A24 Xeber

Azərbaycanda ilk dəfə! Qeyri-adi rəqs – Bütün Vücudlar Danışır – VİDEO

Azərbaycanda ilk dəfə! Qeyri-adi rəqs – Bütün Vücudlar Danışır – VİDEO
812
21 İyun 2017 - 23:20

Azərbaycanda ilk dəfə beynəlxalq RəqsBacarığı (DanceAbility) metodologiyası ilə dərslər tədris edən pedaqoq Nigar Sultanova-Yıldırım 8 iyun tarixində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzindəki təlimindən sonra növbəti dəfə yenidən eyni metod ilə 9-14 iyun tarixində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzində KTIB şirkətinin və mərkəzin təşkilati dəstəyi ilə dörd günlük dərslər keçib. Təlimin sonunda peşə məktəbinin iştirakçıları Nigarla birgə informans da nümayiş ediblər. 

Dünyada DanceAbility (RəqsBacarığı) adı altında tanınan bu rəqs metodologiyası ilk dəfə 1987-ci ildə ABŞ-da Alito Alessi və Karen Nelson tərəfindən qurulub. Metodologiyanın əsas məqsədlərindən biri peşəkar və ya peşəkar olmayan rəqqaslar, fiziki və əqli fərqliliklərdə olan hər kəsin rəqs bacarığına yiyələnə biləcəyinə əmin etməkdir. Hər kəs rəqs edə bilər, və rəqs etmək arzusunda olan hər kəs bu imkana sahib olmalıdır. Artıq 30 ildir ki, Alito Alessi təcrid anlayışını dəf edərək, dünyanın müxtəlif ölkələrindən fərqli bacarıqlarda və peşəkarlıq səviyyəsində olan insanlarla birgə təlimlər keçirir.Bu səbəbdən metodun tətbiq edildiyi dərslərə də hər kəs qatıla bilər. RəqsBacarığı (DanceAbility) dərsləri terapiya deyil və əksinə doğru və yanlış konseptindən uzaq, sadəcə müxtəlif reallıqlarda olan insanları bir araya gətirən birlikdəlik sənətidir.

Ölkəmizdə isə ilk dəfə Nigar Sultanova-Yıldırım tərəfindən bu metod ilə tədris edilən dərslərdə Peşə və Reabilitasiya mərkəzinin iştirakçılarının bu dərsin onlar üçün ilk dəfə öz fiziki və əqli fərqliliklərindən azad yaşadıqları rəqs təcrübəsi olduğunu bildirmələri də metodun vəd etdiyi kimi işə yaradığına bir növ işarədir. 

Əsasən improvizasiya üzərinə qurulmuş bu metod iştirakçılara rəqsin həqiqətən də sadəcə funksional hərəkətlərdən ibarət olduğunu deyil, bu hərəkətlərdən əslində necə ifadə üsulu kimi istifadə edərək ünsiyyət vasitəsinə çevirməyin mümkün olduğunu göstərir. Nigar bu dərsləri izah edərkən həmişə dərs prosesi boyu yaranan o təcriddən uzaq mühiti hər kəsin fərqliliklərindən asılı olmadan həmrəy olduğu mikro-kosmos adlandırır. Dərslərdən sonra iştirakçıların təlim boyu həyatlarında ilk dəfə ətrafdakı xarici təsirlərdən uzaq, öz dünyalarıında rəqslə məşğul olduqları təəssüratları və iştirakçılar tərəfindən layihənin davam etdirilməsi ilə bağlı edilən təkliflər Nigarın mikro-kosmos xəyalını gerçəkləşdirməyə dəstək olur.

1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə və Reabilitasiya Mərkəzində dərslər 4 günü əhatə etdiyi üçün iştirakçılarla daha çox ünsiyyət qurmaq şansı əldə edən, onlardan daha çox şey öyrənən və onlardan daha çox rəy və təkliflər alan Nigar Sultanova-Yıldırım indi şübhəsiz ki, RəqsBacarığı dərslərini daha uzun müddətdə və digər məkanlarda yenidən peşəkar və ya həvəskar rəqqaslar, o cümlədən müxtəlif fiziki və əqli fərqliliklərdə olan şəxslərlə birgə Azərbaycanda Bakı ilə məhdudlaşmayacaq şəkildə davam etdirməyə daha da israrlıdır. Onun bu israrını dəyərləndirərək RəqsBacarığı dərsləri ilə bağlı ətraflı məlumat üçün və bu dərsləri həyata keçirməsində Nigara dəstək olmaq istəyən qurumlar və fərdlər Nigar Sultanova-Yıldırım ilə şəxsən bu e-mail vasitəsi ilə əlaqə saxlaya bilərlər: [email protected]

DanceAbility (RəqsBacarığı) metodu ilə dərs tədris etmək istəyən şəxslər isə proqramın avqust, 2017-ci il tarixində Yunanıstanda keçiriləcək dörd həftəlik sertifikatlı kursu və DanceAbility Beynəlxalq təşkilatla bağlı ətraflı məlumat üçün http://www.danceability.com/ saytına baş çəkə bilərlər.

 

 

 

 

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00