“Vicdan haqqı” serialının rejissoru: “Deyirlər, yəhudi deyilsizsə, necə yaxşı serial çəkirsiz?” – VİDEOMÜSAHİBƏ

Sevilən serialların rejissoru, aktyor Rövşən İsaxın A24.Az -a müsahibəsi.

Rövşən müəllim, üzərində işlədiyiniz “Vicdan haqqı” serialı ilə başlayaq. Hazırda serialın çəkilişləri nə yerdədir və bu serialın davamını nə zamana qədər planlayırsınız?

Serialın davamiyyətini planlamaq olmur. Çünki, serial birbaşa reytinqdən asılı olan layihədir. Fors-major hadisə olmasa, bizim də sağlamlığımız, zehnimiz bizə imkan versə, ssenaridə yerimizdə saymasaq, daha maraqlı hadisələr düşünə bilsək, nə qədər ki, reytinq var, serialı efirdə saxlamaq istəyirik. Azərbaycan teleməkanında belə bir uzunmüddətli layihə xatırlamıram. Nəzərə alaq ki, bizdə xronometraj da, uzundur.
Serial işi fiziki cəhətdən inanılmaz dərəcədə ağır işdir. Gün ərzində 14 saat, 16 saat, bəzən 18 saat çəkilişdə oluruq. Biz bu yaxınlarda Türkiyədə bir “production”la görüşdük, mən onlara heyətimizin sayını deyəndə, onlar inanmadı. Mən dedim ki, bu işi 14 nəfərlə ərsəyə gətiririk, onlar dedi siz nə danışırsınız, bizdə bu rəqəm 70-in üstündədir. Siz necə çatdırırsınız? Bu da təbiidr, Türkiyə bazarı ilə bizim bazarın arasında fərq kifayət qədər böyükdür.
Ona görə də mən serialımızın davamiyyəti ilə bağlı dəqiq söz deyə bilmərəm. Bu gün əlimizdəki reytinqlər bunu deməyə imkan verir ki, deyəsən 3-cü mövsümə davam edəcəyik.r-1

Sizin bədii film təcrübəniz də var. Son dönəmlər Azərbaycanda yaddaqalan kinolardan biri olan “Aktisa” filmini çəkmisiz. İşlədiyiniz serialın ardınca yenədəmi serial çəkməyi planayırsınız, yoxsa, bədii film gözlənilir? 

Bədii film gözlənir. Amma bu işin müqəddəratı təkcə məndən asılı olmadığna görə konkret danışa bilməyəcəm. Amma bir təklif, dəvət, sifariş var. Düşünürəm ki, 2017-2018-ci illərdə bir bədii film olacaq.

Rövşən müəllim, bu məqamı siz daha yaxşı dəyərləndirə bilərsiniz, yəni görünən tərəfi ilə bədii film həm qalıcılıq, effektivlik, sənətə yaxınlıq baxımından serialdan öndədir. Bəs film təcrübəsi olan bir rejissor olaraq bu gün seriallar çəkməyiniz hansı zərurətdən doğur? 

Serial çəkməyim birinci işsiz qalmamaq zərurətindən yaranır. Bir də, adam gərək çörək yediyi qabı təmiz saxlasın. Əgər söhbət ciddi serialdan gedirsə, bu kifayət qədər ciddi işdir. Ümumiyyətlə bədii ekran əsəri bu və ya digər hadisənin rejissor tərəfindən tamaşaçıya nəql edilməsidir. Hansı rejissor o hadisəni nə qədər maraqlı danışa bilirsə, hansı rejissorun danışdığı daha maraqlıdırsa, onun o qədər çox tamaşaçısı olur. Ona görə də heç kim musiqiçilərin təkcə konsertdə çıxış etməli olduğunu deyə bilməz.
Kino daha böyük, daha qalıcı, daha ciddi, daha sənətsəl bir işdir. Azərbaynda əksər kinorejissorlar bir bədii filmini çəkdikdən sonra 3 il, 5 il, bəzən 10 il film çəkmir. 10 ildən sonra daha bir bədii film çəkməyə başlayır. Bəlli bir vərdişlər var ki, onlar unudulur, nələrsə nəzərdən qaçır. Amma serial rejissoru formada saxlayır.
Sonra, seriallar rejissorların tərəddüd etdiyi məqamları sınamaq, test etmək üçün yaxşı imkandır. Serial bir çoxlarının nəzərdə tutduğu qədər asan iş olsaydı, televiziyalar Amerikada, Avropada yaxşı serial çəkən rejissorların ardınca əl-əl düşməzdilər. Məsələnin bu tərəflərini etiraf etmək lazımdır.
Daha sonra, serialın həm də kinonun inkişafına böyük xidmətləri var. Amerikada Brüs Uils, Al Paçino, Robert De Niro kimi adları – “ticarət markalarını” seriallar yetişdirir.
Bu gün bir tamaşaçı Bakıda bir film posterində Leonardo Di Kaprionun şəklini görsə, o filmə baxmaq istəyəcək. Bu kinoteatra axışacaq insan sayına təsir edən amildir. Dastin Hofman kimi sənətkar böyük kinoya seriallardan gəlib. Yəni, serialın kino ilə müqayisədə daha uğurlu tərəfi odur ki, o tamaşaçıya daha tez çata bilir. Az öncə rejissorlar barədə qeyd etmişdim, bu məsələ aktyorlara da aiddir, seriallar aktyorları da formada saxlayan vasitədir. Hətta peşəkar aktyorların belə seriallarda birinci seriya ilə, onuncu seriyanı müqayisə etdikdə müsbət istiqamətdə oyunlarında fərq olur.r2

Sayənizdə və barmaqla sayılası rejissorların əməyi ilə sınmaqda olan bir steriotip var; Azərbaycanda kino çəkilmir, serialar ifrat pafoslu olur və s. Amma etiraf edək Azərbaycanda bu gün teleseriallar sahəsində xeyli problemlər qalmaqdadır. Həm yaradıcı, həm texniki baxımdan ekranın bu tayından görünməyən hansı problemlər sizi narahat edir? 

Çalışacam bu suala maksimum səmimi cavab verim. Əminəm ki, bu sualı Azərbaycanda hansı rejissora versəniz birinci cavab maliyyə olacaq. Mən deyirəm ki, görəsən Azərbaycanda neçə adam var ki, ona istədiyi məbləğ verilsə, o, tamaşaçının istədiyi məhsulu ortaya çıxara biləcək. Bu məsələ bir-biri ilə bağlı olan bir məqamdır; “toyuq əvvəl yaranıb, yoxsa, yumurta?” deyimi kimi. “Pul olsa, çəkə biləcəyikmi? Ayrı sualdır, “Çəkə bilirikmi ki, pul ola?” sualı digər bir sual.
Əsas məqam odur ki, ekran yalanı sevmir, özü də XXI əsrdə heç sevmir. Dünya əl boyda bir telfonun içinə yerləşir. Evində oturan tamaşaçı üçün qəti əhəmiyyəti və fərqi yoxdur ki, o televizorun pultunda 4-cü düyməni basır, yoxsa, 8-ci. Biz bu gün məcburuq ki, türk serialları ilə rəqabətə girək. Heç kim düşünmür ki, Türkiyənin əhalisi 85 milyondur, bizdə 9 milyon, onların maliyyə imkanları bizdən 10 dəfə çoxdur, qoy mən elə 10 dəfə zəif olan öz serialımıza baxım. Heç kim bu məqsədlə 8-ci düyməni basmır. Hansı maraqlıdır, ona baxır.
Türk serilarında obrazların danışdığı hansısa yalan bizim tamaşaçı tərəfindən qəbul oluna bilər, çünki o cəmiyyəti, reallığı özümüzünkü qədər tanımırıq. Bizim Həsən Hasan deyil, Məmmədimiz Mehmet deyil, ona görə ekrandan gələn cüzi bir yalan tamaşaçı tərəfindən qəbul olunmur.
Serialların sevilməsi üçün ilk şərt onun müasir reallqıla uzlaşmasıdır. Tamaşaçı ona inanacaqsa, baxacaq.
Azərbaycan seriallarında olan basmaqəlib hadisələr, süni həyəcan yaratmaq üçün çəkilən kadrlar; o onu bıçaqladı, bu o birisini avtomatla güllələdi, o birisi qumbaratanla filankəsin maşını partlatdı və s. bunlar bizim cəmiyyət üçün yad hadisələrdir. Bu hadisələr Azərbaycan tamaşaçısında “bizimkilər serial çəkə bilmi” rəyi formalaşdırır. Bu bilirsinizmi nəyə bənzəyir? Təsəvvür edin ki, biri var mən sizə ayrı-ayrı rənglərdə olan plastilinlər verirəm ki, bundan maşın düzəldin. Biri də var ki, mən plastilindən düzəldilmiş bir adam verirəm ki, bundan bir maşın düzəldin. İkincidə siz gərək əvvəlcə o plastilinin qarasını, sarısını, rənglərini bir-birindən ayırasınız, sonra maşın düzəltmək barədə düşünəsiniz. Biz hələ ikinci dövrü yaşayırıq.
Əlində lupa seriala səhv axtarmaq üçün baxan tamaşaçılarımız var. Səhv tapmadıqda da, deyirlər “yox, bu ola bilməz. Bunu bizimkilər çəkib, səhv olmalıdır”. Çünki, bu vaxtadək seriallarımızı elə görüblər.
Bir dəfə mənə təxəllüsüm İsax olduğuna görə dedilər ki, siz yəhudisiz?. Dedim yox, 77 arxa dönəmimə qədər təmiz türkəm. “Bəs necə yaxşı serial çəkirsiniz?”
Mən onu qınamıram.
Texniki problemlər də var, maliyyə problemləri də var. Mən həmişə demişəm ki, Azərbaycanda yetərincə yaxşı, bacarıqlı aktyorlar var. Rejissorlar aktyorları yaxşı materialla təmin etməlidir.r3

 

Həvəskarların kütləvi şəkildə seriallarda, filmlərdə aktyor kimi çəkilməsinə necə baxırsız? 

Əleyhinə deyiləm. Əleyhinə olsam, nə olacaq ki? Elə məqamlar olur ki, rejissor bir obrazı aktyorlar arasında tapa bilmir. Bu zaman kənardan kimi isə filmə gətirə bilər. Amma bu kütləvi şəkildə olmalı deyil. Təbii şəkildə ola bilər. Azərbaycanda belə faktlar kifayət qədər var; seriallara birini maşınına görə çəkiblər, kimisə evinə görə çəkiblər, kimsə pul verib ki, mənim qardaşımı çək.
Heç kim də buna qarşı çıxa bilməz. Mənim təklifim budur ki, kim necə istəyir çəksin, efirə, televiziya kanallarına ancaq səviyyəlilərini çıxarsınlar. Digərləri internetdə bir kanal yaradıb özləri orada yayınlasınlar.

Serialların büdcələri haradan formalaşır? Sponsorlarınmı, yoxsa dövlət hesabınamı çəkirsiniz? 

Cənab prezidentin sərəncamından sonra iki il  dövlət hesabına çəkdik. Amma hazırda serialı sponsorun maliyyə dəstəyi ilə çəkirik.

Sənət, avanqard, festival filmləri çəkməyi planlayırsınızmı? 

Mən heç vaxt nə avanqard, nə sürreal film çəkməyəcəm. Məni müasir realizm düşündürür. Festivalda mükafat almaq eşqi ilə də yaşamıram. Festivalların böyük əksəriyyətinin arxasında hansısa siyasi maraq dayanır. Mən adına nifrət elədiyim ermənidən bir film çəksəm, orada bir balaca gah-nala, gah mıxa vursam, öz millətimin marağına zidd iki kəlmə söz desəm, inanın mənə 7-8 dənə mükafat alıb gələrəm. Həyatdakı prinsipimə zidd çıxaraq, istəmədiyim janrda, mövzuda film çəkə bilmərəm.
Mən bir dəfə Kann kinofestivalına getdim. Orada “action” dediyimiz filmə mükafat verdilər. Gözüm kəlləmə çıxdı. Sonra mənə dedilər ki, festivalların da öz maraqları var.

Söhbətləşdi: Sərdar Amin

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR