Yol seçməyin güclü və zəif cəhəti

1366522798_76306mHicri təqviminin 1220-ci ili, Zilqədə ayının 19-da, şənbə günü hava tutqun idi. Dünən axşam şəhərin üzərindən güclü külək keçib sovuşmuş, gecə yağış yağmışdı. Amma bu yağış qurtarmaqda olan qışın adi yağışlarından deyildi.

Havanın hələ bir müddət də sərt şaxtalı keçəcəyi, yayınsa əksinə quraqlıq olacağı xəbəri də bu yağışla birgə gəldi. Səhər tezdən adamlar narahatlıq içində göyə boylanır, əbalarına və xalatlarına möhkəm bürünürdülər, şimaldan küləyin qovub gətirdiyi sürməyi qara buludlar isə orada, yuxarıda əsl dəhşətli qurğu qururdu. Belə il nadir hallarda olur, məhz buna görə də münəccimlər onu əvvəlcədən müəyyən etməyi öyrənmişdilər.

Bakı… Bu kiçik və köhnə şəhər, Xəzərin sahilində yerləşən ticarət qovşağıdır. Lap qədim dövrlərdən Hindistan və İrandan Rusiyaya gedən karvan yolu buradan keçirdi, odur ki, şəhər öz bazarları, sıra ilə düzülmüş sənətkarları və coşğun insan dənizi ilə məşhurdur, amma bu gün şəhər sanki dəyişib, donub qalmışdı.

Günün ikinci yarısında şəhərdə dəhşətli, çox dəhşətli şayiələr yayılmağa başladı. Bu şayiələr, ovda vəhşi pişik kimi gizlincə sürünür, lakin iti qaçan cüyür təki sürətlə yayılırdı. Bu şayiələr sanki istidə saxlanmış xəmir sayaq bütün küçələri, künc-bucaqları, şəhərin xəfə yerlərini doldurur, ən uzaq xanəgahlara yol tapırdı. Adətən insanlar evlərində gizlin bir xəbər eşitdikdə qapıya tərəf can atır, ardınca isə nə olacaq deyə düşünərək, həyəcanla ora-bura vurnuxurlar, başqaları isə ağlayır. İş hər yerdə dayanmışdı. Bəzi evlərdə adamlar əllərini bir-birinə sürtür, kişilər məmnuncasına gülümsəməkdən özlərini güclə saxlayırdılar. Onlar bunu həqiqətən də bacarırdılar, lakin şayiələr doğru çıxdı. Hərçənd, deyəsən biraz da səbrli davranıb əhvalatın bir gün öncəsini, Ramana qalasında başverənləri danışmalıyam.

Ağ kirəc daşından tikilmiş, uca, sanki göylərə baş alıb gedən, bucaqları dairəvi olan, dördkünc Ramana qalasına günəş şüaları altında asanlıqla nəzər yetirmək olmurdu. Nəhəng qayalı yamacların başında qurulmuş qala elə bil insan əliylə yaradılmamışdı, sanki bu qayalığın davamı kimi sıldırımın təkindən çıxırdı. Kəndin kiçik ərazisi və səhraya səpələnmiş xırda daşlara oxşar evləri qala bürcündən seyr edildikdə komalanaraq yan-yana yığılmış saman tayalarına bənzəyirdi. Gözətçi qüllələri, qalaya nisbətdə şərqdə salınmış kəndlə, qərbdən onu qoruyan dənizin arasında qəribə simmetrik vəziyyətdə dayanırdı.Hündürlüyü təqribən otuz dirsək olan qala, uzaqdan əlçatmaz görünsə də, yaxından baxdıqda öz nəhəng görkəmini itirir, hətta adama müdafiəsiz görünürdü.

“Bu cinlərin tör-töküntüləri bir də başlarını bura soxmağa can atsalar, dəqiq axırımıza çıxacaqlar. Qaladakıların da səbr kasası dolub.” – Hüseynqulu xan qalanın uzaq, qalın divarlarla hörülmüş otağında ipək yastığa dirsəklənərək bu cür düşünürdü. Sağ əlində məxsusən onun üçün hazırlanmış şərab dolu piyaləni tutmuşdu,halbuki aydın şüur və saf idrak ona indi daha çox lazımlıydı.

O, daha bir neçə müddət dərin düşüncələrə dalır. Bunu onun arıq sifətinin donmuş cizgilərindən, sərt baxışlarından da anlamaq olardı. Qəflətən sol əli yumruq halında elə möhkəm sıxılır ki, barmaqlarının ağarmış sümükləri nəzərə çarpır.

–Vaxtı çatdıqda ayıdöşəyini də qırırlar, – deyə ucadan təkrar edirdi. – Özü də əvvəlcə onun daha çox əngəl törədən kolunu qırırlar. Hə,böyük knyaz, sənin də vaxtın çatıb. Mənim çürümüş meyidimi tapdalayıb qalaya daxil olmaq istəyirdin, amma and olsun ki, əvvəlcə sənin özünü Cəbrayılın yanına yollayacam! İkimizə də məlumdur ki, öküzün dərisi dabbaqxanadan yan keçə bilməz…

Rus qoşunları tərəfindən şəhərin mühasirəsi təzəcə bitmiş, nəticədəsilah və ərzaq ehtiyatı yığmaq üçün qala mühafizlərinin əlinə yaxşı fürsət düşmüşdü.

Hüseynqulu xan özünün yaxın tərəfdarları ilə xeyli məşvərət etdikdən sonra beynində bu gün səhər yaranmış plan barədəqəti düşünmək üçün tək qaldı. O, hesab edirdi ki, rusların Qafqazdakı ordusunu başsız qoymaq lazımdır. General Sisianov və knyaz Eristov ağıllı adamlardı, onlar dövlətə – deməli şəxsən özlərinə – başlıca təhlükənin hardan gələcəyini bilirlər, üstəlik də əsas orduya bu iki şəxs rəhbərlik edir. Əgər onlar aradan götürülsə, ya qoşunlar pərən-pərən qalacaq, ya da ordu içində müdhiş çaxnaşma düşəcək ki, bu da həlledici hücum öncəsi şəhəri tərk etmək üçün ona kifayət qədər zaman qazandıracaq.

…Səhər tezdən Hüseynqulu xan İbrahim bəyi yanına çağıraraq, adamlarını düzəngaha toplamağı əmr elədi. Əmr yerinə yetirildikdə, müraciətini əhatəsindəkilərə çatdırdı:

– Sizin aranızda elə bir şəxs tapılarmı ki, rusların komandanı Sisianova ziyan vura bilsin?

Bəylərdən Aslan adlı bir nəfər razılıq əlaməti olaraq əlini sinəsinə qoyaraq önə çıxdı.

“Bədbəxt cavan, – Aslan bəyi qəmgincəsinə seyr edən başçının ağlından dərhal bu fikir keçdi. – Mən və sənin dostların, valideynlərin çətin ki, yenidən səni sağ görək. Halbuki sənin məqsədin nəcibdir, sən özünü Allah işinə həsr edirsən.”

–Sən mənim sakitliyimi pozacaqsan, – deyə xan cürətkar ədayla önə çıxmış Aslan bəyi süzərək dilləndi.

***

Axşamdan bir qədər keçmiş baş verən hadisənin şahidi karvansarada oturaraq maraqlananlara bunları danışırdı:

– Vaqiə belə oldu. Şanlı Hüseynqulu xan sarayında təam edib qurtarmışdı. Hamı indi xanın saraydan çıxacağını, general Sisianovu qarşılayaraq qala açarlarını ona təqdim edəcəyini bilirdi. Mən də həmçinin bu tarixi anı izləmək qərarına gəldim. Belə yağmurlu havada adamın qarnı acından fit çalır. Fikrimdə tutmuşdum ki, xan açarları təhvil verildikdən sonra köməkçilərinə yaxınlaşıb bir-iki dirhəm almaq heç də pis olmaz. Buna görə də xan saraydan çıxdıqda mən ona başqalarına nisbətən daha yaxın dayanmışdım. Çox çəkmədi ki, naməlum sarıbəniz əsgərin müşayiətində general Sisianovla knyaz Eristov göründü. Xəstəhal Sisianov əsgərin yardımıyla atın belindən enərək, ləng addımlarla qala qapıları istiqamətində irəliləməyə başladı. Xanın yanında hansısa qəribə adam durmuşdu, həmin an təsadüfən qısa müddətdə xanın rəğbətini qazanmış Aslan bəy barədə gəzişən söhbətləri xatırladım, təxmin elədim ki, bu əvvəllər haqqında xeyli eşitdiyim halda üzdən tanımadığım şəxsin özüdür ki, var. O, əllərini xalatının içində gizlətmişdi, doğrudur, bura başqa məqsədlə gəlməyimə baxmayaraq, mən onun sifətini görə bildim, onun üzündən həm mütilik, həm də barışdırıcı və tam qətiyyət yağırdı.

– Sən gör necə müşahidəçisən! – deyə qulaq asanlardan kimsə ya istehzayla, ya da inamsızcasına dedi.

– Nə müşahidəbazlıq salmısan! – avara adam tələsik və qorxmuş halda onun sözünü kəsdi. – Mən elə şey görmüşəm ki, onu kor da görə bilərdi. Xanın məiyyəti ətrafdakıların diqqətini yayındırmaq, ya da artıq şəxsləri oradan uzaqlaşdırmaq məqsədilə yerə bilərəkdən çoxlu sikkə tolazladı. Biz yerə atılmış pulları yığmağa başladıqda xan özü Qafqazdakı qoşunların baş komandanı– general Sisianova sarı addımlayırdı. Knyaz Eristov bir qədər kənarda dayanaraq mərasimi uzaqdan müşahidə eləmək qərarına gəlmişdi. Axı, bütün orada olanlara məlumdur ki, adlı-sanlı hökmdarımız, öz şücaəti və müdrikliyi ilə ad çıxarmış Hüseynqulu xan “zəhmli knyaza” necə hörmətlə yanaşır. Görünür, general Sisianov kütlənin səs-küyündən uzaqlaşıb tezliklə açarı təhvil almaqdan ötrü xana tərəf əyilmişdi.Qulaq asın, qulaq asın görün sonra nə oldu! Xanın qənşərində dayanmış Aslan bəy ildırım sürətilə əllərini xalatın altından çıxardı, havanın alaqaranlıq olmasına rəğmən onun əlindəki Dəməşq poladından düzəldilmiş xəncər par-par parıldayırdı. Bir anın içində tiyə dəstəsinə qədər Sisianovun sinəsinə, düz ürəyinə sancıldı. İzdiham hadisənin təsirindən yerində quruyub qalmışdı, mən bu sükutda generalın ölümqabağı xırıltısını eşitdim. Zərbə onu geri əymişdi və az qala arxası üstə yıxılacaqdı, ancaq knyaz Eristov özünü yetirərək generalın qıc olmuş bədənini aşmağa qoymadı. O, ölümü buradaca – bədbəxt knyazın dizləri üstə qəbul elədi. Generalın şəfəq saçan gözləri dəhşətdən donub qalmış xalqa baxır, dərin açılmış yaradan isə qan fışqırırdı.

Ardınca ürəksızladan çığırtı eşidildi. Knyaz Eristov əlini qılıncına apardı, ancaq bu səfər Aslan bəyin tapançasından açılan atəş onu da yerə sərdi. Mühafizəçilər qaçmaq istəyən əsgəri rahat ələ keçirdilər, bəlkə də ayaqları dolaşdı, bu da mühafizəçilərə onu tutmaqda kömək etdi.Hüseynqulu xan və İbrahim bəy izdihamın mərkəzində dayanmışdı, ikisi də ucaboy olduğundan digərlərindən dərhal seçilirdilər, lakin ayaqlar altına salınmış əsgər görünmürdü, mühafizəçilərin rəisi isə əlindəki nizəni qəzəblə qaldırır və var gücüylə harasa çırpırdı. Axırda Aslan bəyin qorxunc halıyla üzləşdim, o, silahı yerə ataraq, ağzını ayırıb hadisələrə tamaşa eləyən camaatın arasında qeybə çəkildi.

Karvansaranın dilənçi sakini yaxşı nitq qabiliyyətinə malik idi, ətrafındakılar nəfəslərini dərmədən ona qulaq asırdılar, yəqin hər bir kəs yaxında onları necə şiddətli və amansız bir döyüşün gözlədiyini hiss edirdi. Bütün bu söz-söhbətlər hələ soyumağa üz tutmamış xan bir neçə yaxın adamıyla birlikdə cənub darvazasından çıxaraq, şəhərdən uzaqlaşmaqdaydı, ancaq heç kəsin bundan xəbəri yox idi. Yalnız gözətçilər hiss etmişdilər ki, gecənin qaranlığında qaladan dörd nəfər çıxıb cənuba doğru yola düşdü. Qayda belə idi ki, gecəylə yola düşənlərin hamısının şəxsiyyəti gözətçilər tərəfindən yoxlanmalıydı. Onlardan birinin İbrahim bəy, digər ikisinin isə hökmdarın yaxın köməkçiləri olduğu bilinirdi, dördüncüsü isə cır-cındır geyimində sufi dərvişinə oxşayırdı, deyilənə görə həmin adam Hüseynqulu xan imiş. Lakin digər tərəfdən onu tanıyan, onunla ünsiyyət qurmuş şəxslər həmin qiyafədəki dərvişin əslindəxan olduğuna inana bilmirdilər, onun göz bəbəkləri alov kimi şəfəq saçırdı, o nəsə danışır və tamamilə titrəyirdi, sanki başverənləri xatırlayıb qəribə formada həzz alırdı…

***

İkinci günün davamında yuxulu süvarilər artıq Araz çayının qarşı tərəfinə adlamışdılar, Hüseynqulu xan İran Şahzadəsinə zəngin hədiyyələr və Sisianovun kəsilmiş başını aparırdı. Qəflətən dayanan xan süvarilərin uzaqlaşmağını gözlədi, ardınca sevimli qara atını mahmızlayaraq kənara sürdü və kiçik təpənin üstünə çıxdı. Sonra nəvazişlə ayğırın yalını tumarlayıb cilovu buraxdı və atın başını Arazın qarşı tayına sarı çevirərək sakitcə pıçıldadı: Əlvida!

Xanı həddən ziyadə həssaslıqda qınamaq olmazdı, amma törətdiyin əmələ, hətta ən xırda əməlinə görə məsuliyyət daşımaq sentimentallıqdan irəli gəlmir, axı o, ölkəni öz iradəsiylə tərk etmirdi. Xan daha bir neçə anlıq çayın kənarıyla nazik qadın barmaqlarıtək uzanan yola boylanıb ona xüsusilə əziz olan insanların sifətini yada saldı, birdən daxilində nə isə soyuqluq hiss elədi, sanki ona yad olan duyğular oyandı və bütün başqa fikirləri boğdu: “Sən bir də heç vaxt burada olmayacaqsan və sən heç vədə əvvəl olduğun kimi olmayacaqsan. Bütün bu illər ərzində bəzən baş qaldıracaq hər hansısa ayrıca xatirələr zaman burulğanında tədricən, yaxud tezliklə sönüb gedəcək. Amma sən burada yarı canını qoyub gedirsən, bəlkə də yalnız ürəyinin bir hissəsini, yox… başqa yerdə yox, məhz burada özünü bütünlükdə qoyub gedirsən.” O, qəfildən sərt hərəkətlə atı qamçıladı və sürətlə çaparaq süvarilərə çatmağa tələsdi. Aslan bəyi isə məlum vaqiədən sonra yenidən görən tapılmadı.

 

Ramin Qasımov

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR