A24 Xeber

Azərbaycanda qidaların etiketlərində yazılanlar doğrudurmu? – Qidaların tərkibini necə öyrənək? – ARAŞDIRMA

Azərbaycanda qidaların etiketlərində yazılanlar doğrudurmu? – Qidaların tərkibini necə öyrənək? – ARAŞDIRMA
1. 182
29 Mart 2017 - 10:14

Məlumatlı istehlakçı olmaq üçün aldığımız qida məhsullarının üzərində nələr yazıldığına ciddi fikir vermək lazımdır. Çünki qablaşdırılmış qidaların etiketində qidanın tərkibi və hazırlanması haqqında hər şey yazılıb.

İstehsalçı tələblərinin bol olduğu bir dünyada yaşadığımıza görə, bizə göz oxşayan rəngli kağızlarda təqdim edilən məhsulları almamışdan öncə sağlamlığımız haqqında iki dəfə düşünməliyik.  Orqanizmimizə uyğun olan və olmayanlar haqqında məlumatlı olmalıyıq. Ona görə də qidaların etiketlərində nələrin niyə yazıldığını və nə üçün yazıldığını bilməliyik.

A24.Az aldığınız qablaşdırılmış qidaların paketlərində nələrin yazıldığını necə anlamaqda siz kömək edəcək:

 Qidaların etiketini doğru anlamaq üçün ilk növbədə onun porsiya miqdarına diqqət edin. Ümumilikdə 100 qram 1 porsiya deməkdir. Qidanın tərkibində olan maddələr və elementlər də 100 qrama görə yazılır. Məsələn aldığınız bir peçenyenin tərkibində yazılmış duz miqdarı 100 qrama görə hesablanır. Əgər siz 200 qramlıq bir peçenye yemisinizsə,  deməli bu miqdar iki dəfə artıqdır. Ona görə də gündəlik duz qəbul etmə normanızı hesablamalısınız.

İkinci növbədə isə kalorisinə diqqət edin.  Hazırda insanlarda piylənmə riski çox yüksəkdir və milyonlarla insan kökəlməkdən əziyyət çəkir. Sağlamlığınıza ciddi fikir vermək üçün aldığınız məhsulun kalori dəyərinə mütləq baxmalısız.  Adətən paketləşdirilmiş qidalarda kalori çox yüksək olur. Bəzən çox kiçik porsiya bildiyiniz 3 ədəd peçenyedə bir axşam yeməyinin kalorisi qədər enerji dəyəri olur.

3-cü növbədə isə qidaların etiketində yazılan tərkiblərə fikir vermək lazımdır.

Qidanın etiket hissəsində tərkibində olan bu  elementlərin AZ MİQDARDA olmasına fikir verin:

 Doymuş yağ: Doymuş yağın yüksək miqdarda qəbul edilməsi  ürək və damar xəstəlikləri, kökəlmə və xərçəng riskini artırır. Ona görə də 1 paket məhsulda 1 qramdan az doymuş yağ olmalıdır.

Trans yağ: Trans yağın qəbulu çoxaldıqca ürək damar xəstəliklərinin yaranma riski də yüksəlir. Alınan məhsulların tərkibində trans yağın olmamasına və ya 1 paketində ən çoxu 0,5 qram olmasına diqqət etmək mütləqdir. Ən yaxşısı tərkibində trans yağ olmayan məhsulları almaqdır.

Xolesterin: Xolesterinin miqdarı da ürək-damar sağlamlığı üçün minimum səviyyədə olmalıdır. Bunun üçün paketində 20 mq-dan  az xolesterin olan ərzaqlara üstünlük vermək lazımdır.

Duz: Qablaşdırılmış ərzaqların 100 qramında 1,25 qramdan çox duz olmamalıdır.  Çünki duzun çox miqdarda qəbul edilməsi  yüksək təzyiq, ürək xəstəlikləri, iflic, mədə-bağırsaq xəstəlikləri, xərçəng kimi xroniki xəstəliklərə səbəb olur.

Natrium (Na), bəzən də sodium yazılır: Duzun bir komponenti olan sodium hipertoniya, damar və böyrəklər üçün zərərlidir. Xüsusilə tərkibində çoxlu duz olan kreker, duzlu biskvitlər, tomat, zeytun, duz əlavə olunmuş çörəklər, turşu, konservlər,  şorbalarda natrium var. Gündəlik olaraq 1 insanın qəbul edəcəyi duzun miqdarı  5 qramdan (1 çay qaşığı) artıq olmamalıdır.

Paketdəki ərzaqda 100 kaloriyə 120 mq-dan çox natrium tərkibli məhsulların istehlak edilməməsi tövsiyyə edilir.

MSG adı ilə yazılan Monosodyumglutamat tərkibli məhsulları  hamilə, süd verən qadınlar, uşaqlar və yüksək təzyiqi olan, ürək, iflic, mədə-bağırsaq, böyrək xəstəlikləri və xərçəng kimi xroniki xəstəlikləri olan insanlar qəbul etməməlidir.

Şəkər: Paketlənmiş məhsulun bir porsiyasında 9 qramdan çox şəkər olmamalıdır. Şəkərli qidaların yüksək miqdarda qəbulu insulin hormonunu sıradan çıxardır,  damar, qaraciyər yağlanmasına səbəb olur. Bəzən paketin etiketində yarı ağ şəkər, zavod şəkər, şəkər məhlulu, invert şəkər siropu, glukoz siropu, susuz dekstroza, fruktoza siropu, qarğıdalı siropu, maltoza siropu və xam qamış şəkəri kimi sözlər yazılır.  Əslində bütün bunlar da şəkər deməkdir.

Gündəlik olaraq insanın nələri hansı miqdarda qəbul edəcəyini bilmək lazımdır. Hətta qazlı içkilər və “100 faiz təbii” yazılmış  meyvə suları alanda belə tərkibindəki şəkərə fikir vermək, “şəkər əlavəsiz” yazılanları seçmək lazımdır.

Karbohidrat, zülal və yağ: Qidanın etiketini oxuyarkən karbohidrat baxımından əlavə şəkəri az, bol lifli və yağ baxımından trans və doymuş yağı az olan məhsulları seçmək bu üç komponentin balanslı şəkildə orqanizmə qəbul edilməsini təmin edir.

Qidaların etiketlərində bu maddələrin isə ÇOX MİQDARDA olmasına diqqət edin:

Lif: Bağırsaqların qoruyucu qalxanı, qəbizliyin düşməni olan lif hazır qidalarda xüsusilə biskvit, çörək kimi taxıllı ərzaqlarda var.  Paketli məhsulların liflə zəngin olmasına diqqət yetirmək lazımdır. Bunun üçün 1 paketdə 7 qr-dan çox lif ehtiva edən qidalara üstünlük verilməlidir.

 Vitaminlər- minerallar: Əgər orqanizmdə bu vitaminlərin olması problem yaratmayacaqsa, qidanın etiketində A, C , B vitamini, kalium, kalsium, dəmir yazılan ərzaqlara üstünlük vermək sağlamlığınız üçün xeyirlidir.

Etiketdə bu 3 yazıya diqqət edin!

%- faiz işarəsi- Adətən %Günlük Dəyər,%GD, %RDA,% Daily Value və ya sadəcə %  kimi yazılanda aldığınız bir məhsuldakı dəyərin (məsələn,  kalsium) gündəlik orta hesabla ehtiyacınızın nə qədərini qarşıladığını göstərir.

 Qlüten (Gluten) : Taxıllı məhsulların tərkibində protein növü olan qlüten  seliakiya kimi xəstəliyi olan bəzi həssas insanlarda həzm və sorma probleminə səbəb olur.

 Laktoza (Lactoza) : Süd və süd məhsullarında karbohidrat olan laktoza şişkinlik, qaz, ishal, qəbizlik kimi problemi olan insanlar üçün zərərlidir və bu cür problemi olanlar  etiketdəki bu yazıya xüsusilə diqqət etməlidirlər.

Bəs Azərbaycanda necə, qida məhsullarının paketində yazılanlar nə dərəcədə doğrudur? Məhsulun tərkibində olan hər bir maddənin adı yazılırmı?

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov A24.Az-a açıqlamasında bildirdi ki, bir çox ölkələrdə o cümlədən də Rusiyada “İstehlakçı üçün məlumat standartları” deyilən  bir standart var.  “Burada tələb olunur ki, qidaların və digər malların üzərində  hansı informasiya olmalıdır, hansı şeylər yazılmalıdır. Ölçüsü, şrifti qeyd olunur”.

Eyyub Hüseynov-Azad İstehlakçılar İctimai Birliyinin sədri

Eyyub Hüseynov-Azad İstehlakçılar İctimai Birliyinin sədri

Qida üzrə ekspert qeyd edir ki, Azad İstehlakçılar Birliyi bu sahədə xeyli iş apardı, həmin standartın qəbul olunmasına nail oldu.  “Lakin bizim standart Rusiya standartından çox geridə qalır.  Təəssüflər olsun ki, ölkədə bir sıra standartlara əməl olunmur. Ölkədə istehsal olunan və xaricdən gətirilən qida məhsullarının təxminən  60 faizi  sənədə uyğun markalanmır. Qidaların tərkibində olan arzuolunmaz maddələr qeyd edilmir, istehlakçılardan gizlədilir. Hamı bilirki, kolbasa, sosiska kimi ət məhsullarının, saqqız, şokaladın hazırlanmasında  çoxlu sayda yenidən istifadə olunan inqridientlərdən,  kimyəvi maddələrdən istifadə edilir. Amma bu etiketində yazılmır”.

Dövlət qida haqqında qanun, istehlakçıların müdafiəsi haqqında qanun və  yeyinti məhsulları haqqında qanunda qeyd olunur ki, Azərbaycan  əmtəə bazarında satılan məhsulların hamısı xarici dillə yanaşı, Azərbaycan dilində də markalanmalıdır.  Eyyub Hüseynov bildirir ki, buna əməl edilmir. “Qidaların  böyük bir hissəsi standartlara uyğun markalanmır. İstehlakçıların hüququ tam  pozulur. Ölkə prezidentinin sərəncamı ilə Qida Təhlükəsizliyi Agentliyinin yaradılması haqqında fərman verilib.  2018-ci ildə agentlik fəaliyyətə başlayacaq. Biz düşünürük ki,  agentliyin fəaliyyətindən sonra bu cür problemlər həllini tapacaq”.
(Mövzunu davam etdirəcəyik)

Vüsalə Əlövsətqızı, A24.Az

 

SİZİN REKLAMINIZ BURADA

(336x280px)

ƏLAQƏ: +994 70 507 77 00