A24 Xeber

8 Mart, inhisardakı gül biznesi və Azərbaycanın qızılgül sortları – FOTO

Azərbaycanda gülçülük təsərrüfatı niyə zəifdir?

8 Mart, inhisardakı gül biznesi və Azərbaycanın qızılgül sortları – FOTO
1. 431
07 Mart 2015 - 11:42

Sabah 8 Mart Beynəlxalq Qadınlar Günüdür. Həmin gün münasibətilə qadınlara verilən ən dəyərli hədiyyə güldür. Ümumiyyətlə, gülü  8 Mart bayramının “atributu” hesab etmək olar. 8 mart günü hər yerdə, eləcə də Azərbaycanda ən çox satılan da demək olar ki, gül olur. Bir çox ölkələrdə gül daxili istehsal olsa da, Azərbaycanda isə daha çox idxal edilir. Çünki ölkəmizdə gülçülük çox zəif inkişaf edir. Amma vaxtilə Azərbaycan nəinki özünü gül ilə təmin edirdi, hətta xarici bazarlara da satışını həyata keçirib. Bəs Azərbaycanda gülçülük təsərrüfatı niyə zəifdir?

“A24.az”ın əməkdaşı bu suala cavab tapmaq üçün həm gülçülüyün inkişafı problemlərini elmi əsaslarla öyrənən, həm də onun yetişdirilməsi ilə məşğul olan və yerli qızılgül sortları yaradan AMEA Mərkəzi Nəbatat Bağında olub, alimlərlə söhbətləşib, mövcud problem və həll yolları ilə maraqlanıb, maraqlı məqamlar ortaya çıxarıb. Amma bu barədə bir az sonra, hələlik isə dünya təcrübəsindən bəhs edək…

Dünyada bəzək bitkiləri sektorunun illik gəliri 50 milyard  dollardan çoxdur

Əvvala qeyd edək ki, gülçülük sektoru bir sıra ölkələrdə iqtisadiyyatın aparıcı sahələrindən biridir. Azərbaycan da müxtəlif güllərin yetişdirilməsi üçün əlverişli iqlim  şəraitinə malikdir. Lakin bu gün gülçülüyün inkişafı qənaətbəxş hesab edilə bilməz. Bir sıra səbəblərdən bu sahədə sahibkarlığın inkişafı ləngiyir, nəticədə də daxili və xarici bazarlarda fürsətlər əldən çıxır. Hazırda dünyada sənaye gülçülüyü və bəzək bitkiləri sahələri bir-birindən ayrılır. Sənaye gülçülüyü ətriyyat sənayesi üçün gül suyu istehsalı ilə məşğul olur. Bəzək bitkiləri sektoru isə bəzək güllərinin və bitkilərinin yetişdirilməsi üzrə ixtisaslaşır. Dünya təcrübəsində bəzək bitkiləri sektoru  kəsilmiş çiçəklər, daxili məkanı bəzəyən bitkilər, xarici məkanı bəzəyən bitkilər və yabanı soğanaqlı çiçək bitkiləri (lalə, zambaq, nərgiz və s.)  siniflərinə bölünür.

Hollandiyanın  Rabobank təşkilatının araşdırmalarına görə, dünyada bəzək bitkiləri sektorunun illik gəliri  50 milyard  dollardan çoxdur. Bu məbləğin  içərisində kəsilmiş çiçəklər 24,7 milyard dollar ilə ilk sırada gəlir. Dibçək  gülləri  14.3 milyard dollar, kiçik bəzək ağacları 7.6 milyard dollar, yabanı soğanaqlı çiçək bitkiləri   0.9 milyard dollar bazar həcminin olduğu ehtimal olunur.

Dünyada kəsilmiş güllərin ixracında  Avropada Hollandiya (59%), Amerikada Kolumbiya (12%) və Ekvador, Afrikada Keniya, Zimbabve, Zambiya, Asiyada Tayland ön sıradadır. Dibçək güllərinin ixracında  isə Hollandiya (48%), Danimarka (16%), Belçika (10%) ilk sıralarda gəlir. İnkişaf etməkdə olan bəzi ölkələr 1970-ci ildən sonra bəzək bitkilərinin, xüsusilə kəsilmiş güllərin  istehsalı və ticarətində böyük gəlir əldə etməyə başlayıb. Kolumbiya, İsrail və Keniya buna misal ola bilər.  Kəsilmiş güllər  ixracında  inkişaf etməkdə olan ölkələrin əsas xüsusiyyətlərindən biri mal sata biləcəkləri inkişaf etmiş ölkələrə qonşu olmalarıdır. Hollandiya Almaniya bazarını,  Kolumbiya  isə ABŞ bazarını istifadə edərək gül ixracını inkişaf etdirib. Digər üstün bir xüsusiyyətləri isə əlverişli  iqlim şərtləridir. Şimal yarımkürəsində qış ayları keçən müddətdə Afrika və Cənubi Amerika ölkələri yaz dövrünü yaşayır. Bu səbəbdən  gülləri asanlıqla yetişdirərək Şimal yarımkürəsindəki inkişaf etmiş ölkələrə ixrac edə bilirlər.

Təkcə gül ilə deyil, həm də onun yağı ilə milyardlar əldə edilir

Dünyanın bir sıra ölkələrində  həmçinin sənaye yönümlü gülçülük inkişaf etdirilib. Ətriyyat və əczaçılıq sənayesinin inkişaf etdiyi ölkələrdə sahibkarlar bu sahəyə də maraq göstərirlər. Dünya bazarlarında gül yağına tələbat hər il  artmaqda davam edir. Hazırda dünya bazarlarında gül yağının bir kiloqramının qiyməti 5 min 700-6 min 400 avro civarındadır. Dünyada gül yağı bazarında ticarət dövriyyəsinin həcmi 120 milyard dollar civarındadır. Dünyada gül yağı istehsalı ilə bağlı çoxlu sayda müsbət təcrübələr mövcuddur. Daha çox “Kosmetika vadisi” adı verilən layihələr həyata keçirilir. Məsələn, Fransada 50 min nəfərin yaşadığı Grasse adlı qəsəbədə belə bir layihə həyata keçirilib. Bu qəsəbədə gül yağı əldə etmək məqsədilə müxtəlif güllər becərilir. Az qala qəsəbədə hər bir ev ətir evinə çevrilib  və ən məşhur markaların ətir formulları bu evlərdə hazırlanır. Beləcə həmin qəsəbə dünyanın ətir paytaxtı olaraq tanınır. Həmçinin Grasse qəsəbəsinə müxtəlif cür gülləri görməyə gələn turistlərin sayı-hesabı yoxdur. Nəticədə də həmin kiçik qəsəbə gül yağı satışından və turizmdən ildə təxminən 600 milyon dollar qazanır.

Ölkəmizə ən çox bəzək bitkiləri Türkiyədən gətirilir

Azərbaycana Hollandiya, Fransa, İspaniya, İran və Türkiyə və digər ölkələrdən gül idxal edilir. Azərbaycana gül ixracatçıları arasında Türkiyə  üstünlük təşkil edir. İxrac isə demək olar ki, yox səviyyəsindədir. Dövlət Statistika Komitəsinin məlumatına görə 2009-cu ildə Azərbaycan xaricə 123 min manat dəyərində canlı ağaclar və sair bitkilər, kəsilmiş çiçəklər ixrac edib. Həmin il bu sahədə idxalın həcmi isə 6,3 milyon manat olub. 2010-cu ildə ixrac bir qədər də artaraq  7,5 milyon manata yüksəlib. Ən çox canlı ağaclar və sair bitkilər, kəsilmiş çiçəklər Türkiyədən idxal olunub. 2010-cu ildən Azərbaycana bəzək bitkilərinin yarısı bu ölkədən gətirilib. Belə ki, Türkiyə Bəzək Bitkiləri və Məmulatları İxracatçıları Birliyinin məlumatına görə, 2010-cu ildə Azərbaycana 3,5 milyon dollar dəyərində bəzək bitkiləri ixrac edilib. Bu göstərici 2011-ci ildə 5,86 milyon dollara çatıb. 2012-ci il ərzində isə Türkiyədən Azərbaycana təxminən 6,65  milyon dollar dəyərində 15  milyon 116 min ədəd bəzək bitkiləri və məmulatları ixrac edilib.

Türkiyənin Azərbaycana bəzək bitkiləri və məmulatlarının ixracının məbləği 2011-ci  illə müqayisədə 13,4%, sayı isə 20,5% artıb. Türkiyənin Azərbaycana ixrac etdiyi bəzək bitkiləri və məmulatlarının dəyərinin 95%-i (6,31 milyon ABŞ dolları) canlı bitkilərin, 5%-i isə kəsilmiş və soğanlı çiçəklərin hesabına formalaşıb. Azərbaycan Türkiyənin ən çox bəzək bitkiləri və məmulatları göndərdiyi 6-cı ölkədir.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2012-ci ildə ölkəmizə 20,34 milyon dollar dəyərində canlı ağaclar, kök yumuruları, köklər, kəsilmiş çiçəklər,  dekorativ bitkilər və digər bitkilər idxal edilib. İdxal əvvəlki ilə nisbətən 23% artıb. Azərbaycanın gül ixracı isə 60% azalaraq 36,15 milyon dollardan 14,17 milyon dollara geriləyib.

Vaxtilə nəinki Azərbaycanı, hətta SSRİ-ni təmin edirdi…

Ötən əsrin 70-ci illərində Azərbaycanda böyük gülçülük təsərrüfatları olub. Abşeronda Zabrat, Maştağa, Nardaran, Bilgəh, Mərdəkan və Şüvəlanda gülçülük sovxozları fəaliyyət göstərib. Şəki-Zaqatala bölgəsində respublikada ilk dəfə olaraq sənaye xarakterli gülçülük təsərrüfatı yaradılıb. Bakı kəndlərində olmuş gülçülük təsərrüfatları  həm Azərbaycanı, həm də keçmiş Sovet İttifaqını güllə təmin edirdi. Sovet İttifaqı dağılanda gülçülük təsərrüfatları da geriləməyə başlayıb. Bu gün Azərbaycanda gülçülük ilə məşğul olan təsərrüfatların sayı elə də çox deyil. Fəaliyyət göstərən təsərrüfatlar (əsasən Bakı kəndlərində) da xeyli kiçikdirlər. Hazırda həmin təsərrüfatlarda zambaq, nərgizgülü, qızılgül, xrizantem, kala yetişdirilir. Yeri gəlmişkən, Azərbaycanda gülçülük təsərrüfatının kiçik olmasının və bu sahənin inkişafdan qalmasının bir səbəbini  də bu sahənin inhisarda olması ilə əlaqələndirilir. Hesab edilir ki, gül biznesi bir qrup monopolistin əlində cəmlənib. Ona görə də həmin monopolistlər gül bazarını istədikləri kimi Ölkəmizdə yetişdirilən güllər keyfiyyətinə, qoxusuna görə İsrail, İspaniya və Türkiyə güllərindən çox yaxşıdır. Bizim qızılgül tez solsa da xaricdən alınan qızılgüldən qoxusuna görə fərqlənir. Xaricdən gətirilən güllərin qoxusu olmur. Sadəcə olaraq, onlar gec solur, hətta bir ay təravətli qala bilirlər.

Hazırda Azərbaycanda gülçülüyün inkişafını ləngidən bir sıra amillər mövcuddur. Bunlardan maliyyə çatışmazlığını, bu sahəni bilən kadrların azlığını, maarifçiliyin aşağı olmasını və satış bazarlarına daxil olmağın çətinliyini göstərmək olar.

 İşlər al-ver üzərində quruldu, gələcək isə düşünülmədi

Mərkəzi Nəbatat Bağının “Çiçəkçilik” laboratoriyasının rəhbəri, biologiya elmləri üzrə fəlsəfə doktoru Asəf  İsgəndərov “a24.az”ın əməkdaşı ilə söhbətində bildirib ki, ötən əsrin 70-ci illərində Bakının bir neçə kəndində yaradılan gülçülük sovxozu o dövrdə çox yaxşı  fəaliyyət göstərirdi. Mərkəzi Nəbatat Bağında olduğumuz zaman yetişdirdiyi qızılgül kollarının budanmasını həyata keçirən A.İsgəndərovun sözlərinə görə, həmin sovxozlar çiçək bitkiləri, əsasən də qızılgül işi ilə məşğul olurdular: “Həmin sovxozlar, eləcə də bizim Botanika  Bağı Özbəkistandan, Rusiyadan, o cümlədən Nalçik, Suxumi şəhərlərindən ucuz qiymətə gül kolları alır və baha satırdılar. Sovetlər dağılanda həmin sovxozlar da batdı. Çünki sovxozlar  özləri gül yetişdirə bilmədilər, işlərini daha çox al-ver üzərində qurdular, gələcəyi düşünmədilər. Ona görə də gülçülük getdikcə tənəzzülə uğradı”,-deyən A.İsgəndərov hesab edir ki, bu sahənin dirçəldilməsi üçün böyük dəstəyə ehtiyac var.

Xaricdən gətirilən dekorativ bitkilər 3-4 aydan sonra məhv olur

Sovetin vaxtında təsərrüfat müqaviləli işlərinin olduğunu vurğulayan A.İsgəndərov 50 ildir ki, gülçülüklə məşğul olduğunu söyləyir: “O vaxt 5-10 min ədəd gül kolu alırdılar. Hər sortdan 5-10 dənə mənə verdirdilər ki, kolleksiya yaradım. Onu da deyim ki, mənə verdikləri güllər zəif olurdu. O vaxtdan bəri mən xaricdən gətirilən güllərin introduksiyası (iqlimləşdirmə) ilə məşğulam. İqlimə uyğunlaşdırdığım güllər idarələrin, dövlət təşkilatlarının bağlarının yaşıllaşdırılmasında istifadə edilirdi. Gəlib bizimlə müqavilə bağlayanda əsasən gül istəyirdilər”. Ötən əsrin 70-ci illərindən başlayaraq qızılgüllərin elmi əsaslarla öyrənilməsinə başladıqlarını xatırladan alim kolleksiya yaradaraq güllərin üzərində təcrübə apardıqlarını qeyd edib.

Xaricdən gətirilən dekorativ ağac və gül bitkilərinin bir çox hallarda 3-4 aydan sonra məhv olduğunu diqqətə çatdıran A.İsgəndərov səbəbi belə izah edir ki, həmin bitkilər Azərbaycanın iqliminə uyğunlaşdırılmır: ” Ümumiyyətlə, xarici bitkilərin yerli şəraitə uyğunlaşdırılmadan əkilməsi sonradan problemlər yaradır. Məsələn, son illər İrandan, Hollandiyadan yüz minlərlə qızılgül kolları gətirib şəhərdə əkirlər. Amma hamısı məhv olur. Gətirilən güllər uzağı 3-4 ay yaşaya bilir. Bu, yalnız qızılgülə aid deyil, ümumiyyətlə bütün bitkilərə aiddir. Çünki onlar bizim iqlimə uyğunlaşmayıb. Görünür, həmin gülləri istixanadan  çıxarıb gətirirlər. Ona görə də iqlimə uyğunlaşmır və məhv olur. Təsəvvür edin, uzun illərdir ki, xarici bitkilərin iqlimə uyğunlaşdırımasını aparırıq və müsbət nəticələr də olur. Amma nə qədər də iqlimləşdirsək də, onlara qulluq etsək də, yenə də burda özlərini yaxşı doğrultmurlar- ya xəstəlik yaranır, yaxud nəsə çatışmır”.

“Hazırda mənim 24 qızılgül sortum var”

2006-cı ildən ilk dəfə olaraq Mərkəzi Nəbatat Bağında dekorativ bitkilər üzrə seleksiya üsulu ilə yerli qızılgül sortlarının yetişdirilməsinə başlanıldığını diqqətə çatdıran A.İsgəndərov hazırda 530 -dan artıq qızılgül növ və sortlarının kolleksiyasını yaradıb: “Eyni zamanda, xaricdə əlimizə düşən gülləri də gətirib burda yerləşdiririk.  Hazırda mənim 24 qızılgül sortum var. Onlardan 3-nün müəlliflik şəhadətnaməsini, patentini almlışam. Digərlərini də bu günlərdə Kənd Təsərrüfatı Nazirliyi yanında  Dövlət Sort-Sınaq Komitəsinə təqdim edəcəyik.  Həmin güllərə ad da qoymuşuq. Əldə etdiyim gül sortlarının bəzilərinə AMEA-nın 70 illk yubileyi ilə əlaqədar bir neçə görkəmli akademiklərimizin adını vermişəm. Məsələn, akademiklər Cəlal Əliyev, Akif Əlizadə, Əhliman Əmiraslanov, Tofiq Nağıyevin adına gül sortları var. Bundan başqa, “Odlar yurdu”, “Əsrin müqaviləsi”, “Şərqin səhəri”, `”Sarı gəlin”, “Nazpəri” və başqa adlarda da qızılgül sortlarımız var”.

Amma əldə edilən yerli qızılgül sortları hələlik açmayıb, təxmini bir aydan sonra  həmin güllərin ətrini Mərkəzi Nəbatat Bağında hiss etmək mümkün olacaq.

Biznes maraqları yoxdu, amma…

Mərkəzi Nəbatat Bağında yetişdirilən güllər və digər bəzək bitkiləri sırf satış üçün nəzərdə tutulmasa da, bu elm ocağından qızılgül və ya hansısa bitkini pulla əldə etmək olar. Məsələn, istəyənlər üçün dibçəkdə əkilmiş güllər yetişdirilib və istəyən ala bilər. Bundan başqa, istixanalarda bəzək bitkiləri də yetişdirilir ki, onlardan da alıb evə qoymaq, yaxud həyətdə əkmək mümkündür: “Düzü, fəaliyyətimi yalnız elmə həsr etmişəm. Əlli ildir ki, gülçülüklə məşğulam. Əgər biznes üçün çalışsaydım, gedib başqa yerdə işləyərdim. Təbii ki, elm də gəlir gətirməlidir. Həvəskarlar, yaxud xaricdən aldığı gülü və ya bitkini saxlaya bilməyənlər gəlib bizdən alırlar. Onlar pulunu köçürür və qəbzini alır. Həmin qəbz əsasında da biz onlara gül və ya bitkini veririk. Əldə etdiyimiz gəlir də alimlərə, bağbanlara mükafat kimi verilir”.

Atif Sarıxanlı

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00