İlahi, Dar quyu dibində, …Bir az yatmaq istəyirəm…

İlahi, Dar quyu dibində, …Bir az yatmaq istəyirəm…
Want create site? Find Free WordPress Themes and plugins.

Xalq şairi Vaqif Səmədoğlu vəfat edib. “A24.az” bildirir ki, ailəsi şairin bu gün səhər saatlarında dünyasını dəyişdiyini açıqlayıb.

Xalq şairi uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkirdi və bir neçə dəfə İsraildə müalicə kursu keçib.

Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına Musiqi Məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Azərbaycan Sovet Ensiklopediyası Baş Redaksiyasında incəsənət redaksiyasının müdiri (1968-1971), “Oğuz eli” qəzetinin baş redaktoru (1992-1994) işləyib.

Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib (1962-1963). Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971) , C.Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) çalışıb. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış edib.

Şair, dramaturq, publisist Vəkilov Vaqif Səməd oğlu 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, əməkdar incəsənət xadimi (1989), Azərbaycanın xalq şairi (1999), Azərbaycan Respublikası Milli Məclisinin deputatı (2000, 2005), “Nəsimi” mükafatı laureatı (2014) olub.

Allah rəhmət eləsin!

Onu da qeyd edək ki, amansız xəstəlik şairi əldən salsa da, son günlərinə kimi nə optimistliyini itirdi, nə də yaradıcılığından qaldı. Sağalmaz dərdə tutulduğunu, ölüm döşəyində olduğunu bilsə də, yenə qələmi əlindən yerə qoymadı, ara-sıra şeirlər yazdı… Misraları od olub ürəyimizi göynətdi… Məsələn, şairin ötən il oktyabrın 4-də yazdığı “Bir az yatmaq istəyirəm…” şeiri. Bu şeirdə Vaqif müəllim azacıq yata bilməyi təmənna edirdi… İndi isə əbədi yuxuya getdi… Ağrısız-acısız uzun bir yuxu yatacaq… Yuxun şirin olsun, ŞAİR! Və burda söz bitir… Sözün bitdiyi yerdə isə şeir başlayar. Son olaraq, VAQİF SƏMƏDOĞLUnun “Bir az yatmaq istəyirəm…” şeirini təqdim edirik:

Bir az yatmaq istəyirəm…

İlahi,
Yatağın nə sağında
Nə solunda,
Nə bir gözəlin qolunda
Yatmaq istəmirəm.

İlahi,
Nə söyüd kölgəsində,
Nə dünyanın ən azad ölkəsində
Yatmaq istəmirəm.

İlahi,
Dar quyu dibində,
Qaranlıq nəm içində,
İşıqlı qəm içində,
Ağrısız
Bir az yatmaq istəyirəm…

4 oktyabr, 2014, Bakı

 

https://www.youtube.com/watch?v=TXvsw4x9Qz8

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Video Xəbər

Müzakirə

A24.Az