A24 Xeber

Adnan Oktarın azərbaycanlı “kedicikləri” AYAĞA QALXDI: “Bakıda məmur övladlarıyla..” – FOTO/VİDEO

Adnan Oktarın azərbaycanlı “kedicikləri” AYAĞA QALXDI: “Bakıda məmur övladlarıyla..” – FOTO/VİDEO
210
18 İyul 2018 - 11:11

Türkiyədə saxlanılan Adnan Oktarın xanım tərəfdarları Türkiyənin Azərbaycandakı səfirliyinə müraciət ediblər.

“A24.az” xəbər verir ki, A.Oktarın azərbaycanlı tərəfdarları səfir Erkan Özoralın adına ərizə yazaraq xahiş ediblər ki, onları zərərçəkmiş qismində hazırda istintaqı gedən “Adnan Oktar işi”nə cəlb etsinlər.

Əldə etdiyimiz özəl məlumatda deyilir ki, səfir adına yazılan ərizəni 54 qadın imzalayıb. Onlar ərizələrində qeyd ediblər ki, vaxtı ilə A.Oktarın Bakı şəbəkəsinin üzvü olublar.

Saytımıza bu məlumatı verən və adının açıqlanmasını istəməyən eks “kedicik” Adnan Oktarın Bakı şəbəkəsi ilə bağlı bəzi mühüm faktlardan da danışıb. O, bildirib ki, şəbəkənin kişi üzvləri üçün imam Ramiq Vəliyev, qadın üzvləri üçün imam isə, onun həyat yoldaşı Aysel Vəliyeva olub. Sonuncu jurnalistdir və Naxçıvan Dövlət Televiziyasının (NTV) əməkdaşıdır.

Adnan Oktar Azərbaycandakı şəbəkəyə nəzarəti isə, yaxın adamı İbrahim Tuncerə tapşırıb. R.Vəliyev şəbəkənin Azərbaycanda genişlənməsi üçün böyük bir proje hazırlayaraq İ.Tuncerdən maliyyə dəstəyi tələb edib. Sonuncu həmin projeni Adnan Oktara təqdim etdikdən sonra şəbəkə Bakının “Milyonerlər məhəlləsi” kimi tanınan keçmiş Teymur Əliyev, indiki Məmməd Araz küçəsində iki villa kirayələyiblər: “Mən şəbəkəyə ilk qoşulanlardan idim. Kirayələnən villaların birində biz qalırdıq, digərində oğlan üzvlər. Yalnız gecə yatmağa gedəndə ayrılırdıq, günün başqa saatı demək olar ki, bir yerdə olurduq. İmamlarımız Ramiq Vəliyev və Aysel Vəliyevanı ayda bir dəfə görürdük. Onları çox gözəl insan kimi xarakterizə edə bilərəm. Bizlə çox mədəni rəftar edirdilər. Xidmətçilərimiz, aşpazlarımız var idi. Bakıda dəbdəbəli parti və konsertlərə gedib şəbəkəyə yeni üzvlər cəlb etməli idik”.

Eks-“kedicik”in sözlərinə görə, onlar bəzən yeni oğlan üzvləri üçün istifadə ediliblər: “Model görünüşlü oğlanları şəbəkəyə üzv etmək və onu genişləndirmək üçün bizdən “yem” kimi istifadə edirdilər. Etiraz etmək haqqımız yox idi. Bakıda və bölgələrdə imkanlı biznesmen və məmur övladları ilə tanış olub, onlara şəbəkə haqqında məlumat verirdik. Hamısının xoşuna gəlirdi. Dindən danışıb onları bezdirmirdik. Elə ətrafımızda olan qızların şəkillərini görən kimi bizə dəstək verməyə hazır olduqlarını deyirdilər. Onların arasında nazir övladları da var idi. Kim olduqları bizdən gizli saxlansa da, dəvət aldığımız tədbirlərə gedərkən təxminən bilirdik ki, bizim şəbəkəni hansı nazirlər dəstəkləyir”.

► “Qısa zamanda üzvlərimiz 200-ü keçdi”

Adnan Oktarın Bakı şəbəkəsinin üzvünün sözlərinə görə, 2-3 aydan bir 5-10 nəfərlik qrupla Türkiyəyə səfər ediblər: “Adnan Oktarla görüşüb, onun canlı yayımlanan verlişində qonaq kimi iştirak edirdik. A.Oktar bizlərə çox isti münasibət göstərirdi. Yalnız verlişin çəkilişi zamanı. Verlişdən kənarda onun yaxın adamları ilə necə əsəbi və ağır ifadələr işlədərək danışdığına şahidlik edirdik. A.Oktar Türkiyədə böyük bir sərvətə sahib idi. Azərbaycanlı üzvlərdən bəziləri onun İstanbuldakı şirkətlərinə işə düzəlmişdi. Sonuncu dəfə Adnan Oktarla görüşəndə o, yeni üzvlərin sayının artırılması ilə bağlı göstərişlərini verdi. Bakıda villalar icarəyə götürüləndən sonra üzvlərimizin sayı 200-ü keçmişdi və bu çox qısa zamanda baş vermişdi”.

► Mətbuat vasitəsi ilə təsir…

Eks-şəbəkə üzvünün sözlərinə görə, Adnan Oktarın Azərbaycanda təbliğatının bir istiqaməti də mətbuat vasitəsi ilə olub. Belə ki, A.Oktarın Azərbaycanda mətbuat katibliyini edən Nəzakət Bədirova adlı jurnalist onun məqalələrini Azərbaycan türkcəsinə tərcümə edərək yayımı ilə məşğul olub: “Saytımız, onlayn televiziyamız var idi. Amma, bu bəs etmirdi. Azərbaycandakı xəbər saytlarında Adnan Oktarın təbliğatı ilə bağlı yazılar getməli idi. Arada biz də “Facebook”da Adnan Oktarın yazılarnı paylaşırdıq. Daha sonra Ramiq Vəliyevin rəhbərliyi ilə “Gənclərin mənəvi inkişafı İctimai Birliyi” yaradıldı. Həyat yoldaşı Aysel Vəliyeva da sədr müavini idi. Təşkilatın Türkiyə üzrə koordinatoru isə, Ləman Priyeva idi. Onun həyat yoldaşı Ramil Rüstəmov da tez-tez Adnan Oktarın “A9″ kanalındakı proqramına qatlırdı”.

Eks-“kedicik”in sözlərinə görə, sonuncu dəfə Bakıda Adnan Oktara dəstək videosunun çəklişindən sonra şəbəkədən ayrılmaq qərarına gəlib: “Bu elə də asan olmadı. Hər tərəfdən təzyiqlərə məruz qaldım. Bizim o videomuz da birmənalı qarşılanmadı. Hər kəs bizi söyürdü. Ötən gün Türkiyənin “Sabah” (https://www.sabah.com.tr/galeri/turkiye/adnan-oktar-orgutunun-azerbeycandaki-yapilanmasina-sorusturma/7) qəzetində oxudum ki, Adnan Oktarın Azərbaycandakı müridlərinin həbsi gözlənilir. Artıq “Twitter”də “Kedicik Belgeleri” (https://twitter.com/KediLeaks/status/1005879391136739328) adlı səhifədə Azərbaycandakı şəbəkə üzvləri deşifrə olunur. Kemiş şəbəkə üzvləri də dedilər ki, Azərbaycanda olanların siyahısı hüquq-mühafizə orqanlarına təqdim olunub. Deyilənə görə, Fətullah Gülən tərəfdarlarında olduğu kimi Türkiyə Azərbaycandan bizim cəzalanmamızı istəyəcək. Biz Adnan Oktar və onun şəbəkəsinin qurbanlarıyıq. Ötən gün zərərçəkmiş kimi istintaqa cəlb olunmaq üçün Türkiyənin Azərbaycandakı səfirliyinə ərizə ilə müraciət etdik. İnanıram ki, Türkiyə və Azərbaycanın hüquq-mühafizə orqanları bu məsələyə ədalətlə yanaşacaq və aldadılan, istifadə edilən şəbəkə üzvlərini zərərçəkən kimi tanıyacaq”.

Xatırladaq ki, Türkiyədə həbs olunan Adnan Oktar kiçik qız uşaqlarına təcavüz və mütəşəkkil cinayətlər, çirkli pulların yuyulması, casusluq, şəxsi həyatın gizliliyini pozma, rəsmi sənədləri saxtalaşdırma, terrorla mübarizə qanununa zidd getmə, şantaj, böhtan, yalançı şahidlik, korrupsiya, təhsil və təhsil hüquqlarının əngəllənməsi, dələduzluqda ittiham olunur.

Xüsusi əməliyyat zamanı çox sayda silah, gülləkeçirməz köynək və zirehli maşınlar da ələ keçirilib.

AzEuroNews.com

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00