Xaricə övladlığa verilən uşaqlarımızın sonrakı taleyi – ARAŞDIRMA – EKSKLÜZİV

Xaricə övladlığa verilən uşaqlarımızın sonrakı taleyi – ARAŞDIRMA – EKSKLÜZİV
Want create site? Find Free WordPress Themes and plugins.

Valideyn himayəsindən məhrum olan uşaqların övladlığa verilməsi çox həssas və məsuliyyətli prosesdir. Hələ ola ki, uşağın xaricə, əcnəbi ailəyə verilməsi məsələsi ola. Bu iş məsuliyyətlə yanaşı, vicdan, humanizm kimi insani keyfiyyətlərin yanında başqa prosedurlar, qanunvericilik aktları, normativ sənədlər gərəkdirir…

Bəs, hansı halda və hansı qanunvericiliyə əsasən uşaqlar əcnəbilərə övladlığa verilir? Xaricə övladlığa verilən uşaqların sonrakı taleyi necə izlənir? Ümumiyyətlə, bu məsələ ilə bağlı nəzarət mexanizmi varmı?

“A24.az” bu məsələləri araşdırıb.

 

8 ildə 43 uşaq xaricə övladlığa verilib

Statistik məlumatlara görə, 2007-2014-cü illərdə Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi tərəfindən 43 uşaq xaricə övladlığa verilib. Ötən il isə cəmi 4 uşaq başqa dövlətin vətəndaşı tərəfindən övladlığa götürülüb. Halbuki, 2013-cü ildə bu rəqəm iki dəfə çox olub.

Bəri başdan xatırladaq ki, mövcud qanunvericiliyə görə, uşaqlar 18 yaşına qədər övladlığa verilə bilər. Ailə Məcəlləsinə görə, uşağın ailəyə verilməsi mümkün olmadıqda və ya qohumları tərəfindən övladlığa götürülmədən imtina edildikdə, uşaq komitənin razılığı və məhkəmə qətnaməsi ilə əcnəbilərə övladlığa verilir.

Azərbaycan 30 mart 2004-cü il tarixdən “Ölkələrarası övladlığa götürülmə ilə bağlı Uşaqların Müdafiəsi və Əməkdaşlıq haqqında” Haaqa Konvensiyasına qoşulub. Azərbaycan sözügedən beynəlxalq Konvensiyaya qoşulduqdan sonra və ölkə prezidentinin 2007-ci ildə imzaladığı müvafiq fərmanla ölkələrarası övladlığagötürmə ilə bağlı bütün səlahiyyətlər Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə verilib. Komitə Konvensiyadan irəli gələn məsələləri yerinə yetirir və ölkələrarası övladlığagötürmə ilə əlaqədar digər dövlət orqanları və təşkilatların fəaliyyətini əlaqələndirir. Ölkələrarası övladlığagötürmə ilə bağlı bir sıra qanunvericilik aktları əsas götürülür. Bunlar Azərbaycan Respublikasının Konstitusiyası, Ailə Məcəlləsi, Mülki-Prosessual Məcəllədir. Bundan əlavə, “Ölkələraarası övladlığagötürmə ilə bağlı əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərən orqanların akkreditasiyasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin qərarı, “Valideyn himayəsindən məhrum olan və övladlığa götürülən uşaqların uçot Qaydaları”, həmçinin, “Uşaqları övladlığa götürməyi arzu edən şəxslərin uçot Qaydası” və “Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların övladlığa götürülməsini arzu edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin uçot qaydasının təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin müvafiq qərarları ölkələrarası övladlığagötürmədə əsas sənəd hesab olunur.

“Xaricə övladlığa verilən uşaqlara nəzarəti akkreditasiyadan keçmiş, lisenziya almış təşkilatlar həyata keçirir”

Keçək əsas məsələyə. Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinin İnformasiya elgun-seferovvə Analitik Araşdırmalar Şöbəsinin müdiri Elgün Səfərov “a24.az”ın suallarına cavab verərkən bildirib ki, əcnəbi ailəyə verilən uşaqlar birbaşa xarici dövlətin vətəndaşı kimi qeydiyyata alınır və onların Azərbaycan vətəndaşlığına xitam verilir. Onun sözlərinə görə, məhkəmə qərarına əsasən, 3 il ərzində hər 6 aydan bir Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə uşaqla bağlı hesabatlar göndərilir: “Xaricə övladlığa verilən uşaqlara nəzarəti akkreditasiyadan keçmiş, lisenziya almış təşkilatlar həyata keçirir. Belə təşkilatlar həm  Azərbaycanda, həm də xaricdə mövcuddur. Azərbaycanda həmin təşkilatlar həm Ədliyyə Nazirliyindən, həm də Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsindən qeydiyyatdan keçirlər. Komitə həmin təşkilatların fəaliyyətinə nəzarət edir, həmçinin, uşaqların taleyi, onların durumu və sair məsələlərlə bağlı məlumatlar alır. Hər 6 aydan bir alınan məlumatlara videogörüntülər, fotoşəkillər, uşaqların sağlamlıq durumu, təhsili, sosial-psixoloji vəziyyəti və digər məlumatlar daxildir. Eyni zamanda, əgər ehtiyac yaranarsa, deyək ki, hesabatlar gecikərsə,  Azərbaycanın xarici ölələrdəki səfirlikləri və konsulluqları vasitəsilə uşaqların taleyi ilə maraqlanmaq olar. Yaxud komitə nümayəndələri gedib hansısa ölkədə uşaqların vəziyyəti ilə bağlı yerində maraqlana bilərlər. Onu da qeyd edim ki, mövcud qanunvericiliyə əsasən, verilən məlumatların konfidensiallığı qorunmalıdır”.

“Ölkələrarası övladlığa verilən uşaqlar qismən qüsurlu uşaqlardır”

E.Səfərov qeyd edib ki, 2007-ci ildən etibarən Azərbaycan hökuməti tərəfindən  ölkələrarası övladlığa verilmə ilə bağlı heç bir problem olmayıb: “Yənu, bu proses nəzarət altındadır. Əcnəbilərə verilən uşaqların hamısı haqqında məlumatımız var.  Ölkələrarası övladlığa götürülmə ilə bağlı bütün səlahiyyətlər Ailə, Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsinə verilib. Digər dövlətlərdə də bu işi həyata keçirən əlaqədar qurumlar var. Komitə həmin qurumlarla əməkdaşlıq edir və onların vasitəsilə də uşaqların taleyi ilə maraqlanır. Həmin qurumlardan daxil olan məlumatlar təsdiq edir ki, ölkələrarası övladlığa verilən uşaqların hamısı sağlamdır, bu sahədə problem yoxdur. Düzdü, bəzi uşaqlar burda xəstə olub, amma  övladlığa verildikləri ölkələrdə müalicə alaraq sağlamlıqlarına qovuşublar. Uşaqlar arasında əməliyyat olunanları da olub və hazırda sağlamdırlar”.

Komitə rəsmisi onu da bildirib ki,  ölkələrarası övladlığa verilən uşaqlar qismən qüsurlu olan uşaqlardır.

Atif Sarıxanlı

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Gündəm, Dünya, Araşdırma
a24.az
a24.az

Müzakirə

a24.az
a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar