Xalqın 25 faizinə xristinalıq qəbul etdirilərsə, iki nəsil sonra əhali tamamilə bu dini qəbul edəcək - Azərbaycanda xristian missionerlərinin şok planları

Xalqın 25 faizinə xristinalıq qəbul etdirilərsə, iki nəsil sonra əhali tamamilə bu dini qəbul edəcək – Azərbaycanda xristian missionerlərinin şok planları
Want create site? Find Free WordPress Themes and plugins.

1991-ci illərdə, Ermənistanla savaşın qızğın çağlarında xristian təriqətləri Azərbaycanda xüsusi fəallıq göstərməkdən çəkinirdilər. Çünki həmin dövrdə xristian yönümlü inancların yayılmasına cəhd etmək düşmən təbliğatına dəstək vermək kimi dəyərləndirilə bilərdi. Əslində Azərbaycan-Ermənistan savaşı heç zaman dinlərarası qarşıdurma halını almayıb. Buna baxmayaraq, savaşın aktiv dövründə Xristian təbliğatçıları öz inanclarını açıq şəkildə yaymaqdan uzaq dursalar da, bəzi xristian təriqətləri hələ o çağlarda öz işlərini yarıgizli olaraq həyata keçirirdilər.

1994-cü ildə Ermənistanla atəşkəs anlaşması bağlanandan sonra Azərbaycan onu bürüyən dərin böhrandan çıxmağa başladı. Bu yeni durumda xarici ölkələrdən gələn missionerlər Azərbaycan əhalisi arasında genişmiqyaslı açıq təbliğata başladı. Xüsusilə Qərb ölkələrindən gəlmiş müxtəlif protestant kilsələrinin dəvətçiləri Bakı, Gəncə və başqa şəhərlərdə öz yığıncaqlarını keçirərək, geniş konsert zallarında dualar, moizələr və dini məzmunlu mühazirələr oxuyurdular. Beləliklə, həmin dövrdə xaricdən ölkəmizə gələn xristian-protestant mühazirəçilər və din xadimlərinin səyləri nəticəsində dini təriqətlərə çoxlu adam cəlb edilmişdi. Onların missioner çalışmaları nəticəsində, bir çox həmyerlimiz bu təriqətlərin inanclarını mənimsədilər. Lakin bunun bir çox subyektiv və obyektiv səbəbləri var idi.

Birinci növbədə sosial səbəblər gəlirdi. Həmin illərdə ölkənin vəziyyəti olduqca pis, insanların bu günə və gələcəyə inamı yox idi. İqtisadi problemlər, əhalinin yoxsulluğu da bir çoxlarını dini təbliğatlara uymağa məcbur edirdi. Elə təriqət təbliğatçıları da onlara psixoloji təsir göstərərək ardıcıllarını dini asılılıq hallına salır, vədlər verirdilər.

Hətta yabançı din təriqətçilərinin təbliğatı siyasi xarakter də daşımışdır. Onlardan bəziləri öz dinlərinin ermənilərlə azərbaycanlıların barış əldə etməsinə yardımçı olacağını iddia edirdilər. Onların fikrincə, bu halda azərbaycanlılar da ermənilər kimi, xristian olacaq və xristian qardaşlığı ideyaları ilə bu savaşı həll etmək mümkün olacaqdır.

Həmin dövrdə missionerlərin dilə gətirdikləri məqsədləri Azərbaycanın xristianlaşması olmuşdur. Bu yolda, ilk olaraq, hər 5-ci azərbaycanlını xristian etmək planı açıqlanırdı. Təriqətçilər gənclər arasında daha fəal olaraq, ordu sıralarında da öz təbliğatlarını aparmış, “humanizm” prinsiplərini gənclərə aşılayaraq onları ələ silah almaqdan çəkindirməyə çalışmışlar.

(Mənbə: “Azərbaycan “missioner yuvası”na çevrilir – Yeniçağ qəzeti)

Hazırki statistik göztəricilərə baxsaq, Azərbaycan əhalisinin 2 faizi xristiandır. Ölkəmizdə dini qurumların ümumi sayı isə 749-a çatıb. İndiyədək dövlət qeydiyyatından keçmiş dini qurumlardan 28-i qeyri-islam təmayüllüdür ki, onlardan 17-si xristian dini icmasıdır.

(Mənbə: Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi)

“A24.az” olaraq Azərbaycanda 2004-cü ildən fəaliyyət göstərən “Bakirə Müqəddəs Məryəm” katolik kilsəsində olduq. Kilsədən Azərbaycandakı katoliklərin dini fəaliyyəti haqda məlumat almaq, daxil olub şəkil çəkdirmək, çəkiliş etmək heç də çətin olmadı. Bizə 6 ildir sözügedən kilsədə keşiş kimi çalışan Vladimir Baksa yardımçı oldu.

Ona verdiyimiz ilk sual isə kilsəyə ibadət üçün gələnlər arasında azərbaycanlıların olub-olmaması idi. Çünki Dini Qurumlarla iş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Azərbaycanda xristian sektalarına qoşulan vətəndaşlarımızın sayı 6 mindən çoxdur. Görəsən, həmin müsəlmanlar hansı səbəbdən dinini dəyişib? Və ya bu, Azərbaycanda fəaliyyət göstərən xristian sektalarının uğurudurmu?

Əslən Slovakiyadan  olan Vladimir Baksa “Azərbaycanda doğulub, buranın vətəndaşı olan ruslar var. Onlar ibadət üçün kilsəyə gəlirlər. Lakin kilsəyə gələnlər arasında elələri də var ki, onlar başqa ölkədə doğulsalar da, özlərini azərbaycanlı hesab edirlər. Ona görə də, kilsəyə ibadət üçün gələnlərin hansı qisminin tam olaraq azərbaycanlı olduğunu açıqlaya bilmərik. Əlimizdə olan statistik göstəricilərə görə, 150 Azərbaycan vətəndaşı katolikdir. Ümumiyyətlə, Azərbaycanda insanlar, dinlərini mədəniyyətləri ilə qarışdırırlar. Bu səbəbdən ailəsi ilə yaşayan biri dinini dəyişdirmək istəyəndə böyük çətinliklərlə üzləşir. Biz dinini dəyişmək istəyən kimsədən milliyətini, keçmiş dinini soruşmuruq. Çünki bunlar bizim üçün əhəmiyyətli deyil. Əgər sizə konkret olaraq statistik göstərici maraqlıdırsa, biz il ərzində kilsəmizdə təqribən 5-6 insanı katolik kimi vaftiz edirik. Əlbətdə onlar arasında, təkcə azərbaycanlılar deyil, xarici vətəndaşlar da olur”- deyə qeyd etdi.

İnsanları xristianlığın katolik dininə cəlb etmək üçün istifadə olunan dini ədəbiyyatlara gəlincə, Vladimir Baksa bu mövzuya da toxundu: “Xristianların ümumi bir kitabı var. Bu Bibliyadır. Əgər kimsə xristian olmaq istəyirsə, ilk olaraq Bibliyanı, Allahın kəlamlarını bilməlidir. Daha sonra katolik kilsəsi haqda vacib məlumatları çatdıran Katehizis kitabını məsləhət görürük. Bütün bunlardan sonra həmin insanın bizimlə birgə sosiallaşması və ibadətlərə qoşulması vacibdir. Əgər xristian olmaq istəyirsənsə, kilsəyə gəl, bizimlə danış, birlikdə ibadət edək. Daha sonra bu yolun sənə uyğun olub-olmadığını görəcəksən”.

Çəkiliş zaman kilsəyə ibadət üçün gələnlərin şahidi olduq. Düzdür, o qədər də çoxluq təşkil etmirdilər. Amma növbəti üz tutduğumuz Jen Mironosist provoslav kafedral kilsəsi isə bizi, sözün əsl mənasında “çarmıxa” çəkdi. Qapısını iki dəfə döydüyümüz bu kilsə mövzu cəhətdən o qədər zəngin idi ki, hər atdığımız addım kilsədə fəaliyyət göstərənlər üçün problem oldu. Ayin icra edirdilər, amma bütün keşişlərin iti nəzərləri üzərimizdə idi. Sanki provoslavların ibadət məkanı deyil, xüsusi rus agentlərin yığışdığı bir qurum idi. Hər addım başı bizə keşişlərdən kimsə yaxınlaşıb xəbərdarlıq edirdi. Katolik kilsəsində əldə etdiyimiz çox adi məlumatları Provoslav kilsəsindən kimdən alacağımızı bilmirdik, çünki bizi yaxınlarına belə buraxmırdılar. Söz soruşduğumuzda, gəlişimizin səbəbini izah etdikdə isə “Yo, biz heç nə deyə bilmərik, burda elə bir adam yoxdur, başqa kilsələrə gedin” kimi sözlər deyərək, bunun üçün gah baş keşişin icazə verməsini, gah da Konstantin adlı bir şəxsin olmasını deyərək min cür bəhanə gətirdilər. Hələ bizə qarşı xoş olmayan münasibətlərini demirik… Elə bil onlar bizim deyil, biz onların ərazilərində idik. Kilsənin yaxınlığında yerləşən binanın açıq qapısından içəri girdiyimiz zaman üstümüzə gələn hərbi geyimli şəxs lap vahiməli idi. Gəlişimizin məqsədini başa salandan sonra qısaca təlimat verdi: “Mən heç nə bilmirəm, şəkil çəkməyin, çölə çıxın və orda gözləyin!”

Ayin qurtarandan sonra baş keşiş istirahət otağına gedəndə ona yaxınlaşmaq istədik. Yenə də həmin mühafizəçi bir anda qarşımıza çıxıb bizə mane oldu. “Gözlə” işarəsini verən hərbi geyimli şəxs daha sonra baş keşişin sürücüsünə əl işarəsi ilə “bizi başdan eləməsini” bildirdi.

Bunu etməkdə məqsədləri nədir? Axı bu cür hərəkətlərlə özlərini daha da şübhələndirirlər. Burda çox sadə və adi reportaj etmək, mültikulturalizm ölkəsi olan Azərbaycanda dinlərin müstəqil fəaliyyətinı işıqlandırmaq istədik.

Qeyd: Kilsəyə bir ayda iki dəfə getdik. Hər getdiyimizdə həm kilsənin içərisində, həm də ona tərəf axın edən çoxlu azərbaycanlıların olduğuna şahidlik etdik. Dediklərinə görə, onlar kilsəyə dua etməyə deyil, ruhlarını pis qüvvələrdən təmizləməyə və baxdırmağa gəlirlər. 

Ümid edirik ki, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Bakının “Qızıl Şərq” hərbi şəhərciyində yerləşən sözügedən provoslav kilsəsinin media qurumuna göstərdikləri mənfi münasibətə laqeyid qalmazlar. Çünki kilsədəkilərin edəcəyimiz reportajı bu qədər qəlizləşdirmələri, bizi görmək belə istəməmələri çox təəccüblü idi.

Son olarq onu da qeyd edək ki, missionerlərin hesablamalarına görə, Azərbaycan əhalisinin 25 faizinə xristinalıq qəbul etdirilərsə, iki nəsil sonra əhali tamamilə xristianlaşacaq. Bu gün xristian missioner təşkilatlar tərəfindən aparılan hesablar üzərində ciddi şəkildə düşünmək lazımdır. Lakin bu mövzuda aparılan araşdırmalar, missioner fəaliyyətlərin idarə edilmədiyi və güclü təbliğatla bağlı ciddi işlərin görülmədiyini göstərməkdədir.

Azərbaycanın Qarabağdakı ərazi bütövlüyü bərpa edilməsə, milli dəyər və milli hədəflərinin hələ milli şüurda formalaşma müddətinin tamamlanmadığı bir zamanda qeyri-qanuni missioner fəaliyyətləri dayandırılmasa, onlara nəzarət gücləndirilməsə, ölkənin milli dəyərləri ciddi təhlükə ilə qarşı-qarşıya qala bilər.

Azərbaycan xalqı missionerlərin tələsinə düşərək İslam dininə sahib çıxması və təhlükəsizliyin qorunması üçün aşağıdakı tədbirlər görülməlidir. Odur ki,

  • Məktəblərdə dinlə bağlı məlumatlar verən dərslər keçirilməli;
  • Məscidlərdə xalqı məlumatlandıran bilgilərin səviyyəsi yüksəldilməli;
  • Missionerlərin fəaliyyətlərinə tez-tez nəzarət edilməli;
  • Sosial-iqtisadi, sosial-mədəni fəaliyyətlər artırımalıdır;

Repartyor: Firuzə Alimova, Nərmin Kərim

Fotolar: Nərmin Kərim

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Din, Reportaj, Foto xəbər
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar