A24 Xeber

Azərbaycan ordusunun qüdrəti-Sülhyaratmada atdıqları addım

Azərbaycan ordusunun qüdrəti-Sülhyaratmada atdıqları addım
74
05 İyun 2018 - 14:14
Yarandığı gündən, döyüş əməliyyatlarında iştirakına baxmayaraq, Azərbaycan Ordusunun ikitərəfli və beynəlxalq hərbi əməkdaşlığı hər zaman diqqət mərkəzində olub. Türkiyə, Ukrayna, Rusiya, İsrail və digər ölkələrlə, o cümlədən NATO ilə qurulan sıx hərbi əməkdaşlıq bu gün Azərbaycan Ordusunun inkişafına töhfə verməklə yanaşı, bölgədə və dünyada sülhün, asayiin təmin olunmasında Ordumuzun iştirakına imkan verib.

A24.Az AzeriDefence.com-a istinadla xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlığının istiqamətlərinə nəzər salsaq, region ölkələri və regiondan kənar ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq, Avro-Atlantik strukturlarla əməkdaşlıq, beynəlxalq təşkilatlarla və xarici dövlətlərin müdafiə sənayesi kompleksləri ilə əməkdaşlıq istiqamətlərinin xüsusi diqqət kəsb etdiyini görərik. Ekspertlərin fikrincə, bütün bu addımlar Azərbaycan Respublikasının müstəqilliyinin qorunması, ərazi bütövlüyünün bərpa edilməsi və sərhədlərinin toxunulmazlığının təmin olunması üzrə xarici dövlətlərin və nüfuzlu beynəlxalq təşkilatların dəstəyinə nail olunmasına yönəlib.

İkitərəfli hərbi əməkdaşlıq – sıralar genişlənir

Azərbaycan Müdafiə Nazirliyi açıqladığı rəsmi məlumata görə, hazırda Türkiyə, ABŞ, Pakistan, Çin, Rusiya, İran, Ukrayna, Belarus, Gürcüstan, Serbiya və digər ölkələr daxil olmaqla, ümumilikdə 40-a yaxın ölkə ilə ikitərəfli əsasda hərbi əməkdaşlıq həyata keçirir.

Ikitərəfli hərbi əməkdaşlıqdan danışarkən, ilk beşlikdə dayanan dövlətlərlə münasibətlərə diqqət yönəltmək yerinə düşər.

Azərbaycanla Rusiya arasındakı hərbi əlaqələr xüsusilə diqqət cəlb edir. İki ölkə arasında geniş spektrli hərbi və texniki əməkdaşlıq münasibətləri mövcuddur. Azərbaycan hərbçiləri Rusiyanın müxtəlif hərbi  təhsil müəssisələrində təhsil alırlar. 1997-ci ildən  bu günədək Azərbaycan və Rusiya arasında hərbi və hərbi texniki əməkdaşlıq sahəsində 40 sənəd imzalanıb. O cümlədən, 2003-cü ildə hərbi texniki əməkdaşlığa dair Bakıda iki ölkənin hərbi rəhbərləri səviyyəsində imzalanan müqavilə ilə Rusiyanın 1992-ci ildən Azərbayana tətbiq etdiyi silah satışı embarqosu aradan qaldırılıb və Rusiya Azərbaycan Silahlı Qüvvələrinin təchizatında önəmli yer tutmağa başlayıb. BMT Adi Silahlar Registri və SİPRİ təşkilarının məlumatlarına görə, 2005-2006-ci illərdə Azərbaycan Rusiyadan “Nona – S” özüyeriyə artilleriya kompleksləri, sonrakı dövrdə T-72 tankları daha sonra, 2009-2010-cu illərdə imzalanmış müqavilələr əsasında 24 ədəd Mi-35M çoxfunksiyalı zərbə helikopteri, 40 ədəd Mi-17 helikopteri, eləcə də S-300 PMU-2 “Favorit” zenit-raket kompleksləri, 2001-2017-ci illərdə 100 ədəd T-90S tankı, 100 ədəd BMP-3 piyada döyüş maşını, BTR-82A zirehli transpotyorları, müxtəlif radiolokasiya vasitələri, TOS-1A “Solntsepyok” ağır odatanları, “Msta-S” özüyeriyən haubistaları, “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi, “Sani” minaatanları, İMR-72 mühəndis istehkam maşınları, MTU-90 körpüsalanlar, mühəndis istehkam qoşunları üçün müxtəlif özüyeriyən panton körpülər, amfibiya xüsusiyyətinə malik üzən texnikalar, müxtəlif çaplı atıcı silahlar üçün mərmilər, “Smerç” yaylım atəşli reaktiv sistemlər əldə edib. Ümumilikdə iki ölkə arasında imzalanan hərbi-texniki müqavilələr üzrə hərbi ticarət dövriyyəsi prezident İlham Əliyevin açıqladığı məlumata görə, 5 milyard ABŞ dollarına yaxındır.

Xatırladaq ki, 2016-c ilin oktyabr ayında Azərbaycan prezidenti İlham Əliyev “Sputnik” agentliyinə müsahibəsi zamanı Rusiya və Azərbaycan müdafiə nazirlikləri arasındakı hərbi əməkdaşlığın inkişafından razı olduğunu bildirib: “Bu sahədə bizim əsas tərəfdaşımız Rusiyadır. Əgər səhv etmirəmsə Rusiya ilə imzalanan müqavilələrin dəyəri 5 milyard dollar həcmindədir və bu müqavilənin çox hissəsi artıq reallaşıb. Azərbaycan hərbisində olan silahların əksəriyyəti Rusiyanındır. Biz əməkdaşlıqdan razıyıq və Rusiya silahlarının əsas alıcısıyıq”.

Azərbaycan hərbi-texniki əlaqələrində İsrail Dövləti ikinci yerdə dayanır. Azərbaycan və İsrail arasında hərbi-texniki əlaqələr 2000-ci illərin əvvəlində yaranıb. Hərbi ekspertlərin sözlərinə görə, bu əməkdaşlıq qurulandan sonra Azərbaycan Ordusu İsraildən yeni nəsil silahların əldə edib. İsrailin “IMI Systems” şirkətindən “Lynx Lar-160”, “Lynx Qrad”, “Lynx-Extra” tipli müxtəlif yayılım reaktiv atəş sistemləri, “Aeronautics” şirkətindən “Aerostar” taktik, “Orbiter-2”, “Orbiter-3”, “Orbiter-4” mini pilotusuz uçuş aparatları, “Zərbə” kamikadze pilotsuz uçuş aparatı və.s əldə edib. Eləcə də İAİ şirkətindən “Heron” və “Hermes” tipli PUA-ları və radiolokasiya sistemləri, “Rafael” şirkətindən “Spike” tank əleyhinə raket komplekslərinin müxtəli konfiqurasiyaları, “Spyder” zenit-raket kompleksləri, bunlarla yanaşı, “Elbit System” şirkətindən “Cardom” və “Spear Mk.2” özüyeriyən və yedəkdə daşınan minaatanlar, müxtəlif elektro optik sistemlər, kəşfiyyat avadanlıqları, radiolokasiya sistemləri əldə edibdir. 2009-cu ildə imzalanmış müqaviləyə əsasən “Elbit System” şirkəti Azərbaycanın T-72 tanklarının modernizasiyasını həyata keçirərək, T-72 SIM1 “Aslan” səviyyəsinə çatdırıb. Bundan başqa Azərbaycan Ordusu İsraildən unikla imkanlara malik olan, rabitə vasitələrini satın alıb. 2016-ci ilin sonlarında Azərbaycan Hərbi Hava Qüvvələri İsraildən alınan “İldırım” (“Barak-8”) zenit-raket komplekslərini silahlanmaya qəbul etdiyini açıqlayıb. İki ölkə arasında hərbi texniki əməkdaşlıq artan templə davam etməkdədir.

Azərbaycanın hərbi və hərbi-texniki əməkdaşlığında Türkiyə xüsusi yer tutur və iki ölkə arasında hərbi əməkdaşlığın tarixi 100 il öncəyə, yəni Azərbaycan Silahli Qüvvələrinin yarandığı ilə təsadüf edir. Türkiyə Azərbaycan Xalq Cumhuriyyətinin  yarandığı ilk gündən Azərbaycan Ordusnun təminat təchizatında, kadrların hazırlanmasında yer alıb. 1992-ci ildən başlayaraq, Azərbaycan və Türkiyə arasında yenidən hərbi əlaqələr qurulmuş və rəsmi Ankara 1992-ci ildə Azərbaycana hərbi yardım göstərən ilk ölkə olmuşdur. Sonrakı dövrdə Azərbaycan Ordusunun formalaşmasında Türkiyə hərbçiləri də mühüm rol oynayıblar.

İki ölkə arasında tez-tez hərbi qurumların rəhbərləri səviyyəsində müxtəlif səfərlər, habelə ildə bir dəfə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilir. Azərbaycan hərbçiləri Türkiyənin hərbi məktəblərində təhsil alır, kurslarda iştirak edirlər.

2013-cü ildən başlayaraq, ildə bir neçə dəfə Azərbaycanda və Türkiyədə Silahlı Qüvvələrin birgə təlimləri, 2014-cü ildən isə ildə iki dəfə Azərbaycan-Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı/Şahini” təlimləri təşkil olunur.

Hərbi-texniki sahədə Türkiyənin Azərbaycana yardımları 1993-cü ildə Azərbaycan Ordusuna rabitə vasitələrinin və döyüş sursatlarının çatdırılması ilə başlayıb. 1999-cu ildə Türkiyə Hökuməti Azərbaycan bir ədəd AV-25 “Türk” tipli hücum kateri bağışlayıb. Eləcə də, Hərbi Hava Qüvvələrinə müəyyən köməkliklər göstərib.

Ötən dövrdə Azərbaycan Silahlı Qüvvələri Türkiyənin ASELSAN  şirkətindən müxtəlif elektro-optik cihazlar, rabitə vasitələri, MKE təşkilatından silah, sursat və mühəndis istehkam vasitələri, HAVELSAN şirkətindən təlim vasitələri, “Otokar” şirkətindən “Cobra” zirehli transportyorlar və ROKETSAN şirkətindən TR-122 “Sakarya” və TR- 300 “Qasırğa” yaylım atəşli reaktiv sistemlər eləcə də onların ən son modifikasiyası olan yüksək dəqiqliklə idarə olunan raketlər satın alıb. Azərbaycan-Türkiyə iki tərəfli hərbi əməkdaşlığı son illərdə bu sıraaya Gürcüstanın da qoşulması ilə regional təhlükəsizliyin təmin edilməsində mühüm faktora çevrilib. İldə iki dəfə hər üç ölkənin müdafiə nazirləri və baş qərargah rəislərinin iştirakı ilə görüşlərin keçirilməsi, Azərbaycan-Türkiyə-Gürcüstan Xüsusi Təyinatlı Qüvvələrinin “Qafqaz qartalı” təlimi, “Eternity” Komanda Qərargah təlimləri, Türkiyədə keçirilən “Efes” təlimində iştirak bu kontekstdə Azərbaycanın regionl təhlükəsizliyin mühüm halqası olduğunu göstərir.

Azərbaycanın hərbi əlaqələrində mühüm yer tutan dövlətlərdən biri də Belarusdur. Belə ki, 2016-ci ilin aprel savaşında Belarus Kollektiv Təhlükəsizlik Müdafiə Təşkilatının üzvü olmasına baxmayaraq, təşkilatda təmsil olunan Ermənistanı deyil, Azərbaycanı müdafiə edərək dövlət başçısı səviyyəsində dəstəyini ifadə etmişdir. Qeyd edək ki, Azərbaycan Belarusdan son illərdə böyük həcmdə silah sursatın alınmasını həyata keçirib. Bunların arasında 12 ədəd Su-25 tipli döyüş təyyarəsi, 203 mm 2S3 “Pion” özüyeriyən topu, “D-30” topları, 153 ədəd T-72 tankı, çox sayda BTR-70 zirehli transportyoru, “Buk-MB” zenit raket kompleksi, T-38 “Stilet” zenit raket kompleksi əldə edib. Eləcə də, Belarus şirkətlərinin iştirakı ilə Azərbaycanın S-125 “Peçora” və “Osa” zenit raket komplekslərinin əsaslı modernizasiyası həyata keçirilib. Belarus rəsmilərinin açıqladığı məlumata, görə Azərbaycan Belarus istehsalı olan uzun mənzilli “Polonez” yayılım atəşli reaktiv sistemi ilə yaxından maraqlanır. Yaxın perspektivdə bu raket sistemlərinin Azərbaycana ixracı gözlənilir.

Azərbaycanın ən yaxın hərbi tərəfdaşlarından biri də Pakistandır. 1992-ci ildə yeni yaranan Azərbaycan Silahlı Qüvvələrinə hərbi yardım göstərən Pakistan bu gün Azərbaycanla kadrların hazırlanması, eləcə də hərbi-texniki sferada yaxşı münasibətlərə malikdir. Azərbaycan və Pakistan arasında 2017-ci ilin iyul ayında 10 ədəd təlim təyyarəsinin satın alınması ilə bağlı müqavilə imzalanıb. Bundan başqa Pakistan şirkətləri Azərbaycan Ordusunun müəyyən silah-sursat və texniki vasitələrlə təchizatında yaxından iştirak edir.

Dünyada sülhə dəstək

4 may 1994-cü ildə NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” (SNT) Proqramına qoşulan Azərbaycan bu gün NATO ilə SNT, Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı, Planlaşdırma və Analiz Prosesi, Əməliyyat İmkanları Konsepsiyası, Tərəfdaşlığın Qərargah Vəzifəsi, Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı, Sülh Naminə Elm Proqramı və NATO-nun digər əhəmiyyətli tərəfdaşlıq mexanizmlərindən səmərəli şəkildə istifadə edir. 

Planlaşdırma və Analiz Prosesi (PAP) təhlükəsizlik və sabitliyin təşviqi, böhrana cavab əməliyyatları və digər tədbirlərdə NATO Müttəfiqləri ilə əməkdaşlıq edə biləcək qüvvə və imkanların inkişafına kömək məqsədi daşıyır. Bu, çoxmillətli tədris, təlim və əməliyyatlar üçün İttifaqla birlikdə fəaliyyət göstərəcək tərəfdaş qüvvələrin qarşılıqlı fəaliyyətini və imkanlarını artırmaq məqsədilə struktur yanaşmanı təmin edir. PAP çərçivəsində Azərbaycanın qəbul etdiyi 41 Tərəfdaşlıq Məqsədindən 27-si Müdafiə Nazirliyinə aiddir. Hazırda qəbul edilmiş Tərəfdaşlıq Məqsədlərinin bir hissəsi yerinə yetirilib, uzunmüddətli digər Tərəfdaşlıq Məqsədlərinin yerinə yetirilməsi üzrə müvafiq işlər davam etdirilir. NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) proqramı Azərbaycan Ordusunun inkişafına xidmət edən NATO-nun çoxmillətli müasir ordu quruculuğu təcrübəsini özündə cəmləşdirən əhəmiyyətli mexanizmlərindən biridir. Bu proqram Ordunun müvafiq bölmələrinin müasir döyüşün  tələblərinə və inkişaf etmiş dövlətlərin müəyyən etdiyi standartlara uyğun hazırlanması, o cümlədən NATO-nun zəruri əməliyyat qabiliyyətlərinə nail olması baxımından çox əhəmiyyətli bir mexanizmdir. ƏİK proqramına 2004-cü ilin aprel ayında qoşulan Müdafiə Nazirliyi ƏİK Ortaq Qüvvələr Birliyinə bir motoatıcı bölük, 2010-cu ilin avqust ayından isə bir tabor bəyan edib. 2015-ci ildə isə bu qüvvələrə əlavə olaraq, ƏİK kəşfiyyat bölüyü, 2016-cı ildə 1 “Mi-17” helikopter cütlüyü və Dənizdə Qadağa Əməliyyatları üzrə Göyərtə Qrupu ayrılıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, 1999-cu ildən müxtəlif regionlarda keçirilən sülhməramlı əməliyyatlarda Azərbaycan Ordusunun 3000-dən artıq hərbi qulluqçusu iştirak edib. İlk beynəlxalq sülhyaratma əməliyyatına 1999-cu ildə qatılan Azərbaycan Ordusunun sülhməramlı kontingentinin bir taqımı 1999-cu ilin sentyabr ayından 2008-ci ilin mart ayınadək NATO-nun rəhbərliyi altında Kosovada iştirak edib. Azərbaycan taqımı Türkiyə taborunun 4-cü mexanikiləşdirilmiş piyada bölüyünün tərkibində Draqaş şəhərində xidmət aparıb. Brod yaşayış məntəqəsi bu taqıma cavabdehlik ərazisi kimi təhkim olunub. Bu müddət ərzində Kosovada keçirilən əməliyyatlarda 362 nəfər hərbi qulluqçumuz iştirak edib. Bundan başqa, 20 noyabr 2002-ci il tarixdən Azərbaycan Ordusunun 22 nəfərlik sülhməramlı taqımı Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (İSAF) tərkibində fəaliyyətə başlayıb. Hazırda NATO-nun Əfqanıstanda keçirdiyi “Qətiyyətli Dəstək” qeyri-döyüş missiyasında Azərbaycan Ordusunun 120 nəfərlik kontingenti xidmət edir. Sülhməramlı kontingent Kabil Beynəlxalq Hava Limanının mühafizəsi tapşırığını icra edir və müvafiq qərargahlarda təmsil olunur. Azərbaycan Ordusunun sülhməramlıları həmçinin 2003-cü ilin avqust ayından 2008-ci ilin dekabr ayınadək İraqda sülhün təmin olunmasında iştirak edib. Hərbçilərimiz, İraqın Əl-Hadita şəhəri yaxınlığındakı böyük su anbarının və su elektrik stansiyasının mühafizəsini həyata keçiririblər.

Hərbi təlimlər yaxınlığı artırır

Azərbaycan Silahlı Qüvvələri Baş Qərargah rəisinin müavini – Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsinin rəisi, general-leytenant Nizam Osmanov “AzeriDefence”yə müsahibəsində qeyd edib ki, ikitərəfli və ya çoxtərəfli birgə təlimlərin əhəmiyyəti ilk növbədə ölkələr arasında olan dostluq münasibətlərinin daha da möhkəmləndirilməsindən və biri-birimizə olan qarşılıqlı hörmət və etimadın artırılmasından ibarətdir: “Bundan əlavə, texnologiyanın sürətlə inkişafı hərbi texnikanın da sürətlə inkişafına və onların tətbiqində yeni üsul və metodların ortaya çıxmasına səbəb olur ki, bu da qarşılıqlı təcrübə mübadiləsinin aparılması zəruriyyətini yaradır. Həmçinin bu cür təlimlər gələcəkdə ortaq düşmənə qarşı birgə döyüş əməliyyatlarının aparılması təcrübəsini yaradır, biri-birimizi daha yaxşı başa düşməyə, idarəetmə sistemlərimizi uyğunlaşdırmağa vasitə olur”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov “AzeriDefence”yə açıqlamasında qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi dünya ölkələri ilə əməkdaşlıq edir və bu siyasəti genişləndirməkdədir: “Biz əlaqləri qarşılıqlı şəkildə quraraq davam etdiririk. Ən böyük əlaqəmiz qardaş Türkiyə dövləti ilə qurmuşuq. Hazırda da bu əlaqələr çox uğurlu bir perspektivdə davam edir. Türkiyə ilə hərbi sahənin bütün əlaqələrində yəni həm idarəetmə sahəsində, həm mütəxəssislərin təcrübə müdabiləsi sahəsində təlimlər keçiririk”.

Beynəlxalq əməkdaşlıqda önəmli yer tutan məsələrdən birinin də hərbi attaşelərin olduğu söyləyən hərbi ekspert 20-dən çox ölkənin hərbi attaşesini Azərbaycanda fəaliyyət göstərdiyinə diqqət çəkib: “Hərbi attaşelər olması beynəlxalq əlaqələrin daha da sıxlaşdırılmasını göstərən amillərdən biridir. Bu gün Azərbaycan dövləti artıq demək olar ki, ən nüfuzlu hərbi təşkilatların tədbirlərinə, kurslarına, seminarlarına dəvət almaqdadır. Bu isə beynəlxalq əməkdaşlıqla böyük uğurun əldə edilməsindən xəbər verir. Misal üçün Rusiyada tank təlimləri, həmçinin Qazaxıstanda keçirilən təlimlərdə topçularımız, Silahlı Qüvvələrin mühəndis-istehkam birləşmələri də iştirak ediblər. Bir sözlə bütün ixtisaslar üzrə yarışlarda iştirakımız beynəlxalq miqyasda ordumuzun müsbət imicinin göstəricisidir”.

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00