13 fevral, 1988-ci il, Xankəndi şəhəri…

13 fevral, 1988-ci il, Xankəndi şəhəri…
Want create site? Find Free WordPress Themes and plugins.

Dağlıq Qarabağda yaşayan ermənilər əsassız torpaq iddiaları ilə ilk dəfə açıq müstəvidə, Xankəndi şəhərində məhz bu tarixdə nümayişə çıxıblar.

Əslində cəsarət və cürət anlayışından bixəbər olan bu toplumun nümayiş, mitinq, tətil etmək planları o qədər də real görünmürdü. Çünki sovet rejiminin hələ mövcud olduğu bir dövrdə kütləvi toplantılar, xüsusilə də milli münasibətlər, ərazi iddiası ilə nəzərdə tutulan tədbirlırin keçirilməsi SSRI qanunlarına zidd idi. Və sovet insanı bu cür nümayişləri, tətilləri yalnız televiziyada, informasiya proqramlarının xarici ölkə xəbərləri blokunda seyr edə bilərdi. Hər halda biz belə düşünürdük… Amma heç ağlımıza da gəlmirdi ki, erməni millətçiləri Qorbaçovun aşkarlıq siyasətindən və şəxsən özündən qədərindən də artıq yararlanaraq Dağlıq Qarabağın Ermənistana verilməsi ilə bağlı planlarının həyata keçirilməsi üçün bütün vasitələrə əl atacaqlar.

Əvvəlcədən nəzərdə tutulduğu kimi nümayiş Xankəndinin mərkəzi meydanında keçirilməli idi. O vaxt bu meydan Leninin adını daşıyırdı. Meydana əsas giriş bir neçə istiqamətdən, Kirov prospektindən, vilayət partiya komitəsinin inzibati binasının arxa hissəsindən keçən Atarbekov küçəsindən, Qarabağ mehmanxanası tərəfdən isə Tumanyan küçəsindən idi. Səhər saat 9-10 radələrində sadaladığım küçələrdə qrup-qrup insanlar toplaşmışdılar. Hadisəslərin canlı şahidi kimi ilk müşahidələrimdən ermənilərin həyəcan, təlaş və xislətlərinə uyğun qorxu içində olduqları açıq hiss olunurdu. Erməni dilini az-çox bildiyimdən aralarında etdikləri söhbətlərdə də bunu sezmək çətin deyildi. Hətta onlar qırmızı parça və adi ağ vatman kağızda hazırladıqları şüarları da bükülü vəziyyətdə saxlamışdılar. Toplaşan insanlar bir neçə müddət meydana daxil olmadılar. Nəhayət, Xankəndi tikinti materialları kombinatının baş direktoru, nümayişin əsas təşkilatçısı olan “Krunk” cəmiyyətinin sədri Manuçarov və ətrafındakı bir neçə erməni fəalı meydanda görünəndə nümayişə cəlb olunanlar da meydana daxil oldular.

Nümayişdə bütün çıxışlar və şüarlar Dağlıq Qarabağın Ermənistanın tərkibinə verilməsi ilə bağlı idi. Əsas isə vilayətin sosial-iqtisadi vaziyyəti göstərilirdi. Təbii ki, belə bir əsasın yersiz və mənasız olduğunu ermənilərin özləri də yaxşı bilirdi. Əgər təkcə son 15-20 ildə Ağdamdan dəmiryolu xətti Xankəndinə çəkilmişdirsə, kondensator zavodu Xankəndində tikilib istifadəyə verilmişdirsə, Xakəndi elektrotexnika zavodunun, ipək kombinatının yeni filialları açılmışdısa, Xankəndi ayaqqabı fabrikində yeni qurğu və avadanlıqların qurulması nəticəsində istehsal gücü 12 dəfə artmışdısa, tibb texnikumu Xankəndində faaliyyətə başlamışdırsa, yeni məktəblər imşa edilmişdisə, “stokvartirnı” adlanan yerdə böyük müasir yaşayış massivi tikilmişdirsə, yol tikintisinə və abadlıq işlərinə ayrılan vəsaitin məbləği hər il artmışdırsa hansı sosial-iqtisadi gerilikdən söhbət gedə bilərdi. Bu təkcə vilayətin inkişafındakı görünən tərəflər idi. Əgər o illərin statistik göstəriçilərinə nəzər salsaq şahidi olarıq ki, vilayərin inkişafı üçün Azərbaycanın büdcəsindən ayrılan vəsait digər regionlara ayrılan vəsaitlərdən nəzəçarpacaq dərəcədə çox olub.

Artıq günorta saatlarında nümayiş iştirakçılarının sayı təxminən 500 nəfəri keçmişdi. Heç bir təhlükənin və cəzanın olmadığını görən, arxayınlaşan ermənilərin Dağlıq Qarbağın Ermənistana verilməsinin əsas səbəbini artıq başqa cür də əsaslandırırdılar. Belə ki Qarabağın əzəli erməni torpaqları olduğunu, ermənilərə məxsusluğunu  həyasızcasına dilə gətirirdilər. Manuçarovun, Xankəndi ipək kombinatının partiya təşkilatının katibi, Ermənistanın sabiq prezidenti Koçaryanın, Xankəndi aqrar sənaye kombinatının direktoru Poqosyanın, uşaq şairi Qurgen Qabrelyanın, Ermənistanda fəaliyyət göstərən “Qarabağ” təşkilatının fəallarının qızışdırıcı çıxışları nümayiş iştirakçılarına xüsusi “ilham” verirdi.


Meydan gecələr də boş qalmırdı. Azərbaycanın hesabına zənginləşən ermənilər nümayiş iştirakçılarını isti geyimlərdən tutmuş, ərzaq məhsullarına, siqaretə, spirtli içkilərə qədər təmin edirrdilər.

Nümayiş iştirakçıları arasında Xankəndi Pedaqoji institutunun erməni tələbələri xüsusi fəallıq göstərirdilər. Ümumiyyətlə bu təhsil ocağı yaranan gündən daşnak yuvasına çevrilmişdir. Erməni millətçilərinin azərbaycanlılara qarşı təbliğat maşını bu təhsil ocağında gecə-gündüz öz işini görüb. Düzdür, bu institutda ermənilərlə müqayisədə sayca az olan azərbaycanlı müəllimlər və tələbələr zaman-zaman onların cavabını verib, Nəcəf Quliyev, Xasay Cabbarov, Kamil Quliyev, Zabil Bayramlı, Mirələm Vəliyev, Inqilab Quliyev, Abbas Abbasov, Nəsib Şəfiyev, Yusif Ağayev, Raquf Məmmədov, Eldar Quliyev və adlarını çəkmədiyim digər vətənpərvər ziyalılarımız dayaz düşüncəli, xain xislətli erməni həmkarlarını susdura biliblər, azərbaycanlı tələbələr heç nədən qorxmadan erməni millətçilərinə qarşı mübarizədən çəkinməyiblər. Amm çox təəssüflər olsun ki, Xankəndində və ümumiyyətlə bütövlükdə vilayətdə muxtariyyat adı altında  ermənilərə daha çox sərbəstlik verilib və onlar da bu güzəştlərindən sui – istifadə ediblər. Elə bu yaxınlarda Xankəndi Pedaqoji institutunun məzunu, əməkdr müəllim, yazıçı-publisist Səxavət Tağların oxuculara təqdim etdiyi bir yazıda bəzi sətirlırə nəzər yetirmək kifayətdir ki, erməni millətçilərinin şərəfsiz əməllərinin şahidi olasan:

“Xankəndi Pedaqoji institutunda professor-müəllim heyəti arasında bəzi vəzifə bölgüsü aparılmışdı. Rektor erməni(S.Xalatryan), prorektor azərbaycanlı (Nəcəf Quliyev) idi.Digər vəzifələr də bu qayda ilə bölüşdürülmüşdür.

…Yadıma düşəndə dəli olmağım gəlir. Azərbaycan və rus bölmələrində ermənilər tədris aparırdılar. Bizim pedaqoji fakültədə Arzumanyan Milanya rus dilindən, Senik bədən tərbiyəsindən, Qalayan rəsmdən, Azərbaycanca danışa bilməyən Tısaturyan musiqidən dərs deyirdilər. Qarabağ olaylarının baniləri, qatı millətçi, hadisələrin ilkin çağında Xankəndində yaradılmış “ Krunk” təşkilatının fəalları—şair Sokrat Xanyan, pedaqoq-alim A. Nersesyan isə müxtəlif vaxtlarda fakültəmizdə dekan vəzifəsini icra etmişlər. Qəribə olsa da deməliyəm ki, müasir Azərbaycan dilinin tədrisi metodikasından Ararat Qriqoriyan adlı erməni dığası dərs deməyə gələndə, əlaçı tələbə kimi, qrup nümayəndəsi kimi təəccübümü gizlədə bilmədim. Altı aydan sonra…Sən demə mənim etiraz səsim altı ayda onun içini göynədirmiş, sən demə, öz yurdumda, öz torpağımda, institumda o məndən intiqam almaq hissi ilə yaşayırmış… Erməninin Azərbaycan bölməsində dərs deməsi barədə gizlədə bilmədiyim təəccüb, içimi göynədən xırda bir etiraz tezliklə Vilayət Partiya Komitəsinə, DQMV-nın prokurorluq və DİŞ orqanlarına çatdı. Bununla da beynəlmiləl bir şəhərdə millətçilik toxumu səpən bir şəxs kimi məşhər ayağına çəkildim. İzahatlar izahatlara calandı. Rektorluqda institutdan xaric olmağım barədə ərizə yazmaq və “ başbilənlərin” təkidi ilə müasir Azərbaycan dilindən dərs deyən Ararat Qriqoriyandan üzr istəmək təklifləri yadıma düşəndə vücudum titrəyir…”

Azərbaycanlı tələbələrin bu cür haqsızlıqlarla qarşılaşması ilə bağlı çox faktlar sadalamaq olar.

Bütövlükdə 1988-ci ilin fevral ayı ermənilırin xeyrinə işləyir. Azərbaycan rəhbərliyi öz mövqeyini nə Xankəndində, nə də Moskvada, Kremldə sərgiləyə bilmir. Bəlkə də buna çəhd olunur, amma nəticə vermir.

Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin məlumatına əsasən nümayişin əsas təşkilatçıları, insanları milli münaqişəyə cəlb edənləri, başda Poqosyan olmaqla 11 nəfərin həbs olunması qərara alınır. Bu haqda Qorbaçova məlumat verilir. Qorbaçov qəti etiraz edir və həbsin qarşısı da bununla alınır. Məsələnin bu cür ermənilərin xeyrinə həll olunmasında Şahnazarovun böyük rolu olur.

1988–ci il fevralın 23–də Sov. İKP MK katibi Q.Razumovski başda olmaqla Moskvadan gələn nümayəndə heyəti K.Bağırov və Azərbaycan KP MK–nın bir neçə büro üzvünün iştirakı ilə DQMV Partiya Komitəsinin büro və plenum iclaslarını keçirirlər. Gevorkov birinci katib vəzifəsindən azad edilərək onun yerinə Dağlıq Qarabağda baş verən bütün hadisələrin əsas təşkilatçısı Poqosyan seçilir. Beləliklə həbsə alınmalı bir şəxs DQMV-nin baş kürsüsünə sahib olur. Və elə fevralın 25-də partiya komitəsinin fəalları ilə keçirdiyi ilk içlasda vilayətin erməni sakinlərinin kütləvi şəkildə ayağa qalxmasını təmin etməyi tələb edir.

Bununla da həm Xankəndi şəhərində, həm də vilayətin digər yaşayış mətəqələrində nümayişlərin, mitinqlərin, tətillərin yeni dalğası başlanır.

Fevralın 26–da M.Qorbaçov Azərbaycan və Ermənistan zəhmətkeşlərinə müraciət edir. Onun müraciətindəki “DQMV–də yığılıb qalan nöqsanlar və çətinliklər az deyildir” və “biz müxtəlif ideyaların və təkliflərin açıq müzakirəsindən boyun qaçırmağın tərəfdarı deyilik” ifadələri ermənilərə öz hərəkətlərini daha da fəallaşdırmağa ümid verir.

Daha sonra isə hadisələr daha acınacaqlı məcraya yönəlir. Vilayətdə yaşayan azərbaycanlılar öz doöma yurdlarından məcburi şəkildə qovulurlar. Ermənilər üçün Xankəndində əsas maneə olan Xankəndi Pedaqoji institutunin azərbaycan sektorunun və şəhərdəki yeganə azərbaycan məktəbi olan Nizami Gəncəvi adına 4 nömrəli orta məktəbin fəaliyyəti məcburi şəkildə dayandırılır.

Beləliklə, 1988-ci ilin 13 fevral tarixi Azərbaycanın tarixinə Qarabağ savaşının başlanğıc günü kimi yazılır.
İlham Cəmiloğlu

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Manşet
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar