Zəngilansız 23-cü ilimiz…

Zəngilan ərazisi ən qədim insanların yaşayış məskənlərindən hesab olunur. Bölgə ərazisində mövcud olan bir neçə mağara (Əsgülüm və Süsən dağlarında) burada ibtidai insanların yaşayışından xəbər verir. Ancaq rayon kimi Zəngilan rayonu 1930-cu ildə təşkil olunub. Rayonun sahəsi 707 kv. km., əhalisi isə 35.351 nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Mərkəzi Zəngilan şəhəridir.

A24.az xəbər verir ki,  XX əsrin sonu Azərbaycan xalqının tarixinə faciələrlə dolu bir dövr kimi yazıldı. Ölkədə mövcud ictimai-siyasi vəziyyət, daxili çəkişmələr, bir-birinə xəyanət edən silahlı birləşmələrin bəd əməlləri torpaqlarımızın itirilməsi ilə nəticələndi. Zəngilan da digər rayonlarımız kimi xəyanətin qurbanı oldu. Təqvimimizdə daha bir qara günün sayı artdı 29 Oktyabr (1993-cü il)

z1

Zəngilan müharibə alovunun qasırğasını 1990-cı ildən daha tez-tez hiss etməyə  başladı. Ermənilər dəmir yolunu bağlayır, qatarları saxlayır, adamları girov götürürdülər. 1992-ci ilin əvvəlindən isə rayonun sərhəd kəndləri döyüş zonasına çevrildi. Yerli əhali özümüzünkülərdən gizləyib saxladıqları ov tüfəngləri ilə torpaqlarımızı qoruyurdular. Ermənilər isə xarici havadarların köməyilə mükəmməl silahlanmışdılar.

z2

Zəngilanın işğalı artıq 1992-ci ildə faktiki olaraq reallaşmışdı. Hərbi işdən az-çox başı çıxan adam bu reallığı görürdü. Aydınlıq olsun deyə, işğala aparan bu yolda xronoloji ardıcıllığa qısa nəzər yetirək:

1992-ci ilin yanvar ayının sonunda ermənilərin Zəngilana mütəşəkkil hücumları başlayır. Fevralın 1-də Günqışlaq, Qazançı, Dərəli və Vejnəli kəndinə basqın edirlər. Artıq döyüşlər intensiv xarakter almışdı. Aprelin 9-da erməni silahlı birləşmələri Qazançı, Seyidlər, Dərəli, Ağkənd, Pirveyis, Günqışlaq kəndlərinə soxulur. Evlərə od vururlar. Beləliklə, bu kəndlər ermənilərin nəzarəti altına düşür. 2 həftə sonra Qazançı və Dərəli kəndləri azad edilsə də Seyidlər kəndi mühasirədə qaldı. Bundan sonra ermənilərin növbəti hücumu iyunun 29-da oldu. Çox ağır və qanlı döyüşlər iki saat çəkdi. Artıq iyulun 6-da düşmən rayon mərkəzini atəşə tutur. Bütün yayı Zəngilanın kəndləri və rayon mərkəzi düşmən atəşinə məruz qalır. Bir müddət fasilə verdikdən sonra oktyabrın 20-də ermənilərin döyüş təyyarələri rayon mərkəzini bombalayır. Belə şəraitdə Bakıda hələ də siyasi hərc-mərclik hökm sürürdü. Dekabrın 10-da Seyidlər kəndi yenidən ermənilər tərəfindən işğal olunur. Beləliklə də, 1992-ci ilin sonuna Zəngilanın 13 yaşayış məntəqəsi, bir çox strateji yüksəklikləri düşmənin əlinə keçmişdi. Bununla da rayonun işğalının əsası qoyulur. Baş verən hadisələrə baxmayaraq hökümət heç nə etmir, heç bir tədbir görmürdü. Vəziyyət getdikcə  gərginləşirdi.

1993-cü ildə isə döyüşlər ara vermirdi. Yaz fəslində ermənilərin hücumları daha da intensivləşir. Martın 2-də Aşağı Göyəli və Canbir kəndləri işğal olunur. 2 gün sonra Şayıflı və ətraf kəndlərə düşmən hücumları genişlənir. Rayon mərkəzi atəş altında idi. Belə bir şəraitdə çətinliklərə baxmayaraq mərd əhali təslim olmur, düşmən hücumları dəf edilirdi. İyulun 19-da Qızıldaş qəsəbəsi döyüş meydanına çevrilmişdir. Avqustun 25-də erməni hərbi birləşmələri genişmiqyaslı hücuma keçərək daha 5 kilometr irəlilədilər. Rayon mərkəzinin mühasirəyə düşmək təhlükəsi daha da artdı. Oktyabrın sonuna yaxın rayon tam mühasirə vəziyyətinə düşdü. Oktyabrın 25-26-da Sığırt və Bartaz yüksəklikləri işğal olunmuşdur. Bununla da Zəngilanın mühasirəsi başa çatdırıldı.

Düşmən əsasən 3 istiqamətdə hərəkət edirdi:

 Mehri istiqamətində hərəkət edən işğalçılar yüksəklikləri ələ keçirib, Vəjnəli və Ağbənd kəndlərini işğal etdilər.

Qafan istiqamətində hərəkət edib Burunlu, Şayıflı, Göyəli kəndlərini tutub rayon mərkəzinə gedən yola çıxdılar.

Qubadlının işğal edilmiş ərazilərindən hərəkət edib Saldaş, Çərəli, Mollalı, Qiyaslı, Ulaşlı, Əbilcə, Qarakişi, Tinli, Xocahan, Ağbiz kəndləri və Ağbiz yüksəkliklərini ələ keçirirlər.

Təxminən 34 min əhali İran sərhədinə-Araz çayının kənarına toplaşır. Gur sulu Araz çayını isə keçmək mümkün deyildi. Xalqımızın xilaskarı, ulu öndərimiz H.Əliyev bu dəfə də xalqın köməyinə gəldi. O, İran hökuməti ilə danışıqlar aparır və Araz çayı üzərindəki bənddə suyu bağlayırlar. Yalnız bundan sonra əhali çayı keçib xilas olur. Buna görə də zəngilanlılar Heydər Əliyeva daim minnətdardılar. O olmasaydı yəqin ki, camaat ya qırılmalı, ya əsir düşməli, ya da Arazın sularına qərq olmalıydı.

ZƏNGİLANDA NƏYİMİZ QALDI?  

 

ZƏNGİLAN boyda VƏTƏN;

Dünyada II, Avropada I Nadir Çinar meşələri;

Torpaq üzərində olan bütün vardövlət;

67 məktəb, 56 kitabxana, 34 klub, 9 mədəniyyət evi, 7 xəstəxana, 6 iri dəmir yol stansiyası, 2 şərab zavodu, Konserv zavodu, dəmir yol deposu

 

Hazırda Zəngilan rayonunun məcburi köçkünləri Bakıda və respublikamızın 43 rayonunda müvəqqəti məskunlaşmışdır. Zəngilan rayonunda erməni təcavüzü nəticəsində Milli Ordunun 33 nəfər döyüşçüsü qəhrəmancasına həlak olmuş, 7 nəfər polis işçisi itkin düşmüşdür. Zəngilan 200 nəfərdən çox şəhid vermiş, 12800 uşaq zərər çəkmiş, 395 uşaq yetim qalmışdır. 44 nəfərin aqibəti bəlli deyil, 127 nəfər isə müharibə əlilidir.

zn

MÜZAKİRƏ

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

DİGƏR XƏBƏRLƏR