A24 Xeber

Xərçəngin və onkologiyanın yaranmasının əsas – Səbəbləri

Xərçəngin və onkologiyanın yaranmasının əsas – Səbəbləri
224
02 Noyabr 2018 - 23:59
Hazırda Azərbaycanda qeydiyyata alınmış neçə onkoloji xəstə var? Bu xəstəliyə erkən mərhələdə qalib gəlmək olarmı? Bədxassəli şişlərin yaranmasının əsas səbəbləri hansılardır? Xərçəng xəstəliyinə tutulmuş insanlar çox yaşaya bilərmi?
A24.Az bildirir ki, AZƏRTAC-ın bu və digər suallarına Milli Onkologiya Mərkəzinin baş həkimi, Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli aydınlıq gətirir.
Milli Onkologiya Mərkəzinin baş həkimi söhbətimizin əvvəlində dedi:
– Təəssüf ki, bütün dünyada olduğu kimi Azərbaycanda da onkoloji xəstəliklərə tutulmuş insanların sayı artmaqdadır. Hazırda respublikada 45.756 onkoloji xəstə qeydiyyata alınıb. 2016-cı ildə belə xəstələrin sayı 43.927, 2015-ci ildə isə 40.653 idi. Lakin xərçəng xəstəliklərinin sayı demək olar ki, ölkə əhalisinin sayı ilə paralel artır. Əhalinin sıxlığı artan ərazilərdə həm onkoloji, həm də digər xəstəliklərin statistikası artır. Müvafiq göstəriciləri qonşu ölkələrin statistik məlumatları ilə müqayisə etsək, deyə bilərik ki, respublikamızda xərçəng xəstələrinin sayı o qədər də çox deyil. Bundan əlavə, hazırda ölkəmizdə yeni törəmələrlə beş ilə yaxın və daha artıq müddət yaşayan 17.527 xəstə var.
– Xərçəngin və onkologiyanın yaranmasının əsas səbəbləri hansılardır?
– Onkoloji xəstələrin sayının artmasında ekologiya problemləri, qida rejimi, yeyinti məhsullarının keyfiyyəti, yeni texnologiyaların tətbiqi ilə əlaqədar şüalanma və radiasiya səviyyəsinin çoxalması mühüm rol oynayır. Nəzərə almaq lazımdır ki, ətraf mühitin çirklənməsi onkoloji xəstəliklərlə bərabər, başqa xəstəliklərin də əmələ gəlməsinə rəvac verir. Xərçəng şişi erkən mərhələdə aşkar ediləndə müvəffəqiyyətlə müalicə olunur, lakin onkoloji xəstəliklərin əmələ gəlməsinin dəqiq səbəbləri dünya praktikasında hələ müəyyən edilməyib.
Xəstəliyin erkən mərhələsində həkimə müraciət etməyi məsləhət görürəm, çünki bu, xərçəngin bəzi formalarından şəfa tapmaq ehtimalını xeyli artırır. Bütün dünyada olduğu kimi, Azərbaycanda da qadınlar arasında çox vaxt süd vəzisi, kişilər arasında ağciyər, traxeya və bronxların xərçənginə təsadüf olunur. Bu xəstəliklərə çox vaxt yaşı 50-dən yuxarı olan insanlar tutulur. Amma daha gənc yaşlarda da bu xəstəliklərdən əziyyət çəkənlər var. Xoşbəxtlikdən, yaşlılarla müqayisədə uşaqlar çox vaxt bu xəstəliklərdən müalicə olunurlar.
İnanın mənə, xərçəng sözündən qorxmaq lazım deyil, çünki xərçəng erkən mərhələdə aşkar ediləndə müalicə olunan xəstəlikdir. Xəstəliyin qarşısının alınması üçün profilaktiki tədbirləri vacib sayıram, xanımlara 35-40 yaşından sonra mammoqrafiyadan keçməyi məsləhət görürəm, çünki mammoqrafiya süd vəzisi xərçənginin üzə çıxarılmasının ən müasir və dəqiq metodudur. Xərçəng elə bir xəstəlikdir ki, ondan hələ heç kəs sığortalanmayıb. İnsanlarda belə bir rəy formalaşıb ki, guya onkologiya diaqnozu həyatın üstündən xətt çəkmək deməkdir. Əslində isə bu diaqnozla bir neçə on il yaşayan insanların sayı az deyildir. Özünüzü bu xəstəlikdən qorumaq üçün ildə bir dəfə həkim müayinəsindən keçmək lazımdır. Təəssüf ki, bütün dünyada ancaq bu xəstəlik şiddətlənəndə və III-IV mərhələyə keçəndə ondan xəbər tuturlar. Yeri gəlmişkən, xəstəliyə qarşı mübarizədə bütün məsuliyyəti onkoloqların üzərinə qoymaq olmaz. Son vaxtlar xərçəngə qarşı mübarizədə maarifləndirmə işinin yaxşılaşmasına baxmayaraq, telekanallar bu işdə daha fəal iştirak etməli, əhalini onkoloji xəstəliklər barədə daha geniş məlumatlandırmalıdırlar.
Bundan əlavə, biz rayonlara gedəndə maraqlı hallarla üzləşirik. İnsanlar xəstəliyi ən böhranlı vəziyyətə çatdırırlar. Mən bu insanları qınaya bilmərəm, çünki bütün bunlar məlumatsızlıqdan irəli gəlir.
– Xahiş edirəm, Azərbaycanda onkoloji xidmətin yaranması və inkişafı tarixi barədə bir qədər məlumat verin.
– Azərbaycanda onkoloji xidmət böyük və uğurlu inkişaf yolu keçib. XX əsrin 30-40-cı illərində məlum oldu ki, Azərbaycanda onkologiyanın inkişafına mane olan ən mühüm səbəblərdən biri bədxassəli şiş problemləri ilə məşğul olan ixtisaslaşdırılmış elmi-tibbi müəssisənin olmamasıdır. Bununla əlaqədar, 1941-ci ilin yanvarında Bakıda Azərbaycan Dövlət Elmi-Tədqiqat Rentgenologiya və Radiologiya İnstitutu (ETRRİ, – indiki Milli Onkologiya Mərkəzi) təşkil edildi. ETRRİ-nin yaradılması Azərbaycanda Rentgenologiya və Radiologiya xidmətinin inkişafı üçün böyük əhəmiyyət kəsb edib. Bu institutda aparılan elmi araşdırmaların əsas istiqamətləri respublikada bədxassəli şişlərin epidemiologiyası və xərçəngin kombinə edilmiş kompleks müalicəsi üçün səmərəli metodlar yaratmaqdan ibarət idi. İnstituta müxtəlif illərdə rəhbərlik etmiş İsaak Ginzburq, Mustafa Əlikişibəyov, Rəhim Rəhimov kimi tanınmış alimlərin hər biri Azərbaycanda onkoloji xidmətin inkişafına çox böyük töhfələr verib.
Lakin 1990-cı ilin mart ayında Azərbaycanda səhiyyənin böyük təşkilatçısı, gənc mütəxəssislərin bütöv bir nəslini yetişdirmiş, mərkəzin yeni binalarının tikintisi məsələsinin həllinə xeyli qüvvə sərf etmiş görkəmli alim – akademik Cəmil Əliyev Milli Onkologiya Mərkəzinin direktoru vəzifəsinə təyin ediləndən sonra respublikada onkoloji xidmətin inkişafında əsaslı irəliləyiş baş verib. Əvvəllər bizim onkoloq həkimlər çox ağır şəraitdə işləyirdilər. Məsələn, mürəkkəb cərrahiyyə əməliyyatları aparılması üçün şərait yox idi. Bu gün isə Milli Onkologiya Mərkəzinin yerləşdiyi əraziyə nəzər salsaq görərik ki, burada böyük bir tibb şəhərciyi salınıb. Əvvəllər bütün onkoloji əməliyyatlar bir binada aparılırdısa, 2009-cu ildə Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu inşa ediləndən sonra bu sahədə tərəqqi müşahidə olunur. Həmin korpusun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak etdilər.
2014-cü ildə yeni müalicə korpusunun və onkologiya mərkəzinin bədxassəli şişlərin molekulyar diaqnostikası laboratoriyasının açılışı oldu. 2016-cı ilin aprelində Milli Onkologiya Mərkəzinin nəzdində təkcə Azərbaycanda deyil, bütün regionda ilk və yeganə olan Nüvə Təbabəti Mərkəzi açıldı. Burada “Siemens” şirkəti tərəfindən ən yeni texnologiyalar əsasında yaradılmış və minimal doza ilə sürətli müayinə aparmağa imkan verən “Biograph mCT-S40” pozitron-emission tomoqrafiya/ kompüter tomoqrafiyası aparatı (PET/KT) istifadəyə verilib.
2012-ci ilin mart ayında Uşaq Onkoloji Klinikasının açılışı olub. Hazırda Milli Onkologiya Mərkəzinin bütün regionda flaqman müəssisəsi sayılan Uşaq Onkoloji Klinikasında kimyəvi terapiya, şüa terapiyası, cərrahi müalicə, immun terapiyası və digər kompleks müalicə üsulları çox yüksək səviyyədə tətbiq edilir. Klinikada uşaq cərrahiyyəsi, uşaq kimyəvi terapiyası, uşaq şüa terapiyası, uşaq anesteziologiya və reanimasiyası bölmələri var. Milli Onkologiya Mərkəzinin regionda ilk uşaq klinikasının yaradılmasına Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva böyük töhfə veriblər.
– Azərbaycanda onkoloji xəstəliklərə qarşı mübarizə sahəsində hansı tədbirlər görülüb?
– Ölkəmizdə xərçəng xəstəliklərinin müalicəsində ciddi addımlar atılıb və bu iş planauyğun şəkildə davam etdirilir. Onkologiya sahəsində sanballı nəticələrə nail olmuşuq. Milli Onkologiya Mərkəzi Azərbaycan Prezidentinin diqqət və qayğısı sayəsində hazırda ən müasir tibbi texnika ilə, o cümlədən mobil diaqnostik komplekslə təchiz edilib. Onkoloji xəstələrin şiş əleyhinə preparatlarla təmin edilməsi ilə bağlı problemlər bu şəkildə aradan qaldırılıb. Zəngin maddi-texniki bazası və güclü kadr potensialı olan Milli Onkologiya Mərkəzini artıq dünyanın aparıcı onkoloji mərkəzləri ilə bir sıraya qoymaq olar. Mərkəzin əməkdaşları onkoloji xəstələrə yüksək keyfiyyətli xidmətlər göstərir, bədxassəli şişlərin erkən diaqnostikasını aparır, xəstələri ən müasir cərrahi metodlar, şüa terapiyası və dərman preparatları ilə müalicə edir, mövcud müalicə metodlarını daha da təkmilləşdirmək məqsədilə irimiqyaslı elmi araşdırmalara geniş yer verirlər. Milli Onkologiya Mərkəzi ilə ABŞ-ın bədxassəli şişlərin radioterapiyası üçün müasir texnologiyalar layihələndirən və istehsal edən “Varian Medical Systems” şirkəti arasında 2014-cü il oktyabrın 8-də imzalanmış əməkdaşlıq haqqında Saziş son illərin nailiyyətlərindəndir. Bununla da Milli Onkologiya Mərkəzinə rəsmi referens-mərkəz statusu verilib. Sənəd tərəfdaşlar arasında əməkdaşlığın genişlənməsinə, müasir texnologiyaların Azərbaycana daha tez gətirilməsinə, xarici mütəxəssislərlə geniş fikir mübadiləsi aparmağa imkan yaradır. Bununla yanaşı, həmin Saziş Milli Onkologiya Mərkəzində xəstələrə göstərilən xidmətlərin yüksək səviyyədə olmasının dünyanın digər aparıcı klinikaları tərəfindən təsdiq olunmasına dəlalət edir. “Varian Medical Systems” şirkətinin Bakıdakı referens-mərkəzində mütəmadi olaraq radioterapiya üzrə praktiki məşğələlər keçirilir, əcnəbi həkimlər üçün radioterapiyanın müasir metodlarına həsr edilmiş klinik proqramlar üzrə məşğələlər təşkil edilir. Qeyd etmək istəyirəm ki, radioterapiya, stereotaksik radiocərrahiyyə və şüa terapiyası kimi müasir metodların mənimsənilməsi çox mürəkkəb məsələdir. Bu müalicə metodu yüksək ixtisaslı kadrlar və müasir avadanlıq tələb edir. Onkologiya mərkəzində bu istiqamətdə məqsədyönlü iş aparılır. Məsələn, şüa terapiyası şöbəsində ən müasir kompüter proqramları ilə təchiz olunmuş braxiterapiya üçün yüksək enerjili 7 xətti sürətləndirici, kompüter simulyator-tomoqrafı və digər aparatlar tətbiq edilir. 2015-ci ilin noyabrında Milli Onkologiya Mərkəzi ilə M.D.Anderson adına Onkoloji Mərkəz (M.D. Anderson Cancer Center, ABŞ) arasında uzunmüddətli əməkdaşlıq haqqında müqavilə imzalanıb. 2016-cı ilin fevral ayında İsveçrənin “Roche Tissue Diagnostics” şirkəti Milli Onkologiya Mərkəzinin klinik-biokimya laboratoriyasına Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə referens-mərkəz statusu verib. Beləliklə, Gürcüstan, Qazaxıstan, Türkmənistan, Tacikistan, Qırğızıstan və Özbəkistanın onkoloji mərkəz və laboratoriyaları Milli Onkologiya Mərkəzinin ən müasir standartlara cavab verən laboratoriyasının imkanlarından istifadə edə biləcəklər. Onu da qeyd etmək istərdim ki, Dünya Səhiyyə Təşkilatının (DST) baş direktoru doktor Tedros Adxanom Qebreyesus bu ilin iyul ayında ölkəmizdə səfəri çərçivəsində Milli Onkologiya Mərkəzində olub. Doktor Tedros Adxanom Qebreyesus bir sıra mühüm sahələrdə DST ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirərək bu əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. DST-nin baş direktoru qeyd edib ki, onkoloji xəstələrin keyfiyyətli müalicəsi üçün Milli Onkologiya Mərkəzində yaradılmış müasir şərait dünya standartlarına tam uyğundur. O, onkoloji xəstəliklərin profilaktikası və müalicəsi üçün burada aparılan işləri yüksək qiymətləndirib.
– Mərkəz hansı təhsil tədbirlərini və sosial aksiyaları həyata keçirir?
– Milli Onkologiya Mərkəzi adətən xərçəngin mütəmadi müayinə və profilaktikasının zəruri olmasına diqqəti cəlb edən aksiyalar keçirir. Məsələn, Milli Onkologiya Mərkəzində “Qadın dünyası” adlı mammologiya bölməsi yaradılıb və bu bölmənin bütün əməkdaşları qadınlardır. Bundan əlavə, təbabət elminin ayrı-ayrı sahələrində çalışan azərbaycanlı və əcnəbi alimlər, tədqiqatçılar və həkimlər arasında əlaqələrin nizamlanması, elmin və təbabətin qarşılıqlı əlaqələri sahəsində ən yeni nailiyyətlərin müzakirə edilməsi məqsədilə Milli Onkologiya Mərkəzində beynəlxalq elmi-praktiki konfranslar keçirilir. Məsələn, bu il sentyabr ayında Azərbaycan Milli Onkologiya Mərkəzi xərçəngə qarşı mübarizə üzrə ən nüfuzlu təşkilat sayılan, hazırda 40 minə yaxın üzvü olan Amerika Klinik Onkologiya Cəmiyyəti (American Society of Clinical Oncology, ASCO) ilə əməkdaşlıq çərçivəsində “Xərçəngin beynəlxalq multidissiplinar müalicəsi” mövzusunda beynəlxalq konfrans keçirib. Amerikalı mütəxəssislər bizim Mərkəzdə aparılan elmi-tədqiqat işləri və beynəlxalq əməkdaşlıq strategiyası ilə maraqlandılar. Burada çox mürəkkəb cərrahiyyə əməliyyatları və ciddi elmi araşdırmalar aparıldığını yəqin edəndən sonra bizimlə əməkdaşlıq barədə qərar qəbul etdilər.
Oktyabrın əvvəlində minimal invaziv müalicə metodikası və erkən diaqnostika sahəsində ixtisaslaşan dünya şöhrətli “Olympus” konserni ilə birlikdə II Bakı Endoskopik Forumu təşkil edilib. Elmi-nəzəri konfranslar təkcə ölkəmizin paytaxtında deyil, regionlarda da keçirilir. Məsələn, bu il yayda Milli Onkologiya Mərkəzinin mobil diaqnostika kompleksi Laçın rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində, Füzuli rayonunun Horadiz qəsəbəsində, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əhalinin müayinəsini aparıb. Bundan əvvəl mobil diaqnostika kompleksi Ağcabədi və Beyləqan rayonlarında olub. Bu gün akademik Cəmil Əliyevin rəhbərlik etdiyi Milli Onkologiya Mərkəzi respublika əhalisinə ixtisaslı onkoloji yardım göstərilməsi üzrə elmi-metodik və profilaktik işlərin əlaqələndirilməsi ilə məşğul olan əsas qurumdur.
– Müsahibə üçün sağ olun.
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00