Xalq artisti: “Səhnəmizdə qadın kişiyə şillə vurandan sonra kişi obrazı çılızlaşdı” – VİDEOMÜSAHİBƏ

A24.Az -ın suallarını xalq artisti, aktyor, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının Aparıcı səhnə ustası Ramiz Novruz cavablayır.

Xoş gördük, Ramiz müəllim. Hazırda çəkildiyiniz film, serial varmı? 

Xoş gördük. Mən ilk serialdan sonra, bəlkə də, aktyor üçün yaxşı olmayan bir taktiki gediş etdim; efirlərdə dəfələrlə elan etdim ki, bu günkü seriallarımızın durumunu gördükdən sonra mən seriala çəkilməkdən imtina edirəm, serial təklifləri qəbul etməyəcəyəm. Dedim, yalnız Rövşən İsaxın seriallarına çəkiləcəyəm. Ona görə ki, onun işinə bələdəm. Bu sözü “Pərvanələrin rəqsi”ndən sonra demişdim. Hazırda da elə həmin rejissorun “Vicdan haqqı” serialına çəkilirəm. Bu mövsümdən qoşulmuşam, prokuror roluna çəkilirəm.
Bundan başqa Elmir adlı cavan oğlandan, gənc rejissordan bədii filmə təklif almışam. Başlanğıcda olan gənclərə dəstək verməyi çox xoşlayıram. Bioqrafiyamda demək olar ki, 10-a yaxın diplom işi var.
Hazırda Azərbaycanda çəkilən serialların 70%-dən mənə təklif gəlib, gəlməkdədir. Sadəcə mən inanmadığım seriallara çəkilə bilmərəm.

İnanmadığınız seriallar çoxdurmu? 

Var. Qalmaqdadır. Ancaq bu belə də olmalıdır. Proses belə cərəyan edir. Bu Türkiyədə də, Rusiyada da belə olub. Əvvəlcə çox bəsit, səviyyəsiz, məzmunsuz seriallar olur. Və bu bazardan 1-2 yaxşı serial çıxırsa, bu böyük uğurdur. Məsələn, Türkiyə bir müddətdən sonra öz arealında Cənubi Amerika seriallarını sıxışdıra bildi. Bu arpa-arpa, buğda-buğda, darı-darı yığılır. Çox sevindiricidir ki, artıq bizim serialın yutubda izləmə sayı 300 000 –i keçir.
Bütün dediklərimlə yanaşı həddən artıq zəif, bəsit seriallar var. Hərdən düşünürəm ki, bu adamlar bu bacarıqla onlara pul ayıran adamları necə inandıra bilirlər ki, mən çəkə bilirəm. Tutaq ki, düşünürəm, mən bu təcrübə ilə gedib desəm ki, film çəkirəm, deyəcəklər ki, “get aktyorluğunu elə”.

Bu gün teatr istedadlı bir aktyoru maddi baxımdan təmin edə bilirmi? 

MDB-də teatr aktyoru maddi baxımdan təmin edə bilmir. Amma teatrlar var ki, onlar aktyoru düşünürlər. Amma, ümumilikdə teatrlarda aktyorlardan başqa hamı yaxşı dolanır. Direktoru, administratoru və s.
Teatrda o qazanc yoxdur ki, aktyoru təmin etsin. Aktyor təkcə teatrdan qazandığı ilə dolana bilmir. Görünür bu işi düşünənlər də var, durumu bilirlər – Heydər Əliyev teatrı bilən adam idi, o prezident mükafatları təyin etdi. Bu aktyor üçün böyük stimuldur. Allah qismət eləsin, hamı alsın. İndi də o siyasət davam edir. Yoxsa aktyorlar teatr maaşı ilə dolana bilməz.
Bir məsələ də var ki, aktyor yalnız teatr maaşına məhkumdursa, onun günahı bir az da özündədir. Aktyor üçün ən qorxulu şey rejissorlara lazım olmamaqdır. Əgər bir teatr aktyorunu uzun illər filmə çağırmırlarsa, demək günah onun özündədir.
Məni bir ədalətsizlik narahat edir; məsələn rayon teatrlarında, elə paytaxtda o qədər istedadlı insanlar, aktyorlar var ki, özlərinə iş tapa bilmirlər. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı ölkənin 1 nömrəli teatrı sayılır. Düzdür, truppada çox talantlı, istedadlı aktyorlar var. Amma talantsızlar da çoxdur. Ümumiyyətlə mənə elə gəlir ki, teatrımızda işləyənlərin 30%-nin aktyorluq diplomu yoxdur. Ölkənin 1 nömrəli teatrı belə olmalı deyil. Bu şəxslər gəlirlər, 3-4 gündən sonrta xalq artistləri ilə bərabər imtiyazlar istəyirlər. Halbuki elə aktyorlar var ki, onların burada işləməsi belə böyük şərəfdir.

Peşəkar aktyor kimi son zamanlar çəkilən komediya filmlərinə münasibətiniz necədir? 

Mən ümumiyyətlə kino lentinə çəkilməyən video çəkilişləri kino kimi qəbul edə bilmirəm. Bu öz yerində. Bu gün çəkilən komediyalara gəlincə; bu gün “O olmasın, bu olsun” filmini də, indi çəkilən komediyaları da qoyaq yan-yana. Əlbəttə ki, satışda yeni filmləri daha çox alacaqlar. Çünki, bu təzədir. Bu günkü zarafatlardan istifadə edilib. Amma gəlin baxaq, böyük film nədir. Böyük filmin ölçü meyarı budur ki, bu gün o filmlərdə olunan çayxana zarafatlarına bir azərbaycanlının verdiyi reaksiyanı bir ingilis də versin, rus da, amerikan da, iranlı da, türk də. Məsələn, “Məşədi İbad”ı hara aparsan da, qəbul eləyəcəklər. “Avara” filmi, Çarli Çaplinin filmlərini hara gəzdirsən də, hamı anlayacaq. Böyük kinonun şərtləri bunlardır. Bunları bu filmləri çəkən şəxslərə deyəndə inciyirlər ki, bizə dəstək olmursuz. Amma bunu qırağa çıxarmaq olmaz.
O komediyalara çəkilməmişəm, çəkilmək də fikrim yoxdur. Belə komediyalarda özümü görmək istəmirəm.

Ramiz müəllim, sənətkar öz nüfuzundan istifadə edərək ölkdə gedən ictimai-siyasi məsələlərə, ədalətsizliklərə münasibət bildirməlidirmi? 

Əslində sənətkarın da öz mövqeyi, vətəndaş mövqeyi olmalıdır. Amma bu işi aktivləşdirərək bir başa özünü bu işə həsr etməsini başa düşə bilmirəm. Çox böyük sənətkarlarımız siyasi fəaliyyətə başladıqdan sonra tamaşaçıların məhəbbətini itirməyə başlayıb. Çünki, bilmədiyi işə baş qoşub. Və məni çox incidən şeylərdən biri də budur ki, Azərbaycanda hər kəs öz bildiyi işi ilə məşğul olmalıdır.
Məncə məşhur sənət adamları çox məcbur eləməmilidir ki, qoşulub kiminsə, nəyinsə əleyhinə, lehinə söz desin. Çünki, istənilən halda bu hərəkət onların işinə də təsir edəcək.

Ramiz müəllim, hər gün bir az da incələn incəsənətdə sərt kişi olmaq necə hissdir. Ətraf sizdə necə təəssürat oyadır? 

Sərt kişilər, sərt xarakterlər artıq “Qırmızı kitab”a düşmüş hisslərdəndir. 60-cı illərdə “Dəli Kür” romanı ərsəyə gələndə millətin içində qəribə bir qürur əmələ gəldi. Və ya dövlətin başında güclü bir xarakter olanda insanlar necə dirçəlir, ona oxşamaq istəyir. İncəsənətimizdə də, sovet dönəmindən gəlmə dramaturgiyamızda kişi obrazlarının cılızlaşması, Cahandar ağaların azalması prosesi getdi. Bolşevik düşüncəsinə uyğun səhnəmizdə qadın kişiyə şillə vurandan sonra kişi obrazı çılızlaşdı. Sonra yavaş-yavaş fərd olaraq insanlar da cılızlaşmağa başladı. Artıq o kişi obrazları, sərt kişilər unudulmağa başladı. Qeyd etdiyim kimi bu mənada ədəbiyyatın, incəsənətin də bu cılızlaşmaya təsiri oldu.
Guya ki, bu şillə vuran qadınlar olmayanda Möminəxatun yox idi. Var idi. Şəmsəddin Eldəniz də var idi, bu xarakterlər bir-birinə mane olmurdu. Sosializmin təbliği ilə bu balans pozuldu.
Sərt kişi obrazların mövcudluğu cəmiyyətin balansıdır. Onları tutub düzlənmək olur.
Hərdən mənə elə gəlir ki, kimsə qarşısına məqsəd qoyub ki, bu şou-proqramlarda, verilişlərdə ən hörmətli, ən dəyərli insanları hörmətdən salmalıdır. Dedi-qodu söhbətlərinə qoşub öz səviyyələrinə salmaq tendensiyası yaranıb. Çox böyük bir yazıçını 3 qiymətilə oxumuş tələbə alçalda bilər. Ağlı olmayan bir adam özünə ağsaqqal deyib efirə çıxıb ağzına gələni danışa bilər. Ona görə o sərt kişilər beləcə azalırlar…
Tüfəng çıxandan sonra Koroğlunun məşhur sözləri var. Artıq görür ki, balaca uşaqlar da əlində tüfəng fili, öküzü öldürə bilir, onda deyir:

Tutulur məclisdə igidin yası,
Kar etmir qılıncı, polad libası.
Gəlib bic əyyamı, namərd dünyası,
Mənmi qocalmışam, ya zəmanəmi?

Söhbətləşdi: Sərdar Amin

Operator: Fərid Orucov

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR