Üç arvadı olan Nobelçi - ARAŞDIRMA

Üç arvadı olan Nobelçi – ARAŞDIRMA
Want create site? Find Free WordPress Themes and plugins.
Əyyub Qiyas

A24.Az “Nobelçilər” silsiləsindən ədəbiyyat üzrə 1915-ci il Nobel laureatını təqdim edir. Tərcüməçi, yazıçı Əyyub Qiyasın tərcüməsində: “Ədəbiyyat üzrə Nobelçi: Karl HEYDENSTAM”

Şair, yazıçı, ədəbi tənqidçi və publisit kimi şöhrət qazanan Karl Qustav Verner fon Heydenstamın (1859-1940) isveç milli mədəniyyəti tarxində xüsusi yeri var. Məhz onun yaradıcılığı ilə isveç ədəbəiyyatı özünün intibah dövrünü yaşayıb və o, bir sıra ədəbiyyat adamlarının yetişməsində böyük və danılmaz xidmətlər göstərib.

Heydenstamın atası ehtiyatda olan polkovnik olub, gələcək yazıçı İsveçin şimalında, Osxammerdə, atasına məxsus ailə mülkündə dünyaya gəlib. Heydenstam ailənin yeganə övladı olub. Evdə olan böyük və zəngin kitabxana gələcək yazıçının həyatına və dünyagörüşünə böyük təsir göstərib.

Heydenstam bir neçə il Stoqholmdakı gimnaziyada təhsil alıb, ağır xəstəlik üzündən təhsilini yarıda saxlamalı və Şərq dünyasına səfərə çıxmalı olub. İtaliyanı, Misiri, Yunanıstanı, sonra da Suriyanı gəzib, 1880-ci ilin yayında İsveçə qayıdıb, sonra yenidən vətənini tərk edib. İyirmi bir yaşı olanda ailəsinin iradəsinə qarşı çıxaraq Emili Uqqle ilə ailə qurub. (Ümimiyytlə isə məşhur isveç yazıçısı üç dəfə evlənib.) Elə o dövrlərdə rəssamlıqla da məşğul olmağa başlayıb. Sonra iki il Romada, bir il də Rarisdə təhsil alıb. Təhsil illərindən sonra xanımı Emili ilə bərabər yenidən səyahətə çıxıb.

Onlarla romanın və pyesin, yüzlərlə şeirin, hekayənin, pubilsitik yazıların müəllifi olan yazıçıya ən böyük şöhrəti “XII Karlın əsgərləri. Tarixi xronika” adlı əsəri gətirib. 1921-ci ildə o, İsveç Akademiyasına üzv seçilib. Ömrünün sonlarında psixi sarsıntılar keçirən, ağrılar içində yaşayan, bəzən nitq qabiliyyətini belə itirən böyük yazıçı son günlərinə qədər həyata və ədəbiyyata olan inamını itirməyib.

1915-ci ildə ədəbiyyat üzrə sayca on altıncı “Nobel mükafatı”na layiq görülən Karl Qustav Verner fon Heydenstam bu mükafatı “ədəbiyyat tarxində yeni ədəbi eranın təşəkkül tapmasında göstərdiyi müstəsna xidmtlərinə görə” alıb. Yazıçı 81 yaşında ikən 1940-cı ilin 20 mayında, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Oxuculara məşhur isveç yazıçısı Karl Heydenstamın “XII Karlın əsgərləri. Tarixi xronika” əsərindən bir parçanı təqdim eidirk.

 

                                              ANBARDAR GÜNNEL

(“XII Karlin əsgərləri”tarixi xronikasindan)

 

Riqa qəsrinin qalaçalarından birində, səksən yaşlı anbardar Günnel yenə cəhrə arxasında əyləşmişdi. Qadının uzun, arıq, düyünlü qollarının damarları çıxmışdı, sinəsi taxta kimi quruduğundan qoca kişi sinəsini xatırladırdı. Bir neçə seyrək, ağ saçları sürüşüb gözünün üstünə düşmüşdü, başına dairəvi şəkildə bağladığı ləçək papağa oxşayırdı.

Cəhrənin çarxı uğuldayırdı, ocağın qarşısındakı daş döşəmədə isə kərənayçı oğlan uzanmışdı.

–Nənə, – oğlan dilləndi, – ip əyirə-əyirə bir şey oxuya bilərsən? Fikir verirəm, bayadan elə hey öz-özünə əsəbiləşirsən, deyinirsən.

Qarı başını qaldırıb ani, amma soyuq, yorğun və acıqlı baxışlarla ona baxdı.

–Oxumaq? Bəlkə arabaya basıb rus əsgərlərinə peşkəş aparılan anandan oxumağımı istəyirsən? Yoxsa pivəçi bacasından asdıqları atan haqqında oxuyum səninçün? Dünyaya gəldiyim günə lənət oxumaqdan başqa heç nə istəmirəm, elə özümə də, bir də bu əsrdə qarşılaşdığım hər kəsə. Bircə adam göstər mənə, şöhrətini, adını qoruyub bu sınaqlardan çıxa bilən bircə nəfər.

–Sən oxumağa başlayanda, hiss edirəm, rahatlanırsan. Əvvəllər olduğu kimi, istəyirəm  yenə şən olasan.

–Əgər bu zəmanədə kimi isə oxuyub oynayan yerdə görsən, bil ki, o adam riyakarlıq edə bilir. Hara baxırsan dərd, rüsvayçılıq baş alıb gedir, bütün bunlar etdiyimiz günahlara, pozğunlumuza görə tanrının göndərdiyi cəzadır və elə onun üçün də almanlar bura gəlib, şəhərimizi mühasirəyə alıblar. Atəş səslərini eşidirsən? Qoy atsınlar. De görüm nə üçün daha əvvəlki kimi axşamlar çıxıb səngərə, borcunu yerinə yetirməyə getmirsən, əvəzində isə burada uzanıb mənimlə çənə-boğaz döyürsən?

–Nənə, heç olmasa vidalaşmaq üçün mənə bir xoş söz deyə bilmirsən?

–Hansı xoş sözdən dəm vurusan? Söyüb batırmaq lazımdır səni. Əgər mən qocalıb əldən düşməsəydim, illər belimi bükməsəydi, onda, heç olmasa yerimdən qalxmağa, üzümü göylərə tutmağa taqətim olardı. İstəyirsən taleyini sənə danışım? Adamların mənə Sivilla dedikləri yadından çıxıb? İstəyirsən ki, alnındakı çatma qaşlarının sənin qəfil ölümünə işarə olduğunu deyim? Mən bir neçə il gələcəyi görə bilirəm, amma nə qədər uzağa boylansam da pislkdən, əclaflıqdan başqa heç nə görə bilmirəm. Sənin taleyin mənimkindən betərdi, mənimki də anamın taeyindən və bu dünyaya hər təzə gələnlərin taleyi ölüb canını qurtaranların taleyindən betər olur.

O, daş döşəmədən qalxıb ocağın odunlarını qarışdırdı.

–Nəyə görə əvəlki kimi harasa getməyib yanında oturmağımın, səndən bir xoş söz eşitmək istəməyimin səbəbini başa sala bilərəm, nənə. Bu gün, günorta vaxtı bizim qoca general-qubernatorumuz elə bu gecə bütün cavan və yaşlı, sağlam və xəstə qadınların hamısının şəhəri tərk etmələri haqqında əmr verdi. Əmr verdi ki, bütün qadınlar şəhəri tərk edib getsinlər və kişilərin son tikə çörəyinə şərik olmasınlar. Əmri yerinə yetirməyənlər isə canları bahasına cavab verəcəklər. Axı sən, son on ildə ancaq qala divarlarından anbara qədər gedib qayıdan adam, düzdə- meşədə qalmağa necə tab gətirə bilərsən, özü də belə bir soyuq havada?

Qarı gülümsündü, cəhrənin çarxı daha tez-tez fırlanmağa başladı.

–Ha-ha-ha! Bu vaxta qədər silah-sursatlarına keşik çəkməyimin, hər bir tapşırığına can-başla əməl etmyimin mükafatı olaraq o mötəbər cənabdan bundan artığını gözləmirdim. Bəs sən, Yan! Daha sənə isti piroq bişərənin, gecələr taxt üstə yer salanın olmayacağından qorxursan, eləmi? Məgər uşaqlar başqa hisslər keçirə bilər? Gəl, axır ki, qəzəb qırmancını üstümüzə çəkdiyi üçün bir yerdə Tanrya mədhiyyələr oxuyaq, dua edək !

Yan əllərini xurmayı qıvrım saçlarına çəkdi.

–Nənə, nənəcan!

–Cəhənnəm ol, adama neçə dəfə deyərlər?! İmkan ver bu qapını əllərimlə açıb fani dünya ilə əbədi vidalaşmaq üçün eşiyə çıxana qədər ödəyəcəyim vergini əyirib qurtarım.

Yan cəhrəyə doğru bir neçə cəsarətsiz addım atdı, sonra qəfildən dayanıb çevrildi və otağı tərk etdi.

Ocaqdakı odunlar yanıb qurtarana qədər cəhrə gah cırıldadı, gah da guruldadı. Ertəsi gün kərənaycı Yan evə qayıdanda artıq, orada heç kəs yox idi.

Mühasirə uzun və ağır keçmişdi. Fevaral günü ibadətdən sonra bütün qadınlar şəhəri tərk etmişdi, xəstə və əldən düşənləri isə arabalarda, xərəklərdə aparmışdılar. Riqa bütünlüklə kişi monastırına çevrilmişdi, amma kişilərin şəhər kənarındakı səngərlərə yaxınlaşıb sədəqə istəyən qadınlara verməyə heç nəyi yox idi. Kişilər də çörək sarıdan korluq çəkirdi. Tövlədəki atlar da acından bir birinə hücum edirdi, boş axurları gəmirirdilər, divarlardakı iri saman qırıqlarını dartışdırıb yeyirdilər. Yanan şəhərdən ətrafa tüstü yayılırdı, gecələr əsgərlər tez-tez həyəcan xəbərdarlığı ilə yuxularına haram qatıb qalxmalı, qılınclarını sıyırmalı olurdular.

Kərənayçı Yan nə vaxt özünün və nənəsinin yaşadığı qalaçaya qayıtsaydı demək olar ki, hər dəfə taxt üstə yatağının açılmış olduğunu, yaxınlıqdakı masanın üstündəki qabda isə üstünü kif basmış yemək görərdi. Bu barədə kiməsə nəsə danışmağa utanırdı, amma əvvəllər bir az qorxurdu da. Elə bilirdi ki, nənəsi qar topalarının altında qalıb ölüb, indi də onunla qaba rəftar etdiyinə görə tövbə etmək istəyir, ruhu ona rahatlıq vermir.  Qorxudan canına üşütmə düşürdü, elə bu qorxu üzündən də dəfələrlə ac qarına, şəngərdəcə soyuq qarın üstündə qalıb yuxulamalı olmuşdu. Amma dua edib özünü ələ alandan sonra bir qədər rahatlandı, evə qayıdanda yığılmış yatağını və boş masanı görəndə canını əvvəlkindən də artıq qorxu bürüdü. Sonra da özünü ələ alıb doğulduğu gündən bəri gurultusuna, cırıltısına alışdığı cəhrənin arxasına keçib ayağı ilə çarxı hərəkətə gətirdi, səsi dinləməyə başaldı.

Və günlərin birində, səhər saatlarında yetmiş beş yaşlı məşhur general-qubernator Erik Dalberq güclü atəş səsləri eşitdi. O, səbrsizliklə və pərt halda gözlərini qarşısındakı cizgilərdən və memarlıq üslubunda işlənmiş mum modellərdən ayrılamlı oldu. Gənclik illərində gəzib dolaşdığı işıqlı səyahətlərin xatirəsi olaraq evinin divarlarına roma xarabalıqlarını əks etdirən gözəl rəsmlər asardı və indi də xatirələrə qapılıb o gözəl günləri yada saldığı an eşitdiyi atəş sələri xəyalını alt-üst etdi, sifəti bir anlıq qəzəblə əsdi, üzündəki qaba qırışlar nazik, bərk-bərk sıxılmış, demək olar ki, tamamilə rəngi soluxmuş dodaqlarını titrətdi. Başındakı iri pariki qaydaya salaraq barmaqlarını seyrək bığlarında gəzdirdi, pillələrlə enəndə isə qılıncını zərblə pillələrə endirdi, sonra da dərindən köks ötürdü.

“Axı biz isveçlilərik, axı biz Vasa krallarının, o kralların ki, yalnız qocalıb əldən düşəndən sonra qarğış və lənət sahibi olduqlarını dərk etmişdilər, lap axırda da öz evlərinin içində qaranlıqdan qorxurdular,  bəli, biz o sülalənin davamçılarıyıq… qəlbimizin dərinliyində qara toxumlar bəsləyirik və illər keçdikcə o toxumlardan qollu-budaqlı ağaclar bitir, o ağaclar zəqqum kimi bar verir”.

Hara qədəm qoyurdusa ruhu daha barışmaz, daha da azğın olurdu. Səngərə gəlib çatandan sonra heç kəslə danışmadı.

Səngər boyu bir-neçə tabor əsgər təbil gurultuları altında, əllərindəki bayraqlarla hazır dayanmışdılar, amma o vaxta qədər atışma da ara vermişdi. İndi şəhər darvazalarından  düşmən hücumunun qarşısını növbəti dəfə də ala bilən yorğun və üz-gözü qana bulaşmış əsgərlər keçib qayıdırıdı.  Hər kəsdən axırda isə əldən düşmüş qoca gəlirdi, sinəsi qılınc zərbəsindən sıyrılıb qanamışdı, qoca son gücünü toplayıb qolları üstə cavan bir oğlanın cəsədini aparırdı.

Erik Dalberq mənzərəni daha da yaxşı görmək üçün əlini günlük kimi gözlərinin üstünə qoydu. “Görəsən, bu ölən oğlan qalaçada qalan kərənayçı Yan deyil ki? Onu qıvrım, xurmayı saçlaırndan tanlmaq olar”.

Əldən düşmüş qoca darvazanın qübbəsinin altına çatanda daş sütunun üstünə çöküb oturdu, sinəsində – qılınc yarası, dizləri üstə isə – cəsəd. Əsgrələrdən bir-neçəsi yarasına baxmaq üçün ona yaxınlaşdı, qana bulaşmış köynəyini çəkib çiynindən aşırdılar.

–İlahi! – Geri atılıb ucadan çığırdılar. – Bu ki, qadındır!

Təəccübdən çaşıb qalmışdılar, üzünü yaxşı görmək üçün bir qədər də əyilib baxdılar. Qocanın başı əyilib divara dirəndi, başındakı xəz papaq sürüşüb düşdü, ağ birçəkləri alnına töküldü.

–Bu ki, bizim anbardar Günneldir, bizim Sivillamız!

Ağır-ağır nəfəs alan Günnel işığı itən gözlərini açdı.

– İstəmirdim oğlan bu pisliklə, əclaflıqla dolu dünyada tək-tənha qalsın, amma elə ki, əynimə kişi paltarı geyindim, həmin gündən gecə-gündüz hamı ilə  bərabər səngərdə xidmət aparırdım, kişilərin çörəyinə şərik olmağımı ağılımın ucundan da keçirmirdim.

Əsgərlər və zabitlər sarsıntı içində verdiyi əmri bu qarı tərəfindən pozulan Erik Dalberqə baxdılar. O da hamı kimi sakit, tutqun və sərt baxışlarla dayanmışdı, amma əlində tutduğu papaq titrəyirdi və o, qoca general-qubernator  kürəyini daş divara söykədi.

Bir qədər sonra çervrilib üzünü tabora tutdu və nazik dodaqları sakitcə titrədi:

–Bayraqları endirin! – əmr etdi.

 

Rus dilindən tərcümə etdi Əyyub QİYAS

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar