Məzahir Süleymanov: “Yaşlı aktyorlara bu cür münasibət alçaldıcıdır”

Məzahir Süleymanov: “Yaşlı aktyorlara bu cür münasibət alçaldıcıdır”
Want create site? Find Free WordPress Themes and plugins.

Bir neçə gün əvvəl tanınmış aktyor, xalq artisti Valeh Kərimov Sumqayıt Dövlət Dram Teatrından işdən çıxarılıb. Teatrda işlədiyi müddətdə 70-ə yaxın obraz canlandıran aktyorun həmkarı, respublikanın xalq artisti Məzahir Süleymanov bu məsələyə səssiz qalmayıb. Belə ki, bir il əvvəl eyni aqibəti yaşayan M.Süleymanov “a24.az”ın elektron ünvanına müraciət edib. O, göndərdiyi mətndə V.Kərimova dəstək olduğunu bildirib, həmkarlarının yaş həddinə görə işdən çıxarılmasına narazılığını ifadə edib.

M.Süleymanovun müraciətində deyilir: “Bir neçə gün bundan əvvəl xalq artisti Valeh Kərimovun 70 yaşının tamam olması ilə əlaqədar teatrdan işdən çıxarılması barədə mediaya verdiyi müsahibəsini oxudum. Mən istəyirəm ki, bu barədə öz fikirimi bildirim. 2014-cü ilin yanvar ayın 29-da  70 illik yubileyim günü məni, məndən 2 il əvvəl isə respublikanın xalq artisti Svetlana Həkimovanı da Valeh Kərimov kimi təqaüdə göndərdilər.

Bütün aktyorlar üçün, xüsusən, 40 ildən artıq teatrda işləyən aktyorlar üçün bu hal çox ağrılıdır. Mənə belə gəlir ki, bir çox incəsənət xadimlərinin fikirlərini təstiq etmiş olaram ki, çiynində bir çox illərin teatr təcürbəsi olan, onlarla obrazlara səhnədə həyat vermiş ağlı, dərrakəsi, bütünlükdə sağlamlığı  yerində olan hər bir aktyor yaşına baxmayaraq teatrda işləməlidir”.

Xalq artisti hesab edir ki, teatrda nəsillərin dəyişməsi öz–özlüyündə baş verməlidir. Onun fikrincə, gənc aktyorlar səhnə təcürbəsini, səhnə mədəniyyətini, teatrda özünü necə aparmağı yaşlı aktyorlara baxaraq teatrda püxtələşməlidirlər: “Çox təəssüf  ki, bizdə bu ənənə pozulur.  Rus teatrlarına diqqət edin- bütün aktyorlar ömürlərinin axırına kimi teatrda işləyirlər. Teatrın foyesində hətta dünyasını dəyişmiş bütün aktyorların, rejissorların , direktorların portretləri  asılıb. Onlar teatrın simalarıdır, tarixidir! Bəs bizdə nə baş verir? Elə ki, aktyorun 70 yaşı tamam olur, onu həmin gün əmrini verib işdən çıxardırlar. Portretlərini belə divardan götürürlər. Bir sözlə, teatrın tarixindən silməyə çalışırlar. O, hörmətli sayılan bir aktyordan, sanki düşmənə çevrilir. Yaşlı aktyorlara bu cür münasibət yolverilməzdir, alçaldıcıdır!”.

M.Süleymanov qeyd edib ki, gənc aktyorlar onların bu vəziyyətini görüb gələcəyə qorxu ilə baxırlar, işləmək həvəsindən düşürlər: “Mən öz taleyimə təşəkkür edirəm ki, hələ gəncliyimizdə biz, cavan aktyorlar, xalq artistləri, səhnəmizin korifeyləri olan Rza Əfqanlı, Əliağa Ağayev, Barat Şəkinskaya, Məlik Dadaşov kimi müxtəlif aktyorlarla bir səhnəyə çıxmışıq. Biz ,gənc aktyorlar, onlardan çox şeyi əxz etmişik. Aktyor sənəti çox incə, kövrək sənətdir. Aktyor, səhnəyə çıxarkən, öz daxili  ilə, əsəbləri və ruhu ilə işləyir. Onları  bütün bunlardan  məhrum etmək  çox böyük insafsızlıqdır. Teatr böyük yaradıcı kollektivdir. Əgər kollektivdə gənclərə kömək, yaşlılara diqqət yoxdursa, teatr incəsənət məbədi kimi öz əhəmiyyətini itirir. Mən Mədəniyyət və Turizm Nazirliyinə, teatra aid olan bütün qurumlara müraciət edirəm: nə qədər  gec deyil, bu problemə diqqət yetirin!”.

Atif Sarıxanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar