A24 Xeber

Azərbaycan yığması güləş üzrə Avropa çempionatında üçüncü oldu

Azərbaycan yığması güləş üzrə Avropa çempionatında üçüncü oldu
47
07 May 2018 - 1:42

Azərbaycan yığması Rusiyanın Kaspiysk şəhərində böyüklər arasında keçirilən güləş üzrə Avropa çempionatında üçüncü yeri tutub.

A24.Az xəbər verir ki, komanda yarışında birinci yeri Rusiya, ikici yeri isə Türkiyə yığmaları qazanıb.

Azərbaycan güləşçiləri turnirdə ümumilikdə 4 qızıl, 5 gümüş və 9 bürünc medala sahib çıxıblar.

Yarışın altıncı günündə 61, 74, 86, 92 və 125 kq çəki dərəcəsində mübarizə aparan sərbəst güləşçilər qüvvələrini sınayıb. Güləşçilərimiz günü 2 gümüş və 1 bürünc medalla başa vurub.

Mübarizəyə 1/4 finaldan qoşulan Mircəlal Həsənzadə (61 kq) və Şərif Şərifov (92 kq) rəqiblərini tam üstünlüklə məğlub edərək yarımfinala vəsiqə qazanıb.

Mircəlal Həsənzadə (61 kq) yarımfinal görüşünü uduzaraq bürünc medal uğrunda görüşə haqq qazanıb. Ancaq Rumıniya idmançısına uduzan Mircəlal çempionatı beşinci sırada tamamlayıb.

86 kq-da yarışan Aleksandr Qostiyev Bolqarıstan və Almaniyadan olan rəqiblərinə qalib gələrək yarımfinala yüksəlib. Gürcüstan idmançısını da məğlub edən təmsilçimiz finala yüksəlib. Həlledici görüşdə Qostiyevin rəqibi Rusiya idmançısı olub. Gərgin keçən qarşılaşma 1:1 hesabı ilə bitsə də son xalı rəqib qazandığından qələbə rəqibə verilib və güləşçimiz çempionatın gümüş medalı ilə kifayətlənib.

92 kq-da mübarizə aparan Şərif Şərifov yarımfinalda Türkiyə idmançısına heç bir şans verməyib və finala vəsiqə qazanıb. Həlledici görüşdə onun rəqibi Rusiya idmançısı Abdulraşid Sadullayev olub. Minimal fərqlə görüşü uduzan Şərif Avropa çempionatının gümüş medalına yiyələnib.

125 kq-da mübarizə aparan Cəmaləddin Məhəmmədov təsəlliverici görüşdə Belarus idmançısına qalib gəlib və bürünc medal görüşünə haqq qazanıb. Həlledici görüşdə Rusiya təmsilçisinə də qalib gələn təmsilçimiz bürünc medal qazanıb.

A24.Az

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00