toya çox pul xərcləyir, gündə bir telefon alır və s.
Bunlar var, sözüm yoxdur. Amma kitab oxuyan, kitaba pul verən zümrə başqadır. Sizi əmin edirəm ki, Azərbaycanda azı 100 min kitaboxuyan var. Şəxsən mən məktəbdə və universitetdə oxuyanda cib xərcliyimin çoxunu kitablara verirdim. Amma indi kitab ala bilmirəm. Çünki kitablar baha, pul da ki, yemək-içməyə güclə çatır.
Xalqa kitab oxumursan deyə şər atıb, onu pisləmək, qınamaq, təhqir etmək ona ən böyük xəyanətdir. Xalqa, onun kitab oxuyan kəsiminə keyfiyyətli, onun cibinə, büdcəsinə uyğun kitablar təqdim edək, görün necə alıb oxuyur.
Bunun üçün, əlbəttə, ilk növbədə dövlət siyasəti olmalıdır. Amma dövləti də özbaşına qoymaq olmaz. Onu buna məcbur etmək lazımdır və bunu ilk növbədə yazıçılar, şairlər, naşirlər, tərcüməçilər etməlidir. Bunu etmək, təbii ki, asan deyil. Bu, inqilaba bərabər bir işdir. Bunun üçün niyyətimiz saf olmalıdır. Azərbaycanı, onun insanını, bir-birimizi sevməliyik. Ziyalılar özlərinə, bir-birinə hörmətlə yanaşmalıdırlar, paxıllığı, kin-küdurəti, xırda hissləri, ələbaxımlığı bir kənara buraxmalıdırlar. Təmiz adamlar, əsil qələm adamları bir az cəsarətli olub, irəli çıxmalı, cızmaqarçı fırıldaqçıları, içi qurdlu dələduzları sıxışdırıb, meydandan çıxarmalıdırlar.
Sovet düvründə kitabların Azərbaycanda 80, 100, 150, 200 min nüsxə tirajla nəşr olunmasının və satlıb qurtarmasının əsas səbəbi qiymətin ucuzluğu idi. Oxucular 50 qəpiyə, 70 qəpiyə, 1 manata, 1 manat 20 qəpiyə kitab alırdılar. Ən keyfiyyətli və qalın kitablar uzaq başı 2-3 manat olurdu. O vaxtın pulu da indikindən dəyərli idi, ancaq insanlar kitab alırdılar və bununla kitab sənayesinə dayaq durur, yazıçının, şairin, tərcüməçinin, naşirin alnıaçıq, üzüağ, qürurlu yaşamasına zəmin yaradırdılar.
Burada bir haşiyə çıxacağam: Azərbaycanda kitabların min nüsxədən artıq çap olunmadığını yoxlamağın heç bir mexanizmi yoxdur. Kitabın titul vərəqinə 1000 nüsxə yazılması hələ heç nə demək deyil. Yarmarkalarda 50, bəzən 70 faiz endirimlə satılan kitablar, ola bilər ki, min nüsxədən artıq çap olunandır. Əgər belədirsə, bu həm müəllifə, həm də xalqa xəyanətdir. Çünki hər ikisini ilk növbədə özünə güvəndən məhrum edir, həvəsdən salır. Biri yaza bilmədiyini, digəri oxuya bilmədiyini düşünür. Nəticədə xalq özü haqqında bədgüman olur, bədbinləşir, özünə olan inamını itirir. Kitab “himayədarları” isə özlərini qəhrəman elan edirlər.
Siz öz halal zəhməti, qonorarı ilə yaşayan yazıçının nə demək olduğunu bilirsiniz? Onun qarşısında heç bir güc dayana bilməz. Onu yalnız fiziki cəhətdən məhv etmək olar, amma o yenə təslim olmaz. Çünki xalqın, oxucuların verdiyi güc onu əyilməyə qoymaz.
Amma indi bizə bilirsiniz nə təlqin olunur? Sizin yazdıqlarınızı oxuyan yoxdur. Siz heç kimsiz! Siz bizdən, bizim verdiyimiz qəpik-quruşdan asılısınız! Onu verdiyimiz üçün bizə çox sağ ol deməlisiniz! Verməsək, acından ölərsiniz! Odur ki, bizə minnətdar olmalısınız…
Bu əslində ciddi siyasi məsələdir, düşünülmüş bir siyasətdir. Özü də bunun müəllifi təkcə hakimiyyət deyil. Bunda xalqımızı sevməyən hər kəsin günahı var; hakimiyyətin də, müxalifətin də, kapitalizmin də, onu təbliğ edənlərin də, kapitalistlərin də, beynəlxalq imperializmin də, bir sözlə, bütün pis adamların. Ancaq bunlar heç biri mübarizədən çəkinməyə əsas vermir. İnsan hətta okeanın ortasında bir ağac parçasının üstündə ümidsiz vəziyyətdə qalanda da yaşam mücadiləsi verir. Anlamalıyıq ki, bu da bizim həyat mübarizəmizdir. Biz ziyalılar, yazı-pozu adamları hazırda elə okeanın ortasındakı ağac parçası üzərində oturmuş kimiyik. Ancaq oturub ölümümüzü gözləməməli, yaşamaq uğrunda mübarizə aparmalıyıq”.

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar