A24 Xeber

Azərbaycan qadınları Ollanda müraciət etdi – Mətn

Azərbaycan qadınları Ollanda müraciət etdi – Mətn
573
08 Mart 2017 - 0:01

Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan qadınları Ermənistan prezidenti Serj Sarkisyanın Fransaya səfəri ilə əlaqədar Fransa prezidenti Fransua Ollanda, Milli Assambleyanın prezidenti Klod Bartolona və Senatın sədri Jerar Larşeyə məktub ünvanlayıblar.

A24.Az xəbər verir ki, məktubda deyilir:

“Biz 25 ildir məcburi köçkün həyatını yaşayırıq. Bizim öz mülklərimizə sahib çıxmaq, öz doğma diyarlarımıza, şəhərlərimizə, kəndlərimizə və evlərimizə qayıdaraq orada yaşamaq üçün fundamental insan hüquqlarımız kobud şəkildə pozulur.

Məlum olduğu kimi, xaricdə olan erməni icmaları və lobbisi Fransada da “elektoral şantaj diplomatiyası” həyata keçirərək seçkilər zamanı erməni icmasının üzvlərinin səslərindən asılı olan Fransanın bəzi şəhərlərinin merlərini Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yerləşən şəhərlərlə qeyri-qanuni “dostluq xartiyaları” imzalamağa sövq edirlər. Misal üçün, Fransanın Burq-le-Valans şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən bizim tarixi Şuşa şəhərimizlə qeyri-qanuni “dostluq xartiyası” imzalayıb. Burq-le-Valans şəhərinin meri bu qanunsuz və beynəlxalq hüquqa zidd olan addımını əsaslandırmağa cəhd edərək bəyan edib ki, o, orada “demokratiyaya dəstək” üçün bunu edir.

Mətbuatda yazılır ki, siz azərbaycanlı qadınların xüsusi amansızlıqla qətlə yetirildiyi Xocalı soyqırımının təşkilatçısı – Ermənistan Respublikasının prezidenti Serj Sarkisyanı 2017-ci il martın 8-də – Beynəlxalq Qadınlar Günü bayramında Parisdə qəbul edəcəksiniz. Bununla əlaqədar, Azərbaycanın tarixi Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının məcburi köçkün həyatını yaşayan bütün qadınları adından sizdən xahiş edirik, ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan prezidentinə təzyiq göstərəsiniz ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquqa, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə və ATƏT-in Helsinki Yekun Aktına istinadən sülh yolu ilə həll edilməsinə, həmçinin Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında dialoqun qurulmasına və inkişafına, “Ermənistan-Azərbaycan Sülh Platforması”nın fəaliyyətinə və biz məcburi köçkünlərin insan hüquqlarının tezliklə bərpasına və 2018-ci ildə növbəti beynəlxalq qadınlar bayramını öz doğma diyarlarımızda, şəhərlərimizdə, kəndlərimizdə və evlərimizdə qeyd etməyimizə maneə göstərməsin.

Sadəcə olaraq biz sizdən ədaləti dəstəkləməyinizi və beynəlxalq hüququn, tarixi ədalətin və bizim insan hüquqlarımızın öz tarixi və doğma torpaqlarımız olan ölkəmizin Dağlıq Qarabağ bölgəsində təmin edilməsini xahiş edirik.

Biz ümid edirik ki, Fransa beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü, ATƏT-in Minsk qrupunun həmsədri kimi yuxarıda qeyd etdiyimiz beynəlxalq öhdəliklərinə əsasən öz obyektiv vasitəçilik funksiyasını daha da gücləndirəcək və Ermənistan prezidentinə təzyiqlərini artıracaq”.

OXŞAR XƏBƏRLƏR
SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00