Arxetipik azərbaycanlılar üçün Allah mədə-bağırsaqdan kənarda təsəvvür edilmir

Arxetipik azərbaycanlılar üçün Allah mədə-bağırsaqdan kənarda təsəvvür edilmir
Want create site? Find Free WordPress Themes and plugins.

Millət vəkili Fazil Mustafa Ramazan ayında Azərbaycanda qurulan yas mərasimlərindən, İslam dininə sırıdılan dini rituallardan bəhs edən yazı paylaşıb.

“A24.az” xəbər verir ki, yazıda Fazil Mustafa əxlaq dini olan İslamın xurafat, cəhalət, nadanlıq mənbəyinə çevrildiyindən şikayətlənib.

Həmin yazını təqdim edirik:

Biz azərbaycanlılar qədər öz işini müşkülə salan başqa xalqlar varmı görəsən? Adamın yaxını rəhmətə getmiş, bu da Ramazan ayına təsadüf etmiş, mərasim düzənləmiş və tərəddüddə qalmış: əcaba yemək versəm nə olar, verməsəm nə olar?

Quranda deyir ki, “Allah sizə şah damarınızdan daha yaxındır”, arxetipik azərbaycanlılar üçün isə Allah sanki mədə-bağırsaqdan kənarda təsəvvür edilmir. Adam heç dindar da deyil, sadəcə dünyasını dəyəşən yaxını üçün mərasim düzənləyəndə İslam dini yadına düşür. Adam gördüyü işlərə görə nə cəmiyyəti düşünür, nə də qohum-əqrabasını, elə ki, ortaya yas düşdü, dərhal ağlına gələn bu cümlələr olur: “görəsən adamlar nə düşünər?” Anlamır ki, adamlar onsuz da hər kəs barədə düşündüyünü düşünüb, bir yas mərasimi ilə, bir şıdırğı toy israfçılığı ilə nə isə dəyişməyəcək ki? Kaş ki, adamların yadına elə gerçək İslam dini düşəydi, özünü qətiyyən bu qədər vaxt və pul itkisinə, israfçılığa məruz qoymazdı.

Bu Ramazan ayında bir neçə məclisdə oldum, baxdım ki, masanın üzərində heç bir qab-qaşıq, yemək yox, gələnlər də sakitcə oturub adamın dərdinə həmrəy olub rahatca çıxıb gedirlər. Bundan gözəl, faydalı, rahat nə ola bilər ki?… Heç yas üçün axşam iftar süfrəsi açmağın da bir mənası yoxdur. Kiminsə qarnını doyuzdurmaq istəyirsən, ayrıca qida paketləri düzəldib tanıdığın yoxsul insanların evinə göndər, o yeməyi daha rahat şəraitdə hazırlayıb yesinlər.

Hərdən diplomlu, titullu adamlarla din mövzusunda söhbət edərkən adamın savadsızlığını ilk cümlədən anlamaq olur: “Biz qılınc müsəlmanıyıq, islamı bizə zorla qəbul etdiriblər!” Deyirsən qağa bircə sübut göstərə bilərsənmi ki, Azərbaycanda islam zorla qəbul olunub, adam başlayır heç mövzu ilə əlaqəsi olmayan ədəbiyyat vaaz etməyə. “İslamın zorla qəbul edilməsi” tezisinin ümumiyyətlə heç bir faktoloji və teoloji əsası yoxdur, xüsusilə də biz azərbaycanlılar üçün heç keçərli deyil. Çünki günlük yaşanan bu cür mərasimlərimiz, əsrlərdir dəyişməyən dini rituallarımız onu göstərir ki, biz haradansa öz istədiyimiz qaydaları götürüb adını da İslam dini qoymuşuq. Özümüz götürdüyümüz anormallıqları bizə zorla necə qəbul etdirə bilərlər?

Şəraitə görə ağılla, məntiqlə davranmağı bacarsaydıq, bu gözəl əxlaq dinini də nadanlıq, xurafat, cəhalət mənbəyinə çevirməzdik. İndi söyləyin bu kimi mərasimləri inzibatı qaydada tənzimləməkdən başqa yol qalırmı? Cəmiyyət öz rahatlığı,faydası üçün olanı qəbul etmək istəmirsə, yaşamaq istəmirsə, göstərilən nümunələri qulaq ardına vurursa, başqa hansı çıxış yolu qalır?

A24.az

Did you find apk for android? You can find new Free Android Games and apps.
 
Son Dəqiqə, Din
a24.az

Müzakirə

1001 Bərəkət Halal Nemət

a24.az

Səhliyalı

a24.az
A24.Az - Xəbərdə Yeni Nəfəs, Xəbərlər, Araşdırma, Müsahibələr, Reportajlar