“Xan əmi, mən Azərbaycanda ən birinci oğrubaşıyam, İş ki, belə oldu evini yarmağım kişilikdən olmaz”- Xan Şuşinskinin başına gələnlər - MÜSAHİBƏ  

“Xan əmi, mən Azərbaycanda ən birinci oğrubaşıyam, İş ki, belə oldu evini yarmağım kişilikdən olmaz”- Xan Şuşinskinin başına gələnlər – MÜSAHİBƏ
Want create site? Find Free WordPress Themes and plugins.

A24.az Azərbaycanın Xalq artisti, muğam sənətinin korifeyi, səsi ilə yanaşı əvəzsiz mahnıları ilə də sənət tarixinə adı qızıl hərflərlə yazılmış Xan Şuşinskinin qızı, Xan Şuşinski Fondunun rəhbəri Bəyimxanım Verdiyeva ilə müsahibəni təqdim edir.

 – Bəyimxanım xanım, Xan Şuşinski böyük bir nəslin nümayəndəsi idi. Əvvəlcə bu barədə danışmağınızı istərdik.

-Atam İsfəndiyar Cavanşir Azərbaycanın dilbər guşəsi, əzəli-əbədi Qarabağ xanlığının təməlini qoymuş Pənahəli xan Cavanşirin kötücəsi Aslan ağa Cavanşirin ailəsində dünyaya gəlib. Bu nəsildən çıxmış xeyli tanınmış insanlar Azərbaycan tarixinə öz adlarını qızıl hərflərlə həkk ediblər. Babam Aslan ağa dövrünün çox tanınmış ziyalısı, varlı bəylərindən olub, Şuşanın ətrafında 4 kəndi var imiş. Şuşanın özündə isə xeyli malikanələri, at ilxısı, dəyirmanları, torpaq sahələri olub. Nənəm Bəyimxanım Cavanşir də Cavanşirilər sülaləsinin bir qolundan olan Murad bəy Cavanşirin qızı olub. Onlar da çox hörmətli, ziyalı ailədən gəliblər.

Babam Aslan ağa musiqini, şeriyyatı, qəzəli çox sevər, evində tez-tez musiqi gecələri keçirərmiş. Həmin gecələrə dövrünün tanınmış şairləri, qəzəlxanları, musiqiçiləri, müğənniləri dəvət olunarmış. Şairlər elə həmin məclislərdə gözəl şeirlər yazar, həmin şeirlərə elə oradaca mahnılar bəstələnər, məclisdəki o dövrün tanınmış xanəndələri də həmin mahnıları ifa edərmişlər. Evlərində qramafon var imiş və onun vasitəsilə təkcə Azərbaycanın deyil, Şərqin də tanınmış ifaçılarının mahnılarına qulaq asarmışlar. Bu musiqi gecələri ailənin ən böyük övladı olan İsfəndiyarda elə kiçik yaşlarından başlayaraq çox böyük maraq yaradır. Onu da qeyd edim ki, babam Aslan ağanın da səsi varmış, pəsdən oxuyarmış, tarda da çox gözəl ifa edərmiş.

Atamın elə uşaqlıqdan gözəl, zil səsi olub. Bizə danışardı ki, “Səsim çox zil idi, o vaxt evdə oxuya bilməzdim, səsimin cingiltisindən rəflərə düzülmüş qablar bir-birinə dəyib əks səda verirdilər. Ona görə də evdən qaçıb dağlarda oxuyurdum, ağacların başına çıxıb bülbül kimi cəh-cəh vururdum. Səsim, sənətə olan sevgim o qədər çox idi ki, həyətimizə, evimizə sığışmırdı”.

– İsfəndiyar Cavanşirov sonradan atasının ona verdiyi addan niyə imtina edib “Xan Şuşinski” oldu? Bu adın tarixcəsindən danışasınız, bəlkə?

– Atam İsfəndiyar adından özü imtina etməyib, “Xan” adı altında hansı nəsildən olduğunu gizlədərək fəaliyyətini davam etdirib. Atamın qohumlarının əksəriyyəti bəy nəslindən olduqları üçün Sovet hökumətinin təqiblərinə, sürgünlərinə məruz qalıb.

Məhz “Xan” adının da öz tarixi var. Belə ki, o dövrdə İslam Abdullayev getdiyi bütün məclislərə balaca İsfəndiyarı da özü ilə aparırmış. Məclislərin birində İranın böyük sənətkarı, ustad Şəhriyarın müəllimi olmuş Əbülhəsən Xan Azər İqbal Soltanın ifasında “Kürd Şahnaz” muğamına qulaq asırlar. Məclis əhli bu ifanı alqışlarla qarşılayır, ustadı İslam Abdullayev üzünü atama tutub deyir ki, bəlkə sən də oxuyasan. Atam da tərəddüd etmədən razılıq verir, ancaq deyir ki, mümkünsə bir də qulaq asım, sonra ifa edim. Atam ikinci dəfə “Kürd Şahnaz” muğamına qulaq asdıqdan sonra elə ifa edir ki, hamı ayağa qalxıb balaca İsfəndiyarı alqışlara qərq edir. Elə oradaca da deyirlər ki, “Bu gündən sənin adın “Xan” oldu. Əbülhəsən Xan Azər İqbal Soltan İranın xanı idi, bu gündən də sənə “Azərbaycanın Xanı” adını veririk”.

– Bağırovun, Sovet hökumətinin atanıza qarşı onsuz da isti olmayan münasibətlərinə Xan adı bir qədər də sərinlik səpmirdi ki?

– Sovet dönəmində, “Bəy”, “Ağa”, “Xan” adlarına qadağa qoyulduğu bir dövrdə “Xan” adını daşımaq və ustadları, tamaşaçıları, dinləyiciləri tərəfindən ona verilən bu adı həm sənəti, həm səsi, həm şəxsiyyəti ilə doğrultmaq çox böyük iş idi. Bu adı ona verməklə, sanki balaca İsfəndiyarın çiyinlərinə böyük məsuliyyət qoyurlar.

Atam bu adı doğrultmağı bacarsa da, hər zaman onu istəməyənlər, çətin məqama düşürməyə çalışanlar, xain xislətli adamlar olub. Atamın başına dönə-dönə pis hadisələr gətiriblər. Ancaq, o, bütün çətinliklərdən, dar məqamlardan alnı açıq, üzü ağ çıxmağı bacarıb, səsi, sənəti onu pis insanların şərindən qoruyub..

Xatirələrində söyləyir ki, bir faytonla konsertdən qayıdırmışlar, faytonda atamla bərabər muğam sənətinin dərin özüllü sütunlarından Cabbar Qaryağdıoğlu, Seyid Şuşinski, Xan Şuşinski və onları müşayiət edən 3 musiqiçi varmış. Qaranlıqda faytonun qabağını qaçaqlar kəsir. Həmin məqamda Cabbar Qaryağdıoğlu atamdan tez oxumasını istəyir. Atam danışırdı ki, “Mən oxuyan kimi faytonu saxladılar, qaçaqların başçıları bizi görən kimi tanıdı, dedi ki, belə səsə qıymaq olmaz, buraxın getsinlər”.

1938-ci ildə Moskvada Azərbaycan mədəniyyəti və incəsənəti ongünlüyü keçirilir, atam da orada iştirak edəcəkmiş, afişaları asılıbmış. Ancaq bir günün içərisində Bakıdakı bütün afişalar yığışdırılır. Sən demə, Bağırova xəbər veriblərmiş ki, Xan Şuşinski orada oxumaq üçün külli miqdarda pul istəyir. Atam bunu eşidəndə yaman pərt olur. Üzeir Hacıbəyov, Mirzə İbrahimov və Səməd Vurğun birlikdə atamı çağırır ki, indiyə qədər qazandığın mükafatları yığ, gedək Mircəfər Bağırovun qəbuluna. Belə də edirlər, Bağırov görür ki, Xan nə qədər hamilik konsertləri verib, nə qədər fəxri fərmanlarla, mdeallarla təltif olunub, Zaqafqaziya festivalında dönə-dönə “Qran Pri”, birinci yer qazanıb. Bundan sonra Bağırov əmr edir ki, Xan Şuşinski qardaşı Allahyar Cavanşirovla birlikdə Bakı şəhərinə köçürülsün, hər ikisi Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasına solist götürülsünlər. Bununla da Xanı ləkələmək, şərə salmaq istəyən xain xislətli insan özü də bilmədən Xanın Bakıya köçməsinə şərait yaradır.

Atamın 30-cu illərdə Hüseyn Cavidin qəzəllərini muğam üstündə oxuduğuna görə, 6 ay səsi alınıb. Atam deyirdi ki, “30-cu illərin əvvəllərində canımdan da çox sevdiyim Şuşaya həsr etdiyim “Şuşanın dağları” mahnısına görə NKVD-ə çağırıldım. Mənə dönə-dönə sual verdilər ki, “Sovet Şuşasının da başı dumanlı olarmı, bununla nə demək istəyirsən?” Məni məcbur etmək istəyirdilər ki, həmin misraları dəyişim. Başa düşmürdülər ki, mən o mahnıda “Şuşanın dağları başı dumanlı, qırmızı koftalı, yaşıl tumanlı”  deməklə müstəqil Azərbaycanın 3 rəngli bayrağını nəzərdə tutmuşdum”.

Xanın səsi onu həmişə pis vəziyyətlərdən də çıxarıb. Bir dəfə Moskvada konsert zamanı bilərəkdən və ya bilməyərəkdən notlar dəyişdirilir. Atam səhnəyə çıxanda orkestr kişi səsindən bir aktava yuxarıda ifa etməyə başlayır. Bu zaman Səid Rüstəmovun rəngi ağappaq ağarır. Ancaq Xan öz əzəmətli səsi ilə həmin vəziyyətdən çıxır, çox gözəl ifa edir, səhnəni gurultulu alqışlarla tərk edir.

– Xan Şuşinski Xurşudbanu Natavanla qohum olub, həmçinin o dövrün bir çox məşhuru ilə qonşuluq, dostluq münasibətləri yaşayıb. Həmin məşhurları necə xatırlayırdı, nələr danışırdı onlar barəsində?

– Xurşudbanu Natavan, Cəlil Məmmədquluzadənin həyat yoldaşı Həmidə xanım Cavanşir atamgilin ən yaxın qohumları olub. Atamın hələ uşaq yaşlarından onlara qonaq gələn məşhur sənətkarlarla yaxından tanışlığı, sonralar dostluğu yaranıb. Onlardan biri də dövrünün ustadı, “Segah İslam” adı ilə tanınan İslam Abdullayev imiş. Segah İslam balaca İsfəndiyarda muğama, musiqiyə, qəzəliyyata olan marağı görür və babamdan xahiş edir ki, İsfəndiyarı ona şagirdliyə versin. Qeyd edim ki, atam həmin dövrdə Şuşada fəaliyyət göstərən realnı məktəbdə təhsil alırmış, bir neçə dildə sərbəst yazıb, oxuyurmuş, elmə böyük həvəsi varmış. Buna baxmayaraq, babam İslam Abdullayevin təklifini alqışlayır və atamı ona şagirdliyə verir. Babam atama tarda ifa etməyi də öyrədibmiş, çox gözəl çalırmış tarda. Atam da qardaşı Allahyara tar çalmağı öyrədir. Nəticədə, atamla bərabər əmimin də Azərbaycan musiqi tarixinə adı yazılır.

Atamın dostları arasında dövrünün böyük musiqiçiləri, aktyorları, rəssamları, şairləri çox olub. Onların hamısı Xanın xətrini əziz tuturdu, sənətini, şəxsiyyətini çox böyük qiymətləndirirdilər. Böyük ustad Cabbar Qaryağdıoğlu deyib ki, çətin bir də Xanın səsindən ola. Üzeyir Hacıbəyov birinci dəfə Xanı eşidəndə səsinə heyran olub, hər zaman Xanın ifasında “Kürd Şahnaz”a, “Segah”a, “Sarənc”ə, “Simayi-Şəms”ə qulaq asmaqdan doymazmış. Üzeyir bəy çox istəyirmiş ki, Xanı operaya gətirsin, ancaq atam razılaşmayıb.

Atam, həmçinin Məmməd Rahimlə, Əliağa Vahidlə, Süleyman Rüstəmlə, İlyas Əfəndiyevlə, Səməd Vurğunla, Mirzə İbrahimovla, Süleyman Rəhimovla, xalçaçı rəssam Lətif Kərimovla, drijor Niyazi ilə, tarzənlər Qurban Pirimovla, Bəhram Mansurovla, Xalq artisti Şəmsi Bədəlbəyli ilə dost olub. Niyazi getdiyi bütün ölkələrdən maraqlı qəlyanlar alıb atama hədiyyə gətirirmiş. Səməd Vurğun da məşhur “Azərbaycan” poemasında Xanın adını tarixə salıb. Bilərəkdən Qarabağı Xanın adı ilə bağlayıb. Səməd Vurğunla dostluqları çox möhkəm, etibarlı olub. Rəhmətlik Vaqif Səmədoğlu öz xatirələrində yazır ki, “Atamın çox sayda dostu olduğu halda, dar gündə qapımızı bircə Xan Şuşinski açdı, hər həftə bizi yoxladı”.

Atam Səməd Vurğunla ilk dəfə Gəncədə tanış olduqlarını deyərdi. 1920-ci illərin sonunda Gəncənin Xan bağında konsertlər verirmişlər, hər konsertdə qabaq cərgədə bir qarayanız oğlan otururmuş, atam oxuduqca da həmin oğlanın gözləri dolurmuş. Bir dəfə konsertdən sonra atama yaxınlaşıb deyir ki, “Mənim adım Səməd, soyadım Vəkilovdur, şeirlər, qəzəllər yazıram. Sizə şeirlərimdən versəm, mahnı oxuyarsınızmı?” Atam da deyir ki, əlbəttə, oxuyaram. Elə o vaxtdan da onların dostluğu başlayır və Səməd Vurğun dünyasını dəyişənə kimi qardaş qədər yaxın olurlar.

– Dövrün rəhbərlərindən kimlərlə isti münasibəti olub?

– Atamın şəxsiyyəti hər dövrün böyük rəhbərləri tərəfindən yüksək qiymətləndirilib. 1943-cü ildə, müharibənin qızğın vaxtında “Əməkdar artist” adını almadan “Xalq artisti” adına və “Şərəf oredeni”nə layiq görülüb. Bu, o dövr üçün çox böyük iş idi.

Ulu öndərimiz də hər zaman atamın sənətini, şəxsiyyətini yüksək dəyərləndirib. Heydər Əliyev tez-tez atama zəng edər, uzun-uzadı söhbət edərdi. Yadımdadır, 1976-cı ildə Mərkəzi Komitədə işləyərkən atama Hökumət Evinin yanında mənzil vermişdi, evə bir neçə saata telefon çəkdirmişdi və özü şəxsən zəng edib atamı təbrik etmişdi.

Atam həmişə deyirdi ki, çox rəhbərlər görmüşəm, ancaq Heydər Əliyev qədər sənətə, sənətkara dəyər verən ikinci bir şəxsiyyət görmədim.

– Xan Şuşinski çox gec yaşında ata olub. Nəvə oynatmalı yaşda bir insan necə ata idi?

– Xan Şuşinski çox gözəl ata idi, bizə böyük məhəbbətlə bağlıydı. 1959-cu ildə mən dil açanda atam mənə “Ay qəşəng ceyran” mahnısını həsr edib. Onda mənə Moskvadan araxçın alıb gətiribmiş, mahnıda da oxuyurdu ki, “Araxçının mirvari, ay qız danış, gül barı”. Təvazökarlıqdan uzaq olsa da, mən Xanın övladı olduğum üçün çox xoşbəxtəm.

Xanın övladları olaraq dahilərin ətrafında böyümüşük. Evimizdə Həqiqət Rzayevanı, Qurban Primovu, Seyid Şuşinskini, Fikrət Əmirovu, Bəhram Mansurovu, Yavər Kərəntərlini, Şövkət Ələkbərovanı, Sara Qədimovanı, teatrımızın ustad sənətkarlarını, böyük şairlərimizi, bəstəkarlarımızı görmüşəm, onların əhatəsində böyümüşük. Atam filarmoniyada işləyəndə Mərkəzi Univermağın yanında yaşayırdıq. Bizdən bir küçə aşağıda böyük sənətkarımız Qurban Pirimov, bir küçə yuxarıda Bəhram Mansurov, ondan da yuxarıda əmim Allahyar Cavanşirov qalırdı. Hər səhər Qurban Pirimov bizə gələrdi və məni də özləri ilə götürüb filarmoniyaya gedərdilər. Yol boyu insanlar bu sənətkarların qarşısında sanki təzim edirdilər. Atama olan sevginin, hörmətin canlı şahidi olurdum. Uşaq olmağıma baxmayaraq elə bir şəxsiyyətin övladı olduğuma görə qürurlanırdım.  Bu da hər uşağa nəsib olmur.

Atamgilin Şuşadakı evləri ötən əsrdə yandırıldığı, talan olunduğu üçün atam 60-cı ildə Üzeyir bəyin qardaşı Zülfqar Hacıbəyovun evini satın almışdı. Həmin ev də Üzeyir Hacıbəyovun ev muzeyi ilə bitişik idi. İki mərtəbəli mülk idi, atam da sonradan təmir işləri aparmışdı, həyəti abadlaşdırmışdı, ağaclar, güllər əkmişdi. Üzeyir bəyin ev muzeyinə gələn turistlər eşidəndə ki, orada canlı korifeylər yaşayır, atamla şəkil çəkdirməyə, imza almağa can atırdılar. Hətta elələri olurdu ki, aradakı barıdan tullanıb atamla görüşə qaçırdılar. Atam da buxarı papağını başına qoyar, orden və medallarını taxar, qonaqlarla şəkil çəkdirərdi.

– Atanızla bağlı indiyədək heç yerdə danışmadığınız xatirənizi bizimlə paylaşmağınızı xahiş edirik.

– Atamın bir kəlməsi ilə müşkül işlər həll olunurdu. Gələn adamları heç vaxt qapıdan boş yola salmazdı, bizə də bunu tapşırardı. Hər gələni evə buraxardı, deyərdi ki, mənim düşmənim yoxdur.

Bir dəfə üzü saqqallı bir kişi qapımızı döydü, atam da dedi ki, qoyun evə gəlsin. Təxminən 15 dəqiqədən sonra atam kostyumunu geyinib evdən çıxdı, o kişiylə harasa getdi. Sonra bildik ki, atam o kişini heç tanımırmış, ancaq qapısına gəldiyi üçün durub gedib onun işini həll edib. Belə günlərin birində bir qadınla kişi bizə gəldi, qadın ağlaya-ağalaya atamın ayaqlarına düşdü ki, “Xan əmi, göydə Allah, yerdə sizi deyib gəlmişik”. Arxadan da bir yaşlı ağsaqqal gəlirdi. Öyrəndik ki, ağsaqqal kişi qızın qaynatası imiş. Gənclər bir-birilərini seviblər, oğlan elçi göndərsə də qız atası qızını verməyib və bunlar qoşulub qaçıblar. Atası da and içib ki, ölsəm də qızımı bağışlamaram, 10 ildir də barışmır. İndi bunlar eşidiblər ki, qızın atasının vəziyyəti ağırdır. Düşünüblər ki, əgər Xan bunlarla getsə, ata qızını bağışlayar. Atam təzə kostyumunu geyindi, məni də götürdü, onlara qoşulub getdik. Qızın atası atamın gəlişinə qurban kəsdirdi. Atanın qızı ilə görüşmə səhnəsini görən hər kəs hönkür-hönkür ağlayırdı. 10 illik ayrılıqdan sonra baş tutan o mənzərə kino lenti kimi gözümün qarşısındadır.

Bir dəfə də bizi Bakıda ad gününə dəvət etmişdilər. Atam dedi ki, siz gedin, mən evdə tək qalmaq istəyirəm. Tək olanda da özüylə nərd oynayardı. Biz gedəndən sonra başı keçəl, üzü çopur bir kişi qapını döyür, atam kişini tanımasa da qapını açır, onu evə dəvət edir, bir çay da süzüb kişini nərd oynamağa dəvət edir. Nərd oynaya-oynaya kişidən kimliyini, gəlişinin səbəbini soruşur. Kişi əlini saxlayıb deyir ki, “Xan əmi, mən Azərbaycanda ən birinci oğrubaşıyam, gəlmişdim ki, evi nəzərdən keçirim, nəyin harada olduğunu öyrənim və bu gecə evinizi yaraq. Sən ki, məni belə kişi kimi qarşıladın, tanımasan da evə dəvət etdin, çay süzdün, indi sənin evini yarmağım kişilikdən olmaz”.

Bir xatirəni də danışım. 1944-cü ildə, müharibənin qızğın vaxtında atam Azərbaycanın bir qrup tanınmış sənətkarları ilə bərabər İranda qastrolda olub. İranın demək olar ki, yarıdan çoxunu gəzib, böyük konsert proqramları ilə çıxış ediblər. Sonda İran şahı Rza Şah Pəhləvinin qonağı olublar. Həmin görüşdən sonra İran şahı atama xeyli qiymətli hədiyyələr verib. Atam İrandan qayıdan kimi həmin qiymətli qızıl əşyaları müharibə fonduna bağışlayıb, özünə xatirə olaraq isə gümüş güldan saxlayıb. Mən gəlin köçəndə həmin güldanı mənə hədiyyə etdi.

– İllərdir Şuşaya həsrətik. Atanızın isə Şuşayla bağlı narahatlığı hələ illər əvvəldən olub. Sanki bu gün Şuşanın dağlarının başını bürüyən dumanı hələ o vaxt görübrmüş. Bu barədə nəsə danışırdımı?

– Atam Şuşaya çox bağlıydı, çox sevirdi vətənini. “Şuşanın dağları” mahnısını da yazanda bilirdi ki, Sovet Şuşasının dağlarının başı həqiqətən də dumanlıdır. Sanki gələcəyi görərək o mahnını yazmışdı.

Atam danışırdı ki, bir dəfə əmim Allahyarla birlikdə Cabbar Qaryağdıoğlugilə qonaq gedir, Seyid Şuşunski də orada olur. Cabbar əmi atama “Şuşanın dağları”, “Seygah”, “Qarabağ şikəstəsi”, “İrəvanda xal qalmadı”nı oxutdurur. Atam oxuduqca, Cabbar əminin də, Seyid əminin də gözləri dolur, ağlayırlar. Atam oxuyub qurtarır, qavalı yerə qoyandan sonra ağlamaqlarının səbəbini soruşur. Hər ikisi deyir ki, “Biz qocalmışıq, ürəyimiz Şuşanı istəyir, amma ayağımızda taqət yoxdur ki, gedib vətənimizi görək. Sənin səsin Qarabağdır, Şuşadır, fikirləşdik ki, səni çağırıb oxudaq və sənin səsindən vətənimizin iyini duyaq. İndi də sən oxuduqca, biz sanki Qarabağı dolanıb gəldik”.

– Xan Şuşinski həm də muğam ifaçı nəsli yetişdirmişdi. Sizcə, onun adına layiq tələbəsi oldumu? Özü bu barədə necə düşünürdü?

– Bu gün Azərbaycan muğamında adı qızıl hərflərlə yazılan sənətkarların əksəriyyəti Xan Şuşinski məktəbinin yetimələridir. İndinin özündə də istedadlı gənc musiqiçilər Xandan canlı dərs almasalar belə, səs yazılarını dinləyərək ondan bəhrələnirlər.

– Xan Şuşinski Xalq artisti olmasına baxmayaraq, toylara da gedirdi. Bunu maddi ehtiyac üzündən edirdi, yoxsa…?

– O dövrdə bütün sənətkarlar toylarda oxuyurdu. O vaxt məkətəb, radio, televiziya yox idi, bütün sənətkarlar toylarda tanınırdı, püxtələşirdi. Sənətkarlar maddi cəhətdən kasıb olduqlarına görə toylara getmirdilər. O dövrdə ifaçılar toylarda həm də xalqın imtahanından keçirdilər. Atamın bir dəftəri vardı, həmin dəftərə baxanda görünür ki, ayın 25 günü konsertlər verib, 5 günü isə toylarda olub.

Atam qədər hamilik konsertləri verən ikinci sənətkar olmayıb. Niyazi də, Tofiq Quliyev də, Əfrasiyab Bədəlbəyli də təsdiq ediblər ki, Müslüm Maqomayev adına Filarmoniya uzun müddət Xan Şuşinskinin verdiyi hamilik konsertlərinin hesabına fəaliyyət göstərib. Qurban Primov həmişə deyərdi: “Xan elə bir insandır ki, onun üzünə baxanda, gərək üzünə su vurub salavat çevirəsən. O, peyğəmbər kimi pak, təmiz, müdrik insandır”. Qurban əmi onu da deyərdi ki, “Xan Şuşinski muğam sənətində Fərhad kimi külüng çalıb”.

Atmı əbəs yerə “Muğam sənətinin peyğəmbəri”, “Muğamın Xanı”, “Muğamın Dədə Qorqudu” adlandırmayıblar.

Bir haşiyə də çıxım. 1971-ci ildə atamın 70 illik yubiley tədbiri idi. Yubileyin sonunda möhtəşəm “Qarabağ şikəstəsi”ni ifadə etdikdən sonra üzünü tamaşaçılara tutub belə deyir: “Əzizlərim, uzun illər Azərbaycan xalqının milli-mənəvi sərvəti olan muğamlarımızı, xalq musiqimizi yad səslərdən, yad nəfəslərdən qorudum, indi də estafeti gənclərə verirəm. Sizdən bir təvəqqem var, qoruyun muğamımızı”.

Mən bu gün çox böyük əminliklə, qürurla, sevinclə deyə bilərəm ki, “Ruhun şad olsun, ATA. Bu gün Azərbaycan muğamının beşiyi başında Azərbaycan xalqının birinci xanımı, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva böyük mətanətlə, dəyanətlə, ləyaqətlə durub”.

Rumiyyə MİRASLAN

 

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet, Müsahibə
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar